Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2318/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1, cavabdeh “xxxx” BOKT ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Səbail rayon icra və probasiya şöbəsi cəlb etməklə cavabdehlər «xxxxı» ASC, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və «xxxx» BOKT QSC-yə qarşı «hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün və çıxarışların ləğv edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-883/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Səbail rayon icra və probasiya şöbəsi cəlb etməklə cavabdehlər «xxxxı» Açıq Səhmdar Cəmiyyətinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və «xxxx» X7 X3 Cəmiyyətinə qarşı «hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün və çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il tarixli hərracın yekunlarına dair 110/02, 110/03, 110/04 saylı protokolların etibarsız hesab edilməsinə, ünvan 3, mənzil 2, mənzil 17 və mənzil 18 ünvanlarında yerləşən mənzillərin ipotekasına xitam verilməsinə və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və sözü gedən mənzillərə dair cavabdeh «xxxxı» ASC-nin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2011 -ci il tarixli, 2(103)-193/2011 saylı qətnaməsi ilə AzBet Qrup MMC-dən «xxxxı»ASC-nin xeyrinə 1,264,333ABŞ dolları borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus ünvan 1 mənzil 2, mənzil 17 və mənzil 18 ünvanlarında yerləşən mənzillərə yönəldilməsi qət edilmişdir. Sözü gedən qətnamənin icrası ilə əlaqədar xx xxxxx 2013-cü il tarixdə hərrac keçirilmiş, hərrac baş tutmamış və nəticədə “İpoteka haqqında” Qanunun tələbinə əsasən ipoteka predmetləri banka təklif olunmuşdur, iddia ərizəsinə əlavə edilmiş hərracın yekunlarına dair protokolun surətindən görünür ki, xx xxxxxx 2013-cü il tarixində «xxxxı» ASCtərəfindən ipoteka predmetləri qəbul edilmişdir. Göründüyü kimi, sonuncu hərracın keçirilməsindən 8 ay keçdikdən sonra ipoteka predmetləri bank tərəfindən hərracın yekunlarına dair protokol tərtib edilərək qəbul edilmişdir ki, bu da “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə ziddir. Belə ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Tələbkar və ipoteka saxlayan «xxxxı» ASC ipoteka predmetləri olan ünvan 1 mənzil 2, mənzil 17 və 18 ünvanlarında yerləşən mənzillər «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməli və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və sözügedən əmlaklara dair «xxxxı» ASC-nin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməlidir. Sonradan iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək, ünvan 3, mənzil 2, mənzil 17 və mənzil 18 ünvanlarında yerləşən mənzillərin ipotekasına xitam verilməsinə, xx xxxxxx 2013-cü il tarixli hərracın yekunlarına dair 110/02, 110/03, 110/04 saylı protokolların etibarsız hesab edilməsinə və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və sözügedən mənzillərə dair cavabdeh «xxxx» X7 X3 Cəmiyyətinin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-883/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-883/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi iki hissədən ibarətdir. İddia tələbinin birinci ihissəsi İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipotekaya xitam verilməsi tələbindən ibarətdir. İddianın ikinci hissəsi isə həmin xitamın nəticəsindən doğan protokolların etibarsız hesab edilməsi tələbindən ibarətdir. İşin mahiyyətindən aydın olur ki, ipotekaya xitam verilməsi tələbi iddiaçının mülkiyyət hüquqlarının qorunmasına xidmət edir. Mülkiyyət hüquqlarının qorunmasına iddia müddəti tətbiq edilmir. İpotekaya xitam verilməsi protokolların etibarsızlığından asılı deyil, əksinə iddianın etibarsızlıqla bağlı hissəsi ipotekaya xitam verilməsi hissəsindən asılıdır. Belə olduğu təqdirdə Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbinə istinad etməklə iddia tələbinin rədd edilməsi qənaətinə gəlinməsi əsassızdır. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 384.0.4, “İpoteka haqqında” Qanunun 43.8, “İpoteka haqqında Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 384, 360-cı maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi V.Nuhbalayev iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” BOKT ASC-nin nümayəndəsi C.Həmidov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdeh Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Səbail Rayon İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdeh və üçüncü şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, işdə olan Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx xxxxxx 2013-cü il tarixli 01/3625 saylı məlumatından görünür ki, ünvan 3 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillər ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 63750, 178500 və 140250 manat olmaqla cavabdeh “xxxxı” açıq səhmdar cəmiyyətinə təklif edilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 21/4375 saylı məktubdan görünür ki, cavabdeh “xxxxı” açıq səhmdar cəmiyyəti ünvan 3 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillərin hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə alınmasına etiraz etməmişdir. İşdə olan xx xxxxxx 2013-cü il tarixli 110/04 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokoldan görünür ki, cavabdeh “xxxxı” açıq səhmdar cəmiyyətiünvan 3 ünvanında yerləşən 18 saylı mənzili 140250 manata almışdır. İşə əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli 110/03 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokoldan görünür ki, cavabdeh “xxxxı” açıq səhmdar cəmiyyətiünvan 3 ünvanında yerləşən 17 saylı mənzili 63750 manata almışdır. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 110/02 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokoldan görünür ki, cavabdeh “xxxxı” açıq səhmdar cəmiyyətiünvan 3 ünvanında yerləşən 2 saylı mənzili 178500 manata almışdır. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh «xxxxı» Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2017-ci il tarixli S-ƏML113 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar “xxxx” qapalı səhmdar cəmiyyəti X7 təşkilatı tərəfindən “xxxxı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (ünvan 3, mənzil 18) satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxı” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. İşə əlavə olunmuş xx xxxxxx 2017-ci il tarixli S-ƏML111 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar “xxxx” qapalı səhmdar cəmiyyəti X7 təşkilatı tərəfindən “xxxxı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (ünvan 3, mənzil 17) satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxı” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli S-ƏML111 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar “xxxx” qapalı səhmdar cəmiyyəti X7 təşkilatı tərəfindən “xxxxı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (ünvan 3, mənzil 2) satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxı” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 17 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh “xxxx” qapalı səhmdar cəmiyyəti X7 təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh “xxxx” qapalı səhmdar cəmiyyəti X7 təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 18 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh “xxxx” qapalı səhmdar cəmiyyəti X7 təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə). “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunun 1.0.1-ci maddəsinə əsasən ipotekaöhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 39.1 -ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qanunun 40-cı maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1 -ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Həmin qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Həmin qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin məcəllənin 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416- cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən xx xxxxxx 2013-cü il tarixli 01/3625 saylı məlumatla ünvan 3 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillər ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 63750, 178500 və 140250 manat olmaqla cavabdeh “xxxxı” açıq səhmdar cəmiyyətinə təklif edilmiş, cavabdeh “xxxxı” açıq səhmdar cəmiyyəti həmin mənzilləri göstərilən qiymətlərlə alınmasına etiraz etməmişdir. xx xxxxxx 2013-cü il tarixdə hərrac keçirilmiş, cavabdeh “xxxxı” açıq səhmdar cəmiyyəti ünvan 3 ünvanında yerləşən 18 saylı mənzili 140250 manata, 17 saylı mənzili 63750 manata və 2 saylı mənzili 178500 manata almış və hərracın yekunlıarı barədə 110/02 saylı, 110/03 saylı və 110/04 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokollar tərtib edilmişdir. Həmin mənzillər üzərində mülkiyyət hüquqları cavabdeh «xxxxı» Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışlarla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar “xxxx” qapalı səhmdar cəmiyyəti X7 təşkilatı tərəfindən “xxxxı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (ünvan 3, mənzil 18, 17 və 2) satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxı” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilərək xx xxxxxx 2017-ci il tarixli S-ƏML111 saylı, S-ƏML112 saylı və S-ƏML113 saylı aktlar tərtib edilmişdir. Bundan sonra ünvan 3 ünvanında yerləşən 17, 18 və 2 saylı mənzillər üzərində mülkiyyət hüquqları cavabdeh “xxxx” qapalı səhmdar cəmiyyəti X7 təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* saylı, ******* saylı və ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışlarla rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən ipotekaya qoyulmuş ünvan 3 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillər xx xxxxxx 2013-cü il tarixli hərracın yekunları barədə protokollara, yəni mahiyyət etibarı ilə alqı-satqı müqavilələrinə əsasən cavabdeh “xxxxı” açıq səhmdar cəmiyyətinə 140250 manata, 63750 manata və 178500 manata satılmışdır. Birinci intansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı mübahisələndirilən müqavilələr bağlanılarkən müqavilənin şərtlərinin konkret olaraq müəyyənləşdirilməsi, tərəflərin öz iradələrini ifadə edərək müqaviləni bağlaması, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma hesab olunur. Kollegiya hesab edir ki, müqavilələr bağlanarkən qeyd edilən hüquq normalarının tələbləri pozulmadığından həmin müqavilələrə əqdlərin etibarsızlığı ilə bağlı müddəalar şamil edilə bilməz. Hazırda mübahisələndirilən müqavilələr xx xxxxxx 2013-cü il tarixdə bağlanmış, lakin həmin tarixdən 6 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2020-ci il tarixdə iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Həmin müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Kollegiya qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş Ali Məhkəmənin xx xxxx 2013-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2013-cü il tarixli icra hərəkətlərinin dayandırılması barədə qərardadından iddiaçının özü şəxsən şikayət vermiş və qeyd olunan şikayət təmin edilməmişdir. Bu hal bir daha onu sübut edir ki, iddiaçı gedən mülki proseslərdən 2013-cü il tarix də daxil olmaqla xəbərdar olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Veys Nuhbalayev də qeyd etdi ki, tərəflər arasında olan çoxsaylı məhkəmə çəkişmələri ilə bağlı olaraq icra işi və ona daxil olan materiallar hansı işlə bağlı hansı məhkəmədə olması müəyyən edilə bilinmədiyindən həmin icra işinin hazırki mülki işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilməsi təmin oluna bilinməmişdir. İddia tələbinin digər hissələrinə münasibətdə kollegiya qeyd edir ki, iddia tələbinin həmin hissələri protokolların etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan, prosessual qənaət prinsipi nəzərə alınaraq və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin digər hissələrdə də əsassız hesab olunmaqla təmin olunmamasından ibarət mövqeyi əsaslıdır. İddiaçının Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin maddənin mənasına görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi müddəa mətnindən də göründüyü kimi, mülkiyyətçinin və ya digər sahibin hüquq pozuntularının aradan qaldırılması ilə bağlı tələbləri ehtiva edir. İddiaçının hazırki tələbi isə hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün və çıxarışların ləğv edilməsi ilə bağlı olduğundan apellyasiya şikayətində istinad olunan 384.0.4-cü maddə hazırki iddia tələbinə şamil edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-883/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2318/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2318/2021
26.02.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver