Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2318/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 6 saylı Notariat Kontoru işə cəlb etməklə) qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 6 saylı Notariat Kontoru işə cəlb etməklə) qarşı «alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1828/2018 saylı işi üzrə 26 noyabr 2018-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 6 saylı Notariat Kontoru işə cəlb etməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinin və Cavabdeh3 adına mülkiyyət hüququ barədə verilmiş xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(81)-216/13 saylı qərarı ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilərək, Səbail Rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 105 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə alğı-satqı aktı tanınmaqla plan və ölçünün verilməsi vəzifəsi DTXK-nin Bakı Şəhər Şöbəsinə həvalə edilmişdir. Bakı şəhər Prokurorluğu tərəfindən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən «Xalqlar Dostluğu» parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X4 və qeyriləri özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girərək 2011-2015-ci illər ərzində «Xalqlar Dostluğu» parkı adlanan ərazidə olan və dövlət mülkiyyətində saxlanılan torpaq sahələrini Səbail Bələdiyyəsinin mülkiyyəti kimi fərdi yaşayış evlərinin inşası üçün alğı-satqı yolu ilə ayrı-ayrı yaxın qohum və tanışlarının adına verilməsi ilə bağlı saxta sərəncam, alğı-satqı aktı, torpağın cizgi planı və ödəniş qəbzlərini hazırlayıb bələdiyyəinin bəzi vəzifəli şəxslərinin imzalarını saxtalaşdırdıqdan və bələdiyyənin işlər idarəsinin möhürünü vurduqdan sonra torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi İdarəsinə müraciət etmişdir. Daha sonra isə imtina cavabı aldıqdan sonra müvafiq qaydada 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, 45 inzibati iş üzrə qanunsuz iddia tələbləri təmin olunaraq, «Xalqlar Dostluğu» parkı adlanan ərazidə yerləşən torpaq sahələrinə dair plan və ölçünün verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə olunmasına dair qərarlar qəbul olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət etdikdən sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(103)-612/2016 saylı qərarı ilə, iş üzrə 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-216/13 saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul olunmuş, iddiaçının iddiası təmin edilməmişdir. Sözügedən məhkəmə qərarı Ali Məhkəmə tərəfindən öz qüvvəsində saxlanılmışdır. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2 inz(81)-216/13 saylı qərarına əsasən iddiaçı Cavabdeh1 öz adına xx.xx.2013-cü il tarixli reyestrdən çıxarış aldıqdan sonra, 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsi əsasında mübahisəli 0,12 ha torpaq sahəsini Cavabdeh3 satmış, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən onun adına mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)- 5162/17 saylı qərardadı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinin və Cavabdeh3 adına mülkiyyət hüquq barədə verilmiş xx.xx.2013cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində iddiası mümkün sayılmamışdır. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı inzibati akt deyildir. Mübahisənin kökündə mülki hüquq münasibəti - alğı-satqı müqaviləsi durduğuna görə həmin mübahisəyə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də, həmin hissədə Bakı Şəhər İcra Hakimiyyətinin iddiası mümkün sayılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ******* nömrəli alğısatqı müqavıləsinin və Cavabdeh3 adına mülkiyyət hüququ barədə verilmiş xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1828/2018 saylı işi üzrə 26 noyabr 2018-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 6 saylı notariat kontorunda Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,həmin torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv ediməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.4; Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki icraatda etibarsız əqd nəticəsində cavabdeh dair Cavabdeh1 Cavabdeh3 ödədiyi vəsaitin məbləğini müəyyən etmək mümkün olmadığından, Cavabdeh3 etibarsız əqd nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmişxidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir: - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qərarının surətinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli (reyestr kitabı 417, səhifə 39539, qeydiyyat nömrəsi **********) reyestrdən çıxarışın ləğv edilməsi qərara alınmışdır;- Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-216/13 saylı qərarı ləğv edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı Bakı şəhəri Səbail Bələdiyyəsinin 07 mart 2003-cü il tarixli 105 saylı Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m ayrılmış torpaq sahəsinə 07 mart 2003-cü il tarixli 105 saylı alqı-alqı müqaviləsi tanınmaqla «Torpaq sahəsinin planı və ölcüsü»nün verilməsi vəzifəsinin cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi barədə iddia rədd edilmiş. Hazırki iş üzrə məhkəmə qərarının icrasında dönüş edilmiş və onun əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən iddiaçının adına verilmiş A 427168 saylı «Torpaq sahəsinin planı və ölçüsü» ləğv edilmişdir; - xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə dair notariat işinə əsasən, Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini 25000 manata Cavabdeh3 satmışdır ( İ cild iş səh. 4-5, 47-50, 51-57). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1828/2018 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci iltarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2018ci il tarixli Qərarına; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa; Larin və Larina Rusiya Federasiyasına qarşı” işüzrə 7 iyun 2007-ci il tarixli Qərarına; “Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005- ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarına; “Gyuleva Bolqarıstana qarşı” iş üzrə 9 iyun 2016-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149, 182.1, 337; Mülki Prosessual Məcəllənin 134, 387.2.2-ci maddələrinə istinadən qeyd edimişdir ki, alğı-satqı müqaviləsi bağlanan zaman əmlakın Cavabdeh1 məxsus olmuşdur və reyestrin həqiqiliyi prezumpsiyasına əsaslanan alıcı- Cavabdeh3İsa oğlu onun dəyərini ödəyərək, həmin əmlakı öz mülkiyyətinə almışdır. Hazırkı işdə məhkəmə nəzərə almamışdır ki, Cavabdeh3 əldə etdiyi hüquqları vicdanlı əldə edən şəxs kimi qorunmalı idi. Lakin şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaqla Mülki Məcəllənin 140cı maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 134.1.4 və 134.1.5-ci maddələrinin tələbləri pozularaq, məhkəmə bildirişləri cavabdehə çatdırılmamış, məhkəmə qətnaməsi təqdim edilməmişdir. Belə ki, iş materiallarında xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli bildirişlərdəki imzaların heç biri, Cavabdeh3 məxsus deyil, həmin bildirişlərdə Cavabdeh3 yaşadığı ünvan belə göstərilməmişdir. Həmçinin məhkəmə qətnaməsinin ona göndərilməsinə dair xx.xx.2018-ci il tarixli poçt qəbzində də Cavabdeh3 ünvanı yazılmamış, qətnamə ona təqdim edilməmişdir. Cavabdeh3 mülkiyyətində olan daşınmaz əmlak onun anası X2 mülkiyyətində olan daşınmaz əmlakla qonşu torpaq sahəsindədir və həmin sahələr arasında mərz yoxdur. X5 həmin torpaq sahəsini xx.xx.2013-cü il tarixli ******* nömrəli alğı-satqı müqaviləsi əsasında əldə edilmişdir və onun adına mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli Seriya RX ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. X2 mülkiyyətində olan torpaq sahəsi ilə də bağlı analoji məhkəmə mübahisəsi olmuş, həmin işə baxan Səbail rayon məhkəməsinin 2(009)-1829/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri İcra Hakimiyyətinin iddiası təmin edilərək, - Cavabdehlər X7 ilə X5 arasında olan Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2013-cü iltarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş; - Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X2 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX0192851 saylı dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Qeyd edilən işə baxılan zaman Səbail rayon Məhkəməsi tərəfindən X3 göndərilmiş qətnamə, sonuncuya təqdim edilməmiş, geri qaytarılaraq, iş materiallarına əlavə edilmişdir. Poçt qəbzinin üzərinə “evdə yoxdur” qeydi yazılmışdır. Hazırkı iş üzrə Cavabdeh3 və 2(009)-1829/2018 saylı iş üzrə X2 nə özləri, nə də onların vəkilləri lazımi qaydada xəbərdar edilmədən işlərə onların iştirakı olmadan baxılmışdır. Hazırkı apellyasiya şikayətinə əlavə edilən Cavabdeh3 imzaladığı alğı-satqı müqaviləsindəki imzadan və həmin dövrdə verilmiş şəxsiyyət vəsiqəsindəki özünə məxsus imzadan da açıq-aşkar görünür ki, məhkəmə bildirişlərinə dair poçt qəbzlərindəki ona məxsus olduğu iddia edilən imzalar əhəmiyyətli dərəcədə fərqlidir. Qeyd edilən pozuntu ədalət mühakiməsinin həyata keçirilməsinin təməl prinsiplərindən olan çəkişmə prinsipinin pozulmasıdır. Apellyasiya şikayətinin 6-cı bölməsində şərh edilən pozuntular iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinin bilavasitə nəticəsi olmuşdur. Cavabdehin əmlakı vicdansız əldə edən olması sübut edilməmiş, bununla bağlı maddi hüquq norması işin hallarına uyğun düzgün tətbiq edilməmişdir. Hazırkı işdə Məhkəmənin gəldiyi nəticə-əqdin etibarsız hesab edilməsi və bununla bağlı çıxarışın ləğv olunmalı olması nəticəsinə gələn Məhkəmə, cavabdehin daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqiliyi prezumpsiyasına əsaslanan vicdanlı alıcı olması halını aydınlaşdırmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi nəticə-yəni, əqdin etibarsız hesab edilməsi və bununla bağlı çıxarışın ləğv edilməsi işin hallarına uyğun olmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirməklə, onun məzmununa uyğun izahat vermiş, qətnamənin bu günə qədər icra edilmədiyini, hal-hazırda torpaq sahəsinin hüquqlarını müdafiə etdiyi şəxsin istifadə və sahibliyində olduğunu, lakin çıxarışın ləğv edildiyini qeyd etmiş, inzibati iş üzrə hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə iddianın mümkünsüz hesab edildiyini, hazırkı qətnamədən isə məlumatları olmadığını bildirmişdir. İş üzrə Konstitusiya məhkəməsinin hüquqi mövqeyinin olduğunu, həmin hüquqi mövqeyə əsasən vətəndaş vicdanlı alıcı kimi çıxış edərsə, məhkəmənin vətəndaşın hüquqlarının qorunmasını təmin etməli olduğunu qeyd etməklə, Cavabdeh3 vicdanlı alıcı olmasını nəzərə alaraq, onun hüquqlarının təmin olunmalı olduğunu bildirmiş və Səbail Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətlərinin təmin edilməsini, habelə qeydiyyat orqanında onların mülkiyyət hüquqlarına dair qeydiyyatı ləğv edildikdən icrada dönüş edilməsini xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində 6 saylı Notariat Kontorunun iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
9. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərari ilə: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.5. Bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
12. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun; Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
13. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-158, 337-390, 560; Mülki Prosessual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi yalnız ehtimallara əsaslanaraq (müəyyən edilməmiş hallardan irəli gələrək) və çəkişmə prinsipini pozmaqla səhv nəticəyə gəlmişdir.
14. İddia ərizəsində iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, ******* nömrəli alğısatqı müqaviləsinin və Cavabdeh3 adına mülkiyyət hüququ barədə verilmiş xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində iddianın mümkün sayılmaması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)- 5162/17 saylı qərardadının qəbul edilməsini göstərilsə də, qeyd edilən məhkəmə aktı təqdim edilməmiş və onun əsasları məhkəmə baxışına aydın olmamışdır. Bundan əlavə, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası, habelə faktiki hallara müvafiq maddi hüquq normasının dispozisiya şərtləri üzrə iddia tələbində qeydlər aparılmamış, birinci instansiya məhkəməsi tərəfindən də qeyd edilən müvafiq əsaslandırma aparılmamışdır. Belə ki, əqdin etibarsızlığı ilə bağlı hər hansı hüquqi əsaslar iddiada və məhkəmə aktında əks edilməmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı deyil, şikayətin dəlillərinin isə əsaslı olması təsdiq edildiyindən qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsaslar yaradır.
15. Xüsusən diqqətə çatdırılmalıdır ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün ilk növbədə subyektiv hüquqa malik olmasına və bunun mövcud olduğu təqdirdə hansı (əhəmiyyətsizlik və ya mübahisə edilmə) əsasla əqdin etibarsızlığına, habelə buna aid kəsici müddətlərin (üzrlü və s. əsaslarla) ötürülmə(mə)sinə aydınlıq gətirməmişdir. Qeyd edilməlidir ki, alğı-satqı həyata keçirilən zaman müvafiq dövlət qeydiyyatından keçmiş etibarlı sənədlərin sonradan ləğv edilməsi əqdin etibarsızlığına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmə qanunsuz olmamışdır, qeyd olunan torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınması üçün əsas olmuş məhkəmə qərarının bir neçə il sonra yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi mülkiyyət hüququnun əsassız məhrum edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilmiş mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Satıcının adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qeyd edilən prosessual qanunvericiliyinin tələblərinə görə isə: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
16. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiası təmin edilməməli, qətnamənin icrasında dönüş edilməli, məhkəmələrə müraciətlə bağlı məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1828/2018 saylı işi üzrə 26 noyabr 2018-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 6 saylı Notariat Kontoru işə cəlb etməklə) qarşı «alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1828/2018 saylı işi üzrə 26 noyabr 2018-cü il tarixli qətnaməsinin icrasında dönüş edilsin və Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha olan torpaq sahəsinin üzərində Cavabdeh3 xx.xx.2013-cü ildə qeydə alınmış xüsusi mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.