Məhkəmə qərarları › İş №2(103)-232/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-232/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-232/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(007)- 82/2019 saylı qətnaməsindən iddiaçı və cavabdehlərin apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə verərək nəticə etibarı ilə, 08.02.2016cı il tarixli 152667-1-17634/1/1 nömrəli kredit müqaviləsinə əsasən 19.06.2019-cu il tarixə 80.681,87 ABŞ dolları əsas borc, 7762,43 ABŞ dolları faiz borcu, cəmi 88.444,3 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən bankın xeyrinə tutulması, bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 268.000 manat məbləğində müəyyən edilməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin müəssisəyə yönəldilməsi, müəssisənin açıq hərracdan satılması və boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 Talib oğlu arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-1-17634 nömrəli “Baş kredit razılaşması” əsasında bank kredit alana 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış baş kredit razılaşmasının şərtlərinə uyğun olaraq aşağıdakı kredit müqavilələri bağlanmışdır: Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-1-17634/1 nömrəli “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 95.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-1-17634/1 nömrəli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 nömrəli Razılaşmaya əsasən Cavabdeh1 08.02.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 87.110 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 29 ay müddətinə uzadılmışdır. Bank tərəfindən verilmiş Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi, Cavabdeh1 özünə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni 16.07.2015-ci il tarixli 152667-NEDVİJ-3831 nömrəli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda Baş Kredit Razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Talib oğlu 16.07.2015-ci il tarixli 152671-7-9284 nömrəli zaminlik müqaviləsi əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini 10.10.2016-cı il tarixdən icra etməmiş və nəticədə banka borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh1 və Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(007)- 82/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 08 fevral 2016-cı il tarixli 152667- 1-17634/1/1 nömrəli kredit müqaviləsi üzrə 80.681,87 ABŞ dolları əsas borc, 7762,43 ABŞ dolları faiz borcu olmaqla, cəmi 88.444,3 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlak açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsaitin hesabına “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcun ödənilməsi, əmlakın hərracda ilkin satış qiymətinin 750.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “Bank VTB (Azərbaycan)” ASC-yə olan borca ödənildikdən sonra, artıq pul vəsaitinin qaldığı halda Cavabdeh1 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ipoteka predmetinin ilkin qiymətləndirilməsi xərci qismində 100 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, “xxxx” MMC-nin hesabına (M/H: AZ37NABZ**********000001944; S.W.İ.F.T. AİİBAZ2X; İBAN: AZ91AİİB********************), ipoteka predmetinin təkrar qiymətləndirilməsi xərci qismində 250 manat pulun “Bank VTB (Azərbaycan)” ASC-dən alınaraq “xxxx” MMC-nin hesabına (VÖEN: ********** “X1 Azərbaycan” QSC Nərimanov filialı Bankın kodu: 509987 VÖEN: ********** M/h:AZ51NABZ******************** S.W.İ.F.T BİC: NABZAZ2C H/h: AZ51KABA********************) ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdehlər apelyasiya şikayəti vermişdir. İddiaçının apelyasiya şikayətində qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və Bankın iddia tələbinin həmin hissədə tam təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin dəyəri “xxxx” MMC tərəfindən reallığı əks etdirmir, artıq dərəcədə yüksək müəyyən olunmuşdur. MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması əvəzinə qiymətləndirmə hesabatında daşınmaz əmlakın hazırki bazar qiyməti müəyyən olunmuşdur. Qanunun tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti bazar dəyəri ilə deyil, likvid dəyəri ilə müəyyən olunmalıdır. Cavabdehlərin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. “xxxx” MMC əmlakın bazar qiyməti 1.494.433 manat, “xxxx” MMC isə 750.000 manat müəyyən edilmişdir. Amma məhkəmə “xxxx” MMC tərəfindən verilmiş hesabat aktına yox, “xxxx” MMC tərəfindən verilmiş hesabat aktına əsaslanmışdır. Hesab edirlər ki, əmlak kompleksi kimi müəssisənin qiyməti çox aşağı məbləğdə müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ASC-nin apelyasiya şikayətini müdafiə edərək, qiymətləndirmə rəyinə etiraz etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 öz apelyasiya şikayətlərini müdafiə edərək, ona uyğun izahat verib, qiymətləndirmə rəyi ilə razı olmadığını bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 Talib oğlu arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-1-17634 nömrəli “Baş kredit razılaşması” əsasında bank kredit alana 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açmış, həmin kredit razılaşmasının şərtlərinə uyğun olaraq bank ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-1- 17634/1 nömrəli “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 95.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 Talib oğlu arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-1-17634/1 nömrəli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 nömrəli Razılaşma ilə Cavabdeh1 08.02.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 87.110 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 29 ay müddətinə uzadılmışdır. “Bank VTB (Azərbaycan)” ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan və borc alan) arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-NEDVİJ-3831 nömrəli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi”nə əsasən ipoteka qoyan özünə məxsus ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni həmin tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışla əmlak kompleksi 16.07.2015-ci il tarixli 152667-1-17634 nömrəli Baş Kredit Razılaşması üzrə yaranmış öhdəliklərin təminatı olaraq “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə yüklü edilmişdir. Bundan başqa, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh2 arasında bağlanmış 16.07.2015-ci il tarixli 152671-7-9284 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 16 iyul 2015-ci il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 həmin tarixli kredit müqaviləsi üzrə pulu “Bank VTB (Azərbaycan)” ASC-dən nağd olaraq almışdır. “Bank VTB (Azərbaycan)” ASC-nin 19 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə 19 iyun 2019-cu il tarixinə 80.681,87 ABŞ dolları əsas borcu, 7762,43 ABŞ dolları faiz borcu (cərimə borcu yoxdur) olmaqla, cəmi 88.444,3 ABŞ dolları borcu vardır. Müqavilə üzrə öhdəliyini 10 oktyabr 2016-cı il tarixdən icra etmir. İddiaçı tərəfindən cavabdehlərə öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidirlər. Hər iki apelyasiya şikayətində qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirilmişdir, cavabdehlər borc məbləğlərinə və zaminlik və poteka müqaviləsinə etiraz etməmişlər, ona görə də qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan və borc alan) arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-NEDVİJ3831 nömrəli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi”nin 3.5-ci bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri 300.000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin 17.01.2018-ci il tarixli qərardadına əsasən “xxxx” MMC tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və 20 iyul 2018-ci il tarixli 80 nömrəli hesabat aktına (rəyə) əsasən əmlakın həmin tarixə bazar dəyərinin 1.494.433 manat təşkil etməsi müəyyən edilmişdir. Daha sonra iddiaçının vəsatəti əsasında məhkəmənin 28.08.2018-ci il tarixli qərardadı ilə əmlakın təkrar qiymətləndirilməsi keçirilmiş, “xxxx” MMC tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və 21 oktyabr 2019-cu il tarixli 0675/19/VTB nömrəli hesabat aktına (rəyə) əsasən əmlakın hazırkı bazar qiymətinin 750.000 manat təşkil etməsi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(103)- 1461/2020 saylı qərardadı ilə əmlakın yenidən qiymətləndirilməsi qərara alınmış, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 16.11.2020-ci il tarixli 274-01 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 09.10.2020-ci il tarixinə bazar dəyərinin 830.000 manat təşkil etdiyi müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin tələbinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsində isə ilkin satış qiymətinin anlayışı verilmişdir: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Likvid qiymət” dedikdə isə elə bir qiymət nəzərdə tutulur ki, girov əmlakın qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez realizə edilə (satıla) bilməsi mümkün olsun. Likvidlik sadəcə maddi dəyərləri (hazırki işdə girov əmlakı) pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ipoteka predmetinin bazar dəyəri müəyyən olunduğundan, Kollegiyanın 25.01.2021-ci il tarixli 2(103)-232/2021 saylı qərardadı ilə ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədi ilə əlavə qiymətləndirilmə təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 03.05.2021-ci il tarixli 274-01 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 09.10.2020-ci il tarixinə bazar dəyərinin 830.000 manat, likvid dəyərinin isə 747.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməli və ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti likvid dəyərinə uyğun olaraq 747.000 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin, cavabdehlərin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2019 saylı iş üzrə 01 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən - ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 747.000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar