Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2322/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X12 katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətdən istifadəyə dair maneələrin aradan qaldırılması və sair tələbləri barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçıya qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X3, özü cavabdeh olmaqla eyni zamanda Cavabdeh1 nümayəndəsi olan (övladı) Cavabdeh3, Cavabdeh4 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, bağ evinin “A” tikilisindən (bundan sonra – mübahisəli tikili) cavabdehlərin çıxarılmaları; həmin tikilinin kilidlərinin açılaraq tikilinin cavabdehlərin əşyalarından boşaldılması; tikilinin ona (iddiaçıya) boş vəziyyətdə təhvil verilməsi; tikilidən çıxarılacaq əşyaların hər hansı bir saxlanc şirkətinə saxlancına verilməsi; tikilidən istifadəyə dair cavabdehlər tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması; yuxarıda qeyd edilən ünvanda cavabdehlər tərəfindən inşa edilmiş və texniki pasportda əks olunmayan qanunsuz (özbaşına) tikililərin sökülməsi; cavabdehlərin ona vurduqları mənəvi zərərin ödənilməsi məqsədi ilə cavabdehlərin hər birindən 10.000 manat olmaqla, cəmi 40.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən sahə paylı mülkiyyətindədir. Mübahisəli “A” tikilisi iddiaçının, “B” tikilisi X1, “C” tikilisi (cavabdehlərdən biri olan) Cavabdeh1, “D” tikilisi isə X7 mülkiyyətindədir. Bu tikililər ünvana aid “Texniki pasportda” və “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışda” qeyd edilmişdir. Başqa tikililər isə sonradan qanunsuz inşa edilmiş tikililərdir. İddiaçıya məxsus “A” tikilisini iddiaçıya Cavabdeh1 satmışdır. Lakin buna baxmayaraq, o, ailə üzvləri (iş üzrə digər cavabdehlər) ilə birlikdə həmin sahəni zəbt edərək və hər gün yeni bəhanələr gətirərək bu günədək evdən çıxmırlar. Cavabdehlər yaratdığı maneələrin aradan qaldırılması, sahənin iddiaçıya qaytarılması barədə çoxsaylı tələblərə məhəl qoymamış, əksinə sahədə qanunsuz tikinti işləri aparmağa davam etmişlər. Tikinti normalarının pozulması ilə aparılan qanunsuz tikinti işləri nəticəsində sahədə hərəkət etməyə yer yoxdur, insanların çoxluğundan və sıxlığından mövcud tikililərdə yaşamaq mümkün deyil. İnşa edilmiş tikililərin az məsafədə yerləşməsi, bunun nəticəsində yaranan səs-küy normal yaşamağa imkan vermir. İddiaçı həmin sahəni əldə edəndə orada qanunsuz tikililər yox idi, normal şərait var idi, qanunsuz tikililər sonradan inşa edilib. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, uzun müddətdir ki, mənəvi iztirablar, əsəb və gərginlik içində yaşayır, iddiaçı öz mülkiyyətində olan əmlaka sahiblik edə bilmir. Cavabdehlər tərəfindən mübahisəli sahənin zəbt edilməsi nəticəsində mülkiyyətçi kimi öz hüquqlarını həyata keçirmək imkanından məhrum edilmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və onun əsasında hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan evin qiyməti 33.000 manat və nağd verdiyi 1.000 manat, cəmi 34.000 manat, mənəvi ziyana görə 30.000 manat, ekspert rəyi ilə müəyyənləşdirilən 33.000 manatı qanunsuz saxladığına görə 11 ilin faizinin tutularaq ona ödənilməsi, onunla iddiaçı arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli müqavilənin saxta olduğu üçün etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 ilk iddiaya etirazı və qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, onun iddiaçıya cəmi 9.000 manat borcu olmuş, lakin ödəyə bilmədiyindən cavabdehlər məcbur olaraq iddiaçını payçı etməklə evin “A” hissəsini iddiaçının adına sənədləşdirməyə razılıq vermişlər. Buna görə də onun tərəfindən mübahisələndirilən payın iddiaçıya satılmasına dair razılıq əldə olunmuş və mübahisələndirilən hissəni 33.000 manata qiymətləndirmişlər. İddiaçı həmin puldan 9.000 manatını ödəmiş, qalan hissəni isə hissəhissə ödəməli idi. Lakin iddiaçı onlar arasındakı razılaşmaya əməl etməmişdir. Alğı-satqı zamanı iddiaçının pulu olmadığından ondan xahiş etmişdir ki, onların ümumi tanışı olan X8 etibarnamə versin. Belə ki, evin alğı-satqısına dair pulu Q.Məmmədov verməli və sonradan o götürməli idi. Bu səbəbdən də onun tərəfindən Q.Məmmədova etibarnamə verilmişdir. İddiaçı ilə cavabdehlər arasında qohumluq münasibəti olduğundan cavabdehlər iddiaçıya inanmış və “Alğı-satqı müqaviləsinin” ləğv edilməsini tələb etməmişlər. Onlar arasında alğı-satqı müqaviləsi xx.xx.2008-ci il tarixdə bağlanmasına baxmayaraq iddiaçı onların həmin evdən çıxarılmasını 10 ildən yuxarı müddət ərzində tələb etməmişdir. Bu hal isə özü-özlüyündə təsdiq edir ki, müqavilə formal olaraq bağlanmış və iddiaçı özü də, bunu bilir. Qarşılıqlı iddia icraata qəbul edilərək ilk iddia ilə birgə baxılmışdır. İlk iddia üzrə iddiaçının qarşılıqlı iddiaya qarşı etirazı ondan ibarətdir ki, mübahisəli tikilinin alğı-satqısına dair onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə formal olaraq bağlanmamışdır. O, həmin müqaviləni bağlayaraq evin bir hissəsini təşkil edən mübahisəli tikilinin dəyərini notariat kontorunun depozitinə ödəmiş və Cavabdeh1na həmin pulu qəbul etmişdir. Buna görə də cavabdehin həmin pulu almaması ilə bağlı iddiası absuddur. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərin iddiaçıya məxsus mübahisəli “A” tikilisindən çıxarılmalarını, tikilinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya boş vəziyyətdə təhvil verilməsini, tikilidən istifadəyə dair yaradılmış maneələrin cavabdehlər tərəfindən aradan qaldırılmasını, iddianın qalan hissəsinin qarşılıqlı iddianın isə tam həcmdə təmin olunmamasını qət etmişdir. İş üzrə cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Əsasları qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, çoxsaylı qanun pozuntuları ilə çıxarılmış Rayon Məhkəməsinin qətnaməsi qərəzli, əsassız və ədalətsiz olduğu üçün ləğv olunmalıdır. Belə ki, iddiaçı, cavabdehlərin inam və etibarından sui-istifadə edərək, onları aldatmışdır. İddiaçının cavabdehləri aldatdığını bu il, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə dair bildiriş gələndə bilmişlər. Yəni əqdin etibarsız sayılmasını tələb etməyə əsas verən halı bilmələrindən cəmi bir neçə ay sonra qarşılıqlı iddia verilmişdir. Müqavilənin formal olduğunu sübut edən çoxsaylı hallar elə qətnamənin özündən də görsənir. Bundan başqa, Qumşut Məmmədovun şahid qismində dindirilməsi barədə vəsatət əsassız olaraq təmin edilməmişdir. Q.Məmmədov Suraxanı RPİ-nin 33-cü PB-nin tədqiqatçısı Elməddin Əhmədovun çıxardığı xx.xx.2019-cu il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərarının 2-ci vərəqinin 2-ci abzasında işin həqiqi hallarını təsdiq etmişdir. İş üzrə Cavabdeh1 nümayəndəsi olmaqla özü də cavabdeh olan Cavabdeh3 apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, Cavabdeh1 onun qayınanasıdır və iddiaçı onun qayınanasının sakit və avam olmasından istifadə etmişdir. İddiaçı onun qayınanasının 9.000 manat borcu olmuş və bu səbəbdən də onun torpaq sahəsini sataraq 10.000 manatı iddiaçıya qaytarmışlar. Onun evin satılmasına dair heç bir razılığı olmamışdır. İddiaçı həmişə o evə gedib gəlmiş və heç vaxt problem yaratmamışdır. Belə ki, onlar arasında qohumluq əlaqəsi olmuş və iddiaçının məhkəməyə müraciət edəcəyi heç kimin ağlına gəlməmişdir. Həmin ev artıq on bir ildir ki guya satılmış və iddiaçı heç vaxt onların həmin evdən çıxmalarını tələb etməmişdir. İş üzrə Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və nümayəndə vasitəsi ilə təmsil olunmamışdır. O, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə iddiaçının vəkili (nümayəndəsi) R.Qazıyev apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AN-İ seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli “Daşınmaz əmlakın alğısatqı müqaviləsindən” görünür ki, (cavabdehlərdən biri olan) Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 110.8 kv.m. yaşayış, 106.99 kv.m. köməkçi sahədən ibarət bağ evinin “A” tikilisini (iddiaçı) İddiaçı 32.260 manata, “B” tikilisini isə (iş üzrə tərəf olmayan) X2 12.098 manata satmışdır. xx.xx.2008-cu il tarixli “Etibarnamələrdən” görünür ki, Cavabdeh1 Məmmədov Qumşut Yusub oğluna Respublika Bankının **********1370 saylı depozit hesabında olan 12.098 manat və 32.260 manat pulu almağı, aldığına dair imza etməyi və tapşırığın yerinə yetirilməsi ilə bağlı olaraq bütün hərəkətləri etməyi etibar etmişdir. Bank Respublika tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 6987 saylı məktubdan görünür ki, xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 34 saylı DNK X5 hesablaşma hesabına 32.260 manat pul İddiaçı tərəfindən mədaxil edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 110.8 kv.m. yaşayış, 106.99 kv.m. köməkçi sahədən ibarət 59/67-537/545 nömrəli bağ evi paylı mülkiyyət hüququ üzrə (iddiaçı) İddiaçı “A” tikilisi 2 otaq- (y/sah-39,3 kv.m., k/sah.- 67.24 kv.m.), (cavabdehlərdən biri olan) Cavabdeh1 “C” tikilisi 2 otaq – (y/sah.-24,7 kv.m., k/sah-15.3kv.m.), (iş üzrə tərəf olmayan) X1 “B” tikilisi 1 otaq –(y/sah-21,6 kv.m., k/sah- 6.79 kv.m.), (iş üzrə tərəf olmayan) X7 “D” tikilisi 2 otaq (y/sah-25,2k.v., k/sah- 17.66 kv.m.) adlarına “Daşınmaz əmlakın dövlət reyestrində” 19 nömrəli reyestr kitabının 2499 nömrəli vərəqində qeydiyyata alınmışdır Həmin İdarə tərəfindən verilmiş MH seriyalı, ******* saylı, xx.xx.2009-cu il tarixli “Reyestrindən çıxarışda” görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı 111.2kv.m. yaşayış, 107.27 kv.m. köməkçi sahədən ibarət 59/67-537/545 nömrəli bağ evi paylı mülkiyyət hüququ üzrə (iddiaçı) İddiaçı “A” tikilisi 2 otaq- (y/sah-39,3 kv.m., k/sah.-67.24 kv.m.), (cavabdeh) Cavabdeh1 “C” tikilisi 2 otaq – (y/sah.-24,7kv.m., k/sah-15.3 kv.m.), Məhərrəm Kələntərovun “B” tikilisi 1 otaq –(y/sah- 21,6 kv.m., k/sah-6.79 kv.m,) Sovet İmanovun “D” tikilisi 2 otaq (y/sah-25,2 kv.m., k/sah- 17.66 kv.m.) adlarına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 5516 nömrəli vərəqində qeydiyyata alınmışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirmiş X13 göstərmişdir ki, o, cavabdeh tərəfi qonşu kimi tanıyır. Cavabdeh3 torpaq sahəsini sataraq 2015-ci ilin aprel ayında onun avtomobilində İddiaçı 10.000 manat pul vermişdir. Cavabdehlər İddiaçı deyəndə ki, gedib notariusda “Alğı-satqı müqaviləsini” ləğv etdirək İddiaçı ağlayaraq onlara bildirmişdir ki, məgər ona inanmırlar. Ona məlumdur ki, evin alğı-satqısı olmamışdır. Cavabdehlər iddiaçıdan 9.000 manat pul alsalar da, 10.000 manat qaytarmışlar. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilən X14 öz ifadəsində göstərmişdir ki, 2015-ci ildə Cavabdeh3 20.000 manata torpaq sahəsi almışdır. İddiaçı ilk dəfə notariusda olanda görmüşdur. İddiaçı Cavabdeh3 10.000 manat pul vermişdir. Sonradan cavabdehlər onun yanında həmin pulu Fəridəyə qaytarmışlar. Fəridə evə gəlib uşaqlara hədə-qorxu gəlirdi, hətta evdən sayğacı aparmaq istəyirdi. Notariusa özü, Oktay, Cavid, Aftandil və Gözəl getmişdilər. O həmin ünvana köçəndən sonra ona məlum olmuşdur ki, Fəridə ilə cavabdehlər arasında borc məsələsi olmuşdur Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 öz ifadəsində bildirmişdir ki, Cavabdeh3 ilə bir məhəllədə böyümüşlər. Notariusun qarşısında o, Ziyad, Səbinə, Aftandil olmuşdur. O Ziyada demişdir ki, pulu notariat qaydada rəsmiləşdirərək Fəridəyə versin, lakin Ziyad onun sözü ilə razılaşmamış, heç bir sənədləşmə aparmadan pulu Fəridəyə vermişdir. O, Fəridəni ilk dəfə orada görmüşdür. Fəridəyə 10.000 manat pul vermişlər. Ziyadın pulu nə səbəbə görə Fəridəyə verdiyini bilmir. Qeyd edilənləri nəzərə alan Məhkəmə ilk növbədə müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi barədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.3.-cü maddəsinə görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məcəllənin 337-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.5.). Məcəllənin 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, Mülki Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Məcəllənin 340.2.-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.). Məhkəmə bildirir ki, həmin maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Belə olan halda müddətin tətbiq edilib-edilməməsi məsələsini məhkəmə öz təşəbbüsü ilə həll etməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab olunması tələbinə münasibətdə qeyd edir ki, cavabdehlərin ilk iddia barədə məhkəmə bildirişini aldıqdan sonra hüquqlarının pozulduğunu bilməsi barədə dəlili əsassızdır. Tərəflər arasında müqavilə 2008-ci ildə bağlanmış və cavabdehə evin alqı-satqısından əldə olunmuş vəsaitin ona verilməməsi artıq həmin vaxt ona məlum olmuşdur. Lakin buna baxmayaraq cavabdeh alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməmiş və buna heç bir cəhd göstərməmişdir. Müqavilənin etibarsızlığı barədə iddia isə məhkəməyə müqavilə bağlandıqdan 10 ildən çox müddət keçdikdən sonra verilmişdir. Beləliklə, cavabdehlər, o cümlədən satıcı olaraq “Alğı-satqı müqaviləsini” imzalamış Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş kəsici müddəti ötürmüşlər. Bundan başqa Cavabdeh1 Məmmədov Qumşut Yusub oğluna Respublika Bankının **********1370 saylı depozit hesabında olan 12.098 manat və 32.260 manat pulu almağı, aldığına dair imza etməyi və tapşırığın yerinə yetirilməsi ilə bağlı olaraq bütün hərəkətləri etməyi etibar etmişdir. Bank Respublika tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 6987 saylı məktubdan müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 34 saylı DNK X5 hesablaşma hesabına 32.260 manat pul İddiaçı tərəfindən mədaxil edilmişdir. Məhkəmə hesab edir ki, evin dəyəri İddiaçı tərəfindən notariat kontoruna mədaxil olunduğundan 34.000 manat pulun tutulması hissəsində qarşılıqlı iddia əsaslı olaraq təmin olunmamışdır. Məhkəmə, mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin bildirir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. xx.xx.2008-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə” əsasən Cavabdeh1 mübahiəsli “A” tikilisini İddiaçı 32.260 manata, “B” tikilisini M.Kələntərova 12.098 manata satmışdır. Mübahisəli “A” tikilisi xüsusi mülkiyyət hüququ ilə iddiaçının paylı mülkiyyətindədir. Eyni zamanda, Cavabdeh1 həmin ünvanın “C” tikilisinin, M.Kələntərov “B” tikilisinin və S.İmanov “D” tikilisinin paylı mülkiyyətçiləridir. Odur ki, cavabdehlərin mübahisəli tikilidən çıxarılması, həmin tikilinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya boş vəziyyətdə təhvil verilməsi və həmin sahədən istifadəyə dair yaradılmış maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması hissəsində iddianı təmin etməklə, həmin ərazidə qanunsuz tikililərin mövcud olması ilə bağlı olaraq sübut təqdim olunmadığından həmin hissədə iddianı rədd etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə hər iki iddia üzrə mənəvi ziyanın ödənilməsi tələbi barədə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və X18 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndinə görə, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 8-ci bəndində görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə mənəvi zərərin vurulması sübuta yetmədiyi üçün mənəvi zərərin ödənilməsi hissəsində iddiaları əsassız hesab etməkdə Rayon Məhkəməsi haqlı olmuşdur. Məhkəmə eyni zamanda, cavabdeh tərəfin ilk iddiaya qarşı verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizənin dəlillərini də əsassız hesab edir. Cavabdeh tərəf həmin ərizəni belə əsaslandırmışdır ki, daşınmaz əmlakla bağlı iddia müddəti qanunvericilikdə 6 il nəzərdə tutulmuş və iddiaçı bu müddəti ötürmüşdür. Lakin Məhkəmə hesab edir ki, ilk iddia mülkiyyətçi hüququnun pozuntusunun aradan qaldırılması haqqında olduğu üçün bu halda Mülki Məcəllənin 384.0.4-cü maddəsi tətbiq edilməlidir. Həmin maddəyə görə isə, iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Odur ki, Məhkəmə hesab edir ki, ilk iddiaya iddia müddətini şamil etməmiş Rayon məhkəməsinin mövqeyi düzgündür. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-2322/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2322/2020
28.02.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver