Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2343/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması və əmlakların qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərinin Nəsimi rayonu ərazisində biznes qurub işləmək məqsədilə yer axtararkən 01 iyul 2021-ci il tarixdə Cavabdeh2 adlı şəxslə tanış olduğunu, Ramilin ona, Mir Cəlal küçəsi 32 ünvanında yerləşən və arvadı Cavabdeh1 adına olan obyekti təmir etdirməsi və sonradan təmirin pulunun kirayə haqqından çıxılması şərtilə ayda 1500 manata kirayəyə verməyi təklif etdiyini, razılaşıb obyekti kirayə götürməsi barədə Ramilin arvadı Cavabdeh1 ilə icarə müqaviləsi bağladığını, lakin müqavilədə 1500 manat əvəzinə 200 manat göstərildiyini, buna etiraz etsə də Ramilin bunun vergi ödənişinin çox olmasının qarşısının alınması üçün zəruri olduğunu dediyini, Türkiyə vətəndaşı olduğundan müqaviləni onun həyat yoldaşı ilə Ramilin həyat yoldaşının imzaladıqlarını, qalan məsələlərlə özünün məşğul olduğunu, Ramilin ondan əvvəlcədən 3000 manat istədiyini, obyekti təhvil almaq üçün həmin məbləği məcburən verdiyini və təmirə başladığını, 13 iyuldan 23 avqustadək obyekti yüsək səviyyədə təmir etdirdiyini, təmirə quraşdırdığı avadanlıqlarla birlikdə cəmi 23 500 manat xərclədiyini, təmirin bitməsinə və obyekti açmasına bir gün qalmış Ramilin gəlib heç bir səbəb olmadan obyektin açarlarını zorla ondan aldığını və obyektdən qovduğunu, polisə etdiyi şikayətə “mülki məsələlərin həllinin məhkəmə orqanları səlahiyyətinə aid olduğu” cavabının verildiyini, obyektin təmiri zamanı divar ustasına 250 manat, elektrik ustasına 300 manat, santexnik ustasına 250 manat, kodisioner təmiri və hissələrinin əlavə olunması üçün kondisioner ustasına 195 manat verdiyini, alıb quraşdırdığı avadanlıqların əksəriyyətinin obyektdə olduğunu bildirmiş, buna görə də Cavabdeh2 və Cavabdeh1 3000 manat nağd pulun və bir ədəd Pizza hazırlayan dəzgahın (dəyəri 1500 manat), bir ədəd dönər aparatının (Ramte, təzə-dəyəri 1200 manat), bir ədəd dönər aparatının (Atalay-təzə, dəyəri 1200 manat), bir ədəd toster aparatının (Ramte-dəyəri 300 manat), bir ədəd “Benmari” adlanan isti yemək dəzgahının (800 manat), bir ədəd Firi aparatının (100 manat), 4 ədəd kamera sisteminin (biri 187,5 manatdan 750 manatlıq), iki ədəd bar mebelinin (biri 500 manatdan cəmi 1000 manatlıq), 8 ədəd masaların (biri 120 manatdan cəmi 960 manat), oturacaq stullarının (6 ədəd-biri 17,5 manatdan-cəmi 850 manatlıq), 3 fazalı kabelərin (bir ədəd - 350 manatlıq), 65 ədəd taxta servis qablarının (400 manatlıq), qaşıq və çəngəllərin (150 ədəd-180 manatlıq), üç ədəd dönər bıçaqlarının (biri 40 manat, cəmi dəyəri 120 manat), iki ədəd Masad adlanan bıçaq itiləyənin (biri 30 manat, cəmi 60 manat), 17 ədəd plastik qabların və vedrələrin (biri 13 manatdan -cəmi 220 manat), bir ədəd xırda soyuducunun (250 manat), bir ədəd kassa aparatının (70 manat), bir ədəd kasa mebelinin (50 manat), bir ədəd böyük dəmir pilləkənin (60 manat), iki ədəd pəncərələrin (biri 70 manat-ikisi 140 manat), kafellərin (bir qutusu 12,5 manatdan- 60 ədəd, cəmi 750 manat), bir ədəd qapı və aksessuarlarının (350 manat), bir ədəd firin dəzgahının, yəni Pizza peçinin altının (110 manat), bir ədəd ət maşınının (100 manat), bir ədəd qaz balonunun (40 litrlik- 40 manat dəyərində), bir ədəd xəmir dəzgahının (170 manat), üzərinə xəmir qoyulan mərmər dəzgahın (bir ədəd-250 manat), bir ədəd xüsusi hazırlanmış dönər servis pəncərəsinin (450 manat), üç ədəd pərdələrin (130 manat), bir ədəd böyük soyuducunun (500 manat), bir ədəd elektrik şitinin (60 manat), bir ədəd rubilnikin (140 manat), 12 ədəd avtomatın (biri 12,5 manatdan 150 manat), 100 ədəd çeşidli servis qablarının (biri 3,5 manatdan - 350 manat), bir ədəd lampanın, içində 70 ədəd lampaları olanuzunluğu isə 12 metr olan naqilin (140 manat), kabel kanallarının və hissələrinin (bir ədəd-70 manat), bir ədəd əl-üz yuyanın (60 manat), bir ədəd tualet daşının (36 manat), bir dəst santexnik mallarının (320 manat), krantların və arkoların (150 manat), bir ədəd qab yumaq yerinin (90 manat), iki dəst paslanmaz iş dəzgahının (biri 30 manatdan-600 manat), iki dəst qab-qaşıq mebelinin (hər birində 150 predmet olmaqla cəmi 300 manat), iki pletkaların (biri 30 manatdan-cəmi 60 manat), bir ədəd 60 litrlik “Ariston” aparatının (50 manat), bir komplekt havalandırma sisteminin (1500 manat), bunlardan əlavə, obyektin təmiri və usta xərcləri - inşaat materialları- 950 manat, divar üçün tikinti materialları-1200 manat, təmizlik ləvazimatı-150 manat, kraskalar və santexniki ləvazimatlar - 600 manat, işlənən reklam xərcləri - 1200 manat, kleylə yapışdırılan vinil reklamları - 300 manat, 3000 manat kirayə pulu ilə birlikdə cəmi 26 500 manat məbləğdə pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, ona məxsus pul vəsaitini uzun müddət özündə saxlayıb onu qaytarmaqdan boyun qaçırdıqlarına görə faiz məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, X1 Haydaroğlu Sedatın xeyrinə 3000 (üç min) manatın tutulması, X1 Haydaroğlu Sedata məxsus olan 1 ədəd dönər aparatının (dəyəri 1200 manat); 4 ədəd masanın (birinin dəyəri 120 manat); 16 ədəd oturacağın (hər birinin dəyəri 17,5 manat); müşahidə kamera sisteminin (dəyəri 750 manat); 2 ədəd bar mebelinin (birinin qiyməti 500 manat); 3 ədəd dönər bıçağının (birinin qiyməti 40 manat); 1 ədəd bıçaq itiləyənin (qiyməti 30 manat); 2 ədəd plastik su qabının (birinin qiyməti 13 manat); 1 ədəd kiçik soyuducunun (qiyməti 250 manat); 1 ədəd böyük soyuducunun (qiyməti 500 manat); bir ədəd kassa aparatının (qiyməti 70 manat); 1 ədəd kassa mebelinin (qiyməti 50 manat); 1 ədəd ət maşınının (qiyməti 100 manat); 1 ədəd dönər servis pəncərəsinin (qiyməti 450 manat); 3 ədəd pərdələrin (qiyməti 130 manat); işıqlandırma sisteminin (çöl işıqları) - (qiyməti 140 manat); 1 ədəd əl-üz yuyanın (qiyməti 60 manat); 1 ədəd “Ariston” aparatının (qiyməti 50 manat); 1 komplekt havalandırma sisteminin (qiyməti 1500 manat); reklam posterlərinin (qiyməti 300 manat); 1 ədəd qaz balonunun (qiyməti 40 manat); 1 ədəd böyük dəmir pilləkənin (qiyməti 60 manat) alınaraq Haydaroğlu Sedata qaytarılması, qeyd olunan əmlaklar mövcud olmadığı halda onların dəyərinin X1 alınaraq Haydaroğlu Sedata verilməsi, Haydaroğlu Sedat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin X1 alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə yeni əsaslı qətnamə çıxarılmasını xahiş edən Cavabdeh2 şikayətini belə əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən hallara və təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməmiş, ondan 3000 manat tutulması ilə bağlı qənaətini ona 7000 manat borcu olan şahidin ifadəsinə istinadən əsaslandırmış, qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etməklə yanaşı qətnamənin yalnız ondan 3000 manatın tutulması hissəsindən narazı qaldığını və qətnamə ilə iddiaçıya qaytarılması qət olunan əşyaları ona qaytarmağa hazır olduğunu, iddiaçının istinad etdiyi icarə müqaviləsindəki imzanın saxtalaşdırıldığını və həmin imzanın həyat yoldaşı Cavabdeh1 tərəfindən icra edilmədiyini bildirmiş, Cavabdeh1 da icarə müqaviləsini imzalamadığını göstərmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahatlar verməklə şikayətin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız “X1 Haydaroğlu Sedatın xeyrinə 3000 (üç min) manatın tutulması” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı şikayət verməmişdir və bu səbəblə onun iddiasının təmin edilməyən hissəsi ümumiyyətlə apellyasiya baxışının predmeti deyildir; Cavabdeh2 isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini tələb etsə də, apellyasiya baxışı zamanı qətnamənin yalnız qeyd olunan hissəsindən narazı olduğunu, qətnamə ilə iddiaçıya qaytarılması qət olunan əşyalarla bağlı hissəni mübahisələndirmədiyini bəyan etmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə də təmin olunmamalıdır. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, həyat yoldaşı X2 (icarəçi) ilə Cavabdeh1 (icarəyəverən) arasında 23 iyul 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, müqaviləyə görə ünvan 1 ünvanında yerləşən 30 m2 qeyri-yaşayış sahəsi ayda 200 manat icarə haqqı ödənilməsi şərtilə 1 il müddətinə Aygün Haydaroğluna icarəyə verilmişdir. İddiaçı, məhz həmin müqaviləyə istinadla cavabdehlərə qarşı müvafiq iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin öhdəliklə bağlı müddəalarına əsaslanaraq onun Cavabdeh2 qarşı tələbini qismən haqlı hesab etmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, 23 iyul 2021-ci il tarixli icarə müqaviləsinin sonunda “İcarəyə verən Cavabdeh1” hissəsində “İmza” qrafasındakı imza Cavabdeh1 və Cavabdeh2 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Beləliklə müəyyən olunan odur ki, X2 (icarəçi) ilə Cavabdeh1 (icarəyəverən) arasında 23 iyul 2021-ci il tarixdə iddiaçının istinad etdiyi yazılı icarə müqaviləsi bağlanmamışdır və iddiaçının iddia tələbi (yoxlanılan hissədə) həmin müqaviləyə istinadla təmin oluna bilməz. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cavabdeh2, iddiaçı ilə aralarında sözügedən müqavilədə göstərilən qeyri-yaşayış sahəsinə dair icarə münasibətlərinin yarandığını inkar etməməklə iddiaçını müvafiq sübutetmə yükündən azad etmişdir – çünkü Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bu kontekstdə kollegiyanın qənaətinə görə iddiaçı, Cavabdeh2 həmin icarə münasibətləri çərçivəsində icarə haqqı olaraq 3000 manat vermiş olduğunu sübuta yetirməlidir; belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Kollegiya hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, Cavabdeh2 icarə haqqı olaraq 3000 manat pul vermiş olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin həmin iddia tələbini təmin etdiyi zaman əsas götürdüyü şahid ifadəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin ifadə müvafiq nəticəyə gəlmək üçün yetərli deyildir. Bu zaman həm də nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6769/2021 saylı iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “X1 Haydaroğlu Sedatın xeyrinə 3000 (üç min) manatın tutulması” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin olunmasın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat Haydaroğlu Sedatdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2343/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2343/2022
28.07.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver