Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2354/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh-ya qarşı iş üzrə (Açar sözlər: pul tələbi) hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-288/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC (kreditor) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 067-19/İ nömrəli “Kredit müqaviləsi”nə əsasən kreditor borcalana 75.400 manat məbləğində illik 4% dərəcəsi ilə 360 ay müddətinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti.52, M.19, m.2 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün ipoteka krediti vermişdir.
2. İddiaçı (alıcı – ipoteka qoyuna) ilə "xxxx" ASC (ipoteka saxlayan) və Cavabdeh (satıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 067-19/İ nörməli “İlkin bazardan alqısatqı və ipoteka” müqaviləsinə əsasən satıcı ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti.52, M.19, m.2 ünvanında yerləşən ümumi sahəsi 79,88 kv.metr olan 2 otaqlı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin dəyərinin 18.859 manat məbləğində olan hissəsini alıcı-ipoteka qoyanın özü, 75.400 manat məbləğində olan hissəsini kreditor – ipoteka saxlayan tərəfindən alıcı – ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.
3. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M19, m2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş və mənzilin ümumi sahəsi 65.90 kv.m qeyd edilməklə ona bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzil üçün artıq alınan 16.494,4 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 2.144,27 manat pul vəsaitinin, manat mənəvi zərərə görə 3.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC və Cavabdeh arasında üçtərəfli xx.xx.2019-cu il tarixində 067-19/İ nörməli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 3 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 79.88 kvadratmetr olan 94.259 manat dəyərində mənzili onun mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 18.859 manat məbləğində hissəsi onun tərəfindən, qalan 75.400 manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 067-19/İ nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən ona ayrılmış 360 ay müddətinə illik 4 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. Tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit ödənilməkdədir. Lakin bu yaxınlarda mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona 65.90 kv.metr ölçüdə təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq yaşadığı mənzilin sahəsi 79.88 kvadratmetr deyil, 65.80 kvadratmetrdir. Yəni mövcud olmayan 13.98 kvadratmetr mənzil sahəsi üçün ondan 16.494,4 manat pul vəsaiti artıq alınmışdır. Bununla da ona əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Aldığı mənzilin müqavilə üzrə bir metr kvadratı təxminən 1.180 manat edir. Həmçinin, həmin pul vəsaitini 30 illik kredit vasitəsilə aldığını hesab edilsə, ona dəymiş ziyanın daha da artacağı istisna deyildir. Halbuki, həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 2 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 79.88 kvadratmetr göstərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin 1.2-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzil təhvil vermişdir. Yəni, cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməmiş və nəticə də onun hüquqlarını pozmuş, olmayan ölçüyə görə ondan artıq pul vəsaiti alınmış, ona mənəvi və maddi ziyan vurmuşdur.
6. İşə baxılarkən məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6423 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanda yerləşən “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 saylı mənzilin xarici parametrləri (çöldən-çölə) üzrə sahəsinin 79,88 kv.metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanda yerləşən “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 saylı mənzilin ümumi sahəsi 65,9 kv.metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanda yerləşən “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 saylı mənzilə dair bağlanmış (79.88 kv.m) sahə ilə mənzilin faktiki sahəsi (içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqlarda daxil olmaqla) arasında fərq olduğu və həmin fərqin 13.98 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
7. Müvafiq rəylə mübahisəli mənzilin ümumi sahəsi hesablanarkən tikintialtı sahalər nəzərə alınmadığından məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyiin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5650 saylı rəyinə əsasən İddiaçı Firuddun oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanında “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 nömrəli mənzilin faktiki ümumi sahəsinin 79,88 m2, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla isə sahəsinin 66.9 m2 olması müəyyən edilmişdir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) xx.xx.2022-ci il tarixli, 2(004)-288/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh-ya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddianın rədd edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin müqavilə şərtlərinə əsasən məhz ümumi sahəsi 79.88 kv.m olan mənzili tikərək iddiaçıya təhvil verməyi öz öhdəsinə götürməsi, mənzilin ümumi sahəsinin, həm də mənzilin daxili arakəsmələrinin və digər tikililərinin aparıldığı (eləcə də, saxtaların mənzilin daxili sahəsinə düşən divarlarının hörgü altı sahələri) tikintialtı sahalərini də əhatə etməsi, eləcə də mənzilin ümumi sahəsinin 79.88 kv.m olması mübahisəsiz olaraq iş materilları ilə müəyyən olunur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1, 404.2, 425.1, 752.1, 773, 775, 762.2-ci maddələrinə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun 5-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 103.2, 119.1, 206.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 №li Qərarının 3.3cü bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqaviləyə podrat müqavilə kimi hüquqi qiymət vermiş, lakin istinad etdiyi halı əsaslandırmamışdır. Podrat müqavilə o halda hesab oluna bilərdi ki, tərəfindən podratçıya müqavilədə nəzərdə tutulan iş sifariş olunsun və həmin sifarişi podratçı tərəfindən öz öhdəsinə götürsün, o, isə qarşılığında sifarişçi kimi podratçıya razılaşdırılmış muzd ödəməyi həyata keçirsin. Halbuki, cavabdehlə arasında hazır mənzilin alqı-satqısı və eyni zamamanda ipotekası həyata keçirilmişdir. Mənzil tikilərkən, arakəsmələr həyata keçirilərkən onunla cavabdeh arasında hər hansı bir razılaşdırılma işləri aparılmamış, bu barədə müqavilə olmamışdır. Bundan əlavə, məhkəmə digər maddi və prosessual hüquq normaların tədbiqində də səhvə yol vermişdir. Belə ki, məhkəmə qanunvericilikdə nəzərdə tutulan və cavabdehlə bağladığı xx.xx.2019-ci il tarixli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsində göstərilmiş “ümumi sahə anlayışı” səhv təhrif etmiş, həmin anlayışa qanunvericilikdə birmənalı olaraq şərh verilməsinə baxmayaraq, fərqli formada, yəni “faktiki ümumi sahə” anlayışı altında hüquqi qiymət vermiş, mənzilin ümumi sahəsinin hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli arayışda və müqavilədə 79.88 kv.m nəzərdə tutulmasına məhəl qoymamış, həmin sahəyə “faktiki ümumi sahə” adı qoymuşdur. Bu isə öz-özlüyündə ədalətsizlikdir və qəbuledilməzdir. Bundan əlavə, məhkəmə mənzilin yaşayış sahəsinin 41.41 kv.m olmasını göstərsə də, mənzilin texniki pasportuna nəzər yetirildikdə, mənzildə hal-hazırda yaşayış sahəsinin 36 kv.m olduğu müəyyən olunmaqdadır. Lakin, məhkəmə qeyd edilən halları nəzərə almamış, ümumilikdə araşdırmamışdır. Həmçinin, məhkəmə ekspertiza rəylərinə düzgün hüquqi qiymət verməmiş, təkrar ekspertiza nəticəsində təqdim edilmiş əsassız və uydurma olan xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad etmiş, ümumilikdə mənzilin ümumi sahəsinin hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Əgər məhkəmə işi obyektiv araşdırsa idi, müəyyən edərdi ki, ümumilikdə mənzil satılarkən o, aldadılmışdır və ona 65.90 kv.m sahəli mənzil 79.88 kv.m adı altında satılmış və ona maddi və mənəzi ziyan yetirilmişdir. O, hal-hazırda ipoteka ilə mənzilə dair ödənişlərini gecikdirmədən edir və mövcud olmayan sahəyə münasibətdə hər ay borc üzrə ödənişlər və faizlər ödəmək məcburiyyətində qalır. Bundan başqa, əgər mənzilinin planına nəzər yetirilsə, mənzildə üç şaxtanın olduğu müəyyən edilir. Cavabdeh iddia edir ki, onlar mənzili satərkən qapıdan içəri olan bütün sahənin satışını həyata keçirirlər. Onda belə çıxır ki, müştəri mənzili alarkən mənzilin daxili arakəsmələrinə, tikintialtı sahələrinə və hətta şaxtalarına görə əlavə pul vəsaiti ödəməlidir. Onu cavabdeh tərəf əmin etmişdir ki, 79.88 kv.m ümumi sahəsi olan mənzil satılır. Həmçinin, tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə verilsə də, məhkəmə ərizəsini təmin etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
15. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirərək təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı hər hansı sənəd ərizəyə əlavə edilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin edilmədiyindən, iddiaçı qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
22. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında tikintisi başa çatmış və dövlət reyestrində qeydə alınmış mənzilin alqı-satqısına dair müqavilənin bağlanmasına baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə podrat müqaviləsindən irəli gələn münasibətlər kimi hüquqi qiymət vermiş, bununla da maddi hüquq normalarının tədbiqində səhvə yol vermişdir.
23. Bundan başqa, iddia ərizəsində iddiaçının əldən çıxmış faydaya görə və mənəvi zərərə görə pul tələbi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi bu tələblərə öz qətnaməsində hüquqi qiymət verməmiş, bununla da bununla prosessual hüquq normalarının tələblərini pozmuşdur.
24. Bu hallar isə mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslardan biridir.
25. İşdən görünür ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsi 79,88 kv.m, iddiaçıya verilmiş dövlət reyestrindən çıxarışda isə 65.90 kv.m göstərilmişdir.
26. İşdən həmçinin görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, birinci ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi 65,9 kv.m müəyyən edilmiş, ikinci ekspert rəyinə əsasən isə 66,9 kv.m müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası hər iki ekspert rəylərini nəzərdə keçirərək hesab edir ki, birinci eksper rəyi iş üzrə digər sübutlara yanaşı tətqiq edilməli və qiymət verilməlidir.
28. Belə ki, ikinci ekspert rəyi yanlışlıqlara yol verilməklə tərtib edilmiş, rəyin əsaslandırıcı hissəsində göstərilmiş mənzilin hissələrinin ayrı-ayrılıqda sahələrinin cəmi 66,5 kv.m (31,8+4,2+14+14,4+2,1) təşkil etdiyinə baxmayaraq, habelə mənzilin daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla ümumi sahəsi 79,12 kv.m göstərilsə də, rəyin nəticə hissəsində mənzilin ümumi sahəsi 66,9 kv.m, faktiki ümumi sahə isə 79,88 kv.m qeyd edilmişdir.
29. Birinci ekspert rəyi ilə mənzildə olan tikililərin ayrı-ayrılıqda sahələri bunlardır: 1 saylı dəhliz tikilisinin sahəsi 9,4 kv.m, 2 saylı mətbəx tikilisinin sahəsi – 14 kv.m, 3 saylı yaşayış otağı tikilisinin sahəsi – 21,6 kv.m, 4 saylı yaşayış otağı tikilisinin sahəsi 14,4 kv.m, 5 saylı sanitar-qovşağı tikilisinin sahəsi – 4,3 kv.m, 5 saylı lociya tikilisinin sahəsi 2,2 kv.m (4,1 x 0,5).
30. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda istinad olunan maddələri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır.
31. Göründüyü kimi, ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi əmsalsız (lociya tikilisinin sahəsinə əmsal tədbiq olunmadıqda) 67,8 kv.m, lociya tikilisinin sahəsinə əmsal tədbiq olunmadıqda isə 65,9 kv.m təşkil edir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahənin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir.
33. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir.
34. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tədbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi “mülkiyyətində olan mənzil üçün artıq alınan 16.494,4 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması” hissəsində qismən əsaslıdır.
36. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsi 79,88 kv.m olduğu halda, ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi əmsal tədbiq edilmədən 67,8 kv.m olduğundan, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğ ona qaytarılmalıdır.
37. Belə ki, müqaviləyə əsasən mənzilin qiyməti 94.259 manat, ümumi sahəsi 79,88 kv.m olduğu üçün, 1 kv.m-in dəyəri 1.180 manat təşkil edir.
38. Odur ki, 79,88 kv.m-dən 67,8 kv.m çıxıldıqda, 12,08 kv.m üçün ödənilmiş 14.254,4 (12,08 x 1.180) manat fərq məbləği cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.
39. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış fayda və mənəvi zərərlə bağlı məhkəməyə hər hansı sübutlar təqdim edilmədiyindən, iddiaçının bu tələbləri təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq qəbul edilməməsini bildirdə də, həmin ərizədən görünür ki, iddiaçı Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddianın əsasını və ya predmetini dəyişməmiş, başqa cavabdeh də cəlb edilməklə yeni iddia tələbləri irəli sürmüşdür.
41. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə mənzilin sahəsinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 manat məbləğində dövlət rüsumlarının yarısı – 22,5 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-288/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh-dan 14.254,4 (on dörd min iki yüz əlli dörd manat, qırx qəpik) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh-dan İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumlarının yarısı – 22,5 (iyirmi iki manat, əlli qəpik) manat məbləğində vəsait tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh-dən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov