Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2356/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1036/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə məhkəməyə müraciət edərək, Əmir Aslanov X9 1920-ci il tarixdə vəfat etməsi haqqında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Şirvan şəhərinin Muğangəncəli kəndində anadan olmuşdur. X2 anası X8r. X1 Bakı neft sənayeçisi, mülkədarı olmuşdur. Əmiraslanov qardaşları neft kontorunun sahibi olmuşdur. 1880-1920- ci illərdə böyük neft istehsalçısı olmuşdur. Babası Əmir X13 Aslanov XİX əsrin ikinci yarısında anadan olmuşdur. O, babasının yaşadığı ünvanda ünvan 1ü illərə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunmuşdur: Əmir X13 Aslanov, onun arvadları – Dosti Əmir qızı 47 yaş, Xədicə Nağı qızı 44 yaş, onun oğlanları – X23 29 yaş, X24 18 yaş, X30 15 yaş, X29 14 yaş, onun qızları – X25 17 yaş, X17 7 yaş, X27 5 yaş, birinci arvadından olan uşaqları X21 22 yaş və X20 21 yaş. 1920-ci ilin aprelində babası Əmirhəmzə bolşeviklərin talanına məruz qalmışdır. 1920-ci ildən babası vəfat etmiş, Yasamal qəbirstanlığında dəfn olunmuşdur. Onun yeganə sağ qalmış övladı nənəsi X10 olmuşdur. Fatma Ağayeva 08 may 1980-cı il tarixdə, Balaca Ağayeva isə 20 mart 2013-cü il tarixdə vəfat etmişdir. O, Sabirabad Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(056)-1000/2019 saylı qərarı ilə X3 3-cü növbə vərəsəsi kimi tanınmışdır. Hazırda notariusa vərəsəlik haqqında şəhadətnamənin alınması üçün müraciət edir, lakin ondan ölüm faktı barədə sənəd tələb edirlər. Bu barədə Səbail rayon qeydiyyat şöbəsinə müaciət etsə də, bu barədə qeydin onlarda olmadığını bildirmişlər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Başqa yolla ölüm haqqında şəhadətnaməni ala bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1036/2023 saylı qərardadı ilə Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Səbail və Binəqədi rayon qeydiyyat şöbələri cəlb edilməklə) “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki iş üzrə icraata icraata xitam verilmiş və qeyd edilmişdir ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı imtina vermiş inzibati orqana qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Həmin qərardaddan Ərizəçi şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1036/2023 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun mülki hüquqlarının həyata keçirilməsi üçün vacib olan faktın təsdiqi barədə ərizəsi üzrə icraata xitam verilməsi hüquq və azadlıqlarının kobud surətdə pozulması ilə nəticələnir. O, lüzumsuz süründürməçiliyə məruz qalmışdır. Onun hüquqlarını pozan qərar qəbul etməklə hüquq və azadlıqlarının müdafiəsinə dövlət təminatından məhrum olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən yaşayış yeri üzrə mərhum anasının vərəsəsi olduğu babasının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Babasının ölümünü təsdiq edən sənəd barədə arxivdə, qeydiyyat şöbəsində heç bir sənəd tapa bilmir. Yalnız arxiv sənədlərinin və mötəbər sübutlar əsasında 1920-ci ildə vəfat etmiş babası mərhum Əmirhəmzə Əmiraslanovun 3-cü növbə vərəsəsi kimi Sabirabad Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(056)-1000/2019 saylı qətnaməsi ilə tanınmışdır. Həmin qətnamədə Əmirhəmzə Əmiraslanovun 1920-ci ildə öldüyü qeyd olunsa da, qətnamə ölüm faktının müəyyən olunması üçün qeydiyyat şöbəsinə kifayət etmir. Bu fakta dair məhkəmə qərarı tələb olunur. Başqa qaydada bu sənədi əldə edə bilmədiyindən faktın təsdiqi birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar əsasında faktı təsdiq etməkdənsə, sanki məsuliyyəti boynundan atmış və faktı təsdiq etməmişdir. Məhkəmə məntiqə əsaslanaraq qərar qəbul etsə də, qanunvericiyə zidd qərar qəbul etmiş, iş üzrə icraata xitam vermişdir. Əsassız olaraq nəzərə almamışdır ki, “Vətəndaşlıq vəziyyəti aktlarınındövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Onun hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi haqlı olduğu halda ərizəsinə baxılmamış, yanlış yerə yönəldilmişdir. Hazırkı məsələ xüsusi icraat qaydasında baxılmalı olduğu halda, məhkəmə bu icraatı ayırd edə bilməmişdir. Halbuki, faktın məhkəmə qaydasında təsdiq edilməsinə zərurət olması aşkardır. Məhkəmə işi ədalətlə araşdırmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1036/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki,şikayət təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1036/2023 saylı qərardadı ləğv edilərək növbəti prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya məhkəməsi qərardadında Sabirabad Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli,2(056)-1000/2019 saylı qətnaməsinə istinad edərək Əmir Aslanov X9 1920-ci il tarixdə ölməsinin bu qətnamə ilə təsdiq olunduğunu qeyd edir. Kollegiya qeyd edir ki, öldüyü və Yasamal qəbirstanlığında dəfn olunduğu qeyd edilsə də, bu işin halları kimi qeyd edilməklə həmin şəxsin ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməmişdir. Həmin qətnamə ilə yalnız ərizəçinin Əmir Aslanov X9 3-cü növbə vərəsəsi olmasına əsas olan onların qohumluq faktı təsdiq edilmişdir. Belə ki, bunların hər biri ayrı-ayrı baxılmalı və məhkəmə qətnaməsi ilə müəyyən edilməli faktlardır. Əvvəlki işə baxılarkən bu faktın hər ikisinin təsdiqi qoyulmuş olsaydı, bu halda ərizəyə baxılmanın nəticəsi olaraq hər fakt təsdiq edilərdi və bu da ölümün qeydiyyata alınması üçün əsas ola bilərdi. Kollegiya hesab edir ki, hazırki halda birinci instansiya məhkəməsi ərizəylə bağlı iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, bu halda şəxsin qohumluq faktından əmələ gələn vərəsəlik hüququnu həyata keçirməklə miras əmlakı əldə etməsi mümükünsüz olacaqdır. Bu da dövlət tərəfindən təminat verilən vərəsəlik hüququnun həyata keçirilməsinə maneə yaradar ki, bu isə özlüyündə bundan öncə təsdiq edilən qohumluq faktının müəyyən edilməsi barədə qətnamənin ərizəçi üçün hər hansı bir əhəmiyyət kəsb etməməsinə gətirib çıxarmaqla məhkəmə tərəfindən ərizəçinin nəhayətində əldə etmək istədiyi hüquqa çatmasına xidmət etməməklə əksinə məhdudlaşdıracaqdır. Bu isə yolverilməzdir. Belə ki, prosessual qanunvericiliyin vəzifələri də hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasına xidmət etməkdən ibarətdir. Bundan başqa, məhkəmənin iş üzrə icraata xitam verərkən inzibati orqanın imtinasını əsas götürməklə inzibati məhkəməyə müraciət etməsini izah etməsi də qanunvericiliyin tələbləri baxımından düzgün deyil. Belə ki, qanunverici inzibati orqanın əsassız imtina etdiyi halda onun üzərinə həmin vəzifənin icra edilməsi öhdəliyinin qoyulması barədə inzibati məhkəməyə müraciət edilməsini özündə ehtiva edir. Hazırki halda qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölümün qeydiyyata alınması barədə sənədin verilməməsi, yəni imtina edilməsi tam qanuni əsaslarla olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hazırki halda isə ölüm faktının təsdiqi üçün əsas hesab edilən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) olmadığı kimi, bu faktın təsdiqi barədə məhkəmə qətnaməsi də mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iş üzrə nəticəsi düzgün olmamaqla ərizəçinin ölüm faktının təsdiq edilməsi barədə ərizəsinə ayrıca xüsusi icraat qaydasında baxılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsininin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Belə olan halda kollegiya hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1036/2023 saylı qərardadı ləğv edilməli, Ərizəçi “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə növbəti prosessual hərəkətlərin edilməsi üçün iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1036/2023 saylı qərardadı ləğv edilsin. Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Səbail və Binəqədi rayon qeydiyyat şöbələri cəlb edilməklə) “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki iş növbəti prosessual hərəkətlərin edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2356/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2356/2023
16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver