Məhkəmə qərarları › İş №2(103)-2357/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2357/2020

08.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2357/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdeh4, Cavabdeh «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun nümayəndəsi: X11 iştirakları ilə X5 Əhmədovnanın, İddiaçı3 və İddiaçı2 cavabdehlər «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanındövlət qeydiyyatının ləğv edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-5719/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 Əhmədovna, İddiaçı3 və İddiaçı2 cavabdehlər «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh4. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC ilə digər Cavabdeh4 arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli KT-16 saylı ipoteka müqaviləsi aldatma yolu ilə və saxtakarlıqla bağlandığı üçün etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı1, Səfərova (Allahverdiyeva) Elnurə Kərəm qızı və İddiaçı2 Cavabdeh4 ailə üzvləri - İddiaçı1 onun faktiki arvadı, digər iddiaçılar isə qızları olmaqla Cavabdeh4 adına və mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 saylı evin 46 saylı mənzilində daimi yaşamaqla 1991 -ci ildən həmin mənzildə daimi qeydiyyatdadırlar. İddiaçı3 2018-ci ildə ailə qurması ilə bağlı xx.xx.2018-ci il tarixdə həmin mənzildən qeydiyyatdan çıxmışdır. xx.xx.2019cu il tarixdə iddiaçılara Cavabdeh4 dediklərindən məlum olmuşdur ki, Cavabdeh4 ilə «xxxx» ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçıların yaşadıqları və qeydiyyatda olduqları mənzil həmin tarixli ipoteka müqaviləsi ilə banka ipotekaya qoyulmuşdur. Mənzilləri ipotekaya qoyularkən ailə üzvlərindən X19, X12, mənzillərində qeydiyyatda olan gelinləri X13 və anası X2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 43 nömrəli evin 46 saylı mənzilinin ipotekaya qoyulmasına dair notarial qaydada razılıq ərizələri alınmışdır İddiaçılar da həmin mənzildə qeydiyyatda olmaqla yetkinlik yaşına çatmış şəxslər olduqları halda, onların qanunvericiliklə tələb olunan razılıqları alınmamış, həmin mənzilə mülkiyyət, mənzildə yaşamaq və istifadə hüquqları pozulmuşdur. İddiaçılar bununla bağlı müvafiq sənədləri əldə etdikdən sonra onlara daha sonra məlum olmuşdur ki, həqiqətən mənzilləri xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 tərəfindən onlardan xəbərsiz «xxxx» ASC-yə ipotekaya qoyulmuş, bankdan götürdüyü krediti vaxtında qaytara bilmədiyindən iddiaçı qismində «xxxx» ASC cavabdehler «xxxx» MMC, Cavabdeh4, X19, X18, X14, X17 və X1rşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «xxxx» MMC-dən iddiaçının xeyrinə 55.979 manat əsas borc, 768,30 manat faiz, 2.284,96 manat dəbbə pulu, cəmi 59.032,26 manat borcun tutulması, tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 nömrəli evin 3 otaqlı 46 nömrəli mənzilinə və X7 məxsus olan Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən 7B saylı evin 43 saylı mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbinin satılmış mənzillərin hesabına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 nömrəli evin 3 otaqlı 46 saylı mənzili satıldıqdan sonra həmin mənzildə yaşayan Cavabdeh4, X19, X18, X14, X8 və digər şəxslərin həmin mənzili bir ay ərzində tərk etmədikləri halda, məcburi qaydada çıxarılması, X7 məxsus olan Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən 7B nömrəli evin 43 saylı mənzil satıldıqdan sonra həmin mənzildə yaşayan X3, X4, X15, X9, X20 və həmin mənzildə yaşayan digər şəxslərin bir ay ərzində həmin mənzili tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(006)-248/2014 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh «xxxx» MMC-dən iddiaçının xeyrinə 55.979 manat əsas borc, 768,30 manat faiz, 228 manat dəbbə pulu, cəmi 56.995,30 manat borcun tutulması, tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 nömrəli evin 3 otaqlı 46 nömrəli mənzilinə və X7 məxsus olan Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən 7B nömrəli evin 43 nömrəli mənzilə yönəldilməsi, mənzillərin açıq hərracdan 120.000 manata və 50.000 manata satılması və satışdan əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hesab edirlər ki, cavabdehlər tərəfindən iddiaçıların ipotekaya qoyulmuş mənzillə bağlı qanunvericiliklə müəyyən edilmiş mülkiyyət, mülkiyyətdən istifadə və yaşamaq hüquqları pozulmuşdur. Belə ki, əvvəla, Cavabdeh4 İddiaçı1 ilə xx xxxxx 1973-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və hal-hazıra kimi də birlikdə yaşayırlar. Birgə nikah dövründə 1988-ci ilin sonunda faktiki olaraq mübahisəli mənzili - Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 nömrəli evin 3 otaqlı 46 nömrəli mənzilini almışlar, o vaxtan da hal-hazıra kimi birlikdə ailə üzvləri ilə həmin mənzildə yaşayırlar. Həmin mənzilin alğı-satqısını rəsmiləşdirmək üçün formal olaraq İddiaçı1 xx.xx.1991-ci il tarixdə boşanmış və bu mənzilə mülkiyət hüququ əldə etmək üçün mənzilin sahibəsi X10 ilə nikaha girmiş, xx.xx.1993-cü il tarixdə ondan boşanaraq mənzili məhkəmə qydasında öz adına keçirmişdir. Bütün bu müddət ərzində cavabdeh İddiaçı1 ilə ailə münasibətlərini davam etdirmiş, birlikdə yaşamışlar. Yəni, faktiki olaraq ipotekaya qoyulmuş mənzil Cavabdeh4la İddiaçı1 birgə nikah dövründə əldə etdikləri əmlakdır. İddiaçının həmin əmlakda qanunvericiliklə təsbit edilmiş mülkiyyət hüququ vardır. Cavabdeh4 tərəfindən həmin mənzil «xxxx» ASC-yə ipotekaya qoyulduqda mülkiyyət hüququ pozulmuş, onun razılığı alınmamışdır. Onlar yaşadıqları mənzilin ipotekaya qoyulmasına razılıq verməmiş və ona tutma yönəldikdə mənzildən çıxma öhdəliyi götürməmişlər. Eyni zamanda, qeyd olunan mənzildə ailə üzvləri ilə birlikdə yaşamaqla həmin mənzildən istifadə hüququna malik olan iddiaçılar İddiaçı3 və İddiaçı2 da qeyd olunan mənzildə yaşamaq hüquqları pozulmuşdur. İpotekaya qoyulan mənzildə yaşayan həddi-büluğa çatmış şəxslərin razılığının alınması qanunvericiliklə cavabdeh Notariat Kontorunun vəzifəsi olduğu halda, 38 saylı Notariat Kontoru vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, ipoteka qoyanın ailə tərkibi haqqında zəruri arayışı almamış, bu xüsusatı ətraflı yoxlamamış, nəticədə iddiaçıların mülkiyyət, mülkiyyətdən istifadə hüquqlarını pozmuşdur. İddiaçıların yaşadıqları mənzilin ipotekaya qoyulmasından xəbərləri olmamışdır. Yuxarıda adları qeyd olunan iddiaçıların Cavabdeh4 ailə üzvləri kimi yeganə yaşayış yeri olan mübahisələndirilən evdən çıxarılması tələbi ilə onların xüsusi mülkiyyətlərindən istifadə və orada yaşamaq hüquqları pozulmuşdur. Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 17 saylı MKİS-in xx.xx.2019-cu il tarixli 687 saylı arayışından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 qeyd olunan mənzildə yaşamaqla 1991-ci ildən həmin mənzildə qeydiyyatdadırlar. İddiaçıların və digər ailə üzvlərinin həmin mənzildə 1991-ci ildən qeydiyyatda olmaları faktı həminmənzilin Cavabdeh4 tərəfindən həqiqətən də faktiki olaraq 1991-ci ildə, İddiaçı1 ilə birgə nikahda olduqları dövrdə aldığını təsdiq edir. xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 nömrəli evin 46 nömrəli mənzili Cavabdeh4 tərəfindən «xxxx» ASC-dən alınmış kreditin təminatı kimi banka ipotekaya qoyulmuşdur. 38 saylı Notariat Kontorundan götürülmüş razılıq ərizələrindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 nömrəli evin 46 nömrəli mənzilinin ipotekaya qoyulmasına Cavabdeh4 həddi-büluğa çatmış ailə üzvlərindən yalnız X19, X18 və Səfərova (faktiki Kərəmovadır) Vüsalə Salavik qızı razılıq vermiş, digər ailə üzvləri - yəni iddiaçıların qanunvericiliklə tələb olunan razılıqları alınmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdehlər tərəfindən xüsusi mülkiyyətdə olan əmlakın ipotekaya qoyulmasına dair qanunvericilik normalarının tələbləri pozulmaqla həddi-büluğa çatmış iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Karəm qızının razılığı olmadan, daimi və yeganə yaşayış yerləri olan ve qeydiyyatda olduqları mənzil ipotekaya qoyulmuş, ipoteka qoyanın ailə tərkibi barədə düzgün olmayan arayış təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-5719/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçılar onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, ipoteka müqaviləsi bağlanarkən mənzildə qeydiyyatda olan və yaşayan onların da müvafiq razılığının alınmadığını və təkrarən qanun pozuntusuna yol verildiyini nəzərə almadığını irəli sürmüşlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 qətnamənin ləğv, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi ipoteka predmeti olan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmədiyi və buna görə də birinci isntasniya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinini və Bakı şəhəri 38 saylı Notariat Kontorunun nümayəndələri isə məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh4 ilə «xxxx» ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 saylı evin 46 saylı mənzili həmin tarixli ipoteka müqaviləsi ilə banka ipotekaya qoyulmuşdur. İddiaçılar həmin mənzilin İddiaçı1 ilə cavabdehin birgə nikahları dövründə əldə edilməsi səbəbindən onların ümumi birgə mülkiyyəti hesab edilməsinə və mübahisələndirilən ipoteka müqaviləsi bağlanan zaman “İpoteka haqqında” Qanunun 8-ci maddəsinin tələbinin pozularaq onun razılığının alınmadığına istinad edərək hazırkı iddia tələbini irəli sürdüklərindən kollegiya, onların bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmadığına qiymət verməyi zəruri hesab edir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı iş üzrə isə, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. Həm də ikinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2015-ci il tarixli Qərarlar). “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka ilə yüklü edilməsi zamanı bütün mülkiyyətçilərin hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə həmin mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığının olması tələb edilir. Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin məhkəməyə ünavnladığı xx.xx.2020-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 saylı evin 46 saylı mənzil xx.xx.1998-ci il tarixdə Cavabdeh4 adına ilkin qeydiyyat keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin məhkəmənin sorğusna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubla müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh4 Bəhhrəm oğlu xx.xx.1973-cü ildə Neftçala Rayon Qeydiyya Şöbəsində nikaha daxil olmuş, həmin nikahın pozulması isə xx.xx.1991-ci ildə Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 saylı evin 46 saylı mənzil xx.xx.1998ci il tarixdə Cavabdeh4 adına ilkin qeydiyyat keçdiyindən və İddiaçı1 ilə Cavabdeh4 Bəhhrəm oğlu bağlanmış nikah xx.xx.1991-ci il tarixdə pozulduğğundan həmin əmlak ər-arvadın birgə mülkiyyəti sayıla bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, sözügedən mənzil Cavabdeh4 tərəfindən xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankın xeyrinə ipoteka ilə yüklü edilərkən həmin müqavilənin etibarlılığı İddiaçı1 razılığından asılı olmamışdır. Başqa sözlə, “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsinin tələbi hazırkı mübahisədə əhəmiyyət kəsb etmir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, “xxxx” ASC ilə Cavabdeh4 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış ipoteka müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir; həmin müqavilə qanunvericiliyin tələblərinə riayət edilməklə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır və iddiaçı bu müqavilənin etibarsız sayılmasını tələb etmək üçün ümumiyyətlə subyektiv hüquq sahibi deyildir. Apellyatorun, ipoteka müqaviləsi bağlanarkən mənzildə qeydiyyatda olan digər şəxslərin razılığının alınmaması barədə bildirdikləri ilə əlaqədar isə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər və girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir.Belə mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarında da öz əksini tapmış, girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmamasının müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmadığı vurğulanmışdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx xxxxx 2004-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “…müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun”. Kollegiya onu da nəzərə alır ki, ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı ipoteka predmetində qeydiyyatda olan şəxslərin razılığının alınmalı olması, bu müqavilənin bağlanma formasını və hansı subyektlər tərəfindən imzalanmalı olduğunu müəyyənləşdirən qanunda (Mülki Məcəllə) deyil, qanundan aşağı səviyyəli normativ akt olan təlimatda nəzərdə tutulmuşdur; həmin təlimat isə müqavilənin rəsmiləşdirilməsinin notarius tərəfindən əməl olunmalı olan qaydasını tənzimləməklə mülkiyyət hüququnun Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla biləcəyi haqqında həmin Məcəllənin 169.1-ci maddəsinin tələbi nəzərə alınmaqla şərh olunmalıdır. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-5719/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar