Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2367/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Cavabdeh1,”KAT HOLDİNQ” MMC və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2367/2024 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh “Cavabdeh1”ın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “Cavabdeh1”, ”KAT HOLDİNQ” MMC və Cavabdeh3 qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3527/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Cavabdeh1,”KAT HOLDİNQ” MMC və Cavabdeh3 qarşı Cavabdeh2 MMC-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 28 950 manat maddi zərərin, 5000 (beş min) manat mənəvi zərərin, 2023-cü ilin may ayından başlayaraq, qətnamənin faktiki icra gününədək hər ay üçün 600 manat məbləğin tutularaq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3133/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina № 29-da yerləşən 34 №-li mənzilin İddiaçı mülkiyyətinə verilməsi üçün zəruri olan əqdin notariat qaydasında bağlanması vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5369/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3133/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(103)-3133/2021 saylı məktubu ilə icra vərəqəsi verilərək, Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrasına cavabdehlər tərəfindən süni və qərəzli maneələrin yaradılması və "xxxx" MMC-nin qanuni təmsilçisi barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsi, Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, № xx/xx-288829/19 saylı məktubu ilə bildirilmişdir ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı "xxxx" MMC-nin hazırkı direktoru Şöbəyə dəvət olunmuş, icra sənədinin icrası ondan tələb olunmuşdur. O bildirmişdir ki, "xxxx" MMC-nin əvvəlki direktorunun yol verdiyi qanunsuz hərəkətlərə görə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işinin istintaqı aparılmış, bununla əlaqədar möhür prokurorluq tərəfindən götürüldüyündən, məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. O, əlavə olaraq bildirmişdir ki, həmin iş hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.” Bakı Ağır Cinayətlər Məhkəməsinə edilmiş müraciətə cavab olaraq həmin məhkəmənin hakimi Faiq Qəniyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki“..... İş üzrə ittiham və müdafiə tərəfinə aid olan bütün proses iştirakçıları, o cümlədən "xxxx" MMC-nin təsisçiləri olan təqsirləndirilən şəxs Cavabdeh3 və zərərçəkmiş şəxs Cavabdeh1, "xxxx" MMC-nin sabiq direktoru olan təqsirləndirilən şəxs X5 və hazırki direktoru, həm də zərərçəkmiş hüquqi şəxsin qanuni təmsilçisi olan X3 məhkəmə iclasında möhürün qaytarılması ilə bağlı məsələyə münasibətlərini ifadə edərək israrla cəmiyyət tərəfindən hazırda heç bir maliyyə-təsərrüfat fəaliyyəti həyata keçirilmədiyini bildirməklə araşdırılan ittihamlar üzrə yekun qərar qəbul edilənədək "xxxx" MMC-nin möhürünün hər hansı şəkildə qaytarılmasının əleyhinə olmaları ilə bağlı qəti mövqe ifadə etmişlər. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)- 1142/2022 saylı Qərarı ilə vəzifəli şəxs kimi Cavabdeh2 MMC-nin rəhbəri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edildi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1221/2022 saylı Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 3(011)-1142/2022 saylı qərarı dəyişdirilmədən saxlanıldı. Cavabdehlər tərəfindən hal-hazıradək qanuni qüvvədə olan məhkəmə qətnaməsi qərəzli surətdə icra edilmir, mənzil iddiaçıya təhvil verilmir. Bundan əlavə, Cavabdeh2 MMC-nin fəaliyyəti dayandırılaraq qəsdən bərpa edilmir, təsisçilər tərəfindən cəmiyyətə qanuni təmsilçi təyin edilmir. Belə hərəkətlərin də yeganə məqsədi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmaqdır. Cavabdehlərin hərəkətsizliyi nəticəsində iddiaçıya böyük miqdarda maddi və mənəvi zərər də vurulmuşdur. Belə ki, 58 aydır ki, iddiaçı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit edilmiş mülkiyyət hüququnu həyata keçirə bilmir. Bu müddət ərzində, iddiaçı həmin mənzili kirayə verməklə və digər formada gəlir əldə edə bilərdi. Əmlak kirayəsinə dair internet resurslardan əldə edilən məlumatlardan da göründüyü kimi, iddiaçının mənzilinin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqı 600 manatdan aşağı deyil. Mülki hüquq münasibətlərinin subyektləri kimi cavabdehlər öz hüquq və vəzifələrini vicdanla həyata keçirmədiyindən, həmçinin onların hərəkət və hərəkətsizliklərinin məqsədi iddiaçıya ziyan vurmaq niyyəti olduğundan və bunların nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulduğundan həmin zərərin əvəzi də cavabdehlərdən tutulmalıdır. İddia verilən tarixə iddiaçıya dəymiş maddi zərər məbləği hər ay üçün 600 manat olmaqla, 4 il üçün (2018-ci ilin iyun ayından 2023-cü ilin aprel ayına kimi) ən azı 34 800 (600 AZN x 58 ay =34 800) manat təşkil edir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3527/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etmişdir.
4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 443.1, 443.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 242-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Cavabdeh “Cavabdeh1”ın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı etiraz verərək onun təmin olunmamasını xahiş etmişdir.
d) Proses iştirakçılarının izahatı
7. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzil hələ də onlara təhvil verilməmişdir və iddiaçı tərəfindən istifadəsinə dair hər hansı sübut yoxdur. Mənzilin açarı iddiaçıda deyil. Bundan əlavə, öz mənzilindən istifadə edə bilməməsi nəticəsində ərizəçiyə maddi zərər vurulması və bunun əvəzinin ödənilməli olması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Gülməmmədova Azərbaycana qarşı işi üzrə qərarda da öz əksini tapmışdır.
8. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil iddiaçının istifadəsindədir və qarşı tərəf öncəki məhkəmə işlərində də bunu bildirmişdir. hətta onda olan məlumata görə iddiaçı həmin mənzili təmir edib satmaq istəyir.
9. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
14. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edildiyindən və yalnız iddiaçı tərəfindən qətnamənin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
29. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da göstərildiyi kimi mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
30. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
31. Hazırki işin hallarına qeyd edilən aspektlərdən baxdıqda görünür ki, deliktə görə məsuliyyətin yaranmasını nəzərdə tutan birinci şərt – törədilmiş əməlin hüquqa zidd olması halı cavabdeh "xxxx" MMC-yə münasibətdə hazırki iş üzrə mövcuddur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və mülki iş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC 2(103)-3133/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə üzərində qoyulan öhdəliyi icra etməmiş, bununla bağlı cəmiyyətin məsul rəhbəri rəhbəri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bu işin mübahisəsiz halıdır. O cümlədən həmin tənbeh növünün tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsinin qərarında da qeyd edilmişdir ki, “qeyd edilən hallar mövcud icra vərəqəsinin icra edilməməsi üçün əsas deyildir. Əgər iş üzrə möhür cinayət işinin materiallarında sübut kimi saxlanılırsa, yeni möhürün sifariş edilməsinə heç bir maneçilik mövcud deyildir”. Beləliklə qanuni qüvvəsini almış göstərilən qərara əsaslanan kollegiya hesab edir ki, cavabdeh "xxxx" MMC-nin əməlləri hüquqazidd olmaqla bərabər daha öncə baxılmış məhkəmə işlərində də təqsirli formada törədilməsi artıq öz təsdiqini tapmışdır.
32. Lakin həmin əməlin törədilməsi nəticəsində iddiaçıya maddi zərərin dəyməsi digər iş materialları ilə öz təsdiqini tapmamaqla bərabər hətta bu halı təkzib etmişdir. Belə ki, iş materiallarındakı Xətai Rayon Məhkəməsinin 2(011)-4588/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hazırki iş üzrə iddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillə bağlı notariat rəsmiləşdirilməsinin təmin edilməsinin məcbur edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qətnamə ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamənin 2-ci səhifəsində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə (həmçinin hazırki işdə də nümayəndəsi və vəkili) öz izahatında bildirmişdir ki, “...mübahisənin predmeti olan mənzil iddiaçının faktiki sahibliyində və istifadəsində olsa da, cavabdeh iddiaçının həmin mənzilə olan hüquqlarla bağlı notariat rəsmiləşdirilməsindən imtina edir... ”. Həmçinin qətnamənin 5-ci səhifəsində məhkəmənin müəyyən etdiyi hallar qismində qeyd edilmişdir ki, “mülki işdə olan sübutlarla təsdiq edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində arayışın təhvil-təslimi üzrə” 3 saylı akt imzalanmış və İddiaçı mənzilin dəyərinin tam ödənilməsinə və borcun olmamasına dair maliyyə arayışı verilmişdir. Mənzil iddiaçının sahibliyində və faktiki istifadəsindədir”. İş materiallarında qətnamədə qeyd edilən həmin ifadələrin reallığı əks etdirməməsi ilə bağlı iddiaçının hansısa müraciəti (qətnamədəki yanlışlığın aradan qaldırılması, protokola qeyd və s.) aşkarlanmamışdır.
33. O cümlədən iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3133/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də həmin fakt bir daha öz əksini tapmış, birinci instansiya məhkəməsinin göstərilən qətnaməsi ləğv edilsə də, maddi hüquq normasının düzgün seçilmədiyi bildirilmiş və iddia yenə də təmin edilərək iddiaçının göstərdiyi faktlar öz təsdiqini tapmışdır. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-5369/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.
35. Göründüyü kimi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə iddiaçının nümayəndəsi və vəkili iddiaçının mübahisəli mənzildən faktiki olaraq istifadə etdiyini bildirsə də, hazırda həmin faktları təkzib etməklə qeyri-səmimi ifadə vermiş, məhkəməyə düzgün prosessual vicdanlılıq nümunəsi sərgiləməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
36. Yuxarıda da qeyd edildiyi kimi mülki hüquq pozuntusunun mövcudluğu ilə bağlı 3 vacib ünsürdən biri də həmin əməlin nəticəsində şəxsə faktiki zərərin vurulması olsa da, hazırki işdən də göründüyü kimi mübahisəli mənzil iddiaçının faktiki sahibliyində və istifadəsində olmuş, iddiaçıya real zərərin dəyməsi hansısa mötəbər sübutlarla öz əksini tapmamış, öz çatmağa ümid etdiklərindən məhrum olmamış və həmin dövr aralığında götürə biləcəyi hər hansı fayda qarşı tərəfin hərəkətləri ucbatında əlindən çıxmamışdır. O cümlədən iddiaçı sözü gedən mənzili kirayə verməyə hazırlaşdığı, bununla bağlı hər hansı bir şəxslə danışıqların aparıldığı və ya müqavilələrin bağlanıldığına dair də hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim etməmişdir.
37. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh "xxxx" MMC-nin əməlləri hüquqazidd və təqsirli olsa da, həmin hüquqaziddlik artıq öz əksini öncəki məhkəmə qərarları ilə tapmış və həmin təqsirlilik dərəcəsinə uyğun olaraq qanunamüvafiq addımlar atılmışdır. Lakin məhz bu əməllər nəticəsində iddiaçıya maddi zərərin dəyməsi halı isə yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmamışdır.
38. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3527/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova