Məhkəmə qərarları › İş №2(103)-237/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-237/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-237/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X9 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia tələbi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 27R000003963 saylı kredit müqaviləsi üzrə 62.349,86 ABŞ dolları əsas, 30434,2 ABŞ dolları hesablanmış faiz, 31214 ABŞ dolları dəbbə pulunun, cəmi 123998,16 ABŞ dolları borcun məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti kimi Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, cəmi 123998,16 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunmuş vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 ümumi qaydada tutulması, Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, və X4 həmin əmlakdan çıxarılmasına, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia ərizəsində kredit razılaşmasının nömrəsinin 011R********** nömrə əvəzinə səhvən 27R000003963 nömrə göstərildiyini, qətnamə çıxarılarkən bunun nəzərə alınması və kredit razılaşmasının nömrəsinin 011R********** kimi qeyd olunmasını xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 011L**********22 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500.000,00 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70.000,0 (yetmiş min) ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 011R**********S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7650,14 ABŞ dolları ödəmiş, onun 62349,86 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditofa qaytarmadığı üçün Cavabdeh1 xx.xx.2018-ci il tarixə xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşmasına əsasən, 62.349,86 ABŞ dolları əsas, 30.434,3 ABŞ dolları faiz və 31.214 ABŞ dolları dəbbə pulu, cəmi 123.998,16 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə hesablanmış cərimə 13994,72 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka qoyan Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Oara Qarayev prospekti, ev 39, mənzil 14 iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən 359 Ne-li reyestr kitabının 33531 N°- li vərəqində qeydiyyata alınmış və RX 574276 N°-li çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Oara Qarayev prospekti, ev 39, mənzil 14 İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1- 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə etirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka qoyan Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində ğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş xx.xx.2016-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 AZN dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 AZN dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi idarəsində qeydiyyata alınması üçün 21 AZN xidmət haqqı çəkmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2015-ci il tarixli 11S**********02 saylı zaminlik müqaviləsinə, X6 xx.xx.2015-ci il tarixli 011S**********03 saylı zaminlik müqaviləsinə və Cavabdeh3 xx.xx.2015-ci il tarixli 011S**********04 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 011R********** saylı kredit razılaşması üzrə üzrə 62.349,86 ABŞ dolları əsas, 30.434,3 ABŞ dolları hesablanmış faiz, 31.214,0 ABŞ dolları dəbbə pulunun, cəmi 123.998 ABŞ dolları 16 sent və 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti kimi Bakı şəhəri Nizami rayo-nunun Qara Qarayev prospektindəki 39 saylı evin 14 saylı mənzilin açıq hərracda satılması, hərracdan əldə edilmiş vəsait hesabına borcun İddiaçı QSCyə ödənilməsi, bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, mənzilin boşaldılmasına dair qətnamə çıxarılmalıdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 011R********** saylı xx.xx.2015-ci iltarixli kredit razılaşması üzrə 62263,88 ABŞ dolları məbləğində kredit borcu, 2448,11 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 86.000,00 (səksən altı min) manat müəyyən edilməklə həmin mənzil açıq hərracdan satılması və cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və cəmi 40 (altmış bir) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə tutulmuş 20 manat xidmət haqqı ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh2 qaytarılması, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 145 (yüz qırx beş) manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X1 müştərək qaydada alınıb dövlət büdcəsinə SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertizası mərkəzi,VÖEN**********,Hesab AZ34CTRE******************** hesablaşma hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti verərək, qətnamənin qismən-ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılmasının və əmlakın boşaldılmasının təmin edilməməsi, həmçinin əsas, faiz və cərimə borcunun qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qeyd olunan hissədə məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Həmçinin apellyasiya mərhələsində Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işin halları tam şəkildə öyrənilmədən, tələm-tələsik qətnamə qəbul edilmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamış, təkrar ekspertiza keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ancaq mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin olunması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 011L**********22 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500.000,0 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 011R********** saylı kredi razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70.000,0 (yetmiş min) ABŞ dollar məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 011R**********S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə edilmiş kreditin verilməsi üzrə köçürmə sənəddən görünür ki, bank tərəfindən Cavabdeh1 hesabına 70.000,0 ABŞ dolları keçirilmişdir. İş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, verilən kreditin hissə-hissə qaytarılması üçün Ödəniş planı müəyyən edilmiş və tərəflər arasında razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş x xxxxxx 2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə, 62.349,86 ABŞ dolları əsas, 13.994,72 ABŞ dolları faiz və 33774,7 ABŞ dolları dəbbə pulu, cəmi 110119,28 ABŞ dolları borcu vardır. İddiaçı QSC-nin xx.xx.2018-ci il tarixli arayışından görünür ki Cavabdeh1 həmin tarixə xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit müqaviləsinə əsasən, 62.349,86 ABŞ dolları əsas, 30.434,3 ABŞ dolları faiz və 31214 ABŞ dolları dəbbə pulu, cəmi 123.998,16 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 xx.xx.2015-ci il tarixli 11S**********02 saylı zaminlik müqaviləsinə, X6 xx.xx.2015-ci il tarixli 011S**********03 saylı zaminlik müqaviləsinə və Cavabdeh3 xx.xx.2015-ci il tarixli 011S**********04 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə onunla birgə məsuliyyət götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Oara Qarayev prospekti, ev 39, mənzil 14 İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 39 saylı evin 14 sayl mənzili İddiaçı QSC-nin qarşısında ipoteka ilə yüklənmişdir və bu ipoteka dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Cavabdeh1, Nuriyeva X5 və X1 borcların ödənilməsi tələb edilmiş, borclar ödənilmədiyi təqdirdə hüquqmühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən və elektron xidmət portalının çıxarışlardan görünür ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilən Cavabdeh2 Məhəmmədəli qızının mülkiyyətində olan 39 saylı evin 14 saylı mənzilinə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş” qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilən hesabatdan görünür ki, Cavabdeh2 məxsus ipoteka edilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 39 saylı evin 14 sayl mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyəri 86.000,00 (səksən altı min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 30936 saylı Rəyindən görünür ki, Cavabdeh1 ekspertiza keçirilən-xx.xx.2016-cı il tarixə 62.263,88 ABŞ dolları əsas, 2.448,11 ABŞ dolları faiz borcu təşkil edir. Ekspertiza xərci 145 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı bank iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş elektron xidmət portalının məlumatlarından görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyətdaşıyırlar. Göründüyü kimi, Cavabdeh1 Məhərrəm oğlu xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2, Cavabdeh3 və X6 cavabdeh borcalan Cavabdeh1 məsuliyyətini öz üzərlərinə götürdüyündən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tələb olmadığı təqdirdə ailə üzvü olan X3 borcun tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, şikayətlərin dəlili olmasa da, bu hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normasını tələbləri pozulduğundan, yəni X8 borclu və zamin olmadığından (maddi hüquq normalarının tələblərinin pozulması), ondan borcun tutulması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmədiyindən (prosessual hüquq normasının pozulması) qətnamə həmin hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli ekspert rəyində qeyd edilir ki, xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması və xx.xx.2016-cı il tarixli 011R**********S saylı “Sazişin” şərtlərinə müvafiq olaraq Cavabdeh1 Məhəmmməd oğlunun xx.xx.2018-ci il tarixə əsas borc üzrə 62.263,88 ABŞ dolları və faiz borcu 18.610,77 ABŞ dolları müəyyən edilir. Bank tərəfindən xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertizaların rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, qətnamə əsas, faiz və cərimə borcunun tutulması, cəmi borcun müəyyən edilməsi hissələrində dəyişdirilməli, ekspert rəyi nəzərə alınmaqla əsas borc 62263,88 ABŞ dolları, faiz borcu 18610,77 ABŞ dolları, cərimə 5000 ABŞ dolları, cəmi borc 85874,65ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İş materiallarından görünür ki, tərəflər arasına bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzili ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu barədə dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuşdur. Kollegiya hesab edir ki, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın “Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, və X4 həmin əmlakdan çıxarılmasına, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi”nin təmin etməməsini əsassız hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın “Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, və X4 həmin əmlakdan çıxarılmasına, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi”nin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 çıxarılmaqla, mənzil boşaldılmalıdır. Kollegiya cavabdeh olan apellyatorun digər cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, apellyatorun digər cavabdehlərin adından qeyd olunan dəlili mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Kollegiya hesab edir ki, qətnamə 30 manat dövlət rüsumunun tutulması, tutmanın yönəldilməsi hissəsində 40 manat dövlət rüsumunun tutulması hissələrində dəyişdirilməli, dövlət rüsumu 20 manat, tutmanın yönəldilməsi hissəsində 30 manat müəyyən olunmalıdır. Həmçinin qətnamə ekspertiza xərcinin tutulması hissəsində ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmalıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 290 (145+150) manatın 200 manatı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada, 90 manatı İddiaçı QSC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması, cəmi borcun müəyyən edilməsi hissələrində dəyişdirilsin, əsas borc 62263,88 (altmış iki min iki yüz altmış üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları, faiz borcu 18610,77 (on səkkiz min altı yüz on ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları, cərimə 5000 (beş min) ABŞ dolları, cəmi borc 85874,65 (səksən beş min səkkiz yüz yetmiş dörd ABŞ dolları altmış beş sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə kredit borcunun X3 tutulması hissəsində ləğv edilsin. Qətnamə 30 manat dövlət rüsumunun tutulması, tutmanın yönəldilməsi hissəsində 40 manat dövlət rüsumunun tutulması hissələrində dəyişdirilsin, dövlət rüsumu 20 (iyirmi) manat, tutmanın yönəldilməsi hissəsində 30 (otuz) manat müəyyən edilsin. Qətnamə iddianın “Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və X4 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi”nin təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qeyd olunan hissədə qismən təmin edilsin. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 çıxarılmaqla, mənzil boşaldılsın. Qətnamə ekspertiza xərcinin tutulması hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunsun. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 290 (145+150) manatın 200 (iki yüz) manatı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada, 90 (doxsan) manatı İddiaçı QSC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Xəyal Sarıyev Hakimlər: imzalar: Emin Mehdiyev Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar