Məhkəmə qərarları › İş №2(103)-2376/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2376/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2376/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Musa İsmayılovun iştirakı ilə, İddiaçı ASC-nin cavabehlər Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinə kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb olunub. İddiaçı kredit verən və ipoteka saxlayan, Cavabdeh1 kredit alan və ipoteka qoyan, cavabdeh Nigar İsmayılzadə isə ipoteka qoyanla nikahda olan şəxsdir, əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq verib. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin, əsas borc kimi 93.710,8 manat, faiz borcu kimi 21.502,15 manat, cərimə borcu kimi 1.540 manat, cəmi 116.752,23 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulsun, tutma ipoteka predmeti olan göstərilən əmlaklara yönəldilsin: 1) Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, X3 pr., ev № 23/25-də yerləşən 69 №-li mənzil; 2) Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, sahəsi 0,06 ha təşkil edən B-1352A/1 №-li bağ sahəsi; 3) Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, sahəsi 0,03 ha təşkil edən B- 1352A №-li bağ sahəsi. Qətnamədə mənzilin ilkin satış qiyməti 55.000 manat, sahəsi 0,06 ha təşkil edən bağ sahəsinin ilkin satış qiyməti 24.000 manat, sahəsi 0,03 ha təşkil edən bağ sahəsinin ilkin satış qiyməti 12.000 manat müəyyən edilib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Musa İsmayılov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da şikayətin ümumi məzmunundan və dəlillərindən görünür ki, Cavabdeh1 qətnamənin yalnız ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsindən narazıdır və həmin hissəni mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin qərardadı əsasında qiymətləndirmə təyin olunmuşdir. “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında ipoteka predmeti olan əmlakların bazar dəyəri qətnamədə göstərildiyi kimi müəyyən olunmuşdur: mənzilin dəyəri 55.000 manat, sahəsi 0,06 ha təşkil edən bağ sahəsinin dəyəri 24.000 manat, sahəsi 0,03 ha təşkil edən bağ sahəsinin dəyəri 12.000 manat. Apellyasiya şikayəti verən şəxs (ipoteka qoyan Cavabdeh1) həmin əmlakların dəyərinin daha yüksək olması barədə sübut (öz təşəbbüsü ilə müstəqil qiymətləndiricidən əldə etdiyi qiymətləndirmə hesabatı və s.) təqdim etməmiş, apellyasiya instansiyasında keçirilən məhkəmə iclasına isə gəlməmişdir. Nəzərə alınmalıdır ki, işdə olan qiymətləndirmə hesabatında əmlakların bazar dəyəri müəyyən edilib, ilkin satış qiyməti isə likvid qiymətdir, yəni bazar dəyərindən aşağıdır. Məhkəmə cavabdehin apellyasiya şikayəti üzrə icraat zamanı yenidən qiymətləndirmə o halda təyin edə bilər ki, işdə olan qiymətləndirmə hesabatında göstərilən qiymətin həqiqiliyini (dəyərdən aşağı olduğunu) şübhə altına alan sübut olsun. İşdə belə sübut yoxdur. Beləliklə, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar