Məhkəmə qərarları › İş №2(103)-2381/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2381/2022

27.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2381/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11950 manat əsas borc, nümayəndəyə ödənilmiş 500 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 12480 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova, iş №2(007)-1660/21) iddia rədd olunmuşdur. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir neçə ildir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində Baksol adlanan ərazidə metal tikinti materiallarının satışı ilə məşğul olur. Bir neçə il əvvəl Masallı rayonunda metal tikinti materialları satışı ilə məşğul olan Cavabdeh1 ondan işlədiyi Baksol tikinti bazarında dəyəri xeyli miqdarda olan metal tikinti materiallarını nisyə alaraq hissə-hissə ödəmək şərtilə aparmış, lakin bu günə kimi həmin materialların pulunu ödəməmişdir. Son nəticədə cavabdehin apardığı və ödəmədiyi tikinti materiallarının ümumi dəyəri 11950 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, Laçın rayonunun Nağdalı kəndində qeydiyyatdadır və hal-hazırda məcburi köçkün kimi Masallı rayonunda yaşayır. Ona görə Nizami Rayon Məhkəməsində işə baxıla bilməz. İddiaçı ilə Bakı şəhəri Dərnəgül Material bazarında təxminən il yarım bundan əvvəl nağd pula müxtəlif materiallar almışdır. Sonradan iddiaçıda olan malların qiymətlərinin baha olması ilə bağlı onunla alveri kəsmiş və başqa yerdən mal götürüb işləyir. İddiaçı dəfələrlə ona zəng edərək işləmək təklifi etsə də o, onunla işləmək istəmədiyini bildirmişdir. O, iddiaçı ilə alver edərkən ona 2 nüsxə qaimə yazıb imzalatdırırdılar. O, iddiaçı ilə heç bir alqı-satqı etməmiş və ona borcu yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov RPİnin 17-ci PŞ-nin sahə inspektoru Nicat Ələkbərovun təqdim etdiyi 20.01.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı bölməyə ərizə ilə müraciət edərək Baksol yolunda işlədiyi obyektdə cavabdehə 11950 manat dəyərində material satmasını, lakin pulunu ala bilməməsini bildirmişdir. Araşdırmanın nəticəsi olaraq cavabdehdən əlaqə saxlanılmış, sonuncu iddiaçının işlədiyi metal satışı yeri ilə aralarında xeyli miqdarda alver olduğunu, lakin alverin pulunu tam olaraq ödədiyini, bu barədə əlində qaimələr olduğunu bildirmişdir. Arayışın məzmunundan tərəflər arasında alqı-satqı olduğu aydın olur. Lakin cavabdeh aldığı malların pulunu tam ödəməsinə dair sübutları təqdim etməmişdir. Şahidlər borcun məbləği barədə, cavabdehin möhlət istəməsi və bunun üçün şahid Cavabdeh2 xahiş etməsini və digər şahid Pərviz Orucovun yanında vəkil Nümayəndə xahiş etməsini təsdiq etmişlər. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən 11950 manat əsas borc, nümayəndəyə ödənilmiş 500 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 12480 manat pulun alınaraq ona ödənilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi Bakı şəhəri Nərimanov rayonunun ərazisində Baksol adlanan ərazidə metal tikinti materiallarının satışı ilə məşğul olmasına, cavabdehin ondan 11950 manat dəyərində metal tikinti materialları almasına, lakin pulunu ödəməməsinə istinad etmişdir. Tələbin hüquqi əsası kimi isə Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur. İşdən görünür ki, İddiaçı bundan əvvəl Nərimanov RPİ-nin 17-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət edərək Baksol yolunda işlədiyi obyektdə Cavabdeh1 11950 manatlıq material satmasını, lakin pulunu ala bilməməsini bildirmiş, polis şöbəsində müvafiq araşdırma aparılsa da, Cavabdeh1 şəxsən izahat alınması mümkün olmamış, polis əməkdaşı məsələyə aydınlıq gətirilməsi üçün ***-***-**-** nömrəli mobil nömrəsi ilə onunla telefon əlaqəsi saxlamış, Cavabdeh1 bildirmişdir ki, İddiaçı işlədiyi metal satışı yeri ilə aralarında xeyli miqdarda alver olmuş, lakin etdiyi alverin pulunu tam olaraq ödəmişdir və bu barədə əlində müvafiq qaimələr vardır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən məhkəməyə iki şahid təqdim edilmişdir. X1 ifadəsində Azər müəllim kimi tanıdığı şəxslə birlikdə Masallı rayonuna getdiklərini, borcun təxmini 11000-12000 manat olduğunu, Anarla Masallı rayonunun mərkəzində ya Polis bölməsinin, ya da Pasport stolun qarşısında görüşdüklərini, onlar söhbət edəndə “qulaq şahidi” olduğunu, Anar Azərə borcunu ödəmək üçün möhlət verilməsini, ***-**** manat ödəyəcəyini, sonra Azər sənədə imza çəkdirmək istədiyində, Anarın imza çəkməkdən imtina etdiyini, Anarı əvvəllər tanımadığını, sürücü kimi getdiyini, söhbətlərindən aralarında nə isə alış-veriş olduğunu, amma borcun nədən yarandığını bilmədiyini göstərmişdir. Digər şahid Cavabdeh2 ifadəsində Anarın ondan da, Fəriddən də tikinti materialları götürdüyünü, Anarın həmin ərəfədə Fəridlə əməkdaşlıq etdiyini, Anarın ondan Fəridlə danışıb möhlət verməsini xahiş etdiyini, Fəridlə daha yaxın olduğunu, borcundan 2000- 3000 manat qaytardığını, amma qalan borcu qaytarıb qaytarmamasını dəqiq bilmədiyini, yəqin ki, qaytarmadığını, onların arasında olan satışın nağd olub-olmadığını, nə qədər müddət bir yerdə işləmələri haqda məlumatı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 88, 217-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə hazırkı işdə sübut etmək yükü cavabdehin deyil, iddia edənin üzərinə düşür, lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin onun qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyinin olmasını sübut edə bilməmişdir. İddia tələbi cavabdeh tərəfindən etiraf edilmədiyindən və iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdehin onun qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyi olmasını təsdiq edən mötəbər sübutlar (müqavilə, qəbz, qaimə, kassa çeki və s.) təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı əsassız sayıb rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı Bakı şəhəri Nərimanov rayonunun ərazisində Baksol adlanan ərazidə metal tikinti materiallarının satışı ilə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında onun fərdi sahibkar olmaqla vergi ödəyicisi olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı həmin məsələyə aydınlıq gətirərkən göstərdi ki, iddiaçı qeyd olunan ərazidə mağazalardan birində satıcı işləmiş və təxminən 2015-2016-cı illərdə cavabdehə bir sıra metal tikinti materialları satmışdır. İddiaçı özü vergi ödəyicisi deyil, satılan mallar isə mağazaya məxsus olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı (apellyator) öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin onun qarşısında yerinə yetirilməyən öhdəliyinin olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar