Məhkəmə qərarları › İş №2(103)-239/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-239/2023

19.04.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-239/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Rafael Əmir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-492/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 İddiaçı iddiadan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyan ödənilmiş və tərəflər arasında barışıq əldə olunmuşdur. Odur ki, iddiaçı hazırda cavabdehlərə qarşı olan iddiasından imtina edir. Cavabdeh1 nümayəndəsi-vəkili iddiaçının iddiadan imtinasına dair ərizəsinin qəbul edilərək iş üzrə icraata xitam verilməsi xahiş etdi. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə kollegiyası hazırki məsələyə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, tərəflər arasında barışıq əldə olunmuş, iddiaçıya dəymiş ziyan tam ödənilmiş, onun gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır, hazırki iddiasından imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilərək təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmçinin, həmin Məcəllənin 262.2-ci maddəsində qeyd olunub ki, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384.0.5, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-492/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş eskpertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (yüz) manat Cavabdeh1 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar