Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2411/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borcun, borcun əvəzinin ipoteka predmetlərinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” BOKT ASC-yə qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(006)-1474/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, X3 və Bayramov Şöhrət Baxşalı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “xxxx” BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 206/15/NF/PB nömrəli kredit müqaviləsi üzrə 14.817,64 ABŞ dolları əsas, 3.841,25 ABŞ dolları hesablanmış faiz borcu, 3.170,97 ABŞ dolları dəbbə pulu, cəmi 21.829,86 ABŞ dolları, hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını, borcun əvəzinin ilkin satış qiyməti 36.000 manat müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Əliyev Hüseynbala küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən 22 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsində Cavabdeh2 mülkiyyətindəki 37,73 kv.m ümumi, 24,23 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 1 saylı mənzilə yönəldilməsini, mənzilin açıq hərracda satılaraq tələb edilən borcların ödənilməsini, mənzildən orada yaşayanlar Cavabdeh2, X6, X3 və Bayramov Şöhrət Baxşəli oğlunun çıxarılmasını və mənzilin boşaldılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh1 iddiaçı “xxxx” BOKT ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 206/15NF/PB nömrəli kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi, kredit müqaviləsində 16.000 ABŞ dolları məbləğinin xx.xx.2015-ci il tarixində olan ABŞ dollarının məzənnəsi ilə hesablanaraq milli valyuta olan manatla əvəz olunması, həmin kredit müqaviləsinə dair ödənilmiş aylıq ödənişlər ödəniş gününün məzənnəsi ilə hesablanaraq manatla əvəz olunaraq əsas məbləğ və faiz hissəsindən çıxılması və yaranmış cərimə bocunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 “xxxxbank’’ ASC-nin “Nəsimi” filialından xx.xx.2015-ci il tarixli 206/15/NF/PB nömrəli kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə evin təmiri məqsədilə 16.000 ABŞ dolları borc almış, borcun təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, Əliyev Hüseynbala küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində Cavabdeh2 mülkiyyətindəki 37,73 kv.m ümumi, 24,23 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil xx.xx.2006-cı il tarixli 077GF/06af nömrəli ipoteka müqaviləsinə xx.xx.2015-ci il tarixli 12 nömrəli əlavə ilə yüklü edilmişdir. xx.xx.2016-cı ilədək Cavabdeh1 banka xx.xx.2015-ci il tarixli 206/15/NF/PB nömrəli kredit müqaviləsi üzrə 14.817,64 ABŞ dolları əsas, 3.841,25 ABŞ dolları hesablanmış faiz, 3.170,97 ABŞ dolları dəbbə pulu, cəmi 21.829,86 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş və ərizə qeydə alınmışdır. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin iyul ayında keçmiş “xxxxbank” ASC-nin Nəsimi filialına rəsmi müraciət edərək təmir məqsədi ilə ona 8.000 manat məbləğində kredit verilməsini xahiş etmiş, bir müddət keçdikdən sonra kredit mütəxəssisi ona bank tərəfindən kredit verilməsi barədə razılıq verildiyini və bunun üçün notariat kontoruna gəlməsini bildirmişdir. xx.xx.2015-ci il tarixində notariat kontorunda 206/15NF/PB nömrəli kredit müqaviləsini imzaladıqdan sonra banka gələrək ayrılmış kredit məbləğini kassadan götürmək üçün ona qəbz vermişlər. Bu zaman ona məlum olmuşdur ki, ona 8000 manat əvəzinə 16.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Belə ki, 16.000 ABŞ dolları kredit “xxxxbank” ASC-yə olan köhnə 8.000 manat borcu bağlamaq şərti ilə verilmişdir. Bunun səbəbini kredit mütəxəssisindən soruşduqda ona bildirmişdir ki, komitənin qərarı bu cür olmuşdur. Bankın bu hərəkətlərinə etiraz edərək filial müdiri əvəzi olan Cəlal Nağıyevin qəbuluna gedərək komitənin bu cür qərar verməsinin niyə bu günə qədər ona məlumat verilmədiyini soruşmuş və buna görə də kredit müqaviləsindən imtina etmişdir. X10 bildirmişdir ki, “əgər o, bu kreditdən imtina etməsə, 3 aydan sonra onun rəsmi müraciəti əsasında onlar həmin kredit müqaviləsində dəyişiklik edərək xarici valyutada olan kreditin məbləğini milli valyuta ilə, yəni manatla əvəz edə bilərlər. Bu yaxın aylarda isə zənn etmir ki, ABŞ dollarının kursunda hər hansı bir dəyişiklik ola bilər.” Buna sübut olaraq Cəlal Nağıyevin Bakı şəhər 43 saylı notariat kontorunun xüsusi notariusu X2 iştirakı və imzası ilə həqiqiliyi təsdiq edilmiş 7E-2307 nömrəsi ilə qeyd edilmiş, xx.xx.2017-ci il tarixli 17:02 saatında təsdiq olunmuş ərizəsini iddia ərizəsinəəlavə etmişdir. Cavabdeh tərəfin rəsmisi yuxarıda qeyd etdiyi əsasları öz ərizəsində təsdiq etmişdir. Bütün bu vədlərə inanaraq və çəkdiyi maddi və mənəvi əzəyyəti nəzərə alıb o, bu təkliflə razılaşmalı olmuşdur. 3 aydan sonra o, “xxxxbank” ASC-nin Nəsimi filialına rəsmi müraciət edərək ABŞ dollarının manatla əvəz olunmasını xahiş etmiş, lakin onun müraciətinə mənfi cavab verilmişdir. Bundan sonra o, dəfələrlə Cəlal Nağıyevə və filial müdiri olan Qüdrət Babayevə rəsmi qaydada müraciət etmişdir. Lakin təəsüflər olsun ki, onun müraciəti öz müsbət həllini tapmamışdır. Həmin vaxtdan o, kredit üzrə öhdəliyini yerinə yetirə bilməmişdir. Belə ki, ölkə ərazisində ABŞ dollarının kursunun dəfələrlə qalxması və səhhətində yaranmış problemlə əlaqədar olaraq ikinci qrup əlillik dərəcəsi alması ona bu öhdəliyi vaxtı-vaxtında yerinə yetirməyə imkan verməmişdir. Onun bugünki qazancı indiki kursla ödəniş aparmasına çox böyük mənfi təsir etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1474/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli 206/15/NF/PB nömrəli kredit (borc) müqaviləsi üzrə 14.817,64 ABŞ dolları əsas borc, 3.841,25 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu, cəmi 18.858,89 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh1 alınaraq “xxxx” BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 22 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 18.858,89 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “xxxx” BOKT ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh2 verilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, X6, X3 və Bayramov Şöhrət Baxşəli oğlunun həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4 manatının ilkin iddia üzrə iddiaçıya aid edilməsi, 26 manatının isə Cavabdeh1 alınaraq “xxxx” BOKT ASC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 140 manatın 120 manatının Cavabdeh1, 20 manatının isə “xxxx” BOKT ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın digər hissədə təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. İş materiallarından görünür ki, borc alan, yəni o, banka manatla kredit verilməsi barədə müraciət etmiş, müqavilə imzalanmamışdan qabaq kreditin ABŞ dolları ilə verilməsini bildikdə müqaviləni imzalamaqdan imtina etmiş, lakin C.Nağıyevin yalan vədlərindən sonra müqaviləni imzalamaq qərarına gəlmişdir. Lakin Bank üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bunun nəticəsində borc alan, yəni o, ağır vəziyyətə düşmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni yalnız Cavabdeh1 kredit müqaviləsi hissəsində mübahisələndirmişdir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb edilsə də, əslində şikayətin dəlilləri xx.xx.2015-ci il tarixli 206/15/NF/PB nömrəli kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi, müqavilədə 16000 ABŞ dolları məbləğinin xx.xx.2015-ci il tarixə olan ABŞ dollarının məzənnəsi ilə hesablanaraq manatla əvəz olunması, müqavilə üzrə ödənilmiş aylıq ödənişlərin ödəniş gününün məzənnəsi ilə hesablanaraq manatla əvəz olunub əsas məbləğ və faiz hissəsindən çıxılması və yaranmış cərimə borcunun silinməsi barədə yeni qətnamə qəbul edilməsindən ibarətdir. Buradan belə aydın olur ki, Cavabdeh1 tələb olunan kredit məbləği ilə də razılaşmır. Ona görə də Kollegiya hesab edir ki, qətnamə həm qarşılıqlı iddia üzrə, həm də Cavabdeh1 tutulmuş borc məbləği üzrə yoxlanılmalıdır. İddiaçı və digər cavabdehlər isə qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. xx.xx.2015-ci il tarixli, 206/15/NF/PB nömrəli kredit (borc) müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “xxxxbank” ASC tərəfindən Cavabdeh1 evin təmiri məqsədilə 36 ay müddətinə illik 23% ödəmək şərti ilə 16.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşlər. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə, şərtləndirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonraki gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin qalığından 0,2 % həcmində dəbbə pulu, yəni cərimə ödənilməsi, müqavilənin 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulan müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə, həmin gündən başyalaraq borcun qalığına ikiqat faiz dərəcəsi, yəni 46% hesablayıb borcludan tələb edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixli xəzinə məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 “xxxxbank” ASC-dən 16.000 ABŞ dolları məbləğində vəsait götürmüşdür. xx.xx.2006-cı il tarixli 077GF/06af nömrəli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “xxxxbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli 077 GF/06af saylı kredit müqaviləsi üzrə borc öhdəliklərinin icrasının təmin edilməsi üçün Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əliyev Hüseynbala küçəsi, 22 saylı evin 1 saylı mənzili “xxxxbank” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmeti 20.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə 12 saylı əlavənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “xxxxbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 206/15/NF/PB nömrəli kredit müqaviləsi üzrə borc öhdəliklərinin icrasının təmin edilməsi üçün Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əliyev Hüseynbala küçəsi, 22 saylı evin 1 saylı mənzili “xxxxbank” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.2-ci bəndində əsasən ipoteka predmeti 36.000 manat qiymətləndirilmişdir. Notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsi etiraz etməmiş və bu mənzil tutma yönəldikdə onu tərk edəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əliyev Hüseynbala küçəsi, 22 saylı evin 1 saylı mənzili tam mülkiyyəti hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18222 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 22 saylı evin 1 saylı mənzili “xxxxbank” ASC-nin Nəsimi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18222 nömrəli vərəqində qeydiyyata alınmışdır. «xxxxxxxx» MMC-nin xx.xx.2019-cu il tarixli, 01/083 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 55.000 manat müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli bildirişlərdən, xx.xx.2016-cı il tarixli ərizədən və ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli **********68 saylı məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcun ödənilməsi, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə “xxxxbank” ASC tərəfindən xəbərdar olunmuş, həmin bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “xxxxbank” ASCyə xx.xx.2015-ci il tarixli 206/15/NF/PB nömrəli kredit müqaviləsi üzrə əsas borcu 14.817,64 ABŞ dolları, faiz borcu 3.841,25 ABŞ dolları, dəbbə borcu 3.170,97 ABŞ dolları, cəmi borcu 21.829,86 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 15047 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixli 206/15/NF/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə Cavabdeh1 “xxxxbank” ASC-yə olan borcu 19.920,23 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas kredit borcu 14.817,64 ABŞ dolları, faiz borcu 5.102,59 ABŞ dolları. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə dair hissədə Mülki Məcəllənin 295, 317.1, 319.1, 319.6, 427.3, 442, 443.1, 448.1, 449.1, 462.1, 465.2, 467 və 739-cu maddələrinə və “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinad edərək, hesab hesab etmişdir ki, öhdəlik icra edilmədiyindən borc tutulmalı, borcun tutulması ilkin iddia üzrə iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən ilkin iddia üzrə iddiaçıya olan borc ödənilməli, qalan məbləğ mülkiyyətçiyə qaytarılmalı, qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində ilkin iddia üzrə cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalıdır. Eyni zamanda tələb edilən dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Məhkəmə doğru olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edildiyini, habelə əqd bağlanması məqsədilə aldadıldığını bildirsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisələndirilən müqavilədən də görünür ki, kredit ABŞ dolları ilə verilmiş və tərəflər ödənişin verilmiş kreditin valyutasında da həyata keçirilməsini aralarında razılaşdırmışlar. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçı kredit müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır. Kredit tərəflərin razılaşmasına əsasən məhz ABŞ dolları ilə verilmiş, müqaviləyə və ödəniş cədvəlinə əsasən tərəflər kreditin hər ay hissə-hissə olmaqla ABŞ dolları ilə qaytarılması barədə razılığa gəlmişlər. Eyni zamanda, mübahisələndirilən müqavilədən də görünür ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanmış, kreditin verilmə və qaytarılma şərtləri və qaydası, müddəti, valyuta növü və digər şərtlər tərəflər arasında razılaşdırılmışdır. Göründüyü kimi, borc alan kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Cavabdeh1 kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi və s. barədə qarşılıqlı iddia tələbi əsassızdır. O, bununla bağlı tələbini əsaslandıra bilməmiş, hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmin dövrdə filial müdiri işləmiş şəxsin ərizəsi isə bankın rəsmi mövqeyi kimi qəbul oluna bilməz, çünki bir neçə aydan sonra kreditin valyutasının dəyişdiriləcəyi barədə tərəflərin qarşılıqlı razılaşmasının olması və ya bankın rəsmi qaydada belə bir öhdəlik götürməsi iş materiallarından müəyyən olunmur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla belə, Kollegiya hesab edir ki, faiz borcuna aid hissədə şikayətin dəlilləri qismən əsaslıdır və qətnamə həmin hissədə dəyişdirilməlidir. Kredit müqaviləsinə əsasən, bir qayda olaraq bank (kreditor) müəyyən pul məbləğini müəyyən müddətə istifadə etmək üçün borcluya verməyi, sonuncu isə həmin vəsaiti təyinatı üzrə istifadə edib, onu razılaşdırılmış müddətdə geri qaytarmağı və istifadə üçün təyin olunmuş haqq (faiz) ödəməyi öhdələrinə götürürlər. Kredit öhdəlikləri təminatlı və ya təminatsız olmaqla, sərbəst və ya annuitet qaydada geri qaytarılma xarakteri daşıyır. Sərbəst ödəniş halında borclu hər ay faizləri öləmək şərti ilə əsas borcu kredit müqaviləsinin müddəti bitənədək istənilən vaxt ödəyə bilər. Annuitet ödənişlə götürülmüş kreditlər isə hər ay həm əsas borcun bir hissəsi, həm də həmin vaxta geri qaytarılmamış əsas borc məbləğinə hesablanmış faiz borcunun bərabər hissələrlə aylıq, rüblük və ya başqa qaydada müəyyənləşdirilən dövrü ödənilməsini ehtiva edir. Bankların kreditləri əsasən annuitet qaydada geri qaytarma şərti ilə verməsi daha az riskə məruz qalmaq, borclunun ödəniş qabiliyyətini vaxtında analiz edərək ödəniş qabiliyyəti olmayan borcludan krediti ləngimədən geri tələb etmək və s. məqsədini güdür. Ancaq nəzərə almaq lazımdır ki, həm sərbəst, həm də annuitet ödəniş halında faizlər mövcud olan əsas borc qalığına hesablanır və faiz borcunun hesablanması heç də annuitet ödəniş üçün verilmiş ödəniş cədvəlindən asılı deyildir. Məsələn, borclunun hər hansı ayda ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən artıq əsas borcundan ödəniş etməsi növbəti aylar üçün ödənilməsi nəzərdə tutulmuş faizlərin azalmasına, az ödəniş etməsi isə faizlərin artmasına səbəb olacaqdır. Başqa sözlə, borclu yalnız özündə saxladığı əsas borc məbləğinə hesablanan faizləri ödəmək öhdəliyi daşıyır ki, onların da vaxtında ödənilməsini təmin etmək məqsədilə kreditor bir qayda olaraq bir sıra məsuliyyət tədbirləri tətbiq edir. Bu tədbirlərə zaminlik, girov (ipoteka), cərimə və ya penya şəklində dəbbə pulu, maliyyə sanksiyası şəklində normal faiz dərəcəsinin artırılması və s. aid etmək olar. Ancaq kreditor sonuncu tədbirlərdən yalnız birini seçə bilər. Yəni, kredit müqaviləsində həm dəbbə pulu, həm də normal faiz dərəcəsinin artırılması nəzərdə tutulduğu halda, kreditorun seçiminə görə, onlardan yalnız biri tətbiq oluna bilər. Çünki, dəbbə pulu öhdəliyin təminatı qismində çıxış etdiyi halda, normal faiz dərəcəsinin artırılması maliyyə sanksiyası hesab olunur və həmin sanksiya yalnız Mülki Məcəllənin 449.1-ci maddəsinin dispoziya şərtləri daxilində tətbiq oluna bilər. Azərbaycan Respublikası mülki qanunvericiliyində «normal faiz dərəcəsinin artırılması» anlayışına rast gəlmək mümkün deyil, ancaq bu hal bank-kredit münasibətlərində geniş tətbiq olunan məsuliyyət tədbiri hesab olunur. Halbuki, Mülki Məcəllənin 460-cı maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Düzdür, qanunun mənasına görə, müqavilədə öhdəliklərin icrasının digər üsulları da nəzərdə tutula bilər, ancaq bu, borclunu ağır şərt qarşısında qoymamalı, birtərəfli mənfəətə xitmət etməməlidir. Mülki Məcəllənin 420.1.5-ci maddəsinin tələbinə görə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır. Həmin Məcəllənin 420.2-ci maddəsinin tələbinə görə də müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Bununla bağlı, «Özgə pul vəsaitlərindən istifadəyə görə faizlər barəsində Rusiya Federasiyası Mülki Məcəlləsinin müddəalarının tətbiqi ilə bağlı təcrübəyə dair» X9 Məhkəməsinin Plenumunun 13 nömrəli və X7 Arbitraj Məhkəməsinin 14 nömrəli xx.xx.1998-ci il tarixli (xx.xx.2000-ci il tarixli redaksiyada) Qərarının 15-ci bəndində verilmiş izahdan aydın olur ki, kredit müqaviləsində nəzərdə tutulmuş faizlər verilmiş pul vəsaitindən istifadəyə görə ödəniş (bankın qazancı), borcun qaytarılmasının gecikdirilməsi halında faizlərinin artırılması isə maliyyə sanksiyası şəklində mülki-hüquqi məsuliyyət tədbiri hesab olunurlar. Kredit müqaviləsində borcun qaytarılmasının gecikdirilməsi halında həm yüksək faizlərinin hesablanması, həm də dəbbə pulunun tətbiq edilməsi (cərimə istisina olmaqla) nəzərə tutulduqda, kreditor, pul öhdəliyinin icra edilməməsinə görə çəkdiyi zərərin mövcudluğunu və ölçüsünü sübut etmədən, bu məsuliyyət tədbirlərindən yalnız birininin tətbiqini iddia edə bilər. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçı «xxxx» BOKT ASCnin Cavabdeh1 kredit borclarını vaxtında qaytarmadığına görə artırılmış faiz məbləği tələb etməsi yolverilməzdir və belə bir tələb nə qanunun ümumi prinsiplərinə, nə də Mülki Məcəllənin 420-ci maddəsinin tələblərinə uyğun gəlmir. Ona görə də faizlər kredit müqaviləsi üzrə müəyyən olunmuş normal dərəcə üzrə tutulmalı, onların tutulmalı olduğu dövr isə iddianın qaldırıldığı zaman borc məbləğinə dair verilmiş maliyyə arayışının tarixi ilə məhdudlaşmalıdır. Kollegiya xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 3841,25 ABŞ dolları məbləğində faiz borcunu real hesab etməyib, aşağıdakıları qeyd edir. Belə ki, ekspert rəyindən, maliyyə arayışından və digər sənədlərdən müəyyən edilir ki, maliyyə arayışı xx.xx.2016-cı il tarixə verilmişdir, maliyyə arayışının verildiyi tarix üzrə borc alan tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə edilmişdir, həmin tarixdə aparılmış 200 ABŞ dolları tam olaraq faiz borcuna silinmiş və həmin günə gecikdirilən ödənilməmiş faiz borcu 235,38 ABŞ dolları qalmış, eləcə də 14.817,64 ABŞ dolları məbləğində əsas borc qalmışdır. Qalıq qalmış əsas borc məbləği olan 14.817,64 ABŞ dolları məbləğində kreditin gündəlik 1 gün üçün faizləri 9,46 ABŞ dolları (14817,64x23%/360=9,46), həmin faizlərin hesablanmalı olduğu müddət isə 88 gün, yəni sonuncu ödənişin edildiyi xx.xx.2016-ci il tarixdən maliyyə arayışının verildiyi xx.xx.2016-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 833,08 ABŞ dolları (9,46x88) təşkil edir. Həmin məbləğin üzərinə isə sonuncu ödənişin edildiyi xx.xx.2016-ci il tarixə qalmış faiz borcunun qalığı 235,38 ABŞ dollarını (833,08+235,38) əlavə etdikdə, faiz borcu 1.068,46 ABŞ dolları müəyyən edilir ki, həmin məbləğdən də maliyyə arayışının tərtib edildiyi tarixdən sonra - xx.xx.2017-ci il tarixdə faiz borcundan edilmiş sonuncu ödəniş - 46,08 ABŞ dollarını çıxdıqda (1.068,46- 46,08=1.022,38), Cavabdeh1 tutulmalı olan faiz borcunun 1.022,38 ABŞ dolları məbləğində olduğu müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1 tutulmalı olan faiz borcu 1.022,38 ABŞ dolları məbləğində müəyyən edilməlidir, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1474/2019 saylı iş üzrə xx xxx 2019-cuil tarixli qətnaməsi Cavabdeh1 tutulmalı olan faiz borcuna aidhissədə dəyişdirilsin və Cavabdeh1 iddiaçı “xxxx” BOKT ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 1.022,38 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə (xx.xx.2015-ci il tarixli 206/15/NF/PB nömrəli kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi, müqavilədə 16000 ABŞ dolları məbləğinin xx.xx.2015-ci il tarixə olan ABŞ dollarının məzənnəsi ilə hesablanaraq manatla əvəz olunması, müqavilə üzrə ödənilmiş aylıq ödənişlərin ödəniş gününün məzənnəsi ilə hesablanaraq manatla əvəz olunub əsas məbləğ və faiz hissəsindən çıxılması və yaranmış cərimə borcunun silinməsi) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2411/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2411/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver