Məhkəmə qərarları › İş №2(103)-2414/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2414/2025

29.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2414/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə ərizəsi ilə bağlı iş üzrə Açar sözlər: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-478/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.2010-cu il tarixdə X10, xx.xx.2013-cü il tarixdə X12 və xx.xx.2018-ci il tarixdə X11 doğulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların onların hansının yanında qalması, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması məsələləri tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə həll edilmişdir. Eyni zamanda, həmin barışıq sazişinə əsasən tərəflər razılığa gəlmişdilər ki, xx.xx.2024-cü il tarixə qədər Maraqlı şəxs mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evini övladı X6 adına, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzili X7 adına, habelə mülkiyyətində olan “Toyota Corolla” markalı, buraxılış ili 2014-cii il, Ban 5YFBURHE№EP090811 olan minik markalı avtomobili X4 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın. Həmin Sazişin 6-cı bəndinə əsasən əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə ərizə, sonradan ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4, 5 və 6-cı bəndlərinin məcburi qaydada icra edilməsi üçün təsdiq edilməsi və 400 manat məbləğində pul vəsaitinin Maraqlı şəxs tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizəçi ərizəni işin faktiki hallarına uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, onun tərəfindən maraqlı şəxsə barışıq sazişinin şərtlərinin icrası ilə bağlı müraciət olunsa da, o, bundan müxtəlif bəhanələrlə imtina etmiş və hazırki vaxta kimi barışıq sazişinin şərtlərini icra etməmişdir. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyinə və barışıq sazişinin könüllü icrasından imtina olunduğuna görə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, xx.xx.2024-ci il tarixli barışıq sazişinin 6-cı bəndinə əsasən saziş əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, tərəflər üçün məcburi xarakter daşıyır. Saziş tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra edilməlidir. Maraqlı şəxs barışıq sazişinin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirməmişdir ki, bu da barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurətini yaradır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-478/2025 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4-cü (tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evini övladı X6 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın), 5-ci (tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzili X8 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın) və 6-cı bəndi (tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan “Toyota Corolla” markalı, buraxılış ili 2014-cü il, Ban 5YFBURHE№EP090811 olan minik markalı avtomobili X4 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın) üzrə şərtləri məcburi icra üçün təsdiq edilmiş, Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, 150 manat mediasiya xərci Maraqlı şəxs tutularaq Ərizəçi ödənilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. (hakim X13)

5. Məhkəmə ərizəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin icra edilməyən müvafiq bəndləri məcburi icrası üçün təsdiq olunmalıdır. Ərizəçi hüquqi yardıma görə çəkilən xərclə bağlı məhkəməyə sübut təqdim etmədiyindən ərizə həmin hissədə təmin edilməməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci, 355-23-355-26-cı və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs apellyasiya şikayəti, sonradan apellyasiya şikayətinə əlavə verərək, qətnamənin qismən, barışıq sazişinin 4-5-ci bəndlərinin məcburi icrası üçün təsdiq edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin təsdiq etdiyi barışıq sazişi qanunvericiliyə ziddir. Mediasiya özü də qanunu pozaraq qanunvericliyə zidd olan barışıq sazişini təsdiqləmişdir. Barışıq sazışı ərizəçi tərəfindən hazırlanmış, sazişdə yalnız nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın yarısının, yəni ona düşən hissənin bağışlanması qeyd edilmiş, lakin Rüxsarə Soltanovaya aid hissənin bağışlanmasına, bağışlanmadan sonra həmin əmlaklardan tərəflərin hansı qaydada və şərtlərlə istifadə edəcəklərinə, sərəncam verəcəklərinə, uşaqlar həddi-buluğa çatanadək əmlak vergisinin, kommunal xidmətlərin kim tərəfindən ödəniləcəyinə, aidiyyəti orqanlar qarşısında onları kim təmsil edəcəyinə dair heç bir müddəa yoxdur. O, ailəyə və uşaqlarına bağlı olduğundan hesab etmişdir ki, bu razılaşmadan sonra həyat yoldaşı üç uşaqları olmasını, ayrılmalarının heç bir əsası olmamasını başa düşər, boşanma fikrindən daşınar və ailə münasibətləri davam edər. Ona görə də “nikahın pozulması” barədə Rüxsarə Soltanovanın iddiasının təmin olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-571 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən də apellyasiya şikayəti vermiş və hazırda şikayət Bakı Apellasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun icraatındadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında eyni vaxtda eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslar üzrə mübahisəyə dair hakim Mədinə Bağırovanını icraatında 2(009)- 384/2025 saylı mülki iş olmasına baxmayaraq, ikinci daxil olmuş 2(009)-478/2025 saylı iş üzrə hakim Rəna Qafarova hazırkı qətnaməni qəbul etmişdir. Birinci daxil olmuş ərizə üzrə məhkəmənin yekun qərarı qüvvəyə minməmiş, ikinci eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslar üzrə ərizəni hakim iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməli idi. Belə ki, Rüxsarə Soltanovanın vəkili hazırkı tələb üzrə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia icraatı qaydasında ərizə vermiş, ərizə üzrə 2(009)-384/2025 saylı mülki iş başlanılmış (hakim Mədinə Bağırova), lakin xx.xx.2025-ci tarixdə iddiaçının nümayəndəsi ərizə verərək, məhkəmənin xx.xx.2025-cil tarixli qərardadını ləğv edərək işə xüsusi icraat qaydasında baxılması üçün təyin edilməsini xahiş etmişdir. X4 vəkili xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılmasına və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizə vermiş, həmin iddia ərizəsinin geri qaytarılmasına dair məhkəmə qərardad qəbul etməmiş (qərardad xx.xx.2025-ci tarixdə qəbul edilib) və qərardad qanuni qüvvəsini almamış, Rüxsarə Soltanovanın vəkili xx.xx.2025-ci il tarixdə eyni predmet barədə və eyni əsaslar üzrə Maraqlı şəxs qarşı xüsüsi icraat qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə hazırda mübahisələndirilən 2(009)- 478/2025 saylı qətnamə qəbul edilmişdir. Bakı şəhəri Sabail Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılmasına və iddia ərizəsinin geri qaytarılmasına dair 2(009)-384/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından (hakim Mədinə Bağırova) şikayət verilməsinə baxmayaraq, hazırkı vaxtadək şikayətə münasibət bildirilməmişdir. Mediasiyada bağlanmış “barışıq sazişinin təsdiq edilməsinə” dair müqavilə daşınmaz əmlaklara münasibətdə onun tam iradəsini ifadə etmir. Belə ki, 2025-ci ilin sentyabr ayında Rüxsarə Soltanova rəsmi sorğu ilə onun adında olan daşınar və daşınmaz əmlaklar barədə məlumatlar əldə edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə müraciət etmiş və məhkəmənin 16(004)-468/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə barışıq sazişində göstərilən əmlaklardan əlavə, onun adında olan, lakin faktiki olaraq işlədiyi şirkətin təsisçisinə məxsus olan ”Hyundai 140” minik markalı, ** FF *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, ** FF *** dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmin qərardadın icrası zamanı yaranmış problemlərlə əlaqədar onun maliyyə direktoru işlədiyi şirkətin təsisçisi ilə işdə yaranmış gərginliyin tez bir zamanda aradan qaldırılması və işini itirməməsi üçün o, Rüxsarə Soltanovanın qanunsuz tələbləri ilə razılaşmağa məcbur olmuşdur. Belə ki, bundan sonra Rüxsarə Soltanova Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təkrar ərizə verərək, məhkəmənin 16(004)-468/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə onun adında olan bütün daşınar və daşınmaz əmlaklara qoyulmuş həbs götürülmüşdür. Buna görə də Rüxsarə Soltanova “barışıq sazişinin təsdiq edilməsinə” dair müqavilə hazırlayarkən “Hyundai 140” minik markalı, ** FF *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, ** FF *** dövlət qeydiyyat nişanlı və “Ford Transit”yük markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölgüsünü qoymamışdır. Birinci instansiya məhkəməsi barışıq sazişi imzalanarkən mediatorun “barışıq sazişinin 4-cü və 5-ci bəndlərinin ər və arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı kimi bu qaydada bölgüsünün qanuna uyğun olub-olmamasını, onun hüquqi nəticələrini izah etmədən onun mediasiya zamanı sazişin şərtlərini nə üçün qəbul etməsinə hüquqi qiymət verməmiş, yalnız ərizəçinin üstün mənafeyini əsas götürmüşdür. Məhkəmə nəzərə almamışdır ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri yeganə əmlak Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 53, M11, mənzil 1-dir. Digər daşınnmaz əmlak – ünvan 1 ünvanında yerləşən bağ evi ona anası tərəfindən bağışlanılmış bağ evinin satılmasında əldə edilmiş pul vəsaiti hesabına alınmışdır. Məhkəmə nəzərə almamışdır ki, “Barışıq sazişində hər iki tərəfin deyil, onun birgə nikah dövründə əldə edilmiş əmlak payının uşaqlarına bağışlaması qeyd edilmişdir, lakin Rüxsarə Soltanovanın həmin əmlaklarda payı olması barədə heç bir qeyd yoxdur. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, mediasiya qaydasında ər və arvad arasında əmlak bölgüsünə dair mübahisə olduğu halda tərəflər işin mediasiya qaydasında həlli ilə əlaqədar mediasiya təşkilatına müraciət edə bilərlər. Göründüyü kimi tərəflərin istifadələrində olan minik avtomaşınları ilə bağlı onlar arasında mübahisə olmamış və hazırda da yoxdur. O, Toyota Corolla markalı avtomaşının məhkəmədən kənar Rüxsarə Soltanovanın adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Eyni zamanda ərizəçi Rüxsarə Soltanova nikahın pozulmasından sonra birgə nikah dövründə əldə edilmiş əmlakdan özü üçün pay istəmirdisə, o da həmin əmlakların uşaqlarının adına bağışlama müqaviləsi ilə rəsmiləşdirməklə razı idisə və həmin əmlaklardan yenə də birgə istifadə edəcəkdirlərsə onda mediasiya və məhkəmə qaydasında əmlak bölgüsünə nə ehtiyac var idi? Daşınmaz əmlak olaraq hazırda birgə yaşadıqları mənzil bundan əvvəl ipoteka ilə əldə etdikləri iki otaqlı mənzili dəyişməklə əldə edilmişdir və həmin mənzilə görə onun valideynlərinə məxsus yaşadıqları mənzili girov qoyulmuşlar, hazırda da o, aylıq ipoteka haqqı ödəyir. Bundan başqa, Mərdəkan qəsəbəsində yerləşən bağ evi birgə nikahda olarkən əldə edilsə də, həmin bağ evi onun ana nənəsinə məxsus olmuş, bağ evinin anası İradə Soltanovaya, sonra isə həmin bağın anası İradə tərəfindən ona bağışlama müqaviləsi ilə adına keçirdikləri bağ evinin satılmasından əldə edilmiş pul vəsaitinin hesabına alınmışdır və həmin bağ evindən onun valıdeynləri istifadə edirlər. Onun yaşamağa başqa yaşayış yeri yoxdur. Belə olan halda hər iki daşınmaz əmlakdan imtina etməsi onun iradə ifadəsi kimi qiymətləndirilə və saziş qanunu hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. . “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır; 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər; 9.3-cü və 9.3.1-ci maddələrinə əsasən barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir; 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdı; 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-26.1.1-ci və 355-26.1.2-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni barışıq sazişinin 4-cü və 5-ci bəndlərinin təsdiq edilməsi hissəsində ləğv olunaraq, həmin hissədə barışıq sazişinin təsdiqindən imtina edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

18. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, tərəflər arasında mediasiya prosesində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin şərtlərinə əsasən maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evini övladı X6, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzili övladı X7, “Toyota Corolla” markalı, buraxılış ili 2014-cii il, Ban 5YFBURHE№EP090811 olan minik markalı avtomobilini X4 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırmağı barədə üzərinə öhdəlik götürmüşdür.

19. Hazırda ərizəçi maraqlı şəxsin barışıq sazişinin həmin şərtlərinin (4-6-cı bəndlər) könüllü icrasından imtina etdiyinə istinad edərək, bu şərtlərin məcburi icrası üçün məhkəmə qaydasında təsdiq edilməsini tələb edir. Maraqlı şəxs isə barışıq sazişinin onun tam iradəsini ifadə etmədiyini, onun mülkiyyətində olan əmlaklara münasibətdə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsinə nail olmaq üçün sazişi imzalamaq məcburiyyətində qaldığını, barışıq sazişinin tək ona münasibətdə öhdəliklər yaratdığını qeyd edərək, sazişinin 4 və 5-ci bəndlərində təsbit edilmiş şərtlərin təsdiqindən imtina edilməsini xahiş edir.

20. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda sadalanan müddəalarına istinadən qeyd edir ki, şəxsin məcburi icrası üçün məhkəmə qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə müraciət etməsinə əsas verən hallar və məhkəmənin barışıq sazişinin təsdiqindən imtina etməsi üçün əsaslar konkret göstərilmişdir. Nəzərə alınmalıdır ki, tərəflər barışıq sazişinin 6-cı bəndinə əsasən sazişin imzalandığı gündən onlar üçün məcburi xarakter daşıması (bununla bağlı sazişdə ayrı şərtin nəzərdə tutulmaması), sazişin tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunması (ayrı müddətin müəyyən edilməməsi) barədə razılığa gəlmişdilər. Buna baxmayaraq, ötən dövr ərzində sazişin 4-cü və 5-ci bəndlərində müəyyən edilmiş şərtlər maraqlı şəxs tərəfindən icra edilməmiş və bugünədək şərtləşdirilmiş əmlaklar uşaqların və ərizəçinin adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata alınmamışdır. Bununla belə, onların könüllü icrası üçün müddət artıq keçmişdir. Bu halların mövcudluğu maraqlı şəxsin həmin sazişin qeyd edilən şərtlərinin könüllü icrasından imtina etməsi qənaətinə gəlməyə əsas verir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi həmin şərtlərin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmin şərtlərin təsdiq edilməsindən imtina üçün də hər hansı əsas müəyyən edilmir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, maraqlı şəxs hazırda məhkəmə tərəfindən məcburi icrası üçün təsdiqindən imtina edilməsini tələb etdiyi barışıq sazişini (onun şərtlərini) ayrıca icraat çərçivəsində mübahisələndirməmiş və nəticə etibarı ilə barışıq sazişi onun tərəfləri üçün hüquqi nəticələr yaratmışdır. Bu səbəbdən məhkəmə kollegiyası barışıq sazişini imzalamaq məcburiyyətində qalması (onun əmlaklarına müvəqqəti təminat tədbiri kimi həbs qoyulduğu üçün) barədə maraqlı şəxsin dəlillərini əsassız hesab edir.

22. Məhkəmə kollegiyası barışıq sazişində göstərilən əmlakların birgə nikah dövründə alınsa da, birgə gəlirlər hesabına alınmaması, sazişin yalnız ona münasibətdə öhdəliklər müəyyən etməsi ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, maraqlı şəxs həmin barışıq sazişini imzaladığını etiraf edir, həmin barışıq sazişi hazırda da qüvvədədir, mübahisələndirilməmişdir. Bu səbəbdən maraqlı şəxsin qeyd edilən dəlillərinə hazırki icraat çərçivəsində qiymət verilməsinə ümumiyyətlə hər hansı zərurət yoxdur. Başqa sözlə, maraqlı şəxsin şikayətində göstərilən dəlillər hazırki icraatın predmeti ilə uzlaşmır və onlar barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsas ola bilməz.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, maraqlı şəxs hüquqi nəticə etibarı ilə biri-biri ilə ziddiyyət təşkil edən mövqelərdən çıxış edir. Belə ki, maraqlı şəxs bir tərəfdən barışıq sazişini avtomobillərə münasibətdə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsinə nail olmaq üçün, yəni məcburiyyət qarşısında qalaraq imzaladığını vurğulayır, digər tərəfdən ərizəçini nikahın pozulması fikrindən daşındırmaq üçün bu addımı atdığını bildirir. Nəticədə, maraqlı şəxsin sərgilədiyi bu mövqelər onun barışıq sazişinin könüllü icrasından imtina etdiyini bir daha təsdiq edir.

24. Məhkəmə kollegiyası göstərilən tələbin əvvəlcə iddia icraatı qaydasında qaldırılması, həmin iş icraatda olan zaman hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi, sonradan iddianın baxılmamış saxlanılması, bundan verilmiş şikayətə hər hansı münasibətin bildirilməməsi, nəticədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iki müxtəlif məhkəmə qərarının olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, hər bir halda iddia icraatı qaydasında mübahisəyə baxılarkən iş mahiyyəti üzrə həll edilməmiş və iddia baxılmamış saxlanılmışdır. Hazırki icraat çərçivəsində isə işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmışdır. Maraqlı şəxs qeyd edilən qərardadı mübahisələndirdiyini bildirsə də, həmin icraat çərçivəsində qəbul edilən yekun məhkəmə aktı hazırki tələbin hər hansı formada təmin edilməməsinə əsas ola bilməz. Başqa sözlə, qeyd edilənlər hazırki iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

25. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-478/2025 nömrəli qətnaməsi Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Maraqlı şəxs aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar