Məhkəmə qərarları › İş №2(103)-2417/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2417/2025

19.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2417/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «nisyə alqı-satqı müqaviləsindən yaranmış öhdəlik üzrə sübut etmə yükünün düzgün müəyyən edilməməsi ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-224/2025 saylı, 04 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Vüsal Rzayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Nadir qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuş, İddiaçı Cavabdeh və X1 17.600 manat pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.000 manatın və 143 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17.143 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiada göstərilib ki, cavabdehlə qonşu olmuşdur, cavabdehlə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Cavabdeh 5 nömrəli şəhər xəstəxanasında işlədiyini, orada kollektivdə olan əməkdaşlara qızıl-zinət əşyaları lazım olduğunu demiş və ondan qızılları götürüb sata biləcəyini bildirmişdir. Beləliklə, Xalidə ondan 2014- cü il tarixdən başlayaraq müxtəlif vaxtlarda qızıl-zinət əşyaları alaraq satmış və hissə-hissə pullarını ödəmişdir. Cavabdeh ondan qızılları nisyə almış, satmış və pullarını sonradan ödəmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Xalidə yenidən ona müraciət edərək işlədiyi kollektivdə qızıl-zinət əşyaları istəyən əməkdaşların olduğunu bildirmiş və o, həmin gün saat 16 radələrində onun yaşadığı evdə ona dəyəri 21.200 manat olan qızıl-zinət əşyaları vermişdir. Xalidə qeyd olunan qızıl-zinət əşyalarının pulunu təxmini 10 ay müddətinə tam ödəyəcəyini bildirsə də, ona cəmi 3600 manat pul ödəyib, qalan 17.600 manatı bugünədək ödəməmişdir. Dəfələrlə pulun ödənilməsini desə də, heç bir nəticəsi olmamış, daha sonra isə ümumiyyətlə suallarına cavab verməmişdir. Ona görə də o, bu barədə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş və Abşe ron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ərizədə göstərdiyi halların mülki xarakterli olduğu və bu səbəbdən də aidiyyatı məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-224/2025 saylı, 04 fevral 2025ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair münasibətlər olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan götürdüyü qızıl-zinət əşyalarının pulu qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə 21.200 manat məbləğində qızıl-zinət əşyaların şifahi müqavilə əsasında verilməsini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının şikayəti əsasında Abşeron RPİ-nin İŞ-də aparılan araşdırma zamanı izahatı alınan Cavabdeh da İddiaçı satmaq məqsədilə qızıl-zinət əşyalarını almasını etiraf etsə də, həmin əşyaların sataraq pulunun İddiaçı verdiyini və ona hər hansı bir borcunun olmamasını qeyd etmişdir. Cavabdeh eyni zamanda məhkəmə iclasında dəyəri 2-3 min manat olan qızıl-zinət əşyalarının Şölənin xahişi ilə Rənaya verməsini qeyd etmiş, Rəna tərəfindən Şöləyə qaytarılan pulların isə şəxsən Rəna tərəfindən ödənildiyini göstərmişdir. İddiaçının nümayəndəsinin cavabdeh tərəfindən 12.000 manat qiymətləndirilmiş qızıl-zinət əşyalarının iddiaçıdan almasını etirafı isə təqdim olunan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarında müəyyən olunmur. Belə ki, Cavabdeh izahatında 12.000 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının 3cü şəxs tərəfindən nisyə alınmasını qeyd etmişdir.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

6. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edib göstərib ki, məhkəmə özü də iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair münasibətlərin olduğunu, iddiaçının şikayəti əsasında Abşeron RPİ-nin İŞ-də aparılan araşdırma zamanı izahatı alınan Cavabdeh da İddiaçı satmaq məqsədilə qızıl-zinət əşyalarını almasını etiraf etməsini bildirsə və qəbul etsə də, öz subyektiv mülahizələrinə əsaslanaraq qeyd olunan 12.000 manat “qızıl-zinət əşyalarının 3-cü şəxs tərəfindən nisyə alındığını qeyd etmişdir” kimi qiymətləndirmişdir. Məhkəmənin bu mövqeyi ilə qətiyyən razılaşmaq olmaz. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iş üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Vüsal Rzayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında göstərilənlərə düzgün qiymət verməmiş, Cavabdeh ifadəsini təhrif etmiş, ifadəsini qərarda olduğu kimi yox təhrif olunmuş formada qətnaməyə köçürərək öz istədiyi formaya uyğunlaşdırmışdır. Belə ki, məhkəmə Xalidənin ifadəsini “İddiaçı bir neçə dəfə qızıl-zinət əşyaları almış və pulunu ödəmişdir. Şöləyə borcu olmamışdır.” cümləsi ilə yekunlaşdırmışdır. Halbuki, həmin cümlənin davamı qərarda X4muşdur, bildirmişdir ki, borcları var və ona kömək etsin. Kömək məqsədilə qızılları Şölədən alıb pulunu ödəməsi şərtilə Rənaya verib. İddiaçı barəsində göstərdikləri ilə razıdır. Belə ki, sonuncuya 5 nömrəli şəhər xəstəxanasında işlədiyini və kollektivdə işləyən əməkdaşlara qızılar lazım olduğunu demiş, ancaq aldığı bütün qızıl zinət əşyalarının pulunu Şöləyə ödəmiş, sonuncu dəfə götürdüyü və Rənaya verdiyi qızılın pulu Şöləyə ödənilməmiş, çünki, Rəna pulu ödəməmişdir. İddiaçı aldığı qızıl-zinət əşyalarını keçmiş iş yoldaşlarına satmışdır. Ritorik olaraq sual olunur? Əgər Rəna ilə Şölə bir birilərini yaxşı tanıyırdılarsa, telefon nömrələri bir birilərində olmuşdursa, alınan malların dəyərini şəxsən Şöləyə ödəyəcəkdisə, nəyə görə bütün bu prosedurlar Cavabdeh vasitəsilə həyata keçirilməli idi? Təbii ki, cavabdehin və məhkəmənin arqumenti əsassızdır. Digər tərəfdən cavabdeh İddiaçı aldığı qızıl-zinət əşyalarını keçmiş iş yoldaşlarına satdlğını və İddiaçı barəsində dediklərinin həqiqət olduğunu bildirmişdir. Cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda qızıl zinət əşyalarını götürdüyünü, o cümlədən, 2023-cü ilin iyul-avqust aylarında Şölədən yaşadığı evdə hissəhissə olmaqla dörd ədəd boyunbağı, üç ədəd qolbağı və iki cüt sırğa aldığını Şölənin həmin qızıl-zinət əşyalarını 12.000 manat qiymətləndirdiyini və qızılları nisyə aldığını etiraf etmişdir. Bu, işin mübahisəsiz halıdır. Qeyd olunan qızıl-zinət əşyalarının Rənaya və yaxud 3-cü şəxsə verilib verilməməsini cavabdeh sübuta yetirə bilməmişdir. Dolayısı ilə, qızılların kimə verilməsinin hazıki iş üçün əhəmiyyəti yoxdur. Xalidə qızılları özündə saxlaya, kiməsə bağışlaya və ya sata bilərdi ki, bunun da əhəmiyəti yoxdur. Qızılların 3-cü bir şəxsə satılması və həmin qızılların dəyərini Xalidənin ala bilməməsi onun iddiaçı qarşısında öhdəliyinə xitam vermir. Bu mənada cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əksinə, rədd materialından görsənir ki, Xalidə Rənaya heç bir qızıl-zinət əşyası satmamışdır. Belə ki, ibtidai araşdırma zamanı Rəna adlı şəxsin ifadəsi alınmış, ifadəsinə bildirmişdir ki, Xalidə ona heç bir qızıl-zinət əşyaları verməmişdir. Şöləni tanımamış və görməmişdir. İstər Şölə, istərsə də Xalidə ilə heç bir alış-verişi olmamışdır. Bu xüsusat bir daha sübut edir ki, Cavabdeh dedikləri tamamilə yalandır. Məhkəmənin bu xüsusatları araşdırmadan belə bir nəticəyə gəlməsi isə tamamilə təəssüf doğuran haldır. Bundan başqa, məhkəmə təkcə 26 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərara istinad etmiş, məhkəmənin hazırlıq iclası zamanı məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş 07 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarda cavabdehin ifadəsinə heç bir hüquqi qiymət verməmişdir. Belə ki, həmin qərarda da cavbdeh Şölədən qızıl aldığını etiraf edərək bildirmişdir ki, “2023-cü il tarixdə Şölədən 12000 manat dəyərində qızıllar götürüb satıb verəcəkdir. Həmin qızılları Rəna adlı qadına satmasına baxmayaraq Rəna pulu vermədiyi üçün qızılların pulunu Şöləyə qaytara bilmədiyi üçün Şölə ondan şikayət etmişdir, Rənadan aldığı pulları aldıqdan sonra Şöləyə olan borcunu ödəyəcəkdir. Belə olan halda, məhkəmənin qərəzli olmasına heç bir şübhə yerinin qalmamasına bir daha əmin oluruq.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olub.

7. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək rədd edilməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-224/2025 saylı, 04 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia qismən haqlı sayılır.

19. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.

22. Belə ki, tərəflər arasında əvvəllər də qızıl-zinət əşyalarının nisyə alqı-satqısına və cavabdehin həmin əşyaları ayrı-ayrı şəxslərə sataraq pulunu iddiaçıya verməsinə dair mülki hüquq münasibətlərinin olması işin mübahisəsiz halıdır. Çünki bunu tərəflərin heç biri təkzib etmir. İşin mübahisəli halı isə sonuncu dəfə, yəni 2023-cü ilin iyun-avqust ayında iddiaçının 21200 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehə satması ilə bağlıdır.

23. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu dəfə 2023-cü ilin yay aylarında dəyəri 21200 manat olan qızıl əşyalarını məhz cavabdehə satmasına, cavabdehin isə buna görə ona 3600 manat ödədiyinə və 17600 manat borcu qaldığına dair məhkəməyə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Vüsal Rzayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarını təqdim etmişdir. Cavabdeh Polis İdarəsində aparılan araşdırmalar zamanı verdiyi izahatlarında iddiaçıdan şəxsən özü 21200 manat deyil, iddiaçının qiymətləndirdiyi 12000 manat dəyərində qızıl əşyaları alaraq tanıdığı şəxsə, yəni apellyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş X3 adlı şəxsə verəcəyini göstərsə də, hazırkı mülki iş üzrə qızılları Rəna Məmmədovanın şəxsən iddiaçıdan götürdüyünü qeyd edərək iddiaya bu formada etiraz edib.

24. Göründüyü kimi, iddiaçı cavabdehə verdiyi qızıl əşyalarının cəmi dəyərinin 21200 manat olmasına dair nə cinayət təqibi zamanı, nə də hazırkı mülki iş üzrə mötəbər sübüt təqdim etməyib, ancaq cavabdeh Polis İdarəsində aparılan araşdırmalar zamanı izahatlarında şəxsən özü 21200 manat deyil, iddiaçının qiymətləndirdiyi 12000 manat dəyərində qızıl əşyaları aldığını etiraf etdiyi üçün, məhz bu məbləğ(12000)üzrə iddiaçını sübut etmək yükündən azad edib. Deməli iddiaçının cavabdehə sonuncu dəfə verdiyi qızılın dəyərinin 12000 manat olduğu cavabdeh tərəfindən və həmin məbləğdən də 3600 manat qaytarıldığı iddiaçının özü tərəfindən etiraf və təsdiq olunduğuna görə cavabdehin iddiaçı qarşısında qızıl əşyalarının nisyə satışından 8400 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır.

25. Cavabdehin iddiaçıdan özünün deyil, 3-cü şəxs X2 12000 manat dəyərində qızıl əşyalarının aldığını qeyd etməsi, iddianın yuxarıda qeyd olunan məbləğdə əsaslı olmasına təsiri yoxdur. Çünki hazırkı iş üzrə Polis İdarəsində verdiyi izahatlardan fərqli məlumat verməsinin səbəbləri barədə hər hansı bir ciddi arqument, üstəlik cinayət təqibi zamanı izahat verərkən müstəntiqlər yaxud hansısa şəxs tərəfindən ona bu cür etirafedici izahat verməsi üçün hansısa təzyiq yaxud təsir göstərildiyini də bəyan etmir. Demək ki, hazırkı iş üzrə fərqli izahat verməsi onun iddiaçı qarşısında yaranmış öhdəliyinin icra olunmasından azad edilməsi üçün əsas ola bilməz. Penitinsar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X3 da həm Polis İdarəsində aparılan araşdırma zamanı verdiyi izahatında, həm də hazırkı mülki iş üzrə məhkəməyə ünvanladığı izahatında iddiaçını tanımadığını, ondan heç vaxt qızıl almadığını, bütün qızılları cavabdehin aldığını, satıb borcunu ödədiyini və öz işini onun üzrinə atdığını göstərmişdir. Göründüyü kimi, həm cinayət təqibi, həm də mülki iş üzrə iddiaçı ilə 3-cü şəxsin mövqeyi eyni olmuşdur. Demək ki, cavabdehin iddiaçıdan qızılları Rəna Məmmədovanın şəxsən özünün alması barədə dəlillər heç bir sübutla təsdiq olunmur. Bəyan etdiyi bu halı sübut etmək yükü isə onun üzərinə düşür.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 224/2025 saylı, 04 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat alınaraq İddiaçı ödənilməli; eləcə də iddia qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 214 manatın məbləğində dövlət rüsumunun 105 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-224/2025 saylı, 04 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 214 manat dövlət rüsumuna görə xərcin 105 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar