Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2419/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Vəkil, Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Birgə iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(005)-4332/2021 saylı qətnaməsindən birgə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Birgə iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərracın yekunları barədə” 03 mart 2020-ci il tarixli 12/02-1 saylı Protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 03 mart 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(011)-147/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh qismində hazırkı iş üzrə iddiaçılara qarşı iddia tələbi qismən təmin edilmiş, onlardan "xxxx" ASC-nin xeyrinə 32322 ABS dolları məbləğində əsas borc, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnə üzrə manatla, habelə ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 30 manat məbləğində pulun tutulması, tutmanın iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 90000 manat olmaqla açıq hərracda satılması, yaşayış sahəsi satıldıqdan sonra iddiaçının və qeyrilərinin 1 ay müddətində mənzili tərk etmədikdə mənzildən çıxarılmaları qət olunmuşdur. Həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, şikayətlər təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan və digər cavabdehlərin də qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən əmlak açıq hərraca çıxarılmışdır. "Hərracın yekunları barədə" 03 mart 2020-ci il tarixli 12-/02-1 saylı protokol və "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" 03 mart 2020-ci il tarixli müqavilə tərtib olunmuşdur. Hərracın nəticələrinə əsasən "xxxx" ASC həmin mənzili 57375 manata əldə etmişdir. Hərrac keçirilərkən onların iştirakı təmin olunmamış, hərracın yekunları barədə protokolda sifarişçi olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi imza etməmiş, Bankın nümayəndəsi protokola imza etsə də, bankın möhürü vurulmamışdır. Buna görə də hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışlar. Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia əsassız olmaqla yanaşı, həm də iddia müddəti ötürülməklə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(005)- 4332/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən birgə iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə isə şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar və digər cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(005)-4332/2021 saylı qətnaməsi birgə iddiaçıların apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin İddiaçı1 və digər cavabdehlərə qarşı iddia tələbi qismən təmin edilmiş, onlardan "xxxx" ASC-nin xeyrinə cəmi 36842,36 ABŞ dolları məbləğində kredit borcunun və məhkəmə xərclərinin tutulması və tutmanın iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 90000 manat müəyyən olunmuşdur. Qətnamənin icrası Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə həvalə olunmuş, həmin icra qurumu tərəfindən hərracın keçirilməsi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-yə sifariş verilmişdir. 27 yanvar 2020-ci il və 10 fevral 2020-ci il tarixlərə hərrac təyin olunmuş, hərracın keçirilməsi barədə tərəflərə, o cümlədən hazırkı iş üzrə iddiaçılara bildirişlər göndərilmiş, poçt xidməti tərəfindən bildirişlər “imtina etdi” qeydi ilə geri qaytarılmışdır. Bundan əlavə, “Birja yenilikləri” qəzetinin 27 dekabr 2019-cu il-02 yanvar 2020-ci il, 31 yanvar-06 fevral 2020-ci il tarixli nömrələrində hərracın keçirilməsi barədə, 14-20 fevral 2020-ci il tarixli nömrəsində isə hərracın baş tutmaması barədə elanlar yerləşdirilmişdir. Hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57375 manata ipoteka saxlayana, yəni "xxxx" ASC təklif olunmuş və Bank tərəfindən əldə olunmuşdur. 03 mart 2020-ci il tarixində “Hərracın yekunları barədə” 12/02-1 saylı protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən azı otuz gün qalmış bilməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası və s. məlumatlar olmalıdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayonu Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzili ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan poçt qəbzlərinə əsasən cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən iddiaçılara pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, hərrac barədə qəzetdə elanlar verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçılar ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə hələ 2017-ci ildə müvafiq məhkəmə qətnaməsinin çıxarılmasından və həmin qətnamənin 2018-ci ildə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmasından məlumatlı olsalar da, Banka olan borcun ödənilməsi və mənzilə tutma yönəldilməməsi istiqamətində heç bir addım atmamışlar. Halbuki, onlar hərracın nəticələri ilə maraqlanmaq barədə subyektiv öhdəlik daşımışlar. Hərracın yekunları barədə protokola hərracın sifarişçisi olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin imza etməməsi, Bankın nümayəndəsi protokola imza etsə də, protokola bankın möhürünün vurulmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hallar texniki xarakterli olmaqla hərracın etibarsız hesab edilməsinə əsas ola bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Göründüyü kimi, ipoteka haqqında qanunvericilikdə yalnız hərracı udmuş şəxs və hərracın təşkilatçısı tərəfindən protokolun imzalanmasından imtina edilməsi hərracın etibarsızlığına səbəb olur. Hazırkı işdə isə, nə icra qurumunun, nə də bankın nümayəndəsinin protokolu imzalamaqdan imtina etməsi barədə hər hansı məlumat yoxdur. İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirildiyinə görə onun ləğvi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qanuni və əsaslı qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(005)- 4332/2021 saylı qətnaməsi birgə iddiaçıların apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2419/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2419/2022
11.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver