Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2422/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdehqarşı iş üzrə (Açar sözlər:musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, qonorarların ödənilməsi, kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu(sədrlik edən və məruzəçi),Səlimova Səadət Rəşid qızından və X3ibarət tərkibdə, X6katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə Kərb.Səfər oğlunun, cavabdehin nümayəndəsi (vəkili) Vəkil və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X1 iştiraklarıilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral2025-ci il tarixli qətnaməsindən iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “X5 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan Birliyin adı dəyişdirilərək “Azərbaycan Müəllifləri” İctimai Birliyi adlandırılmışdır. İctimai Birliyin hazırkı qanuni təmsilçisi Qanuni nümayəndə Kərb.Səfər oğludur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə “Sərin” şadlıq sarayında mətnli, yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarı olaraq 36550 manat, kompensasiya olaraq 35000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X5 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. İddiaçı Ümumdünya Bəstəkar və X2 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar iddiaçı xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri iddiaçı ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdeh “Sərin” restoran, şadlıq sarayı rəhbərliyinə rəsmi olaraq xx.xx.2023-cü il tarixli məktubla müraciət təqdim olunmasına baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrində isə qonorar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 42 ay ərzindətoy şənliklərində istifadə olunan musiqilər üçün 25800 manat, restoran fəaliyyətində isə 10750 manat (vergi və sosial ödənişlər daxil olmaqla) ziyan dəymişdir.
4. Bakı şəhəriBinəqədiRayon Məhkəməsinin 2(001)-1197/25saylı iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddiatəminedilməmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki,müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız könüllü olaraq təşkilatla yazılı müqavilələr bağlamaqla və ya təşkilata üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi səlahiyyətinə malikdirlər və yalnız belə halda müəllifləri təmsil edə və hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edə bilərlər. İş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, sübut etməlidir ki, hansı müəlliflər müqavilə əsasında və ya üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini birliyə həvalə etmişlər; həmin müəlliflərə aid hansı musiqilər və ümumilikdə neçə gün ərzində cavabdehə aid ictimai iaşə obyektində (şadlıq evində) ifa edilmişdir. İddiaçı isə, qeyd edilənlərə dair nəinki sübutlar təqdim etməmiş, iddia ərizəsində bu xüsusatları ümumiyyətlə əsaslandırmamışdır.
6. Məhkəmə öz mövqeyini “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6, 15, 30, 40, 41-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cümaddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçıbirinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunlaəsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehin müəllif hüquqlarını pozaraq musiqi əsərlərindən icazəsiz istifadə etdiyi faktı sübut edilmişdir. Məhkəmə tərəfindən tələb olunan detallı sübutlar (müəyyən müəlliflərin əsərlərinin neçə gün ifa edildiyi) praktiki olaraq mümkün deyil və bu, müəllif hüquqlarının müdafiəsi məqsədilə ziddiyyət təşkil edir. Qanun və qərarlarda iddiaçının hakim tərəfindən tələb etdiyi formada sübut etmə öhdəliyi qeyd olunmamışdır. Əksinə, Nazirlər Kabinetinin 38 saylı qərarının Əlavə 4, 34-cü bəndində hakimin istinad etdiyi məlumatların istifadəçilər tərəfindən birliyə verilməsi göstərilmişdir. Məhkəmə, “Müəlliflik hüququ vəəlaqəli hüquqlar haqqında” Qanunun 15-ci, 41-ci, 42-ci, 43-cü, 44-cü və 45-ci maddələrinə əsasən, müəllif hüquqlarının kollektiv idarəedilməsi prinsipini nəzərə almamışdır (hakim qətnamədə 41, 44, 45-ci maddələrə münasibət bildirməmişdir). Məhkəmə qərarında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci,42-ci, 43-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may1997-ci il tarixli 38 saylı Qərarı əsas götürülməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərərk bildirdi ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi ona üzv olan müəlliflərin hüquqlarının müdafiəsi ilə bağlı restoranlara, şadlıq saraylarına və son nəticədə məhkəməyə müraciət edə bilər. Həmin restoranlar və şadlıq sarayları ilə Birlik arasında müqavilə bağlanmalı, həmin müəssisələr istifadə olunan müəllif əsərləri barədə müvafiq hesabat verməlidirlər. Birlik üzv olan müəlliflərin adından iddia qaldıra bilər. Həmçinin, Birliklə müəlliflər arasında müqavilə bağlanmalıdır.
Tətbiq edilən hüquq
13. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. ...mətnli və ya mətnsiz musiqi əsərləri müəlliflik hüququnun obyektlərindəndir. Maddə 15.1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Maddə 15.2...əsərin kütləvi ifasını (kütləvi ifa hüququ) həyata keçirmək, buna icazə vermək, yaxud qadağa qoymaq əsərdən istifadəyə müstəsna hüquqlardandır. Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. Maddə 15.4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. Maddə 30. Bu qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. Maddə 40. Müəllif qonorarının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Maddə 41. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir (1). Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər (2).
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
20. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
21. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
22. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
23. Yuxarıda şərh edilən normalardan göründüyü kimi, müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız könüllü olaraq təşkilatla yazılı müqavilələr bağlamaqla və ya təşkilata üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi səlahiyyətinə malikdirlər və yalnız belə halda müəllifləri təmsil edə və hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edə bilərlər.
24. Hazırkı işdə iddiaçı hansı müəlliflərin müqavilə əsasında və ya üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini birliyə həvalə etməsi, həmin müəlliflərə aid hansı musiqilər və ümumilikdə neçə gün ərzində cavabdehə aid ictimai iaşə obyektində (şadlıq evində) ifa edilməsinə dair məhkəməyə sübutlar təqdim etməmişdir.
25. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rəddetməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.