Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2429/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4428/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı aid ******* saylı əmək kitabçasına əsasən o, Təhsil Nazirliyinin xx.xx.2015ci il tarixli 11/249 nömrəli əmri ilə Zəyəm qəsəbə Ə.Cəmil adına tam orta məktəbində direktor vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 65 saylı əmrinə əsasən Şəmkir rayon Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin fəaliyyətinin yoxlanılması məqsədi ilə həmin idarənin 3 əməkdaşından ibarət tərkibdə komissiya yaradılmışdır.
3. Şəmkir rayon Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin fəaliyyətinin yoxlanılması məqsədi ilə həmin idarənin əməkdaşından ibarət tərkibdə yaradılmış komissiyanın hər üç üzvünün, həmin məktəbin direktorunun (iddiaçı) və direktor müavinin imzaladığı xx.xx.2022-ci il tarixli akta əsasən məktəbin əmr və pedaqoji şura kitablarının RTŞ-də təsdiq edilmədiyi, pedaqoji şura kitabında 2020-2021-ci tədris ilində attestat veriləcək uşaqların siyahısının olmadığı, məktəb direktorunun rəqəmlər düzülmüş boş yerə möhür vurduğu, pedaqoji şurada fərdi təhsilə, evdə təhsilə (xəstə uşaq) cəlb olunan şagirdlərin, şagird kontingenti adlı siyahıda olmadığı, məktəbdaxili qiymətləndirmə təlimatının qaydalara uyğun aparılmadığı, 8 a sinfinin jurnalının iyun ayında texnologiya üzrə 2 saat, fiziki tərbiyə üzrə 1 saat yazılmadığı, dərnək məşğələləri jurnalının xx.xx.2022-ci il tarixdən yazılmadığı, gənc dilçilər dərnəyinin jurnalının 2 saat yazılmadığı müəyyən edilmişdir. Həmin tarixdə tərtib edilmiş digər iki aktda bir neçə sinfin şagirdlərinin məktəbdə olmadığı, iki əməkdaşın xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tabelə qol çəkmədiyi, 1 əməkdaşın tabeldə adının olmadığı və işə davam etmədiyi,lakin adına əmək haqqı köçürüldüyü qeyd edilir.
4. Şəmkir rayon Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbdə xx.xx.2022-ci il tarixdə aparılmış yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışa əsasən məktəb sənədləri kargüzarlıq haqqında təlimatın qaydalarına uyğun işlənilmir, məktəbdaxili qiymətləndirmə təlimatı qaydalara uyğun aparılmayıb, 1a, 1b, 3a siniflər məkbəbdə yoxdur, 9 siniflərdə 5,6-cı saatlarda şagirdlər dərsdə iştirak etmir, dərs keçirilmir, davamiyyət tabelində imzasız işçilərin adları var.
5. Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatının sədri tərəfindən xx.xx.2022-ci il tarixdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavininə ünvanlanmış məktubda ünvan 2 xidməti araşdırmanın nəticəsinə dair Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatına ünvanlanmış təqdimata baxılmış və arayışda göstərilən maddələr üzrə nöqsanlar nəzərə alınaraq, təqdimatın təmin edilməsi qərara alınmış və Şəmkir rayon Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbinin direktoru İddiaçı Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehinin verilməsi - əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi uçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz edilməmişdir.
6. AR Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin 27 iyun 2022-ci il tarixli əmrinə əsasən Zəyəm qəsəbə 1 nömrəli tam orta məktəbinin direktoru İddiaçı 01 iyul 2022-ci il tarixindən 29 avqust 2022-ci il tarixinədək əmək məzuniyyətinə buraxılmışdır.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmrinə əsasən (əmrin məzmununda Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyinin aşkar olunduğu göstərilmişdir) Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verildiyinə, vəzifə səlahiyyələrindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir.
8. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əsaslandırmasına əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayon Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Texniki işçilərin tabelinin işlənmə vəziyyətinə baxış keçirilərkən laborant (1 ştat vahidi) vəzifəsində işləyən X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi tabeli imzalamadığı aşkar edilmişdir. Ü.Həsənova laborant ştatında olmasına baxmayaraq, 12 saat ibtidai sinifdə dərs aparmışdır. X11 adına maaş köçürülsə də, xx.xx.2019-cu il tarixdən işə davam etmədiyi öz təsdiqini tapmışdır. Məktəbin direktoru İddiaçı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyətlərindən sui-istifadə etdiyinə, maliyyə pozuntusu hallarına yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilir.
9. Şəmkir Təhsil Sektorunun aparıcı məsləhətçisi, Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini və təsərrüfat müdiri tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən məktəbin möhürü, ştampı və məktəb sənədləri məktəbin sabiq direktoru İddiaçı təhvil alınaraq, məktəbin təşkilatçı müavini X8 təhvil verilmişdir.
10. AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil ünvanladığı məktuba əsasən Şəmkir rayonu Zəyəm qəsəbə Əhməd Cəmil adına tam orta məktəbin sabiq direktoru İddiaçı və qeyrilərinin qanunsuz əməlləri ilə bağlı AR Elm və Təhsil Nazirliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparılmış və cinayət əlamətləri olan faktlar müəyyən edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-948 saylı əmrinin ləğv edilməsi, onun Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbində məktəbin direktoru vəzifəsinə işə bərpa edilməsi, işdən azad olunduğu tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-2000-ci tədris illərində Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbində ibtidai sinif müəllimi, 2002-ci ildən həmin məktəbdə məktəb psixoloqu vəzifəsində çalışmış, xx.xx.2015-ci ildən isə yüksək balla müsabiqədən keçərək, həmin məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində ona fəaliyyəti ilə bağlı xəbərdarlıq, töhmət və ya hər hansı bir başqa intizam tənbehi verilməmişdir. İşlədiyi kollektivdə və tabeçiliyində olduğu təşkilatlarda böyük nüfuz və hörmətə malik olmuş, peşəsinə, yüksək müəllim adına şərəflə xidmət etmişdir. Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin binası qəzalı olduğundan müvəqqəti olaraq məktəbin şagird və işçi heyəti təmirsiz olan başqa bir ünvana köçürülmüşdür. Direktor vəzifəsində işlədiyi dövrdə dəfələrlə məktəbdə tədris və təlim-tərbiyə işinin təşkili, maliyyə-təsərrüfat fəaliyyəti yoxlanmış və heç bir pozuntu aşkar edilməmişdir. Məktəbin keçmiş psixoloqu X3 şikayəti əsasında son dərs günü - xx.xx.2022-ci il tarixdə Qazax-Tovuz Regional Təhsil İdarəsindən yoxlama gəlmişdir. Şikayətçi 2021-ci ilin sentyabr ayında əmək funksiyalarını yerinə yetirmədiyinə və diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində olmadığına görə işdən azad edilmişdir. İdarənin əməkdaşları həmin şikayəti yoxlamaq adı altında məktəbdə başqa xırda nöqsanları əsassız olaraq şişirtmiş, ondan direktor müavinlərini işdən çıxarmağı, özünün isə “öz ərizəsi” ilə işdən çıxmasını tələb etmişlər. Son nəticə barədə hər hansı bir sənəd (arayış) təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə hər hansı bir əmr təqdim edilmədən direktor vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən kənarlaşdırıldığı bildirilmiş, Şəmkir Təhsil Sektorunun aparıcı məsləhətçisi və məktəbin təsərrüfat müdiri ondan möhür, ştamp və məktəbin sənədlərini təhvil almışdır. O, Həmkarlar İttifaqının üzvüdür, işdən çıxarılması ilə bağlı məsələnin müzakirə olunması üçün Həmkarlar İttifaqı tərəfindən hər hansı bir iclasa çağırılmamış və ona ittifaqın qərarı da verilməmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ərizə ilə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətinin, əmək kitabçasının əslinin, həmçinin həmin əmrin qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli cavab məktubunda Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən yaradılmış komissiyanın iştirakı ilə məktəbdə yoxlama aparıldığı, yoxlama zamanı aşkar olunmuş nöqsanlar nəzər alınaraq bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi bildirmişdir. Lakin bügünə kimi işdən azad olunmağı barədə hər hansı bir əmr, onun əmək kitabçası, əmrin qəbulu üçün əsas olmuş sənədlər təqdim edilməmiş və işdən azad olunması ilə bağlı onunla son haqqhesab da aparılmamışdır. Müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi,ailə vəziyyəti nəzərə alınmamış, əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş ən sərt tənbeh tədbiri seçmişdir. 2000-ci ildən müəllim kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması düzgün, ədalətli seçilmiş tənbeh tədbiri deyildir. Lakin işəgötürən ƏM-in 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, intizam tənbeh tədbirini xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlamadan təxminən 3 ay sonra tətbiq etmiş, xx.xx.2022-ci il tarixdə məktəbin möhürü, ştampı və digər sənədləri təhvil alınmışdır. Nəticə etibarilə cavabdeh həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-in 70-ci maddəsinin “ç” bəndini tətbiq etməsi ədalətli və qanuni deyildir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4428/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmrin ləğv edilməsi, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Zəyəm qəsəbə Ə.Cəmil adına tam orta məktəbində “direktor” vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim X12)
14. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, hazırki işdən göründüyü kimi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini tərəfindən Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatına məktəbdə aparılmış xidməti araşdırmanın nəticəsinə əsasən təqdimat ünvanlanmış və təqdimata cavab olaraq Həmkarlar təşkilatının sədri Z.Əhmədova tərəfindən bildirilmişdir ki, təqdim olunmuş təqdimata Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatında baxılmış və müzakirə zamanı məlum olmuşdur kı, Regional Təhsil İdarəsinin məktəbdə apardığı monitorinqə əsasən qanun pozuntusu aşkar olunmuşdur. Regional Təhsil İdarəsinin arayışında göstərilən maddələr üzrə nöqsanları nəzərə alaraq, Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatı təqdimatın təmin edilməsini qərara almış, Şəmkir rayon Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbinin direktoru İddiaçı Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-c hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehinin verilməsi əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi uçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz edilməmişdir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatının sədri Z.Əhmədova bildirmişdir ki, 10 iyun 2022-ci il tarixində Regional təhsil idarəsi rəy verilməsi ilə bağlı onlara müraciət etdikdə yoxlama zamanı ciddi qanun pozuntularının aşkar edilmədiyini nəzərə alaraq, müvafiq tədbirlərin görülməsi barədə rəy tərtib etmiş və Regional təhsil idarəsinə göndərmişdir. Onlar isə həmin rəy ilə razılaşmayaraq, Ülviyyə xanımın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı təqdimat göndərdiklərini, onun isə məcbur qalaraq əvvəlki tarixə formal olaraq heç kimin iştirakını təmin etmədən (təkbaşına) güya iclas keçirildiyini qeyd etməklə həmin təqdimata uyğun rəy vermək məcburiyyətində qalmışdır. Əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə (qeyd olunan əsaslarla) ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmaması, müvafiq tələbə formal yanaşılması isə daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Beləliklə, iş materiallarından və şahid ifadələrindən göründüyü kimi, işçi ilə əmək müqaviləsi ləğv edilməzdən əvvəl həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda, müvafiq razılıq qanunla müəyyən edilmiş qaydada alınmamışdır. Belə ki, ilk dəfə verilmiş rəydə iddiaçının fəaliyyətində ciddi qanun pozuntuları olmadığı nəzərə alınmaqla müvafiq tədbir görülməsinə etiraz etmədikləri göstərilmişdir. Sonradan həmkarlar ittifaqı təşkilatının rəyi dəyişdirilmiş, geri tarixə iclas keçirildiyi kimi qeyd edilmiş, əslində isə iclas keçirilmədən, iddiaçının çağırılıb izahatı alınmadan həmkarlar təşkilatının sədri tərəfindən razılıq verilmişdir. Lakin bu razılıq qanunun tələblərinə əməl edilmədən formal verildiyindən işəgötürən tərəfindən öz vəzifəsinin yerinə yetirilmiş hesab edilməsi üçün əsas hesab edilə bilməz. Bu hallar öz əksini (işdən azad edilməsi ilə bağlı hər hansı bir iclasın keçirilməməsi və s.) həmkarlar təşkilatının sədri şahid qismində dindirilərkən verdiyi ifadələrində tapmışdır. Bunun əksini sübut etmək vəzifəsinin işəgötürənin üzərinə düşməsinə baxmayaraq o, həmin halları təkzib edəcək, eləcə də işçinin həmkarlar təşkilatının iclasında iştirak etməsini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, həmkarlar ittifaqının razılığının alınması işçinin işdən çıxarılması haqda müvafiq əmr verildikdən sonra deyil, həmin əmrə qədər qanunla müəyyən edilmiş qaydada həyata keçirilməli və sənədləşdirilməli, işdən çıxarılması məsələsi həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunmalı, işçi həmin iclasin yeri və vaxtı barədə məlumatlandırılmalı və iclasda iştirakı üçün müvafiq tədbirlər görülməlidir. İddiaçının iddia ərizəsində göstərdiyi digər dəlillər, işçi işdən azad olunarkən əmrin, əmək kitabçasının, əmrin qəbuluna əsas olmuş sənədlərin təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Cavabdehin nümayəndəsinin izahatına əsasən müvafiq sənədlər əmək müqaviləsinə xitam verildiyi gün işçiyə təqdim olunması üçün regiona göndərilmiş, bu səbəbdən həmin sənədlərin təqdim edilməsində gecikmələr olmuşdur. İddiaçının nümayəndəsi isə məhkəmə prosesi dövründə həmin sənədləri əldə etdiklərini bildirmişdir. İddiaçının digər dəlili, intizam tənbeh tədbirinin xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlamadan təxminən 3 ay sonra tətbiq edilməsi ilə bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Cavabdehin nümayəndəsi isə direktorun 01 iyul 2022-ci il tarixindən 29 avqust 2022-ci il tarixinədək məzuniyyətdə olması, məzuniyyətdən qayıtdıqdan sonra, xx.xx.2022-ci il tarixdə əmrin verildiyini bildirmişdir. Nəticədə birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin əmr ləğv edilməli, iddiaçı işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, 71-ci, maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 5-ci, 18-ci, 19-cu, 70-ci, 71-ci, 72-ci, 76-cı, 80-cı, 83-cü, 186-cı, 187-ci, 309-cu, 310-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,-cü, 77-ci, 217-ci maddələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarınınşərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Qazax- Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə yoxlama keçirilmiş və aşkar olunan pozuntular barədə aktlar tərtib edilmişdir. Aktlara əsasən Pedaqoji Şura kitabında 2020-2021-ci tədris ilində attestat veriləcək, fərdi təhsilə cəlb olunacaq uşaqların, dərnək və dərsdənkənar məşğələyə cəlb olunan şagirdlərin, şagird kontingenti adlı siyahılar olmamışdır. Məktəbdaxili qiymətləndirmə təlimatı qaydalara uyğun aparılmamış, məktəbdə şagirdlərin davamiyyəti qənaətbəxş olmamış, bir neçə sinfin şagirdləri məktəbə gəlməmiş, texniki işçilərin davamiyyətində pozuntular qeydə alınmışdır. (Aktlar və arayış iş materiallarına əlavə olunmuşdur). Yoxlama zamanı aşkar olunan pozuntularla bağlı iddiaçı izahat vermiş və aktlarda qeyd olunan faktları təsdiq etmişdir. Məktəbdə aparılan yoxlama sənədləri Elm və Təhsil Nazirliyinə təqdim olunmuş və aşkar olunan pozuntuların ciddiliyi nəzərə alınaraq, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, K-948 saylı əmrlə xitam verilmişdir. İşə baxan məhkəmə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozmasına baxmayaraq, Nazirliyin əmrini ləğv etmiş və iddiaçının işə bərpa edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçının direktor kimi fəaliyyəti zamanı ciddi qanun pozuntulara yol verdiyinin aşkar edilməsinə baxmayaraq, işə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir, Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara və izahatlara, habelə iş üçün əhəmiyyət kəsb edən sənədlərə münasibət bildirməmişdir. İş materiallarına əlavə olunmuş aktlardan görünür ki, iddiaçı fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öhdəliklərini və vəzifə funksiyalarını qanunvericiliyin tələbinə uyğun olaraq yerinə yetirməmiş və bu əsasla da işdən azad olunmuşdur. Lakin, məhkəmənin mövqeyinə görə, işçi tərəfindən qeyd edilən pozuntuların törədilməsi onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin hüquqi əsası olmamışdır. Məhkəmə qətnaməsinə əsasən işçilər tərəfindən davamiyyətin pozulmasına görə direktor məsuliyyət daşımamalıdır. Qeyd edilənlər bilavasitə məktəb direktorunun əmək funksiyalarına daxildir. İş materiallarından göründüyü kimi, işəgötürən qeyd edilən normaya əsasən, iddiaçı ilə bağlı əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə Həmkarlar Təşkilatına təqdimat vermiş və təşkilat təqdimatda qeyd edilənlərlə razılaşaraq müsbət qərar vermişdir. Həmkarlar Təşkilatının razılığı nəzərə alınaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. Qanunvericiliyə əsasən işəgötürənin Həmkarlar İttifaqının fəaliyyətinə müdaxiləsi və ya təsir edə bilməsi mümkünsüzdür. Məhkəmə bu halı nəzərə almamış, təqdimata baxan Həmkarlar Təşkilatının fəaliyyətinə işəgötürən tərəfindən müdaxilənin edilib-edilməməsini və belə bir imkanın olubolmamasını araşdırmamış, iddiaçının formal əsaslarla verdiyi izahat məhkəmə tərəfindən əsas kimi qəbul edilmişdir. Məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş yoxlama aktında sadalanan nöqsanların əsaslı olub-olmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması və sair kimi hallar araşdırılmamış, qətnamədə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir. Məhkəməyə yoxlamanın keçirilməsinin hüquqi əsası barədə sənədlər və yoxlama aktı, əmr və direktorun izahatı və digər sənədlər təqdim olunmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, qanunvericiliyinin normalarını yanlış tətbiq etməklə, formal əsaslarla, eyni zamanda işəgötürənə aidiyyatı olmayan HT-nın iclas keçirilmədən razılığın verilməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki, iddiaçının mübahisələndirdiyi əmr Əmək qanunvericiliyinin tələblərinə uyğun olmuş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən pozuntuya yol verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Həmkarlar İttifaqı müstəqildir və heç bir dövlət və qeyri-dövlət strukturlarından asılı deyil. Buna görə də Həmkarlar Təşkilatına hər hansı təzyiq və təsir göstərilməsindən söhbət gedə bilməz. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, fəaliyət göstərdiyi dövrdə iddiaçı barəsində hər hansı inzibati tənbeh tədbiri tətbiq edilməmiş, 2016-cı ildə Təhsil Şöbəsi tərəfindən həmin məktəbdə yoxlama aparılmış, lakin yoxlama aktlaşdırılmamışdır. Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən yoxlama aparılan zaman məktəbin faktiki fəaliyyət göstərməsi barədə məlumatı yoxdur, iddiaçının fəaliyyətində nöqsanlara yol verilməsi faktı 10 iyun 2022-ci il tarixdə aşkar olunsa da, onun işdən azad olunması barədə əmr 05 sentyabr 2022-ci il tarixdə verilmişdir. Belə ki, iddiaçı məzuniyyətdə olmuş və 28 avqust 2022-ci il tarixdə məzuniyyətdən qayıtmışdır. Yoxlamanın nəticələri barədə arayış tərtib olunduqdan sonra iddiaçıdan izahat alınmamışdır.
21. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun rəhbərlik etdiyi müddətdə fəaliyyətində heç bir nöqsan aşkar olunmamışdır. Eyni zamanda fəaliyyəti müddətində 100-dən artıq saxta şagirdi aşkarlayaraq məktəbdən xaric etmiş, 10 ailəyə nikah bağlamağa, 350 şagirdə şəxsiyyət vəsiqəsi aldırmağa nail olmuş, məktəbin reytinqini 5 %-dən 65%-ə qədər qaldırmışdır. Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbdə yoxlama aparılmasına səbəb isə saxta diplomlu müəllimi işdən çıxarmağı və həmin şəxsin onun barəsində etdiyi şikayət olmuşdur. Onun fəaliyyəti dövründə qazandığı uğurlar Təhsil şöbəsinə məlumdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən yoxlama aparılan zaman məktəb öz binasında fəaliyyət göstərməyərək qəzalı vəziyyətdə olduğu üçün təmirə bağlanmış və iddiaçının rəhbərlik etdiyi məktəbin şagirdləri müvəqqəti başqa məktəbə köçürülmüşdülər. Bundan başqa İddiaçı yüksək balla direktor vəzifəsinə qəbul olunmuş və Təhsil Şöbəsi tərəfindən əmək fəaliyyətində qazandığı uğurlara görə mütəmadi olaraq sertifikat, təşəkkürnamə ilə təltif edilmişdir. Birinci instansiya məhkəməsində Həmkarlar Təşkilatının sədri də şahid kimi dindirilmiş və o özü də qərarın məzmunu barədə ona təzyiq göstərildiyini etiraf etmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İddiaçı barəsində şikayət nəticəsində aparılmış araşdırılma zamanı da onun əməllərində hər hansı qeyri-qanuni hallara rast gəlinməmişdir.
23. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qazax-Tovuz Regional Təhsil İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 19-cu maddəsinə əsasən işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin ə) bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; 203-cü maddəsinin 2-ci hissəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı aralarında bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (əvvəlki Təhsil Nazirliyi) xx.xx.2015-ci il tarixli əmri ilə Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə həmin məktəbdə aparılmış yoxlamanın nəticəsi olaraq, nazirliyin xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmrinə əsasən xx.xx.2022-ci il tarixindən etibarən onunla bağlanmış əmək müqaviləsinə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verildiyinə, vəzifə səlahiyyələrindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçının işlədiyi qurumda həmkarlar təşkilatı fəaliyyət göstər və iddiaçı bu təşkilatın üzvüdür. Belə olan halda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla onun əmək müqaviləsi yalnız qeyd edilən həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilər. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsində bu məsələnin həll edilməsinin konkret proseduru təsbit edilmiş və həmin prosedurun həyata keçirilməsinin zəruriliyi imperativ qaydada müəyyən edilmişdir.
31. İş materiallarında olan Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatının sədri tərəfindən xx.xx.2022-ci il tarixdə Qazax-Tovuz Regional Təhsil İdarəsinə ünvanlanmış məktubda ünvan 2 xidməti araşdırmanın nəticəsinə dair göndərilmiş təqdimata baxıldığı qeyd edilmiş və həmin məktubda da Təşkilat arayışda göstərilən nöqsanlar nəzərə almaqla təqdimatın təmin edilməsini qərara almış və Şəmkir rayon Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbinin direktoru İddiaçı Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehinin verilməsi - əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi uçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz edilmədiyi bildirilmişdir.
32. Bununla belə, Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli təqdimatına növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə adi məktubla cavab verilmiş və həmin məktub üzrə də qərar qəbul edilmişdir. Halbuki, 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar İttifaqı təşkilatı əsaslandırılmış qərar qəbul etməlidir. Bu da öz növbəsində məsələnin məktubla deyil, real olaraq məsələnin müzakirəsi ilə bağlı keçirilmiş iclasın nəticələri üzrə ayrıca və əsaslandırılmış akt şəklində qəbul edilmiş qərarla həll edilməsini şərtləndirir. Həmin müddəada 10 günlük müddət də məhz bunun üçün nəzərdə tutulmuşdur ki, işçilərin əmək hüquqlarını və qanuni mənafelərini müdafiə edən təşkilat qismində çıxış edən və həqiqətdə notariat fəaliyyətini həyata keçirməyən Həmkarlar İttifaqı təqdimatda göstərilən məsələyə xüsusi diqqət yetirsin, təqdimata əlavə edilmiş sənədləri müzakirə etməklə əmək qanunvericiliyinin normalarının pozulmasına yol verilib-verilməməsi hallarını tam və hərtərəfli öyrənsin və bu işin nəticəsi olaraq məsələ ilə bağlı əsaslandırılmış qərar versin. Lakin qeyd edilən məktubdan məsələ ilə bağlı hər hansı iclasın keçirildiyi, o cümlədən müzakirələrin aparıldığı və məhz bunun nəticəsi olaraq əsaslandırılmış (ümumiyyətlə hər hansı) qərarın qəbul edildiyi müəyyən edilmir.
33. Məhkəmə kollegiyasının bu mövqeyi işə birinci instansiya məhkəməsində baxılan zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş həmin Həmkarlar təşkilatının sədri olan və xx.xx.2022-ci il tarixli məktubu imzalayan X4 öz ifadəsi ilə də təsdiq edilir. Belə ki, X9 bildirmişdir ki, o, Şəmkir rayon təhsil şöbəsi üzrə Həmkarlar İttifaqının sədri vəzifəsində çalışır. 10 iyun 2022-ci il tarixində iddiaçının direktor işlədiyi məktəbdə yoxlama aparılmışdır. Regional təhsil idarəsi rəy verilməsi ilə bağlı onlara müraciət etmişdir. O isə yoxlamada iştirak etmədiyini, eyni zamanda yoxlama zamanı ciddi qanun pozuntularının aşkar edilmədiyini nəzərə alaraq müvafiq tədbirlərin görülməsi barədə rəy tərtib edərək, Regional təhsil idarəsinə göndərmişdir. Onlar isə həmin rəy ilə razılaşmayaraq, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı yenidən təqdimat göndərmişdilər. O əvvəlki tarixə iclas keçirib, protokol tərtib edə bilməməsinə və təkbaşına rəy vermək hüququnun olmamasına baxmayaraq, həmin təqdimata uyğun rəy vermək məcburiyyətində qalmışdır. Çünki onlar ilk rəyin müsbət olacağını düşünmürdülər. Daha sonra ilk rəyi qəbul etməyərək, təqdimat göndərmələri və həmin təqdimata uyğun rəy verilməsinə məcbur edilməyi barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də izahat vermişdir. Onun ifadəsi iş materiallarında olan (111-ci səhifə) Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatı (imza edən, sədr X9) tərəfindən Qazax-Şəmkir Regional Təhsil İdarəsinə ünvanlanmış məktubla da öz təsdiqini tapır. Həmin məktubda Qazax-Şəmkir Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna istinadən ünvan 2 xidməti araşdırmanın nəticəsinə əasən təqdimata və arayışa baxıldığı, lakin məktəb direktorunun fəaliyyəti dövründə digər ciddi pozuntuların olmaması nəzərə alınmaqla arayışda göstərilən nöqsanların nəticələrinə dair müvafiq tədbirin görülməsinə etiraz edilmədiyi bildirilmişdir.
34. Bununla belə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatının xx.xx.2022-ci il tarixli məktubu isə məsələ ilə bağlı əsaslandırılmış qərar kimi qəbul edilə bilməz. Həmçinin, bu məktub ümumiyyətlə məsələ ilə bağlı real olaraq keçirilmiş hər hansı iclasın nəticələrinə (kollegial müzakirənin nəticələrinə) əsaslanmır, arxa tarixlə göndərilmiş, yalnız sədrin iradəsinə bağlı olan və hər hansı hüquqi əhəmiyyətə malik olmayan bir yazıdır. Qeyd edilənlər də iddiaçı tərəfindən mübahisələndirilən əmrin ləğv edilməsini bir başa şərtləndirir.
35. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı birinin düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təfsir edilməməsinin bilavasitə qarşısını alır. Lakin işçinin yazılı izahat verməkdən imtina etməsi də istisna deyil ki, bu hal intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Lakin iddiaçıdan yalnız bir halla bağlı (X14 ilə bağlı) izahatı alınmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışda qeyd edilənlərlə bağlı Əmək Məcəlləsinin həmin maddəsinin tələblərinə uyğun olaraq iddiaçıdan yazılı izahatın tələb edildiyi və ya onun izahat verməkdən imtinasının rəsmiləşdirildiyi də müəyyən edilmir. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu halın mövcudluğu da əmrin ləğv edilməsi üçün bilavasitə əsasdır.
36. Ümumiyyətlə qeyd edilməlidir ki, yoxlamaya səbəb məktəbin keçmiş əməkdaşı X10 tərəfindən yazılmış şikayət olmuş və yoxlama cəmi bir gün davam etmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə, tədris ilinin bitməsinə 2 tədris günü qalmış aparılmışdır. Həmin vaxt aparılan təmirlə bağlı məktəb müvəqqəti olaraq başqa yerdə fəaliyyət göstərirdi. Həmin yerin məktəbin fəaliyyəti üçün tam yararlı olub-olmaması, məktəbin bütün şagirdləri üçün tədrisin təşkil etməsi üçün uyğun olub-olmaması məsələsi də böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən yoxlama tarixinə iddiaçı artıq 7 ildən artıq müddətdir ki, həmin məktəbin direktoru vəzifəsində işləyirdi. Onun barəsində əvəllər hər hansı intizam tənbehinin tətbiq edilməsi müəyyən edilmir. Qazax-Tovuz Regional Təhsil idarəsinin Şəmkir rayon təhsil sektorunun xx.xx.2023-cü il tarixli məktubunda da həmin məktəbdə 2016-2017-ci tədris illərində şöbə tərəfindən monitorinqlərin aparıldığı və direktorun fəaliyyətində ciddi nöqsanların aşkar edilmədiyi göstərilmişdir. Həmçinin, iddiaçının direktor olduğu dövrdə məktəbdə şagird davamiyyətinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlərin görüldüyü, nəticədə 2015-2016-cı illər üzrə müvafiq əmrlərlə dərs davamiyyəti olmayan 57 nəfər şagirdin şagird kontingentindən çıxarıldığı, məktəbin Şəmkir rayonunun mədəni və içtimai tədbirlərində yaxından iştirak etdiyi, məktəbdə mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlərin, görüşlərin və yarlşların keçirildiyi, İddiaçı 2019-cu ildə təhsildə göstərdiyi səmərəli fəaliyyətinə görə X17 Şəmkir Rayon Komitəsi tərəfindən 5 oktyabr "Beynəlxalq müəllim” günü münasibəti ilə təltif edildiyi qeyd edilmişdir. İş materiallarında olan çoxsaylı sertifikatlardan da iddiaçının öz sahəsi üzrə keçirilən tədbirlərdə fəal iştirak etməsi, öz üzərində çalışması və peşakarlıq səviyyəsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər göstərməsini təsdiq edir. Lakin mübahisələndirilən intizam tənbehi verilərkən bu hallar, o cümlədən iddiaçının şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, xətanın hansı şəraitdə törədilməsi və tədris ilinin demək olar ki, sonu olması nəzərə alınmamışdır. Hər bir halda, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində digər intizam tənbeh növləri də var və iddiaçının xidmətləri, habelə peşakarlıq səviyyəsi və ona göstərilən 7 illik etimad nəzərə alınmaqla hər hansı digər intizam tənbehinin verilməsi və nöqsanların aradan qaldırılması üçün vaxtın müəyyən edilməsi daha məqsədəmüvafiq olardı.
37. Məhkəmə kollegiyası Həmkarlar təşkilatının sədrinin ifadəsi ilə bağlı xüsusilə vurğulayır ki, qeyd edilən məsələ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən araşdırılmalı və tabe qurumlar tərəfindən belə hallara yol verilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görülməlidir. Belə ki, hüquqi nəticə etibarı ilə Qazax-Tovuz Regional Təhsil idarəsi tərəfindən Həmkarlar təşkilatı ilə bağlı reallığı əks etdirməyən məlumatlar təqdim edilmiş və bu hal xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmrin ləğv edilməsi əsaslarından biri kimi çıxış etmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq əmri ləğv etmiş, iddiaçını tutduğu vəzifəsinə işə bərpa etmiş və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməli olmasını qət etmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392- 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4428/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.