Məhkəmə qərarları › İş №2(103)-2434/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2434/2024

07.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2434/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı ‘‘alğı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnamələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması’’ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X1 nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı ‘‘alğı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnamələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması’’ tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 Şahin oğlu arasında **-SA-*** dövlət qeydiyyat nişanlı, ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli, AD97723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, cavabdehlər Cavabdeh4 Şahin oğlu ilə Cavabdeh1 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, AE023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və **-OR-*** dövlət qeydiyyat nişanlı ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(009)- 1688/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə cavabdeh X1 nümayəndəsi-vəkili Nümayəndə2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(009)-1688/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd olunanlar kontekstində işin halları ondan ibarətdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 saylı 30 noyabr 2023-cü il tarixli qətnaməsi cavabdeh X1 ünvanına göndərilmiş və 23 dekabr 2023-cü il tarixdə onun tərəfindən təhvil alınmışdır. 22 fevral 2024-cü il tarixdə isə X3 tərəfindən mübahisələndirilən qətnamə təkrarən təhvil alınmışdır. Buna baxmayaraq həmin qətnamədən cavabdeh X3 tərəfindən şikayət bir aydan artıq müddət keçdikdən sonra, vəkili Nümayəndə2 adına açılmış elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Nəzərə alınmalıdır ki, qətnamədən X1 şikayət vermə müddəti 23 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Cavabdehin sonradan qətnamənin surətini təkrarən alması prosessual müddətin axımını təzələmir. Bundan başqa qeyd edilməlidir ki, şikayəti verən cavabdeh tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət də əlavə edilməmiş, bununla da prosessual müddətin ötürülmüş olmasının üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət vermək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi apelyasiya şikayətini mümkün hesab edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 saylı 30 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət ona qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 saylı, 30 noyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh X1 nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar