Məhkəmə qərarları › İş №2(103)-2436/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2436/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2436/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla iddia tələbinə dair iş üzrə QƏTNAMƏ İş № 2(103)-2436/2025 (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X13 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(004)- 615/2025 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X10 10 avqust 2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi Qeydiyyat şöbəsinə müraciət etsə də, müraciəti təmin olunmamış və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması məsləhət görülmüşdür.

3. Ərizə hüquqi faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi (Maraqlı şəxs) qardaşı X10 10 avqust 2008-ci il tarixdə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X17 27 dekabr 1962-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. İddia ərizəsinə əlavə edilən qərardan görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinmişdir. Qeyd edilən dövrdə X2 Federasiyasına getmiş və X8 adı ilə orada yaşamışdır, xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyasının Tver vilayətinin Kaşinskiy rayonunda vəfat etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunun 31 mart 2009-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə X10 vəfat etmiş X3 eyni şəxs olması öz təsdiqini tapmışdır, ona görə də cinayət işinin icraatına xitam verilmişdir. X10 ölməsi faktını şahidlərlə təsdiq edə bilərlər. Qeyd etmək istəyir ki, X17 Bakı şəhəri, Yasamal rayonunda dəfn edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(004)- 615/2025 saylı qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia təmin edilməmişdir.

7. Məhkəmə öz mövqeyini, Mülki Prosessual Məcəllənin 14.2, 217.1, 305.1.1, 307.2.8, 308, 311-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin təmin edilməsi üçün müraciət etdiyi hüquqi fakt iş materialları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir.

10. Həmçinin ərizəçi ərizə təqdim edərək, mərhum qardaşı X10 2008-ci il 22 avqust tarixində Rusiya Federasiyasının Tver vilayətinin vəfat etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən ərizəçi apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mərhum onun qardaşıdır. Bu fakt onlara vərəsəlik məsələləri ilə bağlı lazımdır.

13. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:

18. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı;

19. Maddə 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

20. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

22. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə ərizə təmin edilməlidir.

28. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi X16 31 mart 2009-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarına əsasən 78458 nömrəli cinayət işinin icraatına təqsirlədirilən şəxs X10 cinayət əməlini törətdikdən sonra ölməsi əsasına görə xitam verilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, X4 əslində 78458 saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM 122.2.7 və 228.1-ci maddələri ilə axtarışda olan təqdirləndirilən şəxs X17 olduğu müəyyən edilmişdir. Beləliklə, aparılmış istintaqda müəyyən edilir ki, X17 istintaqdan qaçıb gizlənmək üçün Rusiya Federasiyasında Maqamadov Ramzan Xüseynoviç adı ilə Rusiya Federasiyasının ümumvətəndaş pasportu əldə edib yaşamış, 2008-ci ilin avqustun 11-də itkin düşmüş, xx.xx.2008-ci il tarixdə onun meyiti aşkar olunub və X12 adı ilə Bakı şəhərinə göndərilmişdir.

29. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3165/8-15-1105/24 nömrəli məktubuna əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkanları xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.

30. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli, 3-16- 5/8-1743-15/24 nömrəli arayışa əsasən müəyyən olunur ki, 27 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuş X10 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

31. Moskva şəhəri Presnenskiy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, qərarına əsasən X14 xx.xx.1962-ci il təvəllüdlü X10 ölmüş hesab edilməsi haqqında ərizəsinin təmin edilməsi rədd edilmişdir.

32. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Mosvka şəhəri Presnenskiy rayonu üzrə şöbəsinin xx.xx.2011-ci il tarixli, 01/14-64 nömrəli arayışına əsasən müəyyən olunur ki, X5 xx.xx.1962-ci il təvəllüdlü X10 axtarışı barədə ərizə ilə Moskva şəhəri Presnenskiy rayonu üzrə Rusiya DİNŞ müraciət etmişdir, yoxlamanın gedişatında müəyyən olunmuşdur ki, vətəndaş istintaq orqanlarından qaçıb gizlənən cinayətkar kimi federal axtarışdadır, axtarışın təşəbbüstarı xx.xx.2002-ci ildən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Yasamal RPİ-dir.

33. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X1 ilə X11 nikahı haqqında xx.xx.1958-ci il tarixdə 16 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Daşdəmirova soyadı verilmişdir.

34. Tver vilayəti Kaşinskiy rayon İnzibatlılığının vətəndaşlıq vəziyyəti aktlarının qeydi şöbəsinin 22 avqust 2008-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən müəyyən olunur ki, X15 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyası, Tver vilayəti Kaşinskiy rayonunda vəfat etmişdir.

35. Kollegiya ilk növbədə tələbin hüquqi əsasının dəyişdirilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki-Prosessual Məcəllənin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

36. Belə ki, “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Plenumunda qeyd olunmuşdur ki, Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

37. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, qeyd edilənləri rəhbər tutaraq iddiaçı öz tələbi üzrə məhkəmədən xahişini dəqiqləşdirməyi zəruri hesab etmişdir.

38. İddianın əsaslılığına qiymət verən kollegiya iş materiallarını, ərizənin və apellyasiya şikayətinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və mövqeyini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən ərizədə qeyd edilən hallar ətraflı şəkildə araşdırılmamış, iş materialları ilə müəyyən edilmiş hallara adekvat hüquqi qiymət verilməmişdir.

39. Məhkəmə kollegiyası qeyd edilən hallara münasibətdə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən qiymət verərək hesab edir ki, iş materiallarında öz əksini tapan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi X16 31 mart 2009-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarına əsasən 78458 nömrəli cinayət işinin icraatına təqsirlədirilən şəxs X10 cinayət əməlini törətdikdən sonra ölməsi əsasına görə xitam verilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, X4 əslində 78458 saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM 122.2.7 və 228.1-ci maddələri ilə axtarışda olan təqdirləndirilən şəxs X17 olduğu müəyyən edilmişdir. Beləliklə, aparılmış istintaqda müəyyən edilir ki, X17 istintaqdan qaçıb gizlənmək üçün Rusiya Federasiyasında Maqamadov Ramzan Xüseynoviç adı ilə Rusiya Federasiyasının ümumvətəndaş pasportu əldə edib yaşamış, 2008-ci ilin avqustun 11-də itkin düşmüş, xx.xx.2008-ci il tarixdə onun meyiti aşkar olunub və X12 adı ilə Bakı şəhərinə göndərilmişdir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

41. Həmin normativ-hüquqi aktın 15-16-cı bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

42. Adı çəkilən “Əsas müddəlar”ın 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

44. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

45. Hazırki iş üzrə də iddiaçı onun tərəfindən verilməsi mümkün olan bütün dəlilləri – mərhumun Rusiyada vəfat etməsi ilə bağlı həmin ölkənin dövlət orqanı tərəfindən verilən müvafiq sənəd, o cümlədən Azərbaycanda barəsində aparılan cinayət işinə vəfat etməsi əsası ilə xitam verilməsi barədə qərar və digər sənədləri məhkəməyə təqdim etmişdir.

46. Mülki-Prosessual Məcəllənin başlıca prinsiplərindən biri də, “formal həqiqət” prinsipidir ki, həmin prinsipin mahiyyətinə əsasən məhkəmə işə yalnız məhkəmə iclasında tədqiq olunmuş və proses iştirakçıları tərəfindən təqdim olunan sübutlar əsasında baxmalıdır. Bu Prinsip özlüyündə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində qeyd olunmuş “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.“ başlığına əsaslanmışdır.

47. Qeyd olunanlardan da göründüyü kimi birinci instansiya məhkəməsi bütün bu halları nəzərə almayaraq, iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir.

48. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, ərizəçi həm ərizəsində, həm apellyasiya şikayətində, həm də kollegiya iclasında verdiyi izahatında hüquqi faktın müəyyən edilməsi zərurətini mərhumun vərəsəliklə bağlı məsələlərin hələ də həll edilməmiş qalması zərurətindən irəli gəlməsi ilə izah etmişdir.

49. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, X10 şəxsiyyətinin eyniləşdirilməsinə əsas olacaq hüquqi fakt iş materialları ilə öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsiinn qətnaməsi ləğv edilməli, ərizə təmin edilərək, ərizəçinin qardaşı X10 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyasının Tver vilayətində vəfat etməsi faktı təsdiq edilməlidir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(004)- 615/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Ərizəçinin qardaşı X10 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyasının Tver vilayətində vəfat etməsi faktı təsdiq edilsin və bu barədə akt qeydləri kitabında müvafiq qeydiyyat aparılsın. Qətnamənin icrası Bakı şəhər Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar