Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2443/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-336/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər “xxxx” KB ASC və "Cavabdeh2" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KB ASC-nin xeyrinə kreditin təminatı olaraq yüklü edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 3, 35 saylı mənzil üzrə keçirilmiş hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli 34/2 saylı protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehlərin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq aidiyyatı üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-336/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın əsasını qeyd edilən hərracla bağlı iddiaçılara hər hansı bildiriş göndərilməməsi, hərracın iddiaçıların iştirakları olmadan keçirilməsi və hərracın keçirilməsi və nəticələri barədə iddiaçılara məlumat verilməməsi və bununla da hərrac təşkilatçısı olan "X4" MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi təşkil edir. Məhkəmənin istinad etdiyi hər iki bildirişin məhz iddiaçılara çatdırılması və həmin bildirişlərin iddiaçılar tərəfindən alınması sübuta yetirilmir. Məhkəmə özü də qeyd edir ki, xx.xx.2019-cu il tarixli, 03/20 nömrəli bildirişin surətindən görünür ki, hərracın xx.xx.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Çox təəssüflər olsun ki, iş materiallarında hər hansı bildirişin surətinin olmasını məhkəmə iddiaçılara rəsmi qaydada hərracın keçiriləcəyi vaxt yer və s. barədə məlumat verilmiş kimi qiymətləndirmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, önəmli olan cavabdeh təşkilat tərəfindən hər hansı bildirişin məhkəməyə təqdim edilməsi yox, həmin bildirişlərin iddiaçılara çatdırılması ilə bağlı sifarişli poçt xəbərnaməsinin olmasıdır. Məhkəmə qeyd olunan bildirişlərin sonradan da iş materiallarına əlavə edilə bilməsi və s bu kimi məsələləri araşdırmamışdır. Bu barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. Daha sonra məhkəmə bildirmişdir ki, iş materiallarında olan “Kaspi” qəzetinin xx xxxxxx 2019-cu il tarixli buraxılışında Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzilinin 70000 manat qiymətinə hərraca çıxarılması və müvafiq hərracın keçirilməsinin xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat dərc edilmişdir. Məhkəmə iş materiallarında olan kaspi qəzetindəki məlumatın dərc edilməsini xüsusi vurğulamaqla bir daha hərracın keçirilməsinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi görüntüsünü yaratmaq istəsə də yenidən qanunvericiliyin tələbini düzgün qiymətləndirməmişdir. Göründüyü kimi hərrac təşkilatı qanunun bu tələbini də pozduğu halda məhkəmə həmin halı nəinki pozuntu kimi qiymətləndirmiş, əksinə məhkəmə həmin halı pərdələməyə çalışmış, qanunvericiliyin tələblərinə riyayət edilməsi kimi qiymətləndirmişdir. Halbuki hər iki hərrac zamanı qanunvericiliyin tələbləri hərrac təşkilatı tərəfindən pozulmuşdur. Məhkəmə iclasında İddiaçı1 vəkili və nümayəndəsi Vəkil bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Pozuntulardan biri onlara məlumat verilməməsidir. Bundan bşqa, eyni hərrac üzrə alıcı qrafasındakı imzaların fərqli olması ilk baxışdan da nəzərə çarpır, həmçinin ekspert rəyi ilə də bu fərqlilik təsdiq olundu. Hərrac təşkilatı tərəfindən iddiaçılara hərracın keçirilmə yeri və vaxtı barədə məlumat verilməyib. İş materiallarına xəbərnamə əvvəlcə təqdim edilməmişdi. Sonradan məhkəmənin tələbi ilə təqdim olundu, lakin xəbərnamədəki imzalar iddiaçılara məxsus deyildi. Məhkəmə bu hala da düzgün hüquqi qiymət verməmişdir, qətnamədə “bildiriş xx.xx.2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə götürülmüşdür” kimi ifadə yazıb, lakin bunun heç bir hüquqi əhəmiyyəti yoxdur. Sonradan təqdim edilən sənədlər saxtalaşdırılmışdır. Bununla da iddiaçıların hüquqları pozulub və hərrac nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-666/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı1 və X1 müştərək qaydada əsas borc üzrə 51.287,06ABŞ dolları, faiz borcu üzrə 5550,66 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları, cəmi 57.037,72 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının əvəzinin alınaraq «xxxx» KB ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzilinə yönəldilməsiBakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzilin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdehlər İddiaçı1 və X3 iddiaçı «xxxx» KB ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı2 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehlər İddiaçı2, İddiaçı1 və X2 həmin mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh2 MMC tərəfindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinə, “xxxx” KB ASC-yə, İddiaçı2 və qeyrilərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 03/20 nömrəli və xx.xx.2019-cu il tarixli, 03/20-1 nömrəli bildirişlərlə İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda satılacağı bildirilmişdir. “Kaspi” qəzetinin buraxılışlarında müvafiq fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmiş, xx.xx.2019-cu ildə birinci hərrac, xx.xx.2019-cu il tarixində təkrar hərrac keçirilmiş, təkrar hərrac baş tutmamış və xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” müqaviləsinə əsasən ipoteka saxlayan “xxxx” KB ASC ipoteka predmetini 44.625 manata almışdır. İpoteka predmeti olmuş əmlaka tutmanın yönəldilməsi məqsədilə "Cavabdeh2" MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Belə ki, hərrac təşkilatçısı olan "Cavabdeh2" MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə rəsmi qaydada xəbərnaməli bildiriş göndərmiş, həmin bildiriş hazırkı iddia üzrə iddiaçının - mənzilin mülkiyyətçisi İddiaçı2 ünvanına rəsmi qaydada təqdim olunmuş və həmin ünvan üzrə çatdırılmış şəxs tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdə İddiaçı2 bildiriş göndərilməsi barədə SS**********AZ saylı sifarişli poçt qəbzi mövcuddur. İş materiallarında olan hərracla bağlı bildirişin çatdırılması barədə poçt xəbərnaməsində “şəxsən” və “etibarnamə ilə” qeyd olunan qrafalardakı imzaların iddiaçılara məxsus olması müəyyən edilməsə də, hərrac təşkilatı poçt göndərişinin məhz iddiaçılara çatdırılması (verilməsi) ilə bağlı hər hansı məsuliyyət daşımamalıdır. Çünki, bildiriş Hərrac Mərkəzindən iddiaçıların məlum olan ünvanına göndərilmişdir. Hazırki iddia ərizəsində də iddiaçılar Hərrac Mərkəzinin bildirişləri göndərdiyi ünvanı qeyd etmişlər. Beləliklə, iddiaçıların həmin dəlili əsaslı hesab edilə bilməz. Hərrac təşkilatının hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 34/2 nömrəli protokolunda (əsli) “Alıcı: xxxx KB ASC” qrafasından aşağıda “Etibarnamə üzrə nümayəndə: X6” qrafasındakı və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilədə (əsli) “9.2. Əldə edən tələbkar” qrafasından aşağıda “O.S.Əbilov” yazısı qarşısındakı imzaların “xxxx KB” ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 tərəfindən icra olunması keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə öz təsdiqini tapdığından iddiaçıların O.S.Əbilovun hərracın yekunları barədə protokolu imzalamaq səlahiyyəti olmamasına və hərrac təşkilatının təqdim etdiyi protokol və müqavilədə alıcı qrafasında imzanı bir şəxs, İcra şöbəsinin təqdim etdiyi sənədlərdə isə alıcı qrafasında imzanı digər şəxsin icra etməsinə dair dəlilləri də əsaslı deyildir. İddiaçının cavabdehlərin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsi xahişi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etmələrinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka Haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.[72] «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların birgə apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıların yaşadığı və qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmiş, bildiriş həmin ünvanda qəbul edilmişdir. Bu işin mübahisəsiz halıdır. İpoteka qoyanın yaxud digər iddiaçıların həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İkincisi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçı Aygun Həsənovaya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış mənzilin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçıların həqiqətən də həmin mənzili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin mənzili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçıların hərracdan məlumatı olmasına baxmayaraq, əslində onların bu prosesləri süni surətdə uzatması hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər. Üçüncüsü, cavabdeh tərəfindən “Kaspi” qəzetinin istər ilkin hərracla bağlı xx.xx.2019-cu il tarixli buraxılışında, istərsə də 21.02. 2019-cu il tarixli buraxılışında hərraca çıxarılmış əmlak barədə elan verilməsi, istər-istəməz bu əmlakı almaq istəyən fiziki və hüquqi şəxslərin geniş dairəsinə bəlli olmuşdur. Ümumiyyətlə hər hansı bir əmlakı almaq niyyəti olan şəxslər bu xarakterli qəzetləri əldə etməkdə həmişə maraqlı olurlar. Lakin mübahisə predmeti olan əmlakla bağlı hərracın keçirilməsindən iddiaçıların məlumatlı olmaması ilə bağlı şikayətin dəlilləri hazırki iddianın əsaslı olmasına qətiyyən dəlalət edə bilməz. Çünki, həmin əmlakın hərraca çıxarılması ilə bağlı onsuzda kifayət qədər məlumat olmuşdur. Dördüncüsü, ipoteka predmeti hərracda satılmadığı halda, onun təkrar hərracdakı qiymətindən 25 faiz aşağı qiymətlə almaq ipoteka saxlayanın hüququdur. İpoteka qoyanın da təkrar hərracda həmin mənzili almaq hüququ və imkanı olmuşdur. Lakin ipoteka qoyan olan iddiaçının bu imkandan istifadə etməməsi də hərracın etibarsızlığı üçün əsas ola bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 birgə apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 336/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2443/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2443/2021
10.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver