Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2472/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - İddiaçı QSC X3 Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC X3 Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC X3 Təşkilatı (BOKT) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4719,95 manat əsas, 3317,12 manat faiz olmaqla cəmi 8037,07 manat kredit borcunun, həmçinin 30 manat dövlət rüsumunun BOKT-nın xeyrinə tutulması, tutmanın ** NE *** dövlət qeydiyyat nişanlı “SEAT EXEO” markalı minik avtomobilinə (buraxılış ili 2011, rəngi - qara, ban - VSSZZZ3RZCR009853) yönəldilərək avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin BOKT-nın hesabına ödənilməsi, satışdan əldə edilən vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin cavabdehdən tutulub BOKT-un hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, İddiaçı QSC ilə “X2 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirməyə başlamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASCdən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər “X2 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 15 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh illik 17% tətbiq edilməklə 60 ay müddətinə 23 375 manat kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq ona məxsus “SEAT EXEO” markalı avtomobil ipotekaya qoyulmuşdur. Cavabdeh üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və əsas borc üzrə 4719,95 manat, faiz borcu üzrə 3317,12 manat borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə ona dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx xxxxxx 2012-ci il tarixli 15 nömrəli kredit müqaviləsi üzrə 4719,95 manat məbləğində əsas, 1514,59 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 6234,54 manat məbləğində kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus **-NE-*** dövlət qeydiyyat nişanlı “SEAT EXEO” markalı minik avtomobilinə (buraxılış ili 2011, rəngi - qara, ban - VSSZZZ3RZCR009853) yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılması, onun satılması, satışdan əldə ediləcək vəsaitin Cavabdeh borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 150 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin ekspert rəyinə istinad etməklə faiz borcunun məbləğini düzgün hesablamadığı, faiz tələbini tam təmin etməməklə Kostitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının müddəalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlillərini müdafiə etməklə onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddiaçıya münasibətdə və onun iddiasının təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə 60 ay müddətinə, illik 17 % ödəməsi şərtilə 23 375 manat kredit verilmiş, onun öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan “Seat-Exeo” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi əsasında müəyyən etmişdir ki, iddiaçı təşkilatın istinad etdiyi maliyyə arayışının tarixinə, yəni xx.xx.2017-ci il tarixinə (müqavilə müddətinin bitməsindən təxminən 1 ay əvvələ olan müddət) Cavabdeh faiz borcu 1514,59 manat təşkil etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və apellyatorun “borc məbləğlərinin düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud deyildir və məhkəmə həmin rəylə müəyyənləşdirilən rəqəmi əsas götürməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. İddiaçının, “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə əskik qalan borc məbləğinin cavabdehdən tutulub BOKT-un hesabına ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı kollegiya qeyd edir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir (qismən) və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur. Məhkəmə kollegiyası həmçinin, şikayətin dəlillərindən asılı olmadan münasibət bildirilməsi zəruri olan hal kimi qiymətləndirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, hazırkı halda bununla bağlı qərar qəbul edilməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Tərəflər bununla bağlı hər hansı razılmaşlarını məhkəməyə təqdim etməmişlər; belə olan halda isə avtomobilin texniki vəziyyəti barədə məlumat olmadığından onun təxmini bazar qiymətinin müəyyənləşdirilməsi də qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Bu baxımdan, tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı öz həllini tapmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1272/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2472/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2472/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver