Məhkəmə qərarları › İş №2(103)-2516/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2516/2022

12.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2516/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(007)- 3588/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24560 (iyirmi dörd min beş yüz altmış) manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2456 (iki min dörd yüz əlli altı) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın, cəmi 27046 (iyimi yeddi min qırx altı) manatın tutularaq ’’Kartaş LTD" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 24 oktyabr 2018-ci il tarixində 211.03053 saylı satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 30 aprel 2019-cu il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 24560 (iyirmi dörd min beş yüz altmış) manat məbləğində borcunun olduğu müəyyən olunmuşdur. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(007)- 3588/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 24.10.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 24560 (iyirmi dörd min beş yüz altmış) manat, həmin vəsaitin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2456 (iki min dörd yüz əlli altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 27046 (iyimi yeddi min qırx altı) manat vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh oğlu apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məhkəmədə iştirakı təmin edilməmiş və bu səbəbdən də iddia tələbinə etiraz və mülahizələrini bildirə bilməmiş, iddiaçı ilə münasibətləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuş və bu səbəbdən mübahisənin kommersiya məhkəməsinə aidiyyəti olsa da, işə mülki mühakimə icraatı qaydasında baxılmış, bununla da aidiyyət qaydaları pozulmuş, iddianın məbləği həqiqətə uyğun olmamış, onun tərəfindən iddiaçıya ödənilmiş məbləğlər nəzərə alınmamış, bu səbəbdən də qətnamə qanuni və əsaslı olmadığından, qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən cavabdehin apelyasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq iddia tələbində tələb olunan borc məbləğindən cavabdeh tərəfindən ödənilmiş məbləğləri təsdiq edən 4 ədəd qəbzlərin kserosurətini təqdim edərək, sübut kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərindən borcun məbləği hissəsində qismən qəbul edərək, izahatında göstərdi ki, cavabdehin apelyasiya şikayətindən sonra mühasibatlıqda əlavə araşdırma aprılmış və müəyyən edilmişdir ki, həqiqətən cavabdeh tərəfindən məhkəmədə iddia qaldırılana kimi, borcun məbləğindən 11.05.2019-cu il tarixdə 444 manat və 01.06.2019-cu il tarixdə 3000 manat ödənilmişdir. Borcun qalıq məbləği iddia qaldırılanda 21116 (iyirmi bir min yüz on altı) manat olmuşdur. Bu səbəbdən də qətnamənin borcun məbləği hissəsində dəyişdirilməsini və təqdim etdiyi maliyyə arayışında göstərilən məbləğdə və həmin məbləğə gecikdirməyə görə 5% hesablanaraq tutulmaqla qətnamənin dəyişdirilməsini xahiş edir. Lakin cavabdehin təqdim etdiyi qəbzlərin sübut kimi qəbul edilməsinə etiraz edir. Çünki, həmin qəbzlərlə borcun iddiaçıya ödənilməsi öz təsdiqini tapmır. Apelyasiya şikayətinin digər dəlilləri əsassız olduğundan, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işin materiallarını, apelyasiya şikayətinin dəlillərini, tərəflərin apelyasiya icraatındakı izahatlarını təhlil edib qiymətləndirərək, hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə borcun məbləği hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında 24 oktyabr 2018-ci il tarixində 211.03053 saylı satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMCdən tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 30 aprel 2019-cu il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 24560 (iyirmi dörd min beş yüz altmış) manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Məhkəmə işin müəyyən etdiyi halları əsasında hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh əşyanın qiymətinin şərti müqabilində əşyanı alması barədə iddiaçı qarşısında öhdəlik götürdüyündən, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, cavabdeh 24560 manat məbləğində borcun olduğunu üzləşmə aktında öz imzası ilə təsdiq etdiyindən, müqavilə üzrə ödənilmiş 24560 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə həmin vəsaitin illik 5% hesablanmaqla 2456 (iki min dörd yüz əlli altı) manat məbləğində pul vəsaiti satıcıya verilməlidir. Məhkəmə iş üzrə gəldiyi bu nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 443.1, 439.3, 449.1 və 449.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində tərəflər arasında öhdəlik hüquq münasibətlərindən borcun olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olaraq əsaslı və mübahisənin həlli zamanı tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Lakin kollegiya borcun məbləği hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir. Belə ki, iddiaçının nümayəndəsinin apelyasiya məhkəməsində verdiyi izahatla, həmçinin təqdim etdiyi borcun məbləği barədə arayışla müəyyən olunur ki, cavabdeh iddiaçıya borclu olduğu məbləğdən 11.05.2019-cu il tarixdə 444 AZN və 01.05.2019-cu il tarixdə 3000 AZN ödənişlər etmiş və qalıq borc məhkəmədə iddia qaldırılan vaxta 21116 (iyirmi bir min yüz on altı) AZN olmuşdur. Kollegiya iddiaçının nümayəndəsinin borcun məbləğinin 21116 (iyirmi bir min yüz on altı) AZN olmasını qəbul etdiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləği hissəsində dəyişdirilməli və cavabdehdən tutulacaq məbləğ 21116 (iyirmi bir min yüz on altı) AZN müəyyən olunmaqla, borcun ödənilməsinin gecikdirilməsinə görə, həmin vəsaitə illik 5% hesablanmaqla, 2111,60 AZN, cəmi 23227,60 (iyirmi üç min iki yüz iyirmi yeddi manat altmış qəpik) cavabdehdən tutulmalıdır. Kollegiya cavabdehin borc məbləğindən 7000 manat ödənildiyindən, təqdim edilmiş qəbzlər nəzərə alınmaqla, həmin məbləğdə azaldılma barədə dəlillərə münasibətdə qeyd edir ki, cavabdehin təqdim etdiyi qəbzlər əvvəla kserosurət olduğu üçün sübut kimi qəbul edilə bilməz (MPM 89-cu maddə). Digər tərəfdən həmin qəbzlər sübut kimi qəbul edilsə belə, həmin qəbzlərdə ödənilən pulun məhz iddiaçıya ödənilməsi öz təsdiqini tapmır. Bu səbəbdən də kollegiya borcun məbləği barədə cavabdehin nümayəndəsi və vəkilinin dəlillərini rədd edir. Bundan başqa kollegiya cavabdehin nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsində icraat zamanı cavabdehə lazımi qaydada məlumat verilməməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər əsassızdır. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasında müvəqqəti yaşamış və məhkəmə miqrasiya xidmətinin verdiyi məlumata əsasən onun axırıncı yaşayış yerinə məlumat göndərmiş, həmçinin cavabdehin mobil telefon nömrəsinə 10.09.2021, 17.09.2021, 30.09.2021 və 14.10.2021-ci il tarixlərdə məhkəmə iclasının vaxtı barədə “SMS” bildirişlər göndərmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə Mülki Prosessual Məcəllənin Xİ Fəsli ilə müəyyən edilmiş qaydada məlumat vermiş, lakin cavabdeh üzrsüz səbəblərdən iştirak etmədiyi üçün MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə baxmaqda haqlı olmuşdur. Bu səbəbdən də kollegiya cavabdehin həmin dəlilini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Kollegiya cavabdehin apelyasiya şikayətinin digər dəlili olan mübahisənin kommersiya məhkəməsinə aid olması barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında tərəflər arasında olan müqavilələri cavabdeh fiziki şəxs kimi bağlamış, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə işdə hər hansı bir sübut mövcud olmadığından və apelyasiya baxışında da cavabdeh tərəfindən belə bir sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxmaqda haqlı olmuşdur (MPM 25.1-ci maddə). Bu səbəbdən də kollegiya cavabdehin həmin dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməni dəyişdirə bilər. Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, borcun məbləği hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh еdilənlərə əsasən və Azərbaycan Rеspublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(007)- 3588/2021 saylı qətnaməsi tutulacaq pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin. 24.10.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 21116 (iyirmi bir min yüz on altı) manat, həmin vəsaitin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2111,60 (iki min yüz on bir manat altmış qəpik) manat, cəmi 23227,60 (iyirmi üç min iki yüz iyirmi yeddi manat altmış qəpik) manat vəsait İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar