Məhkəmə qərarları › İş №2(103)-2523/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2523/2021

30.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2523/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «miras əmlakdan vərəsə payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 3411/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «miras əmlakdan vərəsə payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mərhum atası X6 adına Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Cəlilkənd kəndində yerləşən mülkdən imtinasına dair xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Ofisində qeydə alınmış ərizəsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X6 adına Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Cəlilkənd kəndində mülk olmuş və atası xx xxxxxxx 1999cu il tarixdə dünyasını dəyişmişdir. Atasının vəfatından sonra o, mirası faktiki olaraq qəbul etməklə ailə üzvləri ilə birlikdə həmin mülkdə yaşamış və hal-hazırda da həmin mülkdə qeydiyyatdadırlar. Bir müddətdir ki, işi ilə əlaqədar müvəqqəti olaraq Sumqayıt şəhərində kirayədə yaşayır. 2020-ci ilin yanvar ayında cavabdeh olan bacısı Cavabdeh ona müraciət edərək bildirmişdir ki, o, bankla danışıb, atalarından miras qalan evi banka girov qoyacaq, oradan 30000 manat pul götürməklə 15000 manatını ona verəcək, qalan 15000 manata isə iş düzüb qoşacaq və aylıq bank kreditini də özü ödəyəcəkdir. Nüşabə əlavə olaraq bildirmişdir ki, bankda işləyən şəxs onun tanışıdır, yalnız ev onun adına olduğu təqdirdə krediti verə bilər çünki, həmin adam ona etibar edir. Cavabdeh bacısı olduğu üçün ona inanmış və həmin evin onun adına rəsmiləşdirilməsi üçün xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Ofisinə getmiş və orada məzmunu ona elan olunmayan bir neçə kağıza imza etdirilmiş və həmin kağızları bacısı götürmüşdür. Lakin, sonradan cavabdeh hər dəfə bir bəhanə gətirməklə ona boyun olduğu 15000 manat məbləğində pulu verməmiş, yalan vədlərlə onu aldatmışdır. Hətta rayonda yaşayan bacısı Ruhəngizi də eyni qaydada aldatmaqla ondan da paydan imtina barədə ərizə almışdır. Bir müddət sonra isə ona məlum olmuşdur ki, Nüşabə bir neçə şəxsi aldatdığına görə həbs edilmiş, onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi qaldırılmış və o, 3 ay Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Təxminən 2 ay qabaq Nüşabə azadlığa buraxılmış və o, Nüşabə ilə telefon əlaqəsi saxlamaqla nə üçün vəd etdiyi pulu vermədiyini soruşmuş, Nüşabə isə bildirmişdir ki, bank pulu verməkdən imtina etmiş, ona görə də evin sənədləşdirilməsi də aparılmamışdır, yəni ərizəsinə ehtiyac olmamışdır. Lakin bu yaxında ona məlumat çatmışdır ki, cavabdeh ata mülkünü adına keçirmiş və artıq satışa qoymuşdur. Halbuki, həmin evdə o və ailə üzvləri, 3 övladı qeydiyyatdadır. Onların başqa bir yaşayış yerləri də yoxdur. Göründüyü kimi cavabdeh onun inam və etibarından suiistifadə etməklə ona vərəsə kimi çatası mülkü ələ keçirmiş, onu ağır duruma salmışdır. Halbuki, o, mirası faktiki qəbul etmiş yeganə vərəsədir, cavabdeh isə qanun üzrə birinci növbə vərəsə olsa da, mirası heç vaxt faktiki qəbul etməmişdir. O, həmin mirasdan imtina barədə ərizəsinin ləğvi ilə bağlı Bakı şəhəri 3 saylı Notariat Ofisinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 3411/2020 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********001 nömrəli ərizənin surətindən görünür ki, o, xx xxxxxxx 1999-cu il tarixdə vəfat etmiş atası X7 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan imtina edir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaq. İşdə olan xx xxxxxx 2020-ci il tarixli «Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx xxxxxxx 1999-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. İşdə olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Cəlilkənd kəndində yerləşən 0,1921 ha torpaq sahəsində yerləşən, 94,06 m² ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İşdə olan X4 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış Telegramdan görünür ki, X4 miras əmlakdan öz payına düşən hissədən könüllü olaraq Cavabdeh xeyrinə imtina etdiyini və iddiaçının öz payından könüllü surətdə Cavabdeh xeyrinə imtina etdiyini bildirmişdir. İşdə olan Bakı şəhəri 3 saylı Notariat Ofisi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçı ünvanlanmış 231 nömrəli məktubdan görünür ki, onun miras əmlakdan ona çatası paydan imtina etməyi barədə xx xxxxxx 2020-ci il tarixdə rəsmiləşdirilmiş ərizəsinin ləğvinə dair müraciətinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən imtina cavabı verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 140A, otaq 90 ünvanında qeydiyyatdadır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək – cavabdehin onu aldatması (bankdan kredit götürəcəyi, pulun bir hissəsini ona verəcəyi barədə vədlər verməsi və s., lakin sonradan vədinə əməl etməməsi, nəticədə aldadılması) nəticəsində mirasdan imtina etməsini, bu səbəbdən də imtina ərizəsinin etibarsız sayılmalı olmasını və s. göstərmişdir Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə mərhum atası X5 miras qalmış əmlakdan özünə çatası paydan imtina etmiş, iş üzrə Cavabdeh xx xxxxxx 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasın mərhum atası X8 miras qalmış Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Cəlilkənd kəndində yerləşən 0,1921 ha torpaq sahəsində yerləşən, 94,06 m² ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə miras əmlak kimi qəbul etmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə x xxxxxxx 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Vərəsə miras açıldıqdan sonra ya mirası qəbul edir, ya da onun qəbulundan imtina edir. Bu səbəbdən də, Mülki Məcəllənin 1256-cı maddəsində qeyd edilmişdir ki, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş Təlimatın 98-ci bəndinə əsasən vərəsə mirasın qəbulundan imtina etməsi barədə vərəsəliyin açıldığı yerdəki notariusa yazılı ərizə verir. Bu ərizədə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Eyni zamanda, Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Xüsusilə qeyd edilməlidir ki, Mülki Məcəllənin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, mirasın qəbulu vərəsənin hüququdur, yəni vərəsə mirası qəbul edə və ya ondan imtina edə bilər. İddia ərizəsindən, eləcə də işdə olan sənədlərdən aydın olur ki, iddiaçı könüllü surətdə (öz şəxsi iradəsi ilə) notariat orqanına ərizə verməklə mirasdan cavabdehin xeyrinə imtina etmişdir. Həmçinin, mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilmişdir. Həmçinin, mirasdan imtina barədə ərizədə – ərizənin mətninin iddiaçının iradəsinə uyğun tərtib olunması barədə xüsusi qeyd də aparılmışdır. Qanunverici isə vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəsinin geri götürülə bilməməsini imperativ qaydada müəyyən etmişdir. Qeyd edilməlidir ki, mirasın qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir (Mülki Məcəllənin 1273-cü maddəsi). Bu müddət ərzində mirasdan imtina etmiş vərəsənin (hazırki vəziyyətdə iddiaçıların) miras payı Mülki Məcəllənin 1262-ci maddəsinə əsasən digər vərəsənin (hazırki vəziyyətdə cavabdehin) payına birləşdirilərək ona verilir. Belə olduğu halda isə vərəsənin öz şəxsi iradəsi əsasında imtina etdiyi miras payını yenidən qəbul etməsinə yol verilmir. Qeyd edilməlidir ki, MM-in 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. MM-in 339.1-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində suslan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə biləbilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. İddiaçı əqd bağlanılarkən aldadıldığını (iddia etdiyi halların mövcudluğunu) sübut etmək yükünü daşıyır, lakin o, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və mirasdan imtina barədə ərizənin etibarsızlığına əsas ola biləcək hər hansı qanuni halın mövcudluğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının özünün izahatı da özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin, qeyd edilməlidir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İşdə olan sənədlərdən isə görünür ki, iddiaçı hazırki mübahisəni mirasdan imtina etdikdən 08 ay sonra (iddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur) açmışdır. Göründüyü kimi, iddia «mərhum atası X6 adına Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Cəlilkənd kəndində yerləşən mülkdən imtinasına dair xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Ofisində qeydə alınmış ərizəsinin etibarsız hesab edilməsi» hissədə əsassızdır. Belə olan halda iddia digər hissələrdə də (miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvi) təmin oluna bilməzdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddia tələbi tam əsassız olmuş, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə düzgün nəticəyə gəlmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «miras əmlakdan vərəsə payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 3411/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3411/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar