Məhkəmə qərarları › İş №2(103)-2525/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2525/2023

13.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2525/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın bölünməsi tələbi barədə” iddiasına mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2023-cü il tarixli qətnamədən İddiaçı apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün, onun vəkili (nümayəndəsi) Vəkil3, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə nümayəndəsi X1, Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla Cavabdeh2 birgə nikahları dövründə əldə etdikləri və ünvan 1 ünvanında yerləşən 0,45 ha torpaq sahəsinə dair keçmiş arvadı Cavabdeh2 ilə keçmiş qayınanası Cavabdeh3 arasında bağlanmış, Sumqayıt “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021ci il tarixli, 4Ə-433 reyestr nömrəli “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) tərəfindən xx.xx.2021-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” torpaq sahəsinin Cavabdeh3 xüsusi mülkiyyətdə olması barədə aparılmış ********** qeydiyyatın (reyestr nömrəsi **********49) ləğv edilməsi, həmin torpaq sahəsinin onunla Cavabdeh2 arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 1991-ci ildə ailə qurasalar da, nikahları xx.xx.1992-ci il tarixdə rəsmiləşdirilərək, qeydə alınmışdır. Birgə nikahdan onların üç övladı olsa da, onların münasibətləri pisləşmiş və nikahları məhkəmə qaydasında 2020-ci il tarixdə pozulmuşdur. Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Mübahisəli torpaq sahəsini onlar birgə nikah dövründə, yəni 2006-cı ildə almış, orada fərdi yaşayış evi inşa etməklə, orada təsərrüfat aparmış və həmin torpaq sahəsinə dair DƏDRX Əİ tərəfindən xx.xx.2011-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh2 adına MA seriyalı, ******* saylı “Çıxarış” verilmişdir. Torpaq sahəsi üzərində inşa etdikləri fərdi yaşayış evi ilə bağlı müvafiq sənədlər toplanılsa da, həmin fərdi yaşayış evin DƏDRX-də qeydiyyata alınması müxtəlif səbəblərdən yubanmış və nəticədə nikahları pozulduqdan sonra evin sənədləşdirilməsi dayandırılmışdır. Nikahın pozulduqdan sonra iddiaçı bir neçə dəfə Cavabdeh2 müraciət edərək torpaq sahəsinin və evin naturada və ya satılaraq satışdan əldə oluna biləcək pul vəsaitinin aralarında bölünməsini təklif etsə də, onlar bu barədə razılığa gələ bilməmişlər. Bu səbəbdən də, iddiaçı, 2022-ci ildə qərara gəlmişdir ki, həmin məsələni məhkəmə qaydasında həll etsin. O, əvvəlcə mediasiya təşkilatına müraciət etmiş, lakin orada da barışıq əldə olunmamış, məsələ həllini tapmamışdır. Məhkəməyə müraciət etmək üçün sənədlərin toplanması zamanı isə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 torpaq sahəsini öz anasına bağışlamışdır. İddiaçının sorğusuna əsasən DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********21 saylı arayışda isə qeyd edilmişdir ki, Cavabdeh2 müraciəti əsasında həmin torpaq sahəsinə sonuncunun adına xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat, **********9 reyestr nömrəli dublikat çıxarış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Sumqayıt “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xüsusi notariusu Baba Əhmədli tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-433 reyestr nömrəli “Bağışlama müqaviləsinə” əsasən torpaq sahəsi digər Cavabdeh3 bağışlamışdır. Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********49 reyestri nömrəsi ilə qeydiyyat verilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (ünvan: Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44) üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş torpaq sahəsini ələ keçirmək məqsədilə, torpaq sahəsinə aid sənədlərin iddiaçıda olmasını bildiyi halda, sənədlərin itməsi adı ilə sənədlərin dublikatını almış və torpaq sahəsini qanunsuz olaraq öz anasına – Cavabdeh3 bağışlamışdır. Bununla da, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən də, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış həmin “Bağışlama müqaviləsi” etibarsız hesab edilməli, həmin müqavilə əsasında DƏDRX Əİ tərəfindən xx.xx.2021-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” torpaq sahəsinin Cavabdeh3 xüsusi mülkiyyətdə olması barədə aparılmış qeydiyyat ləğv edilməli və həmin torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 arasında bərabər bölünməlidir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ilə isə bağlı iddiaçı tərəfindən cavabdehlərə qarşı gələcəkdə müvafiq iddia irəli sürüləcəkdir. b) iddiaya qarşı verilmiş etiraz barədə məlumat

3. Cavabdehlər Cavabdeh2 və onun anası Cavabdeh3 birgə vəkilləri (nümayəndələri) Vəkil2 iddiaya qarşı verdiyi yazılı etirazda və işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsi Cavabdeh2 adına alınsa da, iddiaçının adına da başqa torpaq sahəsi alınmışdır. Lakin iddiaçı, adına alınmış sahəni satmışdır. Cavabdeh2 adına alınmış (mübahisəli) torpaq sahəsi əslində iddiaçı ilə Cavabdeh2 deyil, sonuncunun qardaşı X2 məxsusdur. Həmin sahənin üzərindəki ev də Kamal Ələsgərovun vəsaiti hesabına 2007-ci ilə inşa edilmişdir. xx.xx.2007-ci il tarixdən də, Kamal Ələsgərov öz ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bunu həm qonşular, həm də bütün qohumlar bilir. Torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş və xx.xx.2021-ci il tarixdə bağlanmış “Bağışlama müqaviləsi” əsasında Cavabdeh3 adına keçmişdir. Torpaq sahəsi faktiki olaraq Kamal Ələsgərova məxsus olduğundan iddia əsassız hesab edilərək, rədd olunmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 225.1, 354.1, 354.2, 375.2, 383, 666.1, 667.1; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2.1, 32.2.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, 127, 334-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçreyə qarşı” iş üzrə qəbul etdiyi xx.xx.1993-cü il tarixli qərara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına istinadən hesab etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış “Bağışlama müqaviləsi” həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair sənədlərin təkrar əldə edilməsindən sonra bağlandığından, iddiaçı isə 2022-ci ilin əvvəllərində əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət edən zaman “Bağışlama müqaviləsinin” mövcudluğundan xəbərdar olduğundan, həmin vaxtdan 1 il 7 ay sonra isə həmin müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan 1 illik (kəsici) müddəti üzürlü səbəbdən ötürmüşdür. Lakin məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh2 adına qeydə alınsa da, faktiki olaraq iddiaçı ilə Cavabdeh2 birgə vəsaiti hesabına deyil, sonuncunun qardaşı Kamal Ələsgərovun vəsaiti hesabına əldə edilmiş və formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İş üzrə iddiaçı isə məhkəmədə dindirilmiş şahidlərin ifadələrində göstərilən halları təkzib edən sübutları təqdim edilə bilməmişdir. Mübahisəli torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə olunsa da, lakin onların vəsaiti hesabına əldə olunmadığından, onların (ər-arvadın) ümumi birgə əmlakı sayıla bilməz. Buna görə də, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış “Bağışlama müqaviləsi” etibarsız hesab edilə bilməz. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsas olmadığından, həmin müqavilə əsasında DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” torpaq sahəsinin Cavabdeh3 xüsusi mülkiyyətdə olması barədə aparılmış qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahəsinin iddiaçı ilə Cavabdeh2 arasında bərabər bölünməsi barədə tələb də əsaslı hesab edilə və təmin oluna bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində əlavə olaraq göstərilmşdir ki, Rayon Məhkəməsi tərəfindən dindirilmiş şahidlər cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 qohumlarıdır və şahidlərin onların təsiri altında yalan ifadə verə bilmələrinə Rayon Məhkəməsi tərəfindən nəzərə alımamışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

9. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə nümayənəsi Kamal Ələskərov, Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Kamal Ələskərov əlavə olaraq bildirdi ki, bacısının – iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 adına alınmış (mübahisəli) torpaq sahəsi əslində iddiaçı ilə Namidəyə məxsus deyil. Həmin torpaq sahəsini o, öz vəsaiti hesabına almış, lakin formal olaraq Namidənin adına rəsmiləşdirmişdir. Torpaq sahəsini aldıqdan sonra orada öz vəsaiti hesabına ev inşa etdirmiş və evin inşası başa çatdıqdan sonra, yəni xx.xx.2007-ci il tarixdə ailəsi ilə birlikdə evə köçmüşdür. Hazırda da, onlar və anası – iş üzrə digər Cavabdeh3 həmin evdə yaşayırlar. Bu hallar iddiaçının özünə də məxsusdur. Apellyasiya şikayətində iddiaçı bildirir ki, Rayon Məhkəməsi tərəfindən dindirilmiş şahidlər onların qohumudur və onlar şahidlərə təsir etmişlər ki, şahidlər iddiaçının ziyanına ifadə versinlər. Bununla bağlı göstərmək istəyir ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş İsmayıl Babayev həm onun, həm iddiaçının dayısıdır. X7 həm onun, həm iddiaçının dostudur. Digər şahidlər – evin inşasını və təmirini həyata keçirmiş ustalar Səftər Xanbabayev, Rövşən Bayramov, Rasət Əhmədov həm onun, həm də iddiaçının qohumlarıdır. Lakin şahid qismində dindirilmiş usta Məzahir Cavadov onların nə qohumu nə də ki, dostudur. İşin bu halları nəzərə alındıqda müəyyən edilir ki, şahidlər iddiaçının ziyanına yalan ifadə verməyə məcbur oluna bilməzdirlər. Şahidlər həqiqətə uyğun ifadələr vermişlər.

10. Cavabdeh olan DƏDRX Əİ işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edil məsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM 376.2-ci maddəsinin tələbindən çıxış edərək işə həmin İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir.

12. Məhkəmə ilk öncə mübahisəli “Bağışlama müqaviləsinin” predmeti olan torpaq sahəsinin iddiaçı ilə Cavabdeh2 birgə nikahda əldə etdikləri və onların ümumi əmlakı olubolmamasına qiymət verilməsini zəruri hesab edir.

13. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından doğulmuş 2 övladı yetkinlik yaşına çatsa da, üçüncü övladları yetkinlik yaşına çatmamışdır. Buna baxmayaraq iddiaçı ilə Cavabdeh2 münasibətləri pozulmuş və onlar ayrılmışlar.

14. Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 370046 saylı “Nikahın pozulması haqqında şəhadətnamədən” görünür ki, iddiaçı ilə Cavabdeh2 nikahı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulması xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.

15. İşdə olan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsi kimi Cavabdeh2 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

16. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən görünür ki, iddiaçı ilə Cavabdeh2 nikahları dövründə torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı ilə Cavabdeh2 nikahları məhkəmə qaydasında pozulduqdan sonra onlar torpaq sahəsinin (və evin) bölünməsi ilə bağlı razılığa gəlməmişlər. Bu kimi razılıq, hazırki mülki işin icraatının bağlanmasına səbəb olmuş iddia ərizəsinin Rayon Məhkəməsinə verilməsindən əvvəl mediasiya təşkilatında da əldə olunmamışdır.

17. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (maddə 32.2.2.). Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.3.). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (maddə 36.1.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.).

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə də, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

19. Göründüyü kimi Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərinə müvafiq olaraq, əmlakın ərlə arvadın ümumi birgə mülkiyyəti sayılması üçün həmin əmlakın onların nikahları dövründə və onların birgə nikah dövründə əldə etdikləri vəsait hesabına əldə olunması ilə müəyyən edilməlidir.

20. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Qeyd edilən prosessual hüquq normasından müzakirə edilən mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin iddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə olunması sübuta yetdiyindən, həmin torpaq sahəsinin iddiaçı ilə Cavabdeh2 birgə vəsaitləri hesabına deyil, Cavabdeh2 qardaşı Kamal Ələskərovun vəsaiti hesabına əldə olunmasını sübut etmək yükü artıq cavabdeh tərəfin üzərinə düşür.

22. Cavabdeh tərəf bu halı sübut etmək üçün şahidlərin ifadələrinə istinad etmiş və Rayon Məhkəməsi İsmayıl Babayevi, Şakir Rüstəmovu, Səftər Xanbabayevi, Rövşən Bayramovu, Rasət Əhmədovu və Məzahir Cavadovu şahid qismində didirərək, onların verdikləri ifadələrə əsasən hesab etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 birgə vəsaitləri hesabına deyil, Cavabdeh2 qardaşı Kamal Ələskərovun vəsaiti hesabına əldə olunmuşdur. Çünki həmin şahidlər Rayon Məhkəməsinə verdikləri ifadələrində bildirmişlər ki, torpaq sahəsinin dəyərini, torpaq sahəsindəki evin inşası və təmiri ilə bağlı xərcləri öz vəsaiti hesabına Kamal Ələskərov ödəmişdir.

23. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Çünki cavabdeh tərəfin şahid qismində Rayon Məhkəməsinə təqdim etdiyi şəxslərin mübahisəli torpaq sahəsinin dəyərini Cavabdeh2 qardaşı Kamal Ələskərov ödənilməsi barədə ifadələri isə mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Çünki, MPM-nin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Məhkəmə bildirir ki, bu sübutetmə vasitələri Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsvir olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinin mənasına görə, qəzet və jurnalların satışı, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları verilir (maddələr 16.1.8 və 16.1.9.). Bu qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur.

25. Buna görə də, Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin dəyərinin ödənilməsi faktı ödəniş qəbzi ilə təsdiq olunmalıdır. Lakin cavabdeh tərəf bu kimi qəbzi məhkəmələrə təqdim etməmişdir.

26. Göründüyü kimi Rayon Məhkəməsi sübutları ilə təsdiqini tapmayan şahid ifadələrinə əsaslanmaqla düzgün olmayan nəticəyə gəlmişdir.

27. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə olunduğundan və torpaq sahəsinin dəyərinin sonucunun qardaşı Kamal Ələsgərov tərəfindən ödənilməsi öz təsdiqini tapmadığından qəbul edilməlidir ki, torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 birgə vəsaiti hesabına əldə edilmişdir.

28. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri və onların ümumi əmlakı hesab edildiyindən, həmin torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməlidir.

29. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 225.6.). Maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər (maddə 354.2.).

30. Qeyd olunanlara əsasən məhkəmə həmçinin hesab edir ki, iddiaçı, cavabdehlər arasında bağlanmış “Bağışlama müqaviləsinin” tərəfi olmasa da, bağışlama müqaviləsinin predmeti onunla cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan və həmin əmlakda iddiaçının da payı olduğundan iddiaçı həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmuşdur.

31. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı, onun keçmiş arvadı Cavabdeh2 ilə keçmiş qayınanası Cavabdeh3 arasında bağlanmış həmin müqavilənin etibarsız hesab edilməsi üçün kəsici müddəti üzrlü səbəblərdən ötürmüşdür. Belə ki, “Bağışlama müqaviləsi” iddiaçı ilə Cavabdeh2 nikahının pozulmasından və Cavabdeh2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair sənədlərin təkrar əldə edilməsindən sonra bağlandığından, iddiaçı isə 2022-ci ilin əvvəllərində əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət edən zaman bağışlama müqaviləsinin mövcudluğundan xəbərdar olduğundan, həmin vaxtdan bir neçə ay sonra isə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan 1 illik müddət üzrlü səbəbdən ötürülmüşdür. Bu zaman Məhkəmə həmçinin nəzərə alır ki, işə baxmış Rayon Məhkəməsi də eyni mövqe nümayiş etdirmiş, lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Rayon Məhkəməsinin həmin yanaşmasını mübahisələndirməmişlər.

32. Məhkəmə qeyd edilənlərə münasibətdə bildirir ki, mübahisəli “Bağışlama müqaviləsi” etibarsız hesab edildiyindən, ondan irəli gələn hüquqi nəticələr, yəni DƏDRX Əİ tərəfindən xx.xx.2021-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” torpaq sahəsinin Cavabdeh3 xüsusi mülkiyyətdə olması barədə aparılmış ********** qeydiyyat (reyestr nömrəsi **********49) ləğv edilməlidir.

33. Bununla yanaşı Məhkəmə bildirir ki, mübahisəli torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri və onların ümumi əmlakı hesab edildiyindən, torpaq sahəsi üzərində Mülki Məcəllənin yuxarıda qeyd edilən 37.1-ci maddəsinə əsasən iddiaçı ilə Cavabdeh2 hər birinin payı 1/2 hissədə müəyyən edilməlidir.

34. Göründüyü kimi iddia tələbi əsaslı olmuşdur. Buna baxmayaraq Rayon Məhkəməsi bu tələbi təmin etməmişdir. Bu səbəbdən hesab edilməlidir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırda müzakirə edilən həmin nəticəsi səhvdir və işin hallarına uyğun deyil. Qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti əsaslıdır və formal mülahizə xarakterli deyil. h) Apellyasiya baxışının nəticəsi

35. Odur ki, qeyd edilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı irəli sürdüyü “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın bölünməsi tələbi barədə” iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0,45 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış, Sumqayıt “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-433 reyestr nömrəli “Bağışlama müqaviləsinin” etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” həmin torpaq sahəsinin Cavabdeh3 xüsusi mülkiyyətdə olması barədə aparılmış ********** qeydiyyat (reyestr nömrəsi **********49) ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 0,45 ha torpaq sahəsi üzərində İddiaçı ilə Cavabdeh2 hər birinin payı 1/2 hissədə müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 aid edilsin. Bu məqsəd ilə cəmi 150 (yüz əlli) manat məbləğində pul onlardan müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar