Məhkəmə qərarları › İş №2(103)-2530/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2530/2023

18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2530/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(006)-305/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı iddia edir ki, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən ümumi sahəsi 20 kv. metr olan bir otaqlı yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********26- 05101-093067 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında ona məxsus olmuş, evin satılmasına dair cavabdehə etibarnamə vermiş, cavabdeh evin satışından əldə olunan pulu iddiaçıya verməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən 20 kv.metr yaşayış sahəsinin 5 saylı “ASAN xidmət” Mərkəzində bağlanmış 19 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsindən əldə etdiyi 17.700 (on yeddi min yeddi yüz) manat pulun və həmin pulu qanunsuz saxlamasına görə 1327 (min üç yüz iyirmi yeddi) manat pulun, cəmi 19027 (on doqquz min iyirmi yeddi) manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********22 saylı məktuba əsasən Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, 26 saylı mənzilin 26,05 kv.metr olan 2 otaqlı yaşayış sahəsi və 20 kv.metr olan 1 otaqlı yaşayış sahəsi paylı mülkiyyət hüququ əsasında X2, 26,05 kv.metr olan 2 otaqlı yaşayış sahəsi paylı mülkiyyət hüququ əsasında X5 məxsusdur. İddiaçı tərəfindən Rusiya Federasiyası, Moskva şəhərində verilmiş xx.xx.2021-ci il tarixli, 77/175-H/77-2021-4-51 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh iddiaçını təmsil edərək alğı-satqı müqaviləsini icra edərək, mənzilin satışından 17.700 (on yeddi min yeddi yüz) manat pulu iddiaçının adından qəbul etmişdir və mənzilin satışından əldə edilən pulu mülkiyyətçiyə verməmişdir. Belə ki, pandemiya dövrü olduğu üçün iddiaçı Bakı şəhərinə gələ bilməmiş, cavabdeh isə pulu iddiaçıya nə bank, nə də rabitə vasitəsi ilə göndərməmişdir. Həmin etibarnaməyə əsasən cavabdeh iddiaçını təmsil edərək müqaviləni bağlayıb pulu bankın depozit hesabından götürmüşdür və iddiaçıya verməmişdir. Cavabdehə həmin xidmətləri göstərmək üçün əvvəlcədən Moskva şəhərindən iddiaçı pul göndərmişdir, aralarındakı razılığa əsasən evin satışından əldə edilmiş vəsaiti cavabdeh üzərinə götürdüyü öhdəliyə əsasən tam olaraq iddiaçıya göndərməli idi. Cavabdeh iddiaçıya məxsus 17.700 (on yeddi min yeddi yüz) manat pulu əsassız 1 (bir) il 6 ay müddətində özündə qanunsuz saxlayaraq istifadə etmişdir və iddiaçını mövcud gəlirlərindən məhrum etməklə ona ziyan vurmuşdur, nəticədə pulun saxlanılmasına görə əlavə olaraq 1327 (min üç yüz iyirmi yeddi) manat pul ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(006)- 305/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 17700 (on yeddi min yeddi yüz) manat, pul vəsaitini qanunsuz saxlamasına görə 1327 (min üç yüz iyirmi yeddi) manat, cəmi 19027 (on doqquz min iyirmi yeddi) manat pulun və 147 (yüz qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 359.1, 362.1, 425.1, 442, 445.1, 445.7, 445.7, 1091.1, 1092.1-ci maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, Cavabdeh İddiaçı Georqievnanın əvəzinə xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə müvafiq olaraq, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıya məxsus 20 kv.m-də ibarət olan 1 otağını 17.700.00 manata X2 satmışdır. Həmin məbləğ alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edildikdən sonra cavabdehə verilməsi üçün notariusun bankda olan depozit hesabına köçürülmüşdür. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzilin satışından əldə edilmiş pulu ona vermədiyini iddia edir və həmin məbləğlə yanaşı, qeyd edilən pulu qanunsuz saxlamasına görə 1327 manat pulun, cəmi 19027 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə həmin pulu əldə etdikdən sonra 5000 manat hissəsini iddiaçının oğlunun bank hesabına göndərdiyini, 10.000 manat hissəsini ona etibarnaməni gətirən vasitəçiyə, qalan 2700 manat hissəsini isə mənzilin satılmasına kömək etmiş şəxslərə xidmət haqqı olaraq verdiyini bildirir. Lakin buna baxmayaraq, cavabdeh qeyd etdiyi pul göndərmələri ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, yəni iddia etdiklərini məhkəmədə müvafiq qaydada sübuta yetirə bilməmişdir. Belə ki, qeyd edilənlərlə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut qismində bir neçə “screenshot” (telefon ekranının görüntüsü) təqdim edilmiş, lakin həmin şəkillərdən pul vəsaitlərinin kim tərəfindən kimə göndərilməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona etibar edilən səlahiyyətlər üzrə mənzilin iddiaçıya məxsus hissəsini 17.700 manata satmış və həmin pul vəsaitini iddiaçıya vermək məqsədilə əldə etmiş, lakin pulu iddiaçıya verməyərək onun vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdeh əldə etdiyi pul vəsaitinin bir hissəsini iddiaçının oğluna, digər hissəsini vasitəçiyə və qalanını da xidmət haqqı kimi başqa şəxslərə ödədiyini bildirsə də, kifayətedici sübutlarla bunu məhkəmədə təsdiq edə bilməmişdir. Belə ki, cavabdeh pulun yuxarıda qeyd edilən şəxslərə ödənilməsini iddia etdiyi halda, onu məhz iddiaçıya və ya onun ixtiyarlı şəxsinə ödədiyini sübuta yetirmək yükünü daşıyır. Cavabdehin iddiaçıya məxsus olan pulu ona vermədiyi işin mübahisəsiz halını təşkil edir. Cavabdeh pulun bir hissəsini iddiaçının oğluna və digər hissəsini vasitəçilik edən şəxsə, qalan hissəsini isə xidmət haqqı kimi ödədiyini bildirərək bunu sübut etsəydi belə, bu hal pulun iddiaçıya verilməsi nəticəsinə gəlmək üçün əsas ola bilməzdi. Çünki həmin vəsaitin iddiaçının oğluna, vasitəçiyə və ya qeyrisinə verilməsi o zaman iddiaçıya verilməsi öhdəliyinin icrası sayıla bilər ki, həmin şəxslər iddiaçının ixtiyarlı şəxsi olsun. Halbuki, cavabdeh həmin şəxslərin icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını, habelə onların icranı qəbul etməyə ixtiyarsız şəxs olsa belə, iddiaçının buna razılıq verməsini və ya bu icradan fayda götürməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə iddia tələbinin “Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən 20 kv.metr yaşayış sahəsinin 5 saylı “ASAN xidmət” Mərkəzində bağlanmış 19 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsindən əldə etdiyi 17.700 manat pulun alınıb İddiaçı verilməsi” hissəsində iddiaçının haqlı olduğu və iddia tələbinin bu hissəsinin təmin edilməli olması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə iddia tələbinin “Cavabdeh 17.700 manat pulu gecikdirməyə görə (vaxtında qaytarılmadığına görə illik 5%-lə hesablanmaqla) 1327 manat pulun alınıb İddiaçı verilməsi” hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı haqlı olduğundan tələbin bu hissəsi də istinad edilən hüquq normalarına əsasən təmin edilməlidir. Çünki, Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan qətnamədən narazı qalan cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh heç bir əlaqəsi olmamış bir birlərini tanımamışlardır. Belə olan halda həmin şəxsə qarşı heç bir öhdəliyi yoxdur. Cavabdeh etibarnamə və digər sənədlər təqdim edilmiş Cavabdeh həmin sənədləri təqdim edən şəxsə öhdəliyi yaranmışdır. Cavabdeh həmin öhdəlikləri yerinə yetirmiş etibarnamə ilə ona verilən səlahiyətləri həyata keçirdərək evi sənədləşdirərək satmış əldə olunan pulu ona etibarnaməni təşkil edən və digər evə dair sənədləri təqdim edən şəxsə verməklə öhdəliklərini icra etmişdir. Həmçinin qeyd edir ki, hakim iş materiallarında olan cavabdeh tərəfindən təqdim olunan heç bir sübuta düzgün münasibət bildirməmişdir, sübutların təqdim edilməsi əngəlləmişdir, hətta iddiaçının ona pulun bir hissəsinin ödənilməsi barədə məhkəməyə təqdim etdiyi sübutu belə qəbul etməmişdir. Bundan başqa işin mübahisəsiz halı odur ki, İddiaçı ilə Cavabdeh heç bir əlaqəsi olmamış bir birlərini tanımamışlardır. Belə olan halda məhkəmənin ödənilmiş pulun iddiaçının ixtiyarlı şəxsi olmaması barədə gəldiyi qənaətin heç bir əsası olmur. Belə ki, cavabdeh iddiaçını tanımadığı halda həmin şəxslər Vəliyev Rufətin adına tam etibarnəmə alaraq ona verilməsindən sonra həmin şəxslərin ixtiyarlı şəxs olmasının sorğu edilməsinə heç bir şübhə qalmırdı. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, etibarnaməni ona iddiaçı versə də iddiaçının oğlu ilə danışmağı və pulu onun kart hesabına köçürməyi bildirdilər. Evi satandan sonra isə danışığa uyğun olaraq əldə edilmiş məbləği onlara göndərmişdir. İddiaçının qarşısında hər hansı bir öhdəliyi yoxdur. Birinci instansiya məhkəməsi isə onun iştirakı olmadan işə baxmış və şahidlərin dindirilməsi üçün ona şərait yaradılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, etibarnamə və digər sənədlər təqdim edilmiş şəxslərə münasibətdə cavabdehin öhdəliyi yaranmışdır. Cavabdeh həmin öhdəlikləri yerinə yetirmiş etibarnamə ilə ona verilən səlahiyyətləri həyata keçirdərək evi sənədləşdirərək satmış əldə olunan pulu ona etibarnaməni təşkil edən və digər evə dair sənədləri təqdim edən şəxsə verməklə öhdəliklərini icra etmişdir. Bu barədə sübutları da birinci instansiya məhkəməsinə təqdim etmişlər, lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında evi satıbsa, pulu da iddiaçıya verməlidir. Bundan başqa məhkəmə iclasında iştirak etməməsinin səbəbi kimi vəkil teleqram göndərmişdir ki, həmin vaxt Goranboy Rayon Məhkəməsində olacaq, lakin məhkəmə şifahi sorğu verərək müəyyən edildi ki, həmin vaxt məhkəmədə iclas olmayıb. Ona görə də onların iştirakı olmadan işə mahiyyəti üzrə baxıldı. Cavabdeh tərəfin qeyd etdiyi şahid ifadələri ilə bağlı sübutları da məhkəmə baxışı zamanı təqdim etdikləri üçün məhkəmə həmin sübutları qəbul etmədi. Ümumiyyətlə şahidlər ifadələr vermiş olsaydı belə, onların ifadələri sübut növü kimi qəbul oluna bilməzdi. Həmçinin qeyd edir ki, 15 yanvar 2021-ci ildə ev satılmış, 26 sentyabrda isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Gecikdirilmiş vaxt üçün illik beş faiz borcu isə 15 yanvar 2021-ci ildən 2022-ci ilin iyun ayına qədər olan müddətə 1327 manat hesablamışlar. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndə-vəkilinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ** AQ ***8732 nömrəli etibarnamə ilə 07 aprel 2020-ci il tarixdə vəfat etmiş, Azərbaycan Respublikası, ünvan 2 ünvanında yaşamış, X4 ölümündən sonra qalmış əmlak üzərində onun vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi və notariat ofisində vərəsəlik işinin açılması məsələləri ilə əlaqədar olaraq Cavabdeh həmin mənzilin satılması da daxil olmaqla, bir sıra digər səlahiyyətlər vermişdir. Beləliklə, Cavabdeh İddiaçı Georqievnanın əvəzinə xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə müvafiq olaraq, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıya məxsus 20 kv.m-də ibarət olan 1 otağını 17.700. manata X2 satmışdır. Həmin məbləğ alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edildikdən sonra cavabdehə verilməsi üçün notariusun bankda olan depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən ona etibar edilən səlahiyyətlər üzrə mənzilin iddiaçıya məxsus hissəsini 17.700 manata satmış və həmin pul vəsaitini iddiaçıya vermək məqsədilə əldə etmişdir. Cavabdeh tərəf işin qeyd olunan hallarını təkzib etməsə də birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də apellyasiya şikayətində qeyd etmişdir ki, həmin pulu əldə etdikdən sonra 5.000 manat hissəsini iddiaçının oğlunun bank hesabına göndərdiyini, 10.000 manat hissəsini ona etibarnaməni gətirən vasitəçiyə, qalan 2.700 manat hissəsini isə mənzilin satılmasına kömək etmiş şəxslərə xidmət haqqı olaraq ödəmişdir. Lakin evin satılmasında əldə edilmiş vəsaitin iddiaçıya deyil, başqa şəxslərə verilməsi barədə iddiaçı ilə aralarında olan hər hansı razılığın olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Halbuki cavabdeh mənzili satdıqdan sonra əldə edilmiş vəsaitin iddiaçıya verilməsi barədə iddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən üzərinə öhdəlik götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh həmin öhdəlikləri yerinə yetirməsi, etibarnamə ilə ona verilən səlahiyyətləri həyata keçirdərək evi sənədləşdirərək satmış əldə olunan pulu ona etibarnaməni təşkil edən və evə dair sənədləri təqdim edən şəxsə verməklə öhdəliklərini icra etməsini sübut etmək üçün bu barədə sübutlarının birinci instansiya məhkəməsinə təqdim etsələr də, məhkəmənin işin faktiki hallarını düzgün araşdırmamasına dair dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi istənilən sübutu (o cümlədən şahid ifadələri) təqdim etmək hüququndan istifadə etsə idi belə, bu sübutlar iddianın əsassız olmasını təsdiq edən sübutlar kimi qiymətləndirlə bilməzdi. Belə ki, qanunvericiliyin tələbləri baxımından etibarnamə və digər sənədlər təqdim edilmiş şəxslərə münasibətdə cavabdehin öhdəliyi yaranmamış və yarana da bilməzdi. Cavabdeh mənzili satdıqdan sonra əldə edilmiş vəsaitin iddiaçıya verilməsi barədə iddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən sonuncuya münasibətdə öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərinə qiymət verərək əsassız sayır və hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ona etibar edilən səlahiyyətlər üzrə mənzilin iddiaçıya məxsus hissəsini 17.700 manata satmaqla və həmin pul vəsaitini iddiaçıya vermək məqsədilə əldə etmiş, lakin pulu iddiaçıya verməyərək onun vəsaiti hesabına əsassız varlanmışdır. Buna görə də birinci instansiya məhkəməsi - iddia tələbinin “Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən 20 kv.metr yaşayış sahəsinin 5 saylı “ASAN xidmət” Mərkəzində bağlanmış 19 yanvar 2021-ci il tarixli alğısatqı müqaviləsindən əldə etdiyi 17.700 manat pulun alınıb İddiaçı verilməsi” hissəsində təmin edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etmədiyindən birinci instansiya məhkəməsi - iddia tələbinin “Cavabdeh 17.700 manat pulu gecikdirməyə görə (vaxtında qaytarılmadığına görə illik 5%-lə hesablanmaqla) 1.327 manat pulun alınıb İddiaçı verilməsi” hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh iddiaçıya məxsus 17.700 (on yeddi min yeddi yüz) manat pulu əsassız 1 (bir) il 6 ay müddətində özündə qanunsuz saxlayaraq istifadə etmiş və iddiaçını mövcud gəlirlərindən məhrum etməklə ona ziyan vurmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, işə mahiyyəti üzrə baxılarkən işdə iştirak edən vəkilin digər məhkəmə instasiyasında iştirakını təsdiq edən müvafiq sübut olmadığından birinci instansiya məhkəməsi işə cavabdeh tərəfin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023- cü il tarixli, 2(006)- 305/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar