Məhkəmə qərarları › İş №2(103)-2530/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2530/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2530/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mülki iş üzrə (Açar sözlər: “icraatın dayandırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-280/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, F.Bayramov küçəsi, məhəllə 1156, 4 saylı korpusda yerləşən, 17 saylı mənzillə bağlı (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M6, 5 saylı mənzil) cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin mənzilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi; İddiaçı məxsus olan mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 280/2024 nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəmə-xətşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

3. Cavabdeh1 həmin qərardaddan şikayət verərək qərardadın “ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraatın dayandırılması” hissəsində ləğv edilməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində sözügedən qərardad çıxan gün iddiaçının nümayəndəsi xx.xx.2008-ci il tarixli, 108 nömrəli müqaviləni dərhal məhkəməyə təqdim edəcəyini birdirsə də, həmin müqavilə indiyədək məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.4 və 78.5-ci maddəsinə uyğun olaraq iddiaçı cərimələnməmişdir. Bundan başqa, tərəfindən iş üzrə ekspertizanı keçirəcək ekspert qarşısında əlavə sualların qoyulması ilə bağlı məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə vəsatət təqdim edilsə də, həmin suallar sözügedən qərardadda öz əksini tapmamışdır. Bununla da, cavabdehin hüquqları pozulmuşdur.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Maddə 256.0. İş üzrə icraat aşağıdakı hallarda dayandırılır: 256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda ... ekspertin rəyi ... məhkəməyə təqdim edilənədək. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin olunduğu halda icraatının dayandırılması mülki prosessual qanunvericiliyin müddəalarından irəli gəlir.

11. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələblərinə əsasən tərəf zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmirsə və işin hallarına görə bu səbəbdən ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

12. Bununla belə iş materiallarından görünür ki, xx.xx.2008-ci il tarixli, 108 nömrəli müqavilənin əsli iş materiallarına əlavə edilmişdir.

13. Bundan başqa, elektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdeh tərəfindən ekspert qarşısında qoyulmalı olan suallarla bağlı vəsatət məhkəmə tərəfindən ekspertizanın keçirilməsi barədə qərardad qəbul edildikdən sonrakı gün daxil olmuşdur. Halbuki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmalı olan suallar artıq qərardadda əks olunmuşdur.

14. Mülki Prosessual Məcəllənin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir.

15. O da qeyd edilməlidir ki, məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə zərurət olduğu təqdirdə gələcəkdə yenidən ekspertizanın təyin edilməsi, həmin qərardadda ekspert qarşısında digər sualların qoyulması da istisna olunmur.

16. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-280/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar