Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-254/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Abşeron Rayon İcra Şöbəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-919/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Abşeron Rayon İcra Şöbəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehlərdən biri olan Cavabdeh1 ASCnin “Yeni Həyat” filialı arasında 10 dekabr 2013-cü il tarixli, 232YHAK saylı kredit və 10 dekabr 2013-cü il tarixli, 232YHAK saylı ipoteka müqavilələri bağlanmış və “X7” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil götürülmüş kreditin ödənilməsi təminatı kimi girov (ipotekaya) qoyulmuşdur. Lakin ödənişdə gecikmələr baş verdiyindən Cavabdeh1 ASC İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmiş və Cavabdeh3 tərəfindən ipoteka predmeti olan “X7” markalı, 99-HG919 dövlət qeydiyyat nişanlı avtomobilin satışının təşkil edilməsi "xxxx" MMC-yə tapşırılmışdır. Qanunvericiliyin tələbinə əsasən bu halda ipotekaya xitam verilməlidir. Göstərilənlərə əsasən xx.xx.2013-cü il tarixli, 232YHAK saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş “X7” markalı (mühərrik:1GRA769917, ban:JTMHU09J6D4079143, buraxılış ili 2013) avtomobilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-919/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(006)-919/2021 saylı qətnaməsi tamamilə qanunsuz və əsasızdır. Belə ki, iddiaçı tərəfindən avtomobilin kredit borcundan 39500 (otuz doqquz min beş yüz) manat pul ödənilib. Ona görədə həmin avtomobilin üzərində yüklülüyün qalması tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, bu səbəbdən apelyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-919/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləği ödənilməmişdir. İpoteka predmeti üzrə hərracın keçirilməsi barədə bankda hər hansı bildiriş və ya məlumat yoxdur. Bu səbəbdən də məhkəmənin sorğusuna tərəflərindən cavab vermək mümkün olmamışdır. İpoteka predmeti, ümumiyyətlə, banka təklif olunmamışdır. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 232YHAK saylı avtomobil krediti müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 19 faiz olmaqla, 44600 ABŞ dolları məbləğində kredit verilmişdir Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 232YHAK saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı məxsus “X7” minik markalı avtomaşın (qeydiyyat nömrəsi: ** HG ***, tip: universal, buraxılış ili: 2013, rəngi: qara met) banka ipoteka qoyulmuşdur. Müqavilənin 3.5-ci maddəsinə əsasən ipoteka predmeti 59000 manat məbləğində qiymətləndirilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-152/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 19.950,53 ABŞ dolları əsas borc, 3232,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23.182,47 ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, cavabdeh İddiaçı məxsus “X7” markalı (mühərrik:1GRA769917, ban:JTMHU09J6D4079143, buraxılış ili 2013) avtomobilin açıq hərracda satılması və tələbin həmin əmlakın satışından əldə edilən pul vəsaitinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 ASC-yə ödənilməli olan borc və dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(105)- 181/2019 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-152/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 19012 ABŞ dolları əsas borc, 3232,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22244.54 ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 20 (iyirmi) manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, cavabdeh İddiaçı məxsus “X7” markalı (mühərrik:1GRA769917, ban: JTMHU09J6D4079143, buraxılış ili 2013) avtomobilin açıq hərracda satılması və tələbin həmin əmlakın satışından əldə edilən pul vəsaitinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 ASC-yə ödənilməli olan borc və dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iş materiallarından göründüyü kimi iddiaçı 10 dekabr 2013-cü il tarixli, 232YHAK saylı kredit müqaviləsi üzrə öhdəliyini tam olaraq yerinə yetirməmiş, həmin kredit müqaviləsi üzrə banka öhdəliyinin qalması müəyyən edilmişdir. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən ipoteka müqaviləsinin predmetini təşkil edən avtomobil ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən İddiaçı məxsus “X7” markalı avtomobilin açıq hərracda satılması və tələbin həmin əmlakın satışından əldə edilən pul vəsaitinə yönəldilməsi qət edilmişdir. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon İcra Şöbəsinə Abşeron Rayon Məhkəməsinin 2(012)-152/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə icra tədbirlərinin görülməsi barədə verilmiş sorğuya cavab olaraq daxil olmuş 22 aprel 2022-ci il tarixli məktubun məzmunundan aydın olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)181/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı cəmi 22.244.54 ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 20 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə verilməli, cavabdeh İddiaçı məxsus “X8” minik markalı avtomobilə (qeydiyyat nömrəsi 99HG919, tip: universal, buraxılış ili:2013, rəngi: qara met) tutma yönəldilməli və ipoteka predmeti təşkil edən “X8 minik” markalı 99HG919 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 59.000 manat müəyyən edilməli, avtomobilin açıq hərracdan satılması və avtomobilin satışından əldə edilən pul vəsaiyinin hesabına cəmi 22.244.54 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 20 manatı cərimə və 30 manat dövlət rüsumu "xxxx" ASC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət olunmuşdur. Göstərilən icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Abşeron rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə qəbul edilmiş “İcraata başlamaq haqqında” qərar hər iki tərəfə və aidiyyəti məhkəməyə göndərilmişdir. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixdə iş üzrə borclu İddiaçı məxsus olan və faktiki olaraq onun istifadəsində olan “X8 minik” markalı **-HG- *** dövlət qeydiyyat nişanlı avtomobil müvəqqəti saxlanc üçün borclu İddiaçı müvəqqəti saxlanca verilmişdir və ona həmin əmlakın saxlanması ilə bağlı AR CM-nin 303-cü maddəsinin tələbləri izah olunmuşdur. Bundan sonra icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X4 məxsus olan “X8 minik” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması üçün xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə sifariş göndərilmiş və "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərə təyin olunması ilə bağlı bildiriş məktubları şöbənin icraatına daxil olsa da, əmlakın satılması ilə bağlı yekun protokol hazırkı günədək şöbəyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 294-cu maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 527.1ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “İpoteka haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı ipotekaya xitam verilməsini tələb edir. Lakin, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2 və 43.8-ci maddələrinə əsaslanaraq, ipoteka predmetinin satılması üzrə hərracın "xxxx" MMC-yə tapşırıldığını və avtomobilin hərrac yolu ilə tələbkara təklif edildiyini qeyd etsə də, iş materialları ilə hərracı keçirilməsi, hərracın nəticələri barədə yekun protokolun tərtib olunması, ipoteka predmetinin tələbkara təklif olunması barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə apellyasiya baxışı zamanı izahatında hərraclardan məlumatsız olduqlarını, ipoteka predmetinin onlara, ümumiyyətlə, təklif edilmədiyini qeyd etmişdir. Bundan başqa, iddiaçı apellyasiya şikayətinin dəlillərində isə tələblərinin əsası kimi cavabdeh banka borcunun olmamasına əsaslanmış, lakin bu barədə də sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu ödənilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-919/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-254/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-254/2022
05.07.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver