Məhkəmə qərarları › İş №2(103)-2543/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2543/2020

16.06.2020 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2543/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X24 və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı Muradov X9, cavabdehin vəkili Mərəndskiy Rövşən Vidadi oğlunun və üçüncü şəxsin nümayəndələri X26 və X27 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7330/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Muradov X17 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Muradov X17 cavabdeh “Azərbaycan Müəllifləri” İctimai Birliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Müəllifləri” X30 Yığıncağının çağırılması və keçirilməsi, Ümumi X1 sədrlik etdiyi dövrlərinin hesabatının, yəni İctimai Birliyinin üzvlərinin və xarici ölkə təşkilatlarından daxil olmuş müəllif-hüquq qonorarlarının bölgüsü və ödənişi haqqında hesabatın, həmçinin maliyyə hesabatının verilməsi və İctimai Birliyin idarəetmə orqanlarının seçilməsi vəzifəsinin, İctimai Birliyin idarəçiliyinin ümumi yığıncaq keçirilənədək təsisçi X3 həvalə edilməklə “Azərbaycan Müəllifləri” İctimai Birliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 7330/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Muradov X17 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı Muradov X17 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin vəkili Mərəndskiy Rövşən Vidadi oğlu apellyasiya şikayətinə etiraz etdi, üçüncü şəxsin nümayəndələri X26 və X32 isə apellyasiya şikayəti ilə razı olduqlarını bildirdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi xx.xx.2004-cü il tarixdə “X22 X16” İctimai Birliyi adı ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2008-ci il tarixdə qurumun adı dəyişdirilərək “Azərbaycan Müəllifləri” İctimai Birliyi olmuşdur. Qurumun təsisçiləri X4, X18, X14 olmuşdur. 2008-ci ilin ikinci yarısından “Azərbaycan Müəllifləri” ictimai birliyinin sədri vəzifəsini X7 icra etmiş və onun səlahiyyət müddəti xx xxxx 2017-ci il tarixdə bitmişdir. “Azərbaycan Müəllifləri” X30 Yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə X4, X18, X14 təsisçilikdən çıxarılmış və X7, X31 və X19 yeni təsisçi seçilmişlər. xx.xx.2019-cu il tarixdə həmin Yığıncaqda qəbul olunmuş qərarların, yəni İctimai Birliyin adının, hüquqi ünvanının dəyişməsi, nizamnamənin 3-cü redaksiyada təsdiq edilməsi, sədrinin seçilməsi və idarəetmə orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuş, lakin sənədlər natamam təqdim edildiyindən həmin faktlar dövlət qeydiyyatına alınmamışdır. İddiaçı bildirir ki, o, təsisçi kimi İctimai Birliyin fəaliyyəti barədə məlumat almaq istəmiş, lakin dəfələrlə etdiyi yazılı və şifahi müraciətlərinə baxmayaraq heç bir cavab ala bilməmişdir. Təsisçi kimi dəfələrlə tələb etsə də “Azərbaycan Müəllifləri” İB-nin Ümumi Yığıncaqları çağırılmamış, X7 tərəfindən saxta protokollar təqdim edilməklə qeyri-qanuni fəaliyyət göstərmiş, təsisçi kimi hüquqları kobudcasına pozulmaqla ona heç bir məlumat verilməmişdir. İsmayıl Məmmədkərimov fəaliyyət göstərdiyi müddətdə ümumi yığıncaqları keçirmədən formal olaraq saxta protokollar tərtib edərək Birliyə sədrlik etmişdir. xx.xx.2017-ci il tarixdə səlahiyyət müddətinin başa çatmasına baxmayaraq və iddiaçının qanuni tələblərini yerinə yetirməyərək İsmayıl Məmmədkərimov qanunsuz olaraq Birliyin sədri vəzifəsini həyata keçirir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki o, artıq təsisçi deyil. Bundan başqa iddia cavabdeh “Azərbaycan Müəllifləri” İctimai Birliyinə qarşı yox, onun təsisçisinə qarşı qaldırılmalı idi. Həmçinin mahiyyət üzrə bu işlə eyni olan Muradov X8 cavabdeh X6 qarşı sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair Xətai Rayon Məhkəməsinin icraatında digər mülki iş olmuş və iddia rədd edilmişdir. Üçüncü şəxsin nümayəndələri bildirir ki, Birliyin fəaliyyətində ilk növbədə şəffaflıq prinsipinə əməl edilməmişdir. Xüsusən Birlik son illər əsərlərdən istifadəyə görə yığılmış qonorarın məbləği və həmin qonorar məbləğindən ayırmalar, həmçinin hüquq sahiblərinə, o cümlədən xarici ölkələrin hüquq sahiblərinə çatdırılmış qonorar məbləğləri barədə məlumatları Agentliyə təqdim etməmişdir. Eyni zamanda Agentliyin dəstəyi və köməyi ilə Birinci Avropa oyunlarının Təşkilat Komitəsi ilə İctimai Birlik arasında bağlanmış müqavilə əsasında İctimai Birliyə köçürülmüş 80 min manat qonorarın müəlliflərə və digər hüquq sahiblərinə necə çatdırılması barədə də Agentliyə məlumat verilməmişdir. Nizamnaməyə edilmiş dəyişiklikdən sonra “Azərbaycan Müəllifləri” İctimai Birliyi yeni adla Agentliyə müraciət etməli, fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı Agentlikdən icazə almalı idi. Lakin Birlik fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı Agentliyə müraciət etməmiş və Agentlikdə qeydiyyatı (akkreditasiyası) olmadan fəaliyyətini davam etdirmişdir ki, bu da mövcud qanunvericiliyə ziddir. Aparılan araşdırmaların nəticələrinə və məhkəmənin qəbul etdiyi qərara uyğun olaraq, Birliyin qanunsuz fəaliyyətinə münasibətdə müvafiq qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.2-ci maddəsinə görə ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Həmin Qanunun 25.3-cü maddəsinin, həmçinin “Azərbaycan Müəllifləri” İB-nin Nizamnaməsinin 6.2-ci bəndinə görə Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Lakin hazırda iddiaçının “Azərbaycan Müəllifləri” X30 Yığıncağını çağırmaq hüququ mövcud deyil. Belə ki, o, “Azərbaycan Müəllifləri” X30 Yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə təsisçilikdən çıxarılmış və artıq təsisçi deyildir. Həmin qərarın dövlət qeydiyyatına alınmaması və hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparılmış qeydiyyata əsasən iddiaçının təsisçi kimi göstərilməsinə dair kollegiya qeyd edir ki, bu hal “Azərbaycan Müəllifləri” X30 Yığıncağının xx.xx.2018-ci il tarixli qərarının mövcudluğunu aradan qaldırmır. Çünki, həm qanuna, yəni “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.2-ci maddəsinə, həm də “Azərbaycan Müəllifləri” X11 6.1-ci bəndinə görə İctimai Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. “Azərbaycan Müəllifləri” X11 5.12-ci bəndində isə göstərilmişdir ki, üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Göründüyü kimi “Azərbaycan Müəllifləri” İctimai Birliyinin xx.xx.2018-ci il tarixli qərarı ilə Birliyin nizamnaməsində nəzərdə tutulan məsələ həll olunmuşdur. Ona görə də, yalnız həmin qərarla müəyyən olunan dəyişikliklərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməməsi həmin qərarın nəzərə alınmaması üçün əsas ola bilməz. Eyni zamanda iddiaçının diqqətinə çatdırılmasına baxmayaraq, o, həmin qərarı məhkəmə qaydasında mübahisələndirməmiş və bununla bağlı bildirmişdir ki, qərarı saxta hesab etdiyinə görə ayrıca mübahisələndirməsini zəruri hesab etmir. Bu məsələ ilə bağlı kollegiya qeyd edir ki, İctimai Birliyin fəaliyyəti ilə bağlı istənilən mübahisəyə baxıldığı vaxt onun Ümumi Yığıncağının qərarı mütləq nəzərə alınmalıdır. X33 Birliyin ali idarəetmə orqanı hesab edilir və bu səbəbə görə həmin qərar məhkəmə qaydasında mübahisələndirilmədiyi, yəni bununla bağlı konkret iddia irəli sürülmədiyi halda məhkəmə tərəfindən etibarsız qərar kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsi də iddia tələblərindən kənara çıxmağı qadağan edir. Ona görə də, hazırkı işdə İctimai Birliyin xx.xx.2018-ci il tarixli qərarının qanuniliyinə hüquqi qiymət verilə bilməz. Beləliklə, müəyyən olunur ki, iddianı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin hazırda təsisçisi olmayan şəxs irəli sürmüşdür. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından sübutlar araşdırılmadan rədd olunmalıdır. Eyni zamanda kollegiya hesab edir ki, hər hansı əsaslar müəyyən edilmədiyinə görə birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərardadın çıxarılması, cavabdehin vəkili barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına məlumat verilməsi və İsmayıl Məmmədkərimov ilə cavabdehin vəkili barəsində Baş Prokurorluğa məlumat verilməsi barədə iddiaçının vəsatətləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Muradov X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7330/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar