Məhkəmə qərarları › İş №2(103)-2553/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2553/2022

19.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2553/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2553/2022 (Açar sözlər: əmlak bölgüsü) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(007)-691/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 1-da yerləşən 58 saylı mənzil 07 yanvar 2005-ci il tarixində Cavabdeh adına alınmışdır. İddiaçı ilə cavabdeh 2004-cü ilin dekabr ayında el adəti ilə nişamlanmış, 03 may 2005-ci ildə isə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından iki oğlan övladları xx.xx.2006-cı il təvəllüdlü Murad və xx.xx.2008-ci il təvəllüdlü Fuad adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onlar arasında münasibətlər kəskinləşmiş və İddiaçı ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilə ½ hissədə pay hüququnun tanınmasını tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək onların arasında bərabər paylara bölünməsinə dair məhkəmə qətnaməsinin qəbul olunmasını xahiş etmişdir

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Ermənistanın Krasnoselo rayonunda anadan olmuş və məlum hadisələrlə əlaqədar olaraq valideynləri ilə birlikdə Azərbaycan Respublikasına gələrək Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Cavabdeh onun doğma dayışı qızıdır. O,uzun müddətdir ki, Bakı şəhərində yaşayır və Bakıda doğulmuşdur. O, Şəmkir rayonu, Çənlibel kəndində valideynlərinin yanında qeydiyyatda olsa da, həddi büluğa çatdıqdan sonra, yəni 1998-ci ildə Bakı şəhərinə gəlmiş və o vaxtdan daimi olaraq Bakı şəhərində yaşamış və burada işləmişdir. O, Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində işə düzəlmiş və hal-hazıradək orada işləyir. O, işləyib pul topladıqdan sonra 2001-ci ilin 27 aprel tarixində Bakı şəhəri, A.Manafov küçəsi, 5 saylı evin 29.1 kv.m sahəyə malik 1 otaqlı, 42-ci mənzilini alqı-satqı yolu ilə əldə etmişdir. Sonradan maddi imkanları genişləndiyindən və eləcə də ailə qurmaq niyyətində olduğundan daha geniş mənzil əldə etmək istəmiş və bu məqsədlə 2005-ci il yanvar ayında həmin 1 otaqlı mənzili 21.500 (iyirmi bir min beş yüz) ABŞ dollarına satmış və bu məbləğin üstünü düzəldib hazırda cavabdehin qeydiyyatda olduğu ünvan 1-da yerləşən 3 otaqlı, 58 saylı mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Sözügedən mənzili əldə edərkən onun artıq 25 yaşı tamam olmuşdu və şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi vaxtından iki ay keçmişdi. Mənzilin satıcısı isə Kanadaya getməli olduğundan tələsik bir vaxtda düşmüşdü. Həmin dövrdə isə şəxsiyyət vəsiqəsi təxminən bir ay müddətinə dəyişdirilirdi. Məhz bu səbəbdən o mənzili öz adına sənədləşdirə bilməmiş və hesab etmişdir ki, artıq cavabdehlə bir ailədirlər və ona görə də həmin mənzili cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdehlə o təxminən 2004-cü ildə dekabr ayında el adəti üzrə nişanlanmış və onların rəsmi nikahları 2005-ci ilin may ayında rəsmiləşdirilmişdir. Sözügeən mənzildə o 2015-ci ildə əsaslı təmir işləri həyata keçirmiş və mənzili “Evrotəmir” etdirmiş və mənzilin təmirinə təxminən həmin dövrdə 30-35 min ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Cavabdehlə ailə qurduqdan sonra onlar bir müddət bir ailə kimi həmin mənzildə yaşamış və həmin mənzildə onlar cavabdehlə birgə nikahlarından iki oğlan övladları xx.xx.2006-cı il təvəllüdlü Murad və xx.xx.2008-ci il təvəllüdlü Fuad adlı uşaqları doğulmuşdur. Həmin mənzildə onlar təxminən 2016-cı ilin ortalarınadək birgə yaşamış və sonradan cavabdeh onu qeyd edilən mənzildən qovmuşdur. 2014-cü ildə o Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsindəki 4 saylı evin 3 otaqlı 27 saylı mənzilini əldə etmiş və həmin mənzili hal-hazırda onun mülkiyyətində və qanuni istifadəsindədir. ünvan 1-da yerləşən 58 saylı mənzili əldə etdiyi vaxt Cavabdeh məktəbi yeni qurtarmışdı və ATS-də operator işləyirdi və onun aylıq əmək haqqı təxminən 200-250 AZN təşkil edirdi ki, bu pula da hər hansı bir mənzil əldə etmək mümkün deyildi. Onun valideynlərinin isə belə bir məznili alıb qızlarına hədiyyə etməyə maddi imkanları yox idi. Hazırda cavabdehin adına olan mənzil yəni ünvan 1-da yerləşən, 58 saylı mənzil onun cavabdehlə birgə nikahda olduqları dövrdə əldə edilmiş mənzil kimi dəyərləndirilməli və həmin mənzil də onların arasında tən yarı bölünməlidir

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-691/2021 nömrəli 05 mart 2021ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 16 saylı evin 58 saylı, 3 otaqlı mənzili tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunmaqla həmin mənzildən tərəflərin payları aşağıdakı qaydada müəyyən edilməsi: İddiaçı 5/2 hissədə. Cavabdeh 5/3 hissədə, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, mənzillin 07 yanvar 2005-ci il tarixdə nikahdan əvvəl alınmasına baxmayaraq, mənzilin təmiri tərəflər evləndikdən sonra həyata keçirilmişdir. Mənzili təmir edən ustanın məhkəmə iclasında verdiyi ifadə nəzərə alınmaqla təmirdən sonra mənzilin dəyərinin nəzərəçarpacaq dərəcədə 30-35 min ABŞ dolları civarında artması müəyyən olunur. İddiaçı mənzilin təmirinə vəsait sərf etmiş, bununla da əmlak nikahdan əvvəl əldə edilsə də onun təmir xərcləri ümumi (ailə) büdcədən maliyyələşdiyindən tərəflərin birgə mülkiyyətinə çevrilmişdir. İddiaçı birgə mülkiyyətçi kimi əmlaka hüquqları yaranmışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 35, 36.1, 36.3, 37.1, 37.2, Azərbaycan Respublikası Mülki Məcəllənin 213.5, 225.1, və Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələri ilə əsaslandırmışdır.

Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətlərinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 16 saylı evin 58 saylı, 3 otaqlı mənzilinin bölünüb cavabdeh İddiaçı payının 2/5 hissədə, X2 payının isə 3/5 hissədə müəyyən olunması hissəsində dəyişdirilib, mübahisəli mənzildə tərəflərin paylarının bərabər şəkildə müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, S.M.Abdullayevanın hansı diqqətəlayiq mənafeyini və yaxud yetkinlik yaşına çatmayan uşaqlarının hansı mənafeyini əsas götürsün və ya onun ailənin mənafeyinə zidd olan hansı hərəkətlərini nəzərə alıb bu cür absurd bölgüyə qərar versin. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, iş üzrə cavabdehlə onun birgə nikahdan doğulmuş uşaqlarının ikisi də oğlan uşaqlarıdır, hər ikisi sağlamdır, hər hansı bir fiziki və ya psixoloji çatışmamazlıqları yoxdur, birinin 15, digərinin 13 yaşı var. Onların saxlanılması üçün tərəfindən məhkəmənin müəyyən etdiyi məbləğdə aliment ödəyir və ona müraciət olunanda digər ehtiyaclarının ödənilməsinə də çalışır. Cavabdeh S.M.Abdullayevə özü hal hazırda sağlamdır, işləyir və kifayət qədər əmək haqqı alır, onun kənar köməyə və ya yardıma ehtiyacı yoxdur. Onda sual olunur ki, Cavabdeh hansı diqqətəlayiq mənafeyini məhkəmə əsas götürüb belə bir bölgü aparıbdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan iddia zamanı iddiaçı öz iddiasını əsaslandırmaq üçün yalançı şahidlər gətirmiş, hadisələri yalandan və öz mənafeyinə uyğun təhrif etmişdir. Həmçinin məhkəmə bilavasitə öz qətnaməsini əsaslandırmaq üçün şahidlərin ifadələrini məhkəmə iclas protokollarında düzgün əks etdirməmişdir. Belə ki məhkəmə qətnaməsindən göründüyü kimi İddiaçı evlənməmişdən qabaq özünə məxsus bir otaqlı mənzili satdığını bildirmiş, daha sonra həmin pulun üstünü düzəldərək yeni mənzili nişanlısı Cavabdeh adına aldığını bildirmişdir. İş materiallarında olan 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, İddiaçı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 5-də yerləşən 42 saylı mənzili 105.995.000 AZM manata (yüz beş milyon doqquz yüz doxsan beş min AZM manata yeni AZN-lə 21 199 manata) X1 ki adına nikah dövründə əldə edilmiş əmlak kimi mənzil qalmasın. İş materiallarında olan 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* nömrəli əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X6 Bakı şəhəri, Nizami rayonu, A. Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzili 186 354 000 AZM manata (yüz səksən altı milyon üç yüz əlli dörd min AZM manata yeni AZN-lə 37 220 manata) alıcı və iş üzrə Cavabdeh satmışdır. Məhkəmə kollegiyasına bildirilir ki, sözügedən əmlak Cavabdeh mərhum atası X3 tərəfindən bibisi oğlu və kürəkəni İddiaçılə baş tutacaq nikahla əlaqədar hədiyyə və cehiz qismində alınmışdır. Faktiki olaraq məhkəmə tərəfindən ədalətsiz olaraq pay-bölgüsü ilə bölüşdürülmüş əmlak hədiyyə olmaqla yanaşı nikahdan əvvəl alınmışdır. İş materiallarında olan 03 may 2005-ci ildə Bakı şəhəri, Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 393 nömrəli reyestr qeydi aparılmışdır. Bəlli olduğu kimi mənzilin alınma tarixi nikah tarixindən 4 ay əvvələ təsadüf etdiyindən göstərilən xüsusat heç cür mübahisələndirilə bilməz. Xatırlatmaq yerinə düşərdi ki, yanvar ayında alınmış əmlakın heç bir halda ümumi birgə təsərrüfat aparılmaqla ailə və nikah dövrünə aidiyyatı yoxdur. Nikahın may ayında bağlanması danılmaz faktdır. Məhkəmənin mülahizəsinə əsasən istənilən dövlət və ya digər şəxsə məxsus xüsusi mülkiyyət, həmçinin kirayəyə (icarəyə) götürülmüş əmlak yaxşılaşdırdıqdan və ya cari, yaxud da əsaslı təmir etdiridikdən sonra şəxsin mülkiyyətinə keçməlidir. Bu mülahizə özü-özlüyündə gülüncdür və konstitusiyanın imperativ normalarını pozur. Digər tərəfdən məhkəmə öz qətnaməsində vacib bir məsələni nəzərə almamış və ya yə almaq istəməmişdir ki, İddiaçı özünə məxsus və nikah dövrünə düşməməsi baxımından adında saxlamaq istəmədiyi Bakı şəhəri, Nizami rayonu. A.Manafov küçəsi, ev 5-də yerləşən 42 saylı mənzili 07 yanvar 2005-ci ildə satmışdır. Həmin tarixdə edilən alqı-satqı notariat vasitəsi ilə rəsmi qaydada aparılmışdır. Yəni iddiaçının öz haqsız iddiasını əsaslandırmaq üçün gətirdiyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinin üstündən iki ay keçməsi yalanı tam olaraq üzə çıxır. Çünki elə həmin gün o öz adına olan mənzili özünün iddiasında və məhkəmə qətnaməsinin birinci səhifəsində qeyd edildiyi kimi rəsmi qaydada notarius vasitəsi ilə özgəninkiləşdirdiyindən, sözügedən ünvan 1-da yerləşən 58 saylı mənzili də şəxsən alacağı halda isə öz adına rəsmiləşdirməsinə hər hansı problem yaranmayacağı aydın olur. Özünün gətirdiyi yalançı şahidlərin isə onun sözlərini təkrarlaması heç də təəcüb doğurmur. Məhkəmə kollegiyasının diqqətinə bir xüsus da çatdırılmalıdır ki iddiaçının öz iddiasını tutarlı və əsaslı etmək üçün yaxşılaşdırma xərcləri kimi göstərdiyi 30-35 min ABŞ Dolları məbləğinin guya ki xərcləndiyi tarix kimi 2015-ci il göstərilib. Halbuki onlar rəsmi nikahda qalmalarına rəğmən nikah pozulan tarixə artıq 6 ildən çoxdur ki birgə təsərrüfat aparmamışlar və birgə yaşamırlar. Bu illər ərzində heç bir halda İddiaçı nə uşaqlarına, nə də ailəsinə hər hansı yardım və ya maddi dəstək göstərməmişdir. Heç uşaqlarının təhsili və ehtiyacları barədə bu 6 il ərzində maraqlanmamışdır. Arada olan bibioğlu-dayıqızı qohumluğuna görə cavabdeh iddiaçıya hər hansı təzyiq göstərməmiş və ya hər hansı bir iddia və tələblə çıxış etməmişdir. Lakin bir daha vurğulanması lazımdır ki yaxşılaşdırma xərcləri kimi göstərilən 35000 dollar iki dəfə devalvasiya olan 2015-ci ilin ortalarına doğru 36750 AZN, axırlarına doğru isə 54250 AZN edir ki bu qədər məbləğin ümumi sahəsi 56.4 kv.m olan mənzilin təmirinə xərclənməsi real deyildir. Çünki ən azından belə çıxar ki mənzilin hər kvadrat metrinə 1000 AZN pul xərclənmişdir. Buradan da aydın olduğu kimi iddiaçı öz əsassız iddiasını tutarlı etmək üçün yalançı şahidlər gətirmiş və olmayan, həmçinin öz ağlına gələn fantastik bir rəqəmi iddiasında qeyd etmişdir. Hətta getmiş inflasiyanı və daşınmaz əmlak qiymətlərini nəzərə almasaq belə sözügedən məbləğə indiki qiymətlərlə əmlak bazarından yaxın ərazilərdən mənzil almaq mümkündür. Maraqlı olanı odur ki hal-hazırda sözügedən mənzilin doğurdanda əsaslı təmirə ehtiyacı vardır. Yalançı şahidlər mövzusuna toxunarkən bir maraqlı faktı qeyd etməyi lazım bilirik ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 Osəd qızının ifadəsi məhkəmə protokollarında və yekun qətnamədə düzgün əks etdirilməmişdir. Reallıqda həmin şahid məhkəmə iclasında tamam başqa ifadələr, hakim isə tamam başqa suallar vermişdir. Hətta şahidin düzgün olmayan, bir-birinə təzadlı ifadələr verdiyini görən hakim onu məhkəmə iclas zalından çıxarmışdır. Bu məqam təbii ki olduğu kimi qətnamədə əks etdirilsəydi iddia tam olaraq rədd edilməli idi. Kollegiyanın diqqətini maraqlı bir fakta da yönəltmək istərdilər ki, məhkəmənin xx.xx.2021-ci il tarixli, e2(007)-504/2021 saylı qətnaməsi ilə artıq Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 4, 27 saylı ümumi sahəsi 46 kv.m olan digər mənzil ümumi birgə təsərrüfat aparılan dövrdə alınmasına görə tərəflərin payları məhkəmənin ədalətli saydığı qaydada bölünmüşdür. Halbuki bu mənzilə xüsusi mülkiyyəti dövlət və ali qanunumuz olan konstitusiya tərəfindən qorunur. Qeyd edilən baryerin məhkəmə tərəfindən aşılması və sadəcə mülahizə əsasında nikahdan öncə və ümumi birgə təsərrüfat aparılmayan dövrdə hədiyyə kimi alınan başqasına məxsus əmlakın bölünməsi qanunun imperativ normalarının birbaşa və kobud pozuntusudur.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5539/2021 saylı 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev, X.Sarıyev və N.Cəfərov) Cavabdeh apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(007)- 691/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək onların arasında bərabər paylara bölünməsinə dair iddiasının təmin olunmaması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında rəsmi nikah 03 may 2005-ci il tarixdə bağlanmış, onlar arasında ər-arvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh isə mübahisəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl xx.xx.2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almış, xx.xx.2005-ci il tarixdə həmin mənzilə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi qeyd edilən mənzil nikaha daxil olanadək cavabdehə məxsus olduğundan və iddiaçı həmin əmlakın onların birgə mülkiyyəti sayılması üçün ailə və mülki qanunvericiliklə müəyyən edilmiş halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən tərəflərin ümumi əmlakı sayıla və onlar arasında bölünə bilməz.

14. Apellyasiya instansiya məhkəməsi mövqeyini Ailə Məcəlləsinin 9.4, 32.1, 32.2.1, 32.2.2, 34.1, 35, 36.1, 36.4, 37.1, 37.2, Mülki Məcəllənin 225.1, 225.2-ci maddələri ilə əsaslandırmışdır.

c) Kassasiya instansiya məhkəməsində icraat

15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 16 saylı evin 58 saylı, 3 otaqlı mənzilinin bölünüb tərəflərin paylarının bərabər şəkildə müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-30/2022 saylı 13 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər Şahid4, M.Əhmədova və İ.Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5539/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində digər əsaslarla yanaşı öz vəsaiti hesabına mübahisə predmeti olan mənzili əsaslı təmir etdiyini və təmirə 30-35 min ABŞ dolları məbləğində vəsait xərclədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi də məhz həmin əsasa istinad edərək iddianı qismən təmin etmişdir. Apelyasya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və həmin dəlillə bağlı heç bir araşdırma aparmadan qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında rəsmi nikah 03 may 2005-ci il tarixdə bağlanmış, onlar arasında ər-arvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh isə mübahisəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl xx.xx.2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almış, xx.xx.2005-ci il tarixdə həmin mənzilə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi qeyd edilən mənzil nikaha daxil olanadək cavabdehə məxsus olduğundan və iddiaçı həmin əmlakın onların birgə mülkiyyəti sayılması üçün ailə və mülki qanunvericiliklə müəyyən edilmiş halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən tərəflərin ümumi əmlakı sayıla və onlar arasında bölünə bilməz. Halbuki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ərarvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Göründüyü kimi iddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin əsaslı təmir edilib-edilməməsi faktının müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, araşdırma nəticəsində iddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin dəyərini xeyli artıran əsaslı təmir edilməsi faktı sübut edildiyi halda bu hal hazırkı iş üzrə iddianın təmin edilməsinə əsas verə bilər...”

ç) Proses iştirakçılarının izahatı

18. Təkrar apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin verdiyi apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişlər.

19. Təkrar apellyasiya baxışı zamanı cavabdeh və onun nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının verdiyi apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

21. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

22. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

22. Maddə 32.2.1. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

23. Maddə 32.2.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

24. Maddə 34.1 Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).

25. Maddə 35 Ər nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

26. Maddə 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

27. Maddə 36.4 Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

28. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

29. Maddə 37.2 Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

36. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

38. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında rəsmi nikah 03 may 2005-ci il tarixdə bağlanmış, onlar arasında ər-arvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh isə mübahisəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl xx.xx.2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almış, xx.xx.2005-ci il tarixdə həmin mənzilə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

39. İddiaçının tələbi ondan ibarətdir ki, mübahisəli mənzilin təmirinə 30-35 ABŞ dolları pul xərcləmiş, ona görə də, həmin əmlak ümumi birgə mülkiyyət hesab olunmalıdır.

40. Təkrar apellyasiya baxışında təyin edilmiş ekspertizaya əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2650 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmir-tikinti və yenidən qurma işlərinin (cavabdehin bildirdiyi və etiraf etdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6370,0 manat məbləğində müəyyən olunur. 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmirtikinti və yenidən qurma işlərinin (iddiaçının bildirdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10326,5 manat məbləğində müəyyən olunur.

41. Ekspert rəyindən də görünüdüyü kimi iddiaçının və cavabdehin mənzilin təmirlə edilmiş hissələri ilə bağlı bildirdikləri arasında ziddiyyət vardır. Bundan başqa iddiaçı mənzilə 30-35 ABŞ dolla xərc çəkdiyini bildirsə də, ekspert rəyi ilə iddiaçının bildirdiyi hissələrə çəkilməsi ehtimal olunan xərcin məbləği 10326,5 manat müəyyən olunmuşdur.

42. Kollegiya qeyd edir ki, qeyd edilən məbləğlər mənzilin dəyərini artıran əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. kimi qiymətləndirilməsi üçün yetərli hesab edilə bilməz.

43. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının mübahisəli mənzilə xərc çəkməsini təsdiq edən mötəbər sübutu nə birinci apellyasiya baxışında, nədəki hazırki apellyasiya baxışında təqdim etməmişdir.

44. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil nikaha daxil olanadək cavabdehə məxsus olduğundan və iddiaçı həmin əmlakın onların birgə mülkiyyəti sayılması üçün ailə və mülki qanunvericiliklə müəyyən edilmiş halları təsdiq edilmədiyindən həmin əmlak tərəflərin ümumi əmlakı sayıla və onlar arasında bölünə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-691/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Apellyasiya baxışı zamanı keçirilmiş eskpertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X4, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar