Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2561/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələrinin ləğvi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), X3 və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3375/2021 saylı 03 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “TBC Kredit" BOKT MMC-nin iddiası qismən təmin edilərək, cəmi 47729,01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə açıq hərracdan satılması və cavabdehlərin ipoteka predmeti olan ərazidən 1 ay ərzində çıxarılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, cəmi borcun 45455,4 ABŞ dolları olmasını müəyyən etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli qərarla kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi üzrə icraata başlanılmış, hərracın təşkili və keçirilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir.
5. "xxxx" MMC tərəfindən ipoteka predmetinin hərracdan satılması ilə bağlı ilkin satış qiyməti 60000 manat olmaqla 28 sentyabr 2020-ci il tarixə, həmin hərrac baş tutmadığı üçün təkrar hərrac satış qiyməti 51000 manat olmaqla 12 oktyabr 2020-ci il tarixə təyin edilmişdir. Hər iki hərracla bağlı ipoteka qoyana və ipoteka saxlayana bildirişlər göndərilmiş, habelə “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir.
6. “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışında borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı keçirilmiş hərracın baş tutmaması barədə elan verilmişdir.
7. 15.10.2020-ci il tarixli məktubla hərrac təşkilatı hərracın baş tutmamış elan olunması barədə məlumat verməklə, “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə istinadən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 38250 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
8. "xxxx" MMC-nin 19 noyabr 2020-ci il tarixli məktubla ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən 31 avqust 2020-ci il tarixli sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır.
9. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin 30 oktyabr 2020-ci il tarixli 1572/HO-OUT nömrəli məktubla borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərracda satılmadığına görə həmin əmlakı almaq barədə təklifi qəbul edilməsi və hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsinin təmin ediləcəyi göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" BOKT MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair, həmçinin cavabdeh "xxxx" MMC-nin əsl cavabdeh "xxxx" MMC ilə əvəz olunmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzillə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipoteka predmeti olan həmin mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti real bazar qiyməti ilə düzgün qoyulmamış, hərrac qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya göndərilməmiş və hərracın keçirilməsinin vaxtı iddiaçıya müəyyən olmadığından həmin hərracda iştirakı mümkün olmamışdır. Həmçinin ipoteka predmeti olan əmlak 3 dəfə hərraca çıxarılmış və daha sonra "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə satın alınması üçün təklif etmişdir. 3-cü dəfə hərracın keçirilməsi qanunsuz olduğundan və onun hərracın keçirilməsində iştirakı təmin olunmadığından həmin hərracın nəticələri ləğv olunmalıdır. İpoteka saxlayan qanunla müəyyən olunan müddətdə ipoteka predmetini qəbul etməmiş, "xxxx" BOKT MMC-dən 30 oktyabr 2020-ci il tarixlə göndərilməsi qeyd olunan məktub həmin tarixdə MMC-dən xaric olmamış və təbii ki, 02 noyabr 2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olmamışdır. Həmin məktub 02 noyabr 2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olsaydı, Hərrac Mərkəzi bundan 17 gün sonra, yəni 19 noyabr 2020-ci il tarixdə sifariş məktubunu İcra Şöbəsinə qaytarmaz və bu barədə iddiaçıya yazılı formada məlumat verməzdi. İkincisi, "xxxx" BOKT MMC-nin Hərrac Mərkəzinə 30 oktyabr 2020-ci il tarixdə göndərdiyi məktubun Hərrac Mərkəzinə daxil olmasını təsdiq edən hər hansı sübut yoxdur. Digər tərəfdən "xxxx" BOKT MMC-nin təqdim etdiyi “Azari Express”nin 255039 №-li qaiməsində göndərişin “Alıcı” qrafasında qeyd olunan tarixdə edilmiş düzəlişlər də iddiaçıda bu fikri yaradır ki, MMC Hərrac Mərkəzi ilə birləşib, hərraca çıxarılan və qanunla nəzərdə tutulan 30 təqvim günündə qəbul etmədiyi mənzili əldən çıxarmamaq üçün bu məktubları ortaya çıxarmış və bununla da məhkəmələrə yanlış məlumat verərək, mübahisəni öz xeyrinə həll etməyə çalışırlar. Bütün bunlar onu təsdiq edir ki, "xxxx" BOKT MMC qanunvericiliklə nəzərdə tutulan müddətdə, yəni 30 təqvim günü ərzində mübahisəli mənzili qəbul etməmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(005)-3375/2021 nömrəli qətnaməsi (hakim S.İ.Ədilova) iddia təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 7 nömrəli mənzilin açıq hərracdan satılmasına dair hərracın nəticələrinin etibarsız hesab edilməsi, həmin mənzilin üzərində olan ipotekaya xitam verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka saxlayan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC 30 gün ərzində ipoteka predmetini əldə etməmişdir. Belə ki, “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışında mübahisəli əmlaka dair keçirilmiş hərracın baş tutmadığı barədə elan verilmiş, 15 oktyabr 2020-ci il tarixdə hərrac təşkilatı ipoteka saxlayana əmlakın əldə edilməsi ilə bağlı təklif göndərmiş, həmin təklifin surətini eyni zamanda borclu və icra şöbəsinə də ünvanlamışdır. Daha sonra, yəni 19 noyabr 2020-ci il tarixdə hərrac təşkilatının təklifinə ipoteka saxlayan, yəni bank tərəfindən müvafiq cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh bank tərəfindən təklifə cavab verilmədiyindən cavabdeh hərrac təşkilatı sifariş məktubunu icra etmədən icra şöbəsinə qaytarmışdır.
14. Məhkəmə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş çatdırılmanın təsdiqi barədə 255039 nömrəli Qaimənin surətinə münasibətdə qeyd etmişdir ki, çatdırılma tarixində düzəlişlərin edilməsi açıq-aşkar müşahidə edilir. "xxxx" MMC-nin aktı ilə qeyd edilmişdir ki, mübahisəli məktub 02 noyabr 2020-ci il tarixdə 11:59-da "xxxx" MMC-yə çatdırılmışdır. Lakin həmin çatdırılmanın həqiqətən də "xxxx" MMC-yə 02 noyabr 2020-ci il tarixdə çatdırılmasını sübut edəcək reyestrlər, müvafiq qeydiyyat və daxil olma kitabları cavabdeh hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Habelə, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən göndərilən məktublar üçün qeydiyyat jurnalı təqdim edilsə də, həmin qeydiyyat kitabı da lazımi qaydada tərtib edilməmiş, həmin kitabın sonradan deyil, həqiqətən də məhz 2020-ci ildə bank tərəfindən tərtib edildiyi inandırıcı olmamışdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı 19 noyabr 2020-ci il tarixli hərrac təşkilatının icra şöbəsinə ünvanlandığı məktubun bir surətinin iddiaçıya əlyazma təsdiqlənmə üsulu ilə təqdim edilməsi barədə müvafiq məktub iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, həmin məktubla bir daha sübut olunmuşdur ki, cavabdeh bankın hərrac təşkilatına təklifin qəbulu barədə məktubu qeyd edildiyi kimi 02 noyabr 2020-ci il tarixdə daxil olmamışdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 158.3, 178.1, 269.4, 317, 319.1, 319.5, 337.1 və 416.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41 və 43.8-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm iddia ərizəsinin, həm də qətnamənin hüquqi əsası kimi ona istinad edilir ki, ipoteka saxlayan sonuncu hərracın baş tutmamış elan olunduğu gündən 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməyib, halbuki ipoteka predmetinin balansa qəbul edilməsi təklifinə xx.xx.2020-ci il tarixli 1572/HO-out nömrəli məktubla müsbət cavab verilmiş və bu fakt "xxxx" MMCnin 255039 nömrəli Qaiməsi; "xxxx" MMC-nin 255039 nömrəli Qaiməsi ilə göndərilən məktubun hərrac mərkəzinə xx.xx.2020-ci ildə çatdırılmasını təsdiq edən xx.xx.2021-ci il tarixli X4 25 nömrəli Vəkil Bürosuna ünvanladığı 15 aprel 2021-ci il tarixli 01/1047 saylı məktubla sübut edilir. İş materiallarında olan hərracın keçirilməsi vaxtı, yeri və şərtləri barədə bildirişlərin, hərracın və təkrar hərracın baş tutmaması barədə elanların vaxtında verilməsi, hərracla bağlı məlumatları hərrac təşkilatının öz saytında dərc etdirməsi hərracın keçirilməsi qaydalarının pozulmadığını və bununla bağlı heç bir sübutun təqdim edilməməsi qeyd edilən normaların tətbiqinin əsassız olaraq həyata keçirilməsini göstərir. Birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə mövqeyi ilə razı deyillər, çünki onlar 30 gün ərzində əmlakın əldə edilməsi ilə bağlı öz mövqelərini bildirmişlər və eyni zamanda bildirmişlər ki, hərracın keçirilməsi ilə bağlı xərci də ödəyəcəklər. Birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməmiş, Hərrac təşkilatının Sabunçu İcra Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun İddiaçı əlyazma təsdiqlənmə üsulu ilə təqdim edilməsini və bu məzmunlu məktubu digər sübutlardan daha üstün tutmuş və faktiki olaraq ona əsaslanmışdır. "xxxx" MMC-nin 25 saylı Vəkil Bürosuna ünvanladığı məktubun təsdiq edilmiş surətindən də görünür ki, hərrac keçirən təşkilat həqiqətən də onların məktubunu xx.xx.2020-ci ildə alıb, sadəcə onlar 4 gün ərzində 5% hərrac xərcini ödəmədiklərinə görə geri qaytarmışdır. Bu iş üzrə rəsmən yeganə cavabdeh olan "xxxx" MMC-nin nümayəndəsinin açıq elan edilmiş heç bir məhkəmə prosessində iştirak etmədiyinə, onun (X2) “iştirak etdiyi” xx.xx.2021-ci il tarixinə təyin edilmiş iclasın iddiaçının xahişi ilə təxirə salınmasına baxmayaraq, həmin iclası elektron məhkəmə portalında “keçirilmiş” kimi qeyd etmiş, bununla da yalnız iddiaçının və maraqlı şəxs olan apellyantın iştirakı ilə işə baxılmış və çəkişmə prinsipinə əməl edilməmişdir. İddiaçının öz ərizəsində qeyd etdiyi 15 aprel 2021- ci il tarixli 01/1047 saylı məktubu nəzərə alınmamışdır, baxmayaraq ki, həmin məktubda bu iş üzrə cavabdeh olan hərrac şirkəti ipoteka saxlayanın xx.xx.2020-ci il tarixli 1572/HOout nömrəli məktubu xx.xx.2020-ci il tarixdə qəbul etdiyini bildirir. İddiaçı ilk tələbində “mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi”ni və “Hərracın nəticələrinin etibarsız elan edilməsini” xahiş etmiş, lakin daha sonra iddia tələbini bu işə cəlb edilməmiş Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə yönəltmiş və iddia tələbini xx.xx.2021-ciil tarixli əlavə ərizə ilə “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi” tələbi ilə əvəz etmişdir. Hərrac keçirilməsi qaydaları pozulmamışdır, ona görə də hərrac nəticələri etibarsız elan edilə bilməz. Belə pozuntunun olmasını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur və iddiaçı tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı peşəkar vəkil xidmətindən istifadə etsə də, “ipotekaya xitam vermə” tələbini irəli sürməmişdir. Məhkəmə “hərracın nəticələrinin etibarsız elan etmək”lə və “ipotekaya xitam verməklə” iddia tələbindən qanunsuz olaraq kənara çıxmışdır. İddia bu işə heç bir aidiyyəti olmayan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı qaldırılıb, halbuki hərracı "xxxx" MMC keçirmişdir, məhkəmə iddianın əsl cavabdehə qarşı qaldırılmadığını bilməmiş və araşdırmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(103)-2308/2022 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovun və Ş.Ə.Məhərrəmovanın iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(005)-3375/2021 nömrəli qətnaməsi qismən, hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.2, 42.6, 43.1-ci, Mülki Məcəllənin 415.5-ci maddələrinə istinad edərək göstərmişdir ki, hərracın nəticələri dedikdə, hərraca çıxarılmış əmlakın hərrac vasitəsi ilə özgəninkiləşdirilməsi başa düşülür. Bu baş verdikdə isə hərracın nəticələrinə dair müqavilə qüvvəsinə malik olan protokol imzalanır. Digər hallar, yəni hərracın yuxarıda sadalanan əsaslarla baş tutmamış elan edilməsi, yaxud hərracın keçirilməsindən imtina edilməsi isə hərracın nəticəsi hesab edilə bilməz. Hazırkı işin hallarından görünür ki, iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərrac vasitəsilə satılması baş tutmamış, onun özgəninkiləşdirilməsinə dair protokol tərtib edilməmişdir. Deməli hərracın nəticəsi olmamışdır. Belə olan halda, iddiaçının hərracın nəticələrinin etibarsızlığını tələb etməsi faktiki olaraq mövcud olmayan nəticənin mübahisələndirilməsi anlamına gəlir. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan iddianı həmin hissədə təmin etmiş, bununla da işin hallarına düzgün hüquqi qiymət verməmişdir.
20. Bununla belə, apellyasiya məhkəməsi iddianın ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsini hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə həmin əmlak üzərində ipotekaya xitam verilməsi anlayışları öz hüquqi təbiəti və doğurduğu hüquqi nəticə etibarilə eyni əhəmiyyətə malikdirlər. Bu baxımdan, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə tələbi təmin edərkən, bunu qətnamədə həmin əmlakın üzərində olan ipotekaya xitam verilməsi kimi göstərməsi MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından işə baxan məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməməlidir.
21. Həmin iddianın mahiyyətinə gəldikdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə və İddiaçı ünvanlanmış 19 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, MMC İcra şöbəsinin 1596- 24736/15 saylı, 20 fevral 2020-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə və həmin qanuna edilmiş dəyişikliklərə uyğun olaraq hərraclar keçirmiş, hərracın keçirilməsi ilə bağlı bildirişləri tərəflərə təsdiq etmə üsulu ilə göndərmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən hərraclar baş tutmamış elan edilmişdir. Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan hərracın baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetini əldə etməli olduğu halda, ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən, adı çəkilən Qanunun 43.8ci maddəsinə uyğun olaraq 26-10 saylı, 31 avqust 2020-ci il tarixli sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə onlara göndərilmişdir. İş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli 1572/HO-OUT nömrəli təklifin qəbulu haqqında məktubun surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC "xxxx" MMCnin 15 oktyabr 2020-ci il tarixli 01/512 nömrəli məktubuna cavab olaraq bildirir ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərracda satılmadığına görə həmin əmlakı almaq barədə təklifi qəbul edir və hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsini təmin edəcək.
22. Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin apellyasiya şikayətinin dəlillərindən biri də hərrac təşkilatının həqiqətən də onların ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifi qəbul etmələrinə dair məktubunu 02 noyabr 2020-ci ildə alması, lakin onlar 4 gün ərzində 5% hərrac xərcini ödəmədiklərinə görə geri qaytarması ilə bağlı olmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən həmin məktubun çatdırılmasının təsdiqi barədə 255039 nömrəli Qaimənin surətinə münasibətini təkrarlamış, qeyd edilən sübut növünün qiymətləndirilməsi ilə bağlı mövqeyini doğru hesab etmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC təklifin qəbulu barədə məktubun doğrudan da 4 gün sonra hərrac təşkilatı tərəfindən geri qaytarıldığı ehtimal olunsa belə, bundan sonra ağlabatan müddət ərzində yaranmış anlaşılmazlığın aradan qaldırılması və həmin əmlakın əldə edilməsi ilə bağlı hər hansı addımlar atması iş materialları ilə müəyyən edilmir. Burada ağlabatan müddət dedikdə, apellyasiya məhkəməsi “İpoteka haqqında” Qanunla ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması üçün müəyyən edilmiş məhdud müddəti (30 gün) nəzərdə tutmuşdur. Belə ki, tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin peşəkar kredit təşkilatı olaraq belə müddətlərin mövcudluğundan xəbərsiz olması inandırıcı deyildir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
23. Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(103)-2308/2022 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci, Mülki Məcəllənin 405-ci, Mülki Prosessual Məcəllənin 88, 372.6, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Poçt təşkilatının 255039 nömrəli qaiməsindən, 22 oktyabr 2021-ci il tarixli aktından və "xxxx" MMC-nin 25 saylı Vəkil Bürosuna ünvanladığı 15 aprel 2021-ci il tarixli məktubun təsdiq edilmiş surətindən aydın görünür ki, ipoteka predmetinin 38250 manata balansa qəbul olunması barədə təklifin qəbul olunması barədə "xxxx" MMC-nin cavab məktubu hərrac təşkilatçısı tərəfindən həqiqətən 02 noyabr 2020-ci ildə alınmışdır. Lakin, 15 aprel 2021-ci il tarixli məktubda da aydın göstərildiyi kimi “qeyd olunan əmlakla bağlı xidmət haqqının (hərracın predmetinin ilkin satış qiymətinin 5%-i həcmində hərrac xərcinin) ödənilməsi üçün hesab-faktura "xxxx" MMC tərəfindən hərrac təşkilatından tələb olunmadığından tələbkara təqdim edilməmiş, bu səbəbdən tələbkar həmin əmlakı tələb etməmiş və hərrac sifarişi 19 noyabr 2020-ci il tarixli məktubla sifarişin icrasını yekunlaşdırmaq məqsədi ilə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmışdır. Buna baxmayaraq, Mülki Məcəllənin 405-ci maddəsinə uyğun olaraq hərrac təşkilatçısı "xxxx" MMC-nin ipoteka predmeti olan əmlakın balansa qəbul edilməsinə dair təklifin "xxxx" MMC tərəfindən qəbul edilməsi ilə tərəflər arasındakı müqavilə bağlanmış hesab olunur. Lakin apellyasiya instansiyası məhkəməsi bununla bağlı formalaşmış vahid məhkəmə təcrübəsini pozaraq, digər cavabdeh "xxxx" MMC-nin yuxarıda qeyd edilən 02 oktyabr 2020-ci il tarixli təklifini müqavilə bağlamaq barədə oferta, "xxxx" MMC-nin həmin təklifə dair 15 oktyabr 2020-ci il tarixli cavab məktubunu isə ofertanın aksepti kimi qiymətləndirməli və müqaviləni bağlanmış hesab etməli olduğu halda, bunu etməmiş, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuş və bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. İş materiallarından görünür ki, cavabdeh "xxxx" BOKT MMC həm hərrac təşkilatı ilə müqavilənin bağlanması, həm də sonradan yaranmış anlaşılmamazlığın aradan qaldırılması ilə bağlı ardıcıl tədbirlər görmüş, 30 günlük müddət ötmədən ipoteka predmetinin balansa qəbul edilməsi ilə bağlı hərrac təşkilatına məktub göndərilmiş, ipoteka predmetini balansa qəbul etmək mümkün olmadıqda isə "xxxx" BOKT MMC tərəfindən hərrac təşkilatına qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə iddia qaldırılmışdır.
25. Həmçinin iş materiallarında olan iddia tələbinin və cavabdehin dəyişdirilməsi barədə ərizədən məlum olur ki, qeyd edilən ərizə iddiaçı tərəfindən sonuncu iclasda, yəni baxış iclasında təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsində keçirilmiş heç bir məhkəmə iclasında göstərilən ərizə iddiaçı tərəfindən təqdim edilməmiş, məhkəmə tərəfindən elan edilməmiş, elektron məhkəmə sistemində yerləşdirilməmiş, surəti cavabdehə təqdim edilməmiş və göndərilməmişdir. Bununla da, birinci instansiya məhkəməsi MPM-in 53-cü və 188.1.2-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi isə yuxarıda göstərilən prosessual pozuntulara əhəmiyyət və hüquqi qiymət verməmiş və bununla MPM-nin 372.7-ci maddəsinin tələbini pozmuşdur. Apellyasiya məhkəməsi əsassız olaraq cavabdeh tərəfindən təqdim olunan sübutlara hüquqi qiymət verməmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 18/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(103)- 2308/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
"İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun
29. 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.
30. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar.
31. 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, habelə hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.
32. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
33. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
34. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu maddədə müəyyən edilmiş 30 günlük müddət kəsici müddətdir və bu müddətin keşməsi ipotekaya xitam verilməsinə səbəb olur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
35. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
41. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3375/2021 saylı 03 dekabr 2021-ci il tarixli qətnaməsi "hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində" ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)- 2561/2023 nömrəli qərardadı ilə mülki işin icraatı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının icraatında olan iddiaçı "xxxx" BOKT MMC-nin "xxxx" MMC-yə qarşı hərracın nəticələri barədə protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Azərbaycan Respublikası Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin üzərinə qoyulması tələbinə dair iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
47. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 446/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı "xxxx" BOKT MMC-nin "xxxx" MMC-yə qarşı hərracın nəticələri barədə protokolun və alqısatqı müqaviləsinin bağlanması tələbinə dair kommersiya işi üzrə yekun məhkəmə aktı qəbul olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli 2(103)-9/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
48. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının təhlilindən göründüyü kimi hərracın nəticələri dedikdə, hərraca çıxarılmış əmlakın hərrac vasitəsi ilə özgəninkiləşdirilməsi başa düşülür. Bu baş verdikdə isə hərracın nəticələrinə dair müqavilə qüvvəsinə malik olan protokol imzalanır. Digər hallar, yəni hərracın yuxarıda sadalanan əsaslarla baş tutmamış elan edilməsi, yaxud hərracın keçirilməsindən imtina edilməsi isə hərracın nəticəsi hesab edilə bilməz.
49. Hazırkı işin hallarından görünür ki, iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərrac vasitəsilə satılması baş tutmamış, onun özgəninkiləşdirilməsinə dair protokol tərtib edilməmişdir. Deməli hərracın nəticəsi olmamışdır.
50. Belə olan halda, iddiaçının hərracın nəticələrinin etibarsızlığını tələb etməsi faktiki olaraq mövcud olmayan nəticənin mübahisələndirilməsi anlamına gəlir.
51. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan iddianı həmin hissədə təmin etmiş, bununla da işin hallarına düzgün hüquqi qiymət verməmişdir.
52. Cavabdeh həmçinin ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddianın bu hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin hissədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
53. Kollegiya ilk növbədə qeyd edir ki, əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə həmin əmlak üzərində ipotekaya xitam verilməsi anlayışları öz hüquqi təbiəti və doğurduğu hüquqi nəticə etibarilə eyni əhəmiyyətə malikdirlər.
54. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə tələbi təmin edərkən, bunu qətnamədə həmin əmlakın üzərində olan ipotekaya xitam verilməsi kimi göstərməsi MPMnin 218.3-cü maddəsinin tələbləri baxımından işə baxan məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməməlidir.
55. Həmin iddianın mahiyyətinə gəldikdə isə kollegiya qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə və İddiaçı ünvanlanmış 19 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, MMC İcra şöbəsinin 1596- 24736/15 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili “İpoteka Haqqında” və həmin qanuna edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq hərraclar keçirmiş, hərracın keçirilməsi ilə bağlı bildirişləri tərəflərə təsdiq etmə üsulu ilə göndərmişdir. ’’İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən hərraclar baş tutmamış elan edilmişdir. Yuxarıda qeyd olunan Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan hərracın baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetini əldə etməli olduğu halda, ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən, adı çəkilən qanunun 43.8-ci maddəsinə uyğun olaraq 26-10 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə onlara göndərilmişdir.
56. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1572/HO-OUT nömrəli təklifin qəbulu haqqında məktubun surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli 01/512 nömrəli məktubuna cavab olaraq bildirir ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərracda satılmadığına görə həmin əmlakı almaq barədə təklifi qəbul edir və hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsini təmin edəcək.
57. Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin apellyasiya şikayətinin dəlillərindən biri də hərrac təşkilatının həqiqətən də onların ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifi qəbul etmələrinə dair məktubunu xx.xx.2020-ci ildə alması, lakin onlar 4 gün ərzində 5% hərrac xərcini ödəmədiklərinə görə geri qaytarması ilə bağlı olmuşdur.
58. Birinci instansiya məhkəməsi qeyd edilən həmin məktubun çatdırılmasının təsdiqi barədə 255039 nömrəli Qaimənin surətinə münasibətdə hesab etmişdir ki, çatdırılma tarixində düzəlişlərin edilməsi açıq-aşkar müşahidə edilir. Azari MMC-nin aktı ilə qeyd edilmişdir ki, mübahisəli məktub xx.xx.2020-ci il tarixdə 11:59-da "xxxx" MMC-yə çatdırılmışdır. Lakin həmin çatdırılmanın həqiqətən də "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə çatdırılmasını sübut edəcək reyestrlər, müvafiq qeydiyyat və daxilolma kitabları cavabdeh hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Habelə, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən göndərilən məktublar üçün qeydiyyat jurnalı təqdim edilsə də, həmin qeydiyyat kitabı da lazımi qaydada tərtib edilməmiş, həmin kitabın sonradan deyil, həqiqətən də məhz 2020-ci ildə bank tərəfindən tərtib edildiyi inandırıcı olmamışdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı xx.xx.2020-ci il tarixli hərrac təşkilatının icra şöbəsinə ünvanlandığı məktubun bir surətinin iddiaçıya əlyazma təsdiqlənmə üsulu ilə təqdim edilməsi barədə müvafiq məktub iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, həmin məktubla bir daha sübut olunmuşdur ki, cavabdeh bankın hərrac təşkilatına təklifin qəbulu barədə məktubu qeyd edildiyi kimi xx.xx.2020-ci il tarixdə daxil olmamışdır.
59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən sübut növünün qiymətləndirilməsi ilə bağlı bu mövqeyini doğru hesab edir və əlavə olaraq qeyd edir ki, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC təklifin qəbulu barədə məktubun doğrudan da 4 gün sonra hərrac təşkilatı tərəfindən geri qaytarıldığı ehtimal olunsa belə, bundan sonra ağlabatan müddət ərzində yaranmış anlaşılmazlığın aradan qaldırılması və həmin əmlakın əldə edilməsi ilə bağlı hər hansı addımlar atması iş materialları ilə müəyyən edilmir. Kollegiya burada ağlabatan müddət dedikdə, “İpoteka Haqqında” qanunla ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması üçün müəyyən edilmiş məhdud müddəti (30 gün) nəzərdə tutur. Belə ki, tələbkar “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-nin peşəkar kredit təşkilatı olaraq belə müddətlərin mövcudluğundan xəbərsiz olması inandırıcı deyildir.
60. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
61. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
62. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu maddədə müəyyən edilmiş 30 günlük müddət kəsici müddətdir və bu müddətin keşməsi ipotekaya xitam verilməsinə səbəb olur.
63. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili üzərində olan ipotekaya xitam verilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3375/2021 saylı 03 dekabr 2021-ci il tarixli qətnaməsi "hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində" ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.