Məhkəmə qərarları › İş №2(103)-2584/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2584/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2584/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı İKB ASC-nin (indiki adı “xxxx” ASC) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 4986/2019 saylı qətnaməsindən İddiaçı İKB ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 135789,36 manat əsas, 546,87 manat faiz, 766,56 manat cərimə borcu olmaqla cəmi 137102,79 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsində yerləşən 3 otaqlı 132.4 kv.m ümumi, 85.2 kv.m yaşayış, 47.2 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 56 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-nin Lənkəran filialından Cavabdeh1 160000 AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 ay müddətinə kredit limiti ayrılmışdır. Əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçıİKB ASC-nin “Lənkəran” filialından illik 7%-lə 60 ay müddətinə 145000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsində yerləşən 3 otaqlı 132.4 kv.m ümumi, 85.2 kv.m yaşayış, 47.2 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 56 nömrəli mənzili xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə xx xxxxx 2019-cu il tarixədək Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 135789,36 manat əsas, 546,87 manat faiz, 766,56 manat cərimə borcu olmaqla cəmi 137102,79 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Lakin cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-4986/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 135789,36 manat əsas borc, 546,87 manat faiz, 766,56 manat cərimə borcu olmaqla, ümumilikdə 137102,79 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun İddiaçı İKB ASCnin xeyrinə tutulması, tələbin Cavabdeh1 Azay oğluna məxsus Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi ev 13-də yerləşən 56 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 350000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, qeyd edilən daşınmaz əmlak satıldıqdan 1 ay sonra könüllü boşaldılmadığı təqdirdə Cavabdeh1 həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit götürüldükdən sonra 2015-ci ildən 2019-cu ilin noyabr ayına qədər o, banka 116224 manat, o cümlədən məhkəmədə hazırkı iddia qaldırıldığı gündən apelyasiya şikayəti verdiyi günədək 56000 manat məbləğində ödəniş etmiş, lakin məhkəmə tərəfindən həmin ödənişlər nəzərə alınmamışdır. Buna görə də məhkəmə mühasibatlıq ekspertizası keçirilərək kredit borcunun dəqiq məbləği müəyyənləşdirilməlidir. İddiaçı İKB ASC də qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın təmin edilməyən hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bankın apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsində yerləşən 13 nömrəli evin 56 saylı mənzili real dəyərindən artıq---350000 manat məbləğində qiymətləndirilmiş, mənzilin dəyəri müəyyən edilərkən əvvəlki illərlə müqayisədə mənzillərin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi nəzərə alınmamışdır. Bu isə faktiki olaraq həmin əmlakın hərrac zamanı satılmasını qeyri-mümkün etmiş olur. Buna görə də yenidən qiymətləndirmə təyin etməklə mənzilin real bazar qiyməti müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi öz apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apelyasiya şikayətlərinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı İKB ASC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-4986/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 13 SKMF-1-0-264-15 №-li kredit müqaviləsi ilə Cavabdeh1 160000 AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 ay müddətinə kredit limiti ayrılmışdır. Daha sonra İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 7% dərəcəsi ilə 60 ay müddətinə 145000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli 13-KTKDX- 3-0-699-15 nömrəli və 13-KTKDX-3-0-699-15 nömrəli zaminlik müqavilələrinə əsasən, Cavabdeh2 və Cavabdeh3 borcalanın bankla arasında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə zamin durmuşlar. xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsində yerləşən 13 nömrəli evin 56 nömrəli mənzili borcun təminatı olaraq İddiaçı İKB ASC-nin xeyrinə yüklü edilmiş və bu yüklülük və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı İKB ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 135789,36 manat əsas borc, 546,87 manat faiz borcu, 766,56 manat cərimə borcu olmaqla, ümumilikdə 137102,79 manat borcu vardır. İddiaçı İKB ASC borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq göndərmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, Cavabdeh1 Azay oğluna məxsus Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi ev 13-də yerləşən 56 nömrəli mənzilin bazar qiyməti 350000 manat təşkil edir. İddiaçı bankın apelyasiya şikayətində qeyd olunan xüsusatın yoxlanılması məqsədilə apelyasiya icraatı zamanı ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilməsi keçirilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 Azay oğluna məxsus Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi ev 13-də yerləşən 56 nömrəli mənzilin bazar qiyməti 315000 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, ipoteka predmetinin ilkin satış qiyməti xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 265000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən mənzilin bazar qiyməti 350000 manat müəyyən edilmiş, məhkəmə qətnaməsində də mənzilin qiyməti həmin məbləğdə müəyyən edilmişdir. Apelyasiya icraatı zamanı keçirilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetinin ilkin satış qiyməti 315000 manat təyin edilmişdir. Hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 315000 manat müəyyən edilməsi daha ağlabatandır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair tələblərdə ilk olaraq ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilir. İlkin satış qiyməti isə ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı bankın nümayəndəsi hazırkı iş üzrə prosesin uzanmaması üçün ipoteka predmetinin ilkin satış qiymətinin likvid qiyməti ilə müəyyənləşdirilməsinə razı olduğunu bildirdi və həmin qiyməti gələcəkdə mübahisələndirməyəcəklərini qeyd etdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 315000 manat müəyyən edilməklə qətnamə həmin hissədə dəyişdirilməlidir. İddiaçı bank qətnamənin qismən ləğv olunaraq iddianın təmin edilməyən hissədə tam təmin edilməsini xahiş etsə də, bu hissədə apelyasiya şikayətini əsaslandırmamışdır. İddia tələbinin təmin edilməyən hissələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənzilin banka təhvil verilməsini tələb etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq mənzilin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini qət etmiş, habelə Cavabdeh1 ipoteka predmeti olan mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində iddianı təmin etməyərək iddiaçının həmin tələbi irəli sürməyə subyektiv hüquqa malik olmadığını qeyd etmişdir. Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı Bankın tələb etdiyi kredit borcu xx xxxxx 2019-cu il tarixədək olan borcu əhatə edir. Cavabdeh1 isə kredit götürüldükdən sonra 2015ci ildən 2019-cu ilin noyabr ayına qədər banka 116224 manat, o cümlədən məhkəmədə hazırkı iddia qaldırıldığı gündən apelyasiya şikayəti verdiyi günədək 56000 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Apelyasiya şikayətində məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zərurliyi əsaslandırılmamış, buna görə də məhkəmə kollegiyası ekspertiza keçirilməsinə zərurət görməmişdir. Kollegiya həmçinin qeyd edir ki, xx xxxxx 2019-cu il tarixdən sonrakı ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İKB ASC-nin (“xxxx ASC”) apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-4986/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti 315000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar