Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-259/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən təmir edilmiş və Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20-də yerləşən 3 saylı mənzilin təmir-tikintisi üçün onun tərəfindən çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 24.507,90 manat, mənzilin təmirinə çəkilmiş xərcin qiymətləndirilməsi və müvafiq rəyin verilməsi məqsədilə mütəxəssisə ödədiyi 300 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1130/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri hazırki iddiada qeyd edilən mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və hazırki iş üzrə iddiaçı tərəfindən hazırki iş üzrə cavabdehə təhvil verilməlidir. Qətnamə artıq icra olunmuşdur. İddiaçıdan alınaraq cavabdehə verilmiş mənzil iddiaçı tərəfindən təmir edilmiş, mənzili yaxşılaşdırmışdır. İddiaçı, onun tərəfindən təmirə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi üçün “X4” Qiymətləndirmə Şirkətinə müraciət etmiş və həmin Şirkət müəyyən etmişdir ki, iddiaçı tərəfindən təmirə 24.507,90 manat məbləğində xərc çəkilmişdir. Həmin qiymətləndirilmənin həyata keçirilməsi üçün iddiaçı tərəfindən həmin Şirkətə 300 manat xərc çəkilmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, həmin pul məbləğləri cavabdehdən alınaraq ona ödənilməlidir, çünki o, etdiyi təmir ilə mənzilin şəraitini yaxşılaşdırmış, həmin yaxşılaşdırmanı naturada geri götürə bilmir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mənzilinin təmir xərclərinin dəyəri olaraq 21.150 manat, qiymətləndirmə rəyinin alınması üçün iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 300 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıdan alınaraq cavabdehə verilmiş mənzil iddiaçı tərəfindən təmir edilmişdir. İddiaçı, onun tərəfindən təmirə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi üçün “X4” Qiymətləndirmə Şirkətinə müraciət etmiş və həmin Şirkət müəyyən etmişdir ki, iddiaçı tərəfindən təmirə 24.507,90 manat məbləğində xərc çəkilmişdir. Bunu müəyyən etmiş Şirkət bu barədə xx.xx.2022-ci il tarixli, UNİ/O 24- 204/20 saylı hesabat vermişdir. İşə baxılan zaman məhkəmə tərəfindən qəbul edilmiş qərardada əsasən "xxxx" MMC tərəfindən mənzilin təmirinə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirilmə aparılmış və bununla bağlı müvafiq rəy verilmişdir. Həmin MMC tərəfindən verilmiş H/01-PLS saylı, xx.xx.2022-ci il tarixli hesabatda qeyd edilmişdir ki, iddiaçı tərəfindən təmirə çəkilmiş xərc, amortizasiya nəzərə alınmaqla 21.150 manat təşkil edir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, mənzildən çıxarkən mənzildə apardığı təmir-tikinti işlərinin foto şəkillərini çəkmiş, habelə mənzilə edilmiş təmir-tikinti işlərini qiymətləndirmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzilin əvvəlki sahibləri tərəfindən təmir edilmiş, sonra hazırki iş üzrə iddiaçı mənzili zəbt edərək mənzilə sahiblənmiş, məhkəmənin qəbul etdiyi qətnamə əsasında mənzil iddiaçıdan alınaraq cavabdehə təhvil verilmiş, cavabdeh mənzili X1 və sonuncu həmin mənzili təmir etdirmişdir. İddiaçı mənzilin məhz onun tərəfindən təmir edilməsini təsdiq edə biləcək sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir. Mənzilin təmirli vəziyyətdə olmasını əks etdirən və iddiaçının istinad etdiyi fotoşəkillər, “X4” Qiymətləndirmə Şirkətinin verdiyi xx.xx.2022-ci il tarixli hesabat, habelə Rayon Məhkəməsinin istinad etdiyi və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabat mənzilin məhz iddiaçı tərəfindən təmir olunmasını təsdiq etmir. Bundan başqa nəzərə alınmalıdır ki, qeyd edilən həmin hesabatlar əsaslı hesab edilə bilməz, çünki mənzilin əvvəlki sahiblərindən biri olan X6 müraciəti əsasında "xxxx" Müəssisəsi tərəfindən aparılmış qiymətləndirilmə nəticəsində xx.xx.2020-ci il tarixdə verilmiş E/27 saylı hesabatda qeyd edilmişdir ki, mənzilin təmirinə çəkilmiş xərc, amortizasiya nəzərə alınmaqla 6.500 manat təşkil edir. Göstərilənlərə əsasən o hesab edir ki, iddia əsassızdır. Lakin Rayon Məhkəməsi iddianı təmin etmişdir.
8. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, mənzili 2014-2017-ci illərdə təmir etdirmişdir. Mənzilin fotoşəkillərini Rayon Məhkəməsinə təqdim etmişdir. Həmin fotoşəkillərdən görünür ki, mənzil təmir olunub. Təmirə lazım olan təmir-tikinti materiallarının alınmasını, təmiri həyata keçirmiş ustalara pulun ödənilməsini təsdiq edə biləcək qəbzlər, təmir-tikinti işlərinə dair layihə-smeta sənədləri yoxdur və əvvəldən də olmamışdır. Bildiyinə görə, mənzilin yeni sahibi, hazırki iş üzrə tərəf olmayan X3r və o, sonradan mənzili bir daha təmir etdirmişdir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
10. Belə ki, işdə olan sənədlərdən, o cümlədən məhkəmə aktlarından, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1130/2018 saylı mülki iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar olaraq hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri hazırki iddiada qeyd edilən mənzildən çıxarılmış, mənzil boşaldılaraq hazırki iş üzrə cavabdehə təhvil verilmişdir.
11. İddiaçı bildirir ki, mənzil onun tərəfindən 2014-2017-ci illər ərzində təmir edilmişdir. Mənzil cavabdehə təhvil verildiyi üçün o, mənzilə çəkdiyi xərcdən məhrum olmuş, buna görə də ona maddi zərər dəymişdir. O, təmirə çəkdiyi xərcin məbləğinin müəyyən edilməsi üçün “X4” Qiymətləndirmə Şirkətinə müraciət etmiş və həmin Şirkət müəyyən etmişdir ki, onun tərəfindən təmirə 24.507,90 manat məbləğində xərc çəkilmişdir. Buna görə də, həmin məbləğ, habelə qiymətləndirmə işinin aparılması üçün həmin Şirkətə ödədiyi 300 manat xidmət haqqı cavabdehdən onun xeyrinə tutulmalıdır ki, ona dəymiş zərər aradan qalxsın, çünki o, mənzildə etdiyi təmir ilə mənzilin şəraitini yaxşılaşdırmış, həmin yaxşılaşdırmanı naturada geri götürə bilmir.
12. İddiaçının istinad etdiyi və "xxxx" MMC tərəfindən verilmiş UNİ/O 24-204/20 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli mənzilin daxilində iddiaçı tərəfindən görülmüş təmir-tikinti işlərinin həcmi və dəyəri bazar qiymətləri nəzərə alınmaqla 24.507,90 manat təşkil etmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki işə baxmış Rayon Məhkəməsinə verilmiş 10/1885 saylı, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, mübahisəli mənzilində aparılmış təmirə çəkilmiş xərclərin amortizasiya olunma faktı və hazırki bazar qiymətləri nəzərə alınmaqla və eləcədə iş materiallarında olan foto şəkillərə əsasən dəqiq dəyərini müəyyən etmək mümkün olmamışdır.
14. "xxxx" MMC tərəfindən hazırki işə baxmış Rayon Məhkəməsinə verilmiş H/01- PLS saylı, xx.xx.2022-ci il tarixli “Qiymətləndirmə hesabatından” görünür ki, mübahisəli mənzilin təmirinə çəkilən xərc, amortizasiyası nəzərə alınmaqla, 21.150 manat təşkil etmişdir.
15. Rayon Məhkəmə qeyd edilənləri və işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən mənzilə çəkilmiş xərcin əvəzi olaraq 21.150 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (maddə 157.5.). İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər (maddə 157.6.). Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 157.7.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir (maddə 1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (maddə 1092.2.).
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən əsasla cavabdehdən onun xeyrinə pul məbləğinin tutulmasını iddia edən iddiaçı, öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni ondan alınaraq cavabdehə təhvil verilmiş mübahisəli mənzilin 2014-2017-ci illər ərzində onun tərəfindən təmir olunduğunu sübut etməlidir. Lakin o, Məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təmir-tikinti materiallarının alınmasını, təmiri həyata keçirmiş ustalara pulun ödənilməsini təsdiq edə biləcək qəbzlər, təmir-tikinti işlərinə dair layihəsmeta sənədləri yoxdur və əvvəldən də olmamışdır. O, mənzilin fotoşəkillərini Rayon Məhkəməsinə təqdim etmiş və həmin fotoşəkillərdən görünür ki, mənzil təmir olunub.
19. Məhkəmə bildirir ki, iddiaçının istinad etdiyi fotoşəkillərdən mənzilin iddiaçı tərəfindən və iddiaçının bildirdiyi zamanda təmir edilməsi müəyyən edilmir. Buna görə də, Məhkəmə həmin fotoşəkilləri etibarlı sübut kimi qəbul etmir.
20. Buna baxmayaraq, Məhkəmə, mübahisəli mənzildə aparılmış təmirə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi və təmirin mənzilin iddiaçının istifadəsində olan zaman təmir-olunub olunmamasını müəyyən etmək məqsədi ilə apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və əlavə məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və ekspertizaların keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir.
21. Ekspertiza Mərkəzi tərəfindən Məhkəməsinə verilmiş 10/5721 saylı, xx.xx.2022ci il tarixli rəydən və 10/667 saylı, xx.xx.2023-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, mübahisəli mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 24.825 manat təşkil edir. Mənzilin iddiaçının bildirdiyi zaman təmir edilməsi ilə əlaqədar layihə-smeta və materialların alınmasına dair qaimə sənədləri olmadığından mənzilin həmin zaman təmir edilib-edilməməsi barədə sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır.
22. Göründüyü kimi mübahisəli mənzilin iddiaçının istifadəsində olan zaman təmir edilib-edilməməsini ekspertiza vasitəsilə də müəyyən etmək mümkün olmamışdır. Buna görə də qəbul edilməlidir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetmir.
23. Məhkəmə bildir ki, sübuta söykənməyən tələb əsaslı hesab edilə bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi isə işin bu halını nəzərə almamışdır.
24. “Təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi barədə” iddia əsassız olduğundan Məhkəmə hesab edir ki, iddiaçı, qeyd edilən iddianın irəli sürülməsi üçün “X4” Qiymətləndirmə Şirkətinə ödədiyi Şirkətə 300 manatın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etməkdə də, haqlı deyil. Çünki MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.).
25. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.
26. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
27. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. "xxxx" MMC tərəfindən hazırki iş üzrə keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMCyə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumunun əvəzi – 15 (on beş) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.