Məhkəmə qərarları › İş №2(103)-7101/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7101/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7101/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi, əsassız varlanma, sübutların qiymətləndirilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Fərdi mənzil tikintisi haqqında 10 iyul 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində 3 otaqlı 3 saylı mənzili tikib Cavabdeh təhvil verilməsini, sonuncu isə öz növbəsində mənzili qəbul edib mənzilin dəyərini MMCyə ödəməyi öz öhdələrinə götürmüşlər.

2. Fərdi mənzil tikintisi haqqında 29 avqust 2008-ci il tarixli müqavilə ilə "xxxx" MMC həmin binada 25 saylı mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə öz növbəsində mənzili qəbul edib mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər. Lakin qeyd olunan mənzil başqa şəxsə satıldığından MMC 3 saylı mənzili qeyri-rəsmi qaydada İddiaçı təhvil vermişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 102,4 kvadrat metr olan 3 otaqlı 3 saylı mənzilinin İddiaçı və "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilməsi, onun həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, mənzilin açarlarının İddiaçı tərəfindən iddiaçıya təqdim olunması və mənzilin boşaldılması, iddianın qalan hissədə, habelə üçüncü şəxs İddiaçı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələblərinin rədd edilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən təmir edilmiş və ünvan 1-də yerləşən 3 saylı mənzilin təmir-tikintisi üçün onun tərəfindən çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 24507,90 manat, mənzilin təmirinə çəkilmiş xərcin qiymətləndirilməsi və müvafiq rəyin verilməsi məqsədilə mütəxəssisə ödədiyi 300 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri hazırki iddiada qeyd edilən mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və iddiaçı tərəfindən hazırki iş üzrə cavabdehə təhvil verilməlidir. Qətnamə artıq icra olunmuşdur. İddiaçıdan alınaraq cavabdehə verilmiş mənzil iddiaçı tərəfindən təmir edilmiş, mənzili yaxşılaşdırmışdır. İddiaçı, onun tərəfindən təmirə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi üçün “X2” Qiymətləndirmə Şirkətinə müraciət etmiş və həmin Şirkət müəyyən etmişdir ki, iddiaçı tərəfindən təmirə 24507,90 manat məbləğində xərc çəkilmişdir. Həmin qiymətləndirilmənin həyata keçirilməsi üçün iddiaçı tərəfindən həmin Şirkətə 300 manat xərc çəkilmişdir.

10. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 01 mart 2022-ci il tarixli hesabatına əsasən iddiaçı tərəfindən təmirə çəkilmiş xərc, amortizasiya nəzərə alınmaqla 21150 manat təşkil edir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21150 manat məbləğində pul vəsaitinin, mütəxəssis rəyinə görə ödənilmiş 300 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçı 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilini əldə etmiş, sonradan Cavabdehla aralarında olan məhkəmə mübahisələrinin yekunu olaraq İddiaçı 2020-ci ildə ailə üzvləri ilə birlikdə mənzildən çıxmışdır. İddiaçı uzun müddət mənzildə yaşamış və mənzili təmir etmişdir. Odur ki, iddiaçı əsaslı olaraq mənzilə çəkdiyi təmir xərclərinin dəyərinin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. İddiaçı mənzildən çıxarkən mənzildə apardığı təmirtikinti işlərinin foto şəkillərini çəkmiş, habelə mənzilə edilmiş təmir-tikinti işlərini qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.6, 157.7, 1091, 1092.1-ci maddələrinə istinad edən məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzildə yaşadığı dövrdə sonradan Cavabdeh təhvil verilmiş mənzili təmir etdirməsi nəticəsində cavabdeh əsassız varlanmışdır. Həmçinin iddiaçı tərəfindən özünə məxsus olduğunu güman etdiyi mənzili təmir etdirməsi nəticəsində ona zərər dəymişdir. Daha sonra məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, iddiaçı mənzilin təmirinə ümumilikdə 24507,90 manat xərc çəkdiyini bildirsə də, iddiaçı özü də həmin mənzildə bu illər ərzində yaşayaraq, mənzildən istifadə etmişdir. Mənzilə çəkilmiş təmir xərclərinin amortizasiya dəyəri nəzərə alınmaqla dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müstəqil qiymətləndirici cəlb edilmiş və müstəqil qiymətləndirici tərəfindən təqdim edilən hesabata əsasən, mübahisəli mənzilin təmirinin dəyərinin 21150 manat olması müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iş üzrə iki rəydən "xxxx" MMC-nin verdiyi rəydə amortizasiya (köhnəlmə) norması nəzərə alınmaqla, mənzilə çəkilmiş təmir xərclərinin qalıq dəyəri müəyyən olunduğuna görə, məhz bu rəy vurulmuş maddi zərərin miqdarını müəyyən edilməsi üçün məhkəmə tərəfindən mötəbər sübut növü kimi qiymətləndirilir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat:

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-259/2023 saylı, 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Məmməd Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Azad İmanov və Fuad Talışınskidən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” barədə iddiası rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehdən onun xeyrinə pul məbləğinin tutulmasını iddia edən iddiaçı, öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni ondan alınaraq cavabdehə təhvil verilmiş mübahisəli mənzilin 2014-2017-ci illər ərzində onun tərəfindən təmir olunduğunu sübut etməlidir. Lakin o, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təmirtikinti materiallarının alınmasını, təmiri həyata keçirmiş ustalara pulun ödənilməsini təsdiq edə biləcək qəbzlər, təmir-tikinti işlərinə dair layihə-smeta sənədləri yoxdur və əvvəldən də olmamışdır. O, mənzilin fotoşəkillərini birinci instansiya məhkəməsinə təqdim etmiş və həmin fotoşəkillərdən görünür ki, mənzil təmir olunub. Lakin, iddiaçının istinad etdiyi fotoşəkillərdən mənzilin iddiaçı tərəfindən və iddiaçının bildirdiyi zamanda təmir edilməsi müəyyən edilmir. Buna görə də, məhkəmə həmin fotoşəkilləri etibarlı sübut kimi qəbul etməmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi mübahisəli mənzildə aparılmış təmirə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi və təmirin mənzilin iddiaçının istifadəsində olan zaman təmir-olunub olunmamasını müəyyən etmək məqsədi ilə apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və əlavə məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və ekspertizaların keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli rəydən və 06 mart 2023-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, mübahisəli mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 24825 manat təşkil edir. Mənzilin iddiaçının bildirdiyi zaman təmir edilməsi ilə əlaqədar layihə-smeta və materialların alınmasına dair qaimə sənədləri olmadığından mənzilin həmin zaman təmir edilib-edilməməsi barədə sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilin iddiaçının istifadəsində olan zaman təmir edilib-edilməməsini ekspertiza vasitəsilə də müəyyən etmək mümkün olmamışdır. Buna görə də qəbul edilməlidir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetmir.

c) Kassasiya instansiyası məhkəməsində icraat:

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3419/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-259/2023 saylı, 07 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

18. Kassasiya instansiyası məhkəməsi ilk olaraq iddiaçının mübahisəli mənzili təmir etdiyini sübut edə bilməməsi barədə apellyasiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd etmişdir ki, mənzilin əvvəllər iddiaçının istifadəsində olması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olub cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. Həmçinin mənzilin cavabdehə təhvil verilərkən onun təmirli olması da cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iştirak etməmiş və tələblə bağlı mövqeyini bildirməmişdir (cavabdeh apellyasiya şikayətində məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığını bildirmişdir). Bununla belə, cavabdeh apellyasiya şikayətində mənzilin ona təmirsiz təhvil verildiyini iddia etməmişdir. Apellyasiya şikayətinin dəlilləri mənzilin iddiaçının qanunsuz sahibliyində olduğu üçün onun bu tələbi sürməyə subyektiv hüququnun olmaması və mənzilin təmir pulunun düzgün müəyyən edilməməsindən ibarət olmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə mübahisələndirilməyən halın sübut olunmadığı nəticəsinə gəlməklə, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi bu nəticəyə gələrkən işdə olan sübutlara hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, iş materiallarında olan, tərəflər arasında yaranmış əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktlarının məzmunundan görünür ki, hazırki iş üzrə Cavabdeh İddiaçı qarşı mənzilin boşaldılması və digər tələblərlə məhkəməyə müraciət edərkən iddiasını belə əsaslandırmışdır ki, mübahisəli mənzili 10 iyul 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC-dən almış, dəyərini tam ödəmiş, lakin İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə qeyri-qanuni olaraq məskunlaşmışdır. Beləliklə, həmin iddiada hazırki iş üzrə cavabdeh iddiaçının mənzildə yaşamasını göstərmiş, bununla da, mənzilin yaşayış üçün yararlı vəziyyətdə olmasını göstərmişdir. Həmçinin həmin işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi 27 iyun 2018-ci il tarixli qətnaməsində müəyyən etmişdir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 3 otaqdan ibarət 3 saylı mənzili təmir edərək, orada yaşayır. İşə təkrarən baxan apellyasiya instansiyası məhkəməsi isə 14 oktyabr 2019-cu il tarixli qətnaməsində müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzilə yiyələnməsi üçün hər hansı hüquqi əsası olmamış, o, həmin mənzili özbaşına olaraq yarımçıq təmir etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin təmirli olub-olmaması tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisəsinin predmetinə aid olmadığı üçün həmin qətnamələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, tərəflərin həmin işə baxılarkən istinad etdikləri və məhkəmənin müəyyən etdiyi hallar hazırki iş üzrə Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən dirgə sübutlarla yanaşı sübut kimi qiymətləndirilə bilər. Digər tərəfdən iş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanda yerləşən 3 saylı mənzil İddiaçı tərəfindən boş vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İddiaçının hazırki tələbinə əlavə etdiyi "xxxx" MMC-nin 14 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində isə göstərilmişdir ki, mübahisəli mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) hesablanması məqsədi ilə ünvan üzrə daşınmaz əmlaka baxış keçirilmişdir. Göründüyü kimi, mənzilin cavabdehə təhvil verilməmişdən əvvəl təmirli olması qeyd olunan mütəxəssis rəyində də göstərilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi işdə olan bu sübutlara ümumiyyətlə hüquqi qiymət vermədən, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının mübahisəli mənzilə hüququnun olmamasını və bu səbəbdən hazırki tələbi irəli sürməyə subyektiv hüququna malik olmamasını, cavabdehin iddiaçıya zərər vurmamasını nəzərə almamışdır. Həmçinin, məhkəmənin istinad etdiyi mütəxəssis rəyləri əsassız olmuş, təmirin müəyyən edilən dəyəri şişirdilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

20. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

21. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həm teleqram, həm də elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində səhhəti ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat və ya sübut təqdim etməmişdir. Digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin isə iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat təqdim edilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 387.2 və 387.2.2. Şikayətin dəlillərindən asılı olmayaraq işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər hazırki apellyasiya icraatının predmeti olan mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsasdır.

27. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

29. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

30. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

31. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından prosesual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

32. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia mübahisələndrilən hissədə haqlı sayılırdı.

33. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

34. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

35. Belə ki, cavabdeh apellyasiya şkayətində əsassız qətnamə qəbul edildiyini göstərsə də bu əsassızlığın nədən ibarət olması yaxud nədə ifadə olunduğu açıqlanmır. Əksinə birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmış, işin hallarına düzgün qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

36. Belə ki, şikayətdə məhkəmənin iddiaçının mübahisəli mənzilə hüququnun olmamasını və bu səbəbdən hazırki tələbi irəli sürməyə subyektiv hüququna malik olmamasını, cavabdehin iddiaçıya zərər vurmamasını nəzərə almadığını, məhkəmənin istinad etdiyi mütəxəssis rəylərinin əsassız olması və təmirin müəyyən edilən dəyərinin şişirdilməsini göstərilsə də mənzilin əvvəllər iddiaçının istifadəsində olması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır, eləcə də təhvil verilərkən onun təmirli olması da cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Ən azından cavabdeh apellyasiya şikayətində mənzilin ona təmirsiz təhvil verildiyini bəyan etmir.

37. Tərəflər arasında yaranmış əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktlarının məzmunu ilə təsdiq olunur ki, hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı mənzilin boşaldılması və digər tələblərlə məhkəməyə müraciət edərkən iddiasında göstərib ki, mübahisəli mənzili 10 iyul 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC-dən almış, dəyərini tam ödəmiş, lakin İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə qeyri-qanuni olaraq məskunlaşmışdır. Beləliklə, həmin iddiada hazırki iş üzrə cavabdeh iddiaçının mənzildə yaşamasını, bununla da, mənzilin yaşayış üçün yararlı vəziyyətdə olmasını göstərmişdir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsi 27 iyun 2018-ci il tarixli qətnaməsində müəyyən etmişdir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 3 otaqdan ibarət 3 saylı mənzili təmir edərək, orada yaşayır. İşə təkrarən baxan apellyasiya instansiyası məhkəməsi isə 14 oktyabr 2019-cu il tarixli qətnaməsində müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzilə yiyələnməsi üçün hər hansı hüquqi əsası olmamış, o, həmin mənzili özbaşına olaraq yarımçıq təmir etmişdir.

38. Düzdür, mənzilin təmirli olub-olmaması tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisəsinin predmetinə aid olmadığı üçün həmin qətnamələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, tərəflərin həmin işə baxılarkən istinad etdikləri və məhkəmənin müəyyən etdiyi hallar hazırki iş üzrə Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən birgə sübutlarla yanaşı sübut kimi qiymətləndirilməlidir. Digər tərəfdən iş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanda yerləşən 3 saylı mənzil İddiaçı tərəfindən boş vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İddiaçının hazırki tələbinə əlavə etdiyi "xxxx" MMC-nin 14 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində isə göstərilmişdir ki, mübahisəli mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) hesablanması məqsədi ilə ünvan üzrə daşınmaz əmlaka baxış keçirilmişdir. Göründüyü kimi, mənzilin cavabdehə təhvil verilməmişdən əvvəl təmirli olması qeyd olunan mütəxəssis rəyində də göstərilmişdir.

39. Apellyasiya şikayətinin mütəxəssis rəylərinin əsassız olması və təmirin müəyyən edilən dəyərinin şişirdilməsi dəlilləri də hansısa sübutla təsdiq edilmir. Əksinə, bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə təmir tikintinin ümumi dəyərinin 24825 manat olduğu müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi qiymətləndiricinin rəyində isə mənzilin təmirtikintisi üçün onun tərəfindən çəkilmiş xərcin 24507,90 manat olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yenidən qiymətləndirici təyin edərək mənzilin amortizasiyası(köhnəlməsi) nəzərə alınmaqla təmirinə çəkilən xərcin 21150 manat olduğunu müəyyən etmiş və iddianı qismən təmin edərək sonuncu məbləği əsas götürmüşdür. Göründüyü kimi, təmirin dəyərinin şişirdilməsi nəinki təsdiq olunmur, əksinə məhkəmə mənzilin amortizasiyası(köhnəlməsi) nəzərə alınmaqla təmirinə çəkilən xərcin dəyərini əsas götürərək iddianı qismən təmin etmişdir.

40. Göstərilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş cavabdehin iştirakı olmadan baxmışdır. Düzdü, cavabdehə aid müxtəlif ünvanlara məhkəmə bildirişləri göndərilmişdir. Ancaq cavabdehin rəsmi qeydə alındığı Qəbələ rayonu Vəndam kəndinə məhkəmə bildirişi göndərilməmişdir. Bu hal da şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

41. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21150 (iyirmi bir min yüz əlli) manat, mütəxəssis rəyinə görə ödənilmiş 300 (üç yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli; iddia tələbi qalan hissədə təmin edilməməli; Cavabdeh iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına, ekspertiza tədqiqatının dəyəri - 50(əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülmədir.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21150 (iyirmi bir min yüz əlli) manat, mütəxəssis rəyinə görə ödənilmiş 300 (üç yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına, ekspertiza tədqiqatının dəyəri - 50(əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar