Məhkəmə qərarları › İş №2(103)-3181/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3181/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3181/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: «pulun depozitə qəbul edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1078/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X5 20 noyabr 2012-ci il tarixdə doğulmuşdur.

2. "xxxx" ASC ilə X3 mənafeyini təmsil edən anası İddiaçı arasında bağlanmış 03 dekabr 2014-cü tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqaviləyə əsasən əmanətçi 1500 manat məbləğində pulunu Banka müddətli depozitə qoyur. Bank isə həmin pulu Əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada Əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılması nəzərdə tutulmuşdur.

3. Müqavilənin 1.6-cı bəndinə görə uşaq 10 yaşına çatanadək depozit məbləği 100 (bir yüz) manat məbləğindən az olmamaq şərti ilə artırıla bilər.

4. Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilə ilə əmanətçiyə ödənilən faizlər illik 20,14 faiz dərəcəsi ilə hesablanır və müddətin sonunda Əmanətçinin müvafiq bank hesabına köçürülür.

5. "xxxx" ASC-nin Nəsimi Filialının rəhbərliyinə X4 tərəfindən ünvanlanmış ərizəpretenziyadan görünür ki, o, ******************** saylı depozit hesabına onun tərəfindən vəsaitin ödənilərək artırılmasına bank tərəfindən maneələr yaradılmamasına göstəriş verilməsini xahiş etmişdir.

6. "xxxx" ASC-yə X4 tərəfindən ünvanlanmış pretenziya məktubunun surətinə əsasən, iddiaçı müqavilə öhdəliklərinə əməl edərək ******************** saylı depozit hesabına onun tərəfindən vəsaitin ödənilərək artırılmasına yaradılmış süni maneələrin aradan qaldırılması və pulun depozitə qəbul olunması üçün 3 gün ərzində üzərlərinə götürdükləri öhdəliyə əməl edilməsini bankdan xahiş etmişdir.

7. İddiaçı tərəfindən Mərkəzi Banka ünvanlanmış şikayət məktubunun surətinə əsasən, iddiaçı uşaq əmanət (depozit) hesabı haqqında 03 dekabr 2014-cü il tarixli müqaviləyə uyğun olaraq ******************** saylı hesaba əmanətin qəbul edilməsi üçün Azərbaycan Beynəlxalq Bankına göstəriş verilməsini xahiş etmişdir.

8. "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına və İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 04-15206/2021 saylı cavab məktubunun surətindən görünür ki, Bank bildirmişdir ki, uşaq əmanəti müqaviləsi üzrə əmanətə vəsait əlavə edilməsi imkanı məhsulun bitmə müddətinə əsasən tənzimlənir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pulun depozitə qəbul edilməsi vəzifəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014cü il tarixli uşaq əmanət (depozit) müqaviləsi üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyinin, depozitə qəbul ediləcək məbləğə xx.xx.2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 03 dekabr 2014-cü il tarixdə bankın Nəsimi filialı ilə əmanətçi oğlu Kamran Əliyevin adından onun mənafeyini təmsil edərək Uşaq əmanət (depozit) hesabı haqqında müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ******************** saylı hesaba 1500 (bir min beş yüz) manat vəsait ödənilmişdir. Həmin Müqavilənin 1.6-cı maddəsində göstərilir ki, uşaq 10 yaşına çatanadək depozit məbləği 100 (bir yüz) manat məbləğindən az olamamaq şərti ilə artırıla bilər. İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilənin şərtlərinə uyğun olaraq depozit məbləğini artırmaq istəsə də, bankın əməkdaşları tərəfindən pul vəsaiti depozitə qəbul edilməmişdir. Bunun səbəbi ilə maraqlandıqda bank daxili qərarın olması səbəbindən hesaba mədaxilin mümkün olmadığını göstərmişlər. Cavabdeh "xxxx" ASC-yə ərizəpretenziya məktubları ilə müraciət etsə də bank tərəfindən cavab verilməmişdir. Məcbur qalaraq Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoruna və iddiaçıya 30 noyabr 2021- ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, uşaq əmanəti müqaviləsi üzrə əmanətə vəsait əlavə edilməsi imkanı məhsulun bitmə müddətinə əsasən tənzimlənir. Həmin cavab məktubu ilə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir.

11. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qismən, xx.xx.2014-cü il tarixli uşaq əmanət (depozit) müqaviləsi üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi hissəsini qəbul etdiklərini, lakin depozitə qəbul ediləcək məbləğə xx.xx.2021-ci il tarixdən faizin hesablanması hissəsi ilə razı olmadıqlarını göstərmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1078/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia qismən təmin edilmiş, 03 dekabr 2014-cü il tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh bankla Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə bağlamış, Müqavilənin şərtlərində uşaq 10 yaşına çatanadək depozit məbləğinin 100 (bir yüz) manatdan az olmamaq şərti ilə artırıla bilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh bank müqavilə üzrə üzərinə düşən öhdəliyin icrasıdan yayınaraq depozit məbləğinin artırılmasından imtina etmişdir. Məhkəmənin qənaətinə görə depozitə qəbul ediləcək məbləğə 13 iyul 2021- ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdeh Beynəlxalq Bankı ASC-nin üzərinə qoyulması hissəsində iddiaçı tərəfindən həmin tarixdə onun Banka depoziti hansı məbləğdə artırmaq niyyəti ilə müraciət etməsini təsdiq edən əsaslı sübut təqdim edilməmişdir. Ona görə də iddia qismən təmin edilməli, xx.xx.2014 tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) Müqavilə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 425.1, 425.2, 430.1, 442, 445 və 448.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

14. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-5117/2022 nömrəli mülki iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı depozitə qəbul ediləcək məbləğə 13 iyul 2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması hissəsində təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddianın həmin hissəsi ilə bağlı iddiaçı tərəfindən həmin tarixdə onun Banka depoziti hansı məbləğdə artırmaq niyyəti ilə müraciət etməsini təsdiq edən əsaslı sübut təqdim olunmamışdır, iddia tələbi həmin hissədə qeyri-dəqiqdir, mülki prosessual qanunvericiliyə görə iş üzrə cavabdehin üzərinə qeyri müəyyən vəzifələr qoyula bilməz. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə daha sonra qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən bank öz üzərinə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla pulun depozitə qəbul edilməsi öhdəliyini götürmüşdür. Həmin müqavilə "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanından öncə bağlanılmışdır və Bankın sağlamlaşdırılması üçün həyata keçirilən tədbirlər müqavilə şərtlərinin icrasından imtina etməyə əsas ola bilməz, bu tədbirlər əmanətçilərin hüquqlarının pozulması ilə nəticələnməməlidir.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 425.1, 944.1, 944.5, 946.1, 946.2, 947.1, 948.1, 948.2, 948.3, 949.1, 949.2 və 951-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat:

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-405/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5117/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissədə ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə cavabdeh bank arasında Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin şərtlərində uşaq 10 yaşına çatanadək depozit məbləğinin illik faiz dərəcəsinin 20,14 faiz olmaqla 100 (bir yüz) manatdan az olmamaq şərti ilə artırıla bilməsi nəzərdə tutulmuşdur. Müqavilənin həmin şərtlərinə əsasən iddiaçı depozit hesabını artırmaq istəsədə, cavabdeh bank depoziti müqavilədə göstərilən şərtlərlə qəbul etməkdən əsassız olaraq birtərəfli qaydada imtina etmişdir. Tərəflər arasındakı müqavilə "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanından öncə bağlandığından Bankın sağlamlaşdırılması üçün həyata keçirilən tədbirlər də müqavilə şərtlərinin icrasından imtina etməyə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi 03 dekabr 2014-cü il tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla İddiaçı depozitə qəbul edilməsi öhdəliyinin cavabdeh Bankın üzərinə qoyulması qənaətinə gələrkən həmin müqavilə şərtlərinin, xüsusilə 1.6-cı bəndinin təfsir olunmasında səhvə yol vermişdir. Məhkəmə tərəflərin iradə ifadəsinin həqiqi mənasını digər şərtləri və mənası ilə müqayisələ təhlil etməmiş, 1.6-cı bənddə depozit məbləğinin artırılmasının əvvəlki faizlə olmasının nəzərdə tutulmamasını diqqətdən qaçırmışdır. Tərəflər arasındakı 03 dekabr 2014-cü il tarixli müqavilənin 9.1 və 9.2-ci bəndlərində göstərilmişdir ki, dövlət orqanlarının qərarları nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda tərəflər müqavilə öhdəlikrənin icrası üçün məsuliyyyət daşımırlar. İşə baxan apellyasiya məhkəməsi müqavilənin 1.6-cı bəndinin cavabdeh banka münasibətdə tətbiq edərkən "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanı nəzərə alınmaqla müqavilənin 9.1 və 9.2-ci bəndlərinin şərtləri ilə müqayisəli şəkildə müzakirə etməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın təmin olunması hissədə iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Cavabdeh mövqeyini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015- ci il tarixli Fərmanı ilə bankın sağlamlaşdırılma prosesi başlanmışdır. Həmin Fərmana əsasən sağlamlaşdırma prosesi keçən bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün yüksək faiz xərclərinin azaldılması qarşıya qoyulan əsas məqsədlərdən biri olduğu üçün, bank iddiaçının əmanətə qoyulan məbləğini artırmaqdan imtina etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış müqavilə şərtlərinə və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının hüquqi əhəmiyyətinə fikir vermədən, iddia tələbini təmin etməklə qanuni əsası olmayan qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

23. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

24. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat veürməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 948.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişməyə ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə məlumat verilənədək qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

28. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

30. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

31. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

32. Əvvəla, iddanın hazırki apellyasiya icraatının predmeti olan, yəni iddianın təmin edilən hissəsində faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə də qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə də iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

33. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə apellyasiya icraatının predmeti olan, yəni iddianın təmin edilən hissəsində faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün iddia təmin edilən hissədə də haqlı sayılmırdı.

34. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

35. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 03 dekabr 2014-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı ilə cavabdeh bank arasında Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin şərtlərində uşaq 10 yaşına çatanadək depozit məbləğinin illik faiz dərəcəsinin 20,14 faiz olmaqla 100 (bir yüz) manatdan az olmamaq şərti ilə artırıla bilməsi nəzərdə tutulduğundan müqavilənin həmin şərtlərinə əsasən iddiaçı depozit hesabını artırmaq istəsədə, cavabdeh bank depoziti müqavilədə göstərilən şərtlərlə qəbul etməkdən əsassız olaraq birtərəfli qaydada imtina etməsi düzgün olmamışdır.

36. Ancaq birinci instansiya məhkəməsi 03 dekabr 2014-cü il tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla İddiaçı depozitə qəbul edilməsi öhdəliyinin cavabdeh Bankın üzərinə qoyulması qənaətinə gələrkən müqavilə şərtlərinin, xüsusilə 1.6-cı bəndinin təfsir olunmasında səhvə yol vermişdir. Çünki, tərəflərin iradə ifadəsinin həqiqi mənasını digər şərtləri və mənası ilə müqayisəli təhlil etməmiş, 1.6cı bənddə depozit məbləğinin artırılmasının əvvəlki faizlə olmasının nəzərdə tutulmamasını nəzərə almamışdır.

37. Bundan əlavə, tərəflər arasındakı 03 dekabr 2014-cü il tarixli müqavilənin 9.1 və 9.2-ci bəndlərində razılaşdırmışlar ki, dövlət orqanlarının qərarları nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda tərəflər müqavilə öhdəliklərinin icrası üçün məsuliyyyət daşımırlar. Göründüyü kimi, məhkəmə müqavilənin 1.6-cı bəndinin cavabdeh banka münasibətdə tətbiq edərkən "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanın tətbiqi ilə bağlı müqavilənin 9.1 və 9.2-ci bəndlərinin şərtlərini nəzərə almamışdır. Çünki, qeyd olunan Fərmanın nəticəsində cavabdeh bankın hazırki iddiada göstərilən şərtlərlə, yəni müqavilənin 1.6-cı bəndinin tələbinə uyğun öhdəliyinin icrası mümkünsüz vəziyyətə düşmüşdür. Tərəflər arasındakı müqavilə Fərmandan əvvəl bağlansa da müqavilədə məhz bu cür halların baş verəcəyi təqdirdə Bankın həmin öhdəliyi icra etmədiyi halda məsuliyyətdən azad ediləcəyi qabaqcadan razıaşdırılmışdır.

38. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1078/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1078/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırki apellyasiya icraatının predmeti olan iddianın təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə də iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar