Məhkəmə qərarları › İş №2(103)-2599/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2599/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2599/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh Şeruyə qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bank) Cavabdeh Şeruyə qızına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən bankın xeyrinə xx xxxx 2011-ci il tarixli 549 AİF saylı kredit müqaviləsi üzrə 38469,54 manat əsas, 4538,09 manat faiz borcu, 8600 manat məbləğində cərimə olmaqla, cəmi 51607,63 manat məbləğində borcun, X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, yəni cəmi 61 manatın tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh Şeruyə qızına məxsus olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 57,84 kv.m, yaşayış sahəsi 45,94 kv.m olan 3 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh Şeruyə qızının kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun banka ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Şeruyə qızının həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh Şeruyə qızından tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, Cavabdeh Şeruyə qızından 38469,54 manat əsas, 4538,08 manat faiz borcu, 3600 manat məbləğində cərimə olmaqla cəmi 46607,62 manat məbləğində borcun, habelə 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh Şeruyə qızının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 18 saylı evin, 3 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh Şeruyə qızına qaytarılması, hərraca çıxarılarkən Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 18 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh Şeruyə qızından tutulması, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Şeruyə qızı həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 75 manat məbləğində pul vəsaitinin Cavabdeh Şeruyə qızından tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iş üzrə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etməklə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini işəiştirakı olmadan baxıldığı, məhkəmənin faiz məbləğinin düzgün hesablanmadığını nəzərə almadığı, cərimə tələbini təmin etməklə ədalətsizliyə yol verdiyi, habelə ipoteka predmetinin real qiymətləndirilməsini həyata keçirməməklə maddi hüquq normalarını pozduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh Şeruyə qızıapellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Cavabdeh Şeruyə qızından 38469,54 manat əsas borcun, habelə 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh Şeruyə qızının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 18 saylı evin, 3 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh Şeruyə qızına qaytarılması, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh Şeruyə qızından tutulması, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Şeruyə qızı həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 75 manat məbləğində pul vəsaitinin Cavabdeh Şeruyə qızından tutularaq dövlət gəlirlərinə alınması”ilə bağlı hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmasına qərar verilmiş cərimənin məbləğinə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişdirilməlidir. İşin müəyyən olunan hallarına görə, “xxxx” ASC ilə Cavabdeh Şeruyə qızı arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsi bağlanaraq Cavabdeh 300 ay müddətinə, illik 8% dərəcəsi ilə faiz hesablamaq şərtilə 43 000 manat kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 57,84 kv.m, yaşayış sahəsi 45,94 kv.m olan 3 saylı mənzil ipotekaya qoyulmuş, ipoteka predmetinin qiyməti 60 000 manat müəyyənləşdirilmiş, xx.xx.2011-ci il tarixli İpoteka Kağızına əsasən “xxxx” ASC sözügedən kredit müqaviləsi üzrə öz tələblərini Azərbaycan İpoteka Fonduna, xx.xx.2018-ci il tarixdə isə Fond həmin ipoteka kağızı üzrə öz tələblərini İddiaçı ASC-nə vermişdir.. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizanın rəyi əsasında müəyyən etmişdir ki, Cavabdeh müvafıq xəbərdarlıqlara baxmayaraq kredit ödənişlərini gecikdirmiş və bu səbəblə onun iddiaçı banka xx.xx.2019-cu il tarixinə 38 469,54 manat əsas, 4538,08 manat faiz borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun faiz borcunun azaldılmalı olması ilə bağlı dəlilini əsassız hesab edir; çünki tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi faiz məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, məhkəmənin müəyyənləşdirdiyi faiz məbləği isə ekspert rəyi əsasında hesablanmışdır. Qətnamənin mübahisələndirilən, yəni cavabdehdən 3600 manat cərimə borcunun tutulması ilə bağlı hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, borcalanın 38 469,54 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı bank 8600 manat cərimə hesablayıb tələb etmiş, məhkəmə isə cavabdehdən tutulmalı olan cəriməni 3600 manat həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcundan xeyli hissəsini qaytardığını və borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair cavabdehin apellyasiya şikayətinin dəlili isə əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Kollegiya apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini də əsaslı hesab edir; belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyənləşdirilən qiyməti mübahisələndirildiyindən apellyasiya baxışı zamanı məhkəmə-texniki ekspertizası təyin olunmuş və ekspert rəyi ilə ipoteka predmetinin bazar qiymətinin 70 000 (yetmiş min) manat olması müəyyən edilmişdir. Məhkəmə iclasları haqqında ona rəsmi məlumat verilməməsi barədə apellyatorun apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından onun qeydiyyatda olduğu ünvana bildirişlər göndərildiyi, lakin bildirişlərin “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarıldığı aydın olur; qeydiyyatda olduğu ünvanda yaşamamasının məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalı, iş üzrə keçirilmiş ekspertiza xərci isə tərəflərdən alınaraq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Şeruyə qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/2029 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi “Cavabdeh Şeruyə qızından 3600 manat cərimə borcunun tutulması və Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 18 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiymətinin 60 000 manat müəyyən edilməsi”hissələrində dəyişdirilsin. Cavabdeh Şeruyə qızından İddiaçı ASC-nin xeyrinə 500 (beş yüz) manat cərimə borcu tutulsun. Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 18 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiyməti 70 000 (yetmiş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Şeruyə qızına aid edilsin, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manatı Cavabdeh Şeruyə qızından, 100 (yüz) manatı isə İddiaçı ASC-dən alınaraq “X4” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ38ATAZ********************, “xxxx” ASC-nin Nəsimi filialı) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar