Məhkəmə qərarları › İş №2(103)-2603/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2603/2020

05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2603/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələblərinə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinnin 12 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Eldniz İbadovdan 36 885 ABŞ dolları əsas, 10 002 ABŞ dolları faiz borcu olmaqla cəmi 46 887 ABŞ dolları kredit borcunun, 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 19,80 manat rüsum məbləğinin tutulub banka ödənilməsi, ödəmənin Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.74 kv.m, yaşayış sahəsi 46.74 kv.m, yardımçı sahəsi 17.0 kv.m olan 3 otaqdan ibarət mənzilə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin borcun əvəzində banka ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzilin 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinnin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 36 885 ABŞ dolları əsas, 10 002 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 46 887 ABŞ dolları məbləğində borcun ödəniş günü manata məzənnə ilə manatla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun və kredit, ipoteka müqavilələrinin, mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 19,80 manat rüsumun tutulması, ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,74 kv.m, yaşayış sahəsi 46,74 kv.m, yardımçı sahəsi 17 kv.m olan 3 otaqdan ibarət mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin açıq hərracda ilkin satış qiymətinin 98 000 (doxsan səkkiz min) manat müəyyən edilməsi, mənzilin satılması və satışdan əldə ediləcək vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh2 mənzili tərk etməsi, əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın "xxxx" MMC-nin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, əsas və faiz borcunun düzgün hesablanmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş apellyator, habelə digər cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə və onun mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Digər cavabdeh şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və ipoteka qoyana yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun yalnız borcun məbləği ilə bağlı şikayətinə əsasən qətnamənin bütünlüklə və ipoteka qoyana münasibətdə yoxlanılması sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh1 apellyasiya şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir. Eyni zamanda qeyd olunmalıdır ki, qətnamə iddiaçı tərəfindən də mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi də hazırkı apellyasiya baxışında yoxlanılmır. Başqa sözlə qətnamənin, “ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,74 kv.m, yaşayış sahəsi 46,74 kv.m, yardımçı sahəsi 17 kv.m olan 3 otaqdan ibarət mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin açıq hərracda ilkin satış qiymətinin 98 000 (doxsan səkkiz min) manat müəyyən edilməsi, mənzilin satılması və satışdan əldə ediləcək vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh2 mənzili tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi” ilə bağlı hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə və onu mübahisələndirmiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, 26 yanvar 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik faiz dərəcəsi 17% olmaqla 50 000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.74 kv.m, yaşayış sahəsi 46.74 kv.m, yardımçı sahəsi 17.0 kv.m olan 3 otaqdan ibarət mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 18 sentyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 22 fevral 2019-cu il tarixinə banka olan əsas borcu 36 885 ABŞ dolları, faiz borcu 10 002 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Tələb edilən borcun düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə apellyatorun əsas və faiz borclarının məbləğləri müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı gəldiyi nəticəni də qanuni hesab edir; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid olunmalıdır. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində irəli sürdüyü yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1877/2019 saylı iş üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissədədəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar