Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-264/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2495/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsibarədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14906 ABŞ dolları əsas, 11597,29 ABŞ dolları faiz, 593 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 273 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 27369,49 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus Baki şəhəri, Xətai rayonu. İnqilab İsmayılov küçəsində yerləşən, 64.84 kv.m ümumi sahədən ibarət 18 nömrəli evin 36 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 64.84 kv.m ümumi sahədən ibarət 18 nömrəli evin 36 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 64.84 kv,m ümumi sahədən ibarət 18 nömrəli evin 36 nömrəli mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 64.84 kv.m ümumi sahədən ibarət 18 nömrəli evin 36 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin 4 saylı filialından illik 26%-lə 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 64.84 kv.m ümumi sahədən ibarət 18 nömrəli evin 36 nömrəli mənzili xx.xx.2015-ci tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2015-ci tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx.xx.2018-ci il tarixinədək Cavabdeh1 həmin kredit müqaviləsi üzrə banka 14906 ABŞ dolları əsas, 11597,29 ABŞ dolları faiz, 593 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 27096,29 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2495/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ödəniş gününə qüvvədə olan məzənnə ilə 14906 (on dörd min doqquz yüz altı) ABŞ dolları məbləğində əsas borc, 11597,29 (on bir min beş yüz doxsan yeddi dollar iyirmi doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 593 (beş yüz doxsan üç) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 273,2 (iki yüz yetmiş üç dollar iyirmi sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 27369,49 (iyirmi yeddi min üç yüz altmış doqquz dollar, qırx doqquz sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 64.84 kv.m ümumi sahədən ibarət 18 nömrəli evin 36 nömrəli mənzilə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 64.84 kv.m ümumi sahədən ibarət 18 nömrəli evin 36 nömrəli mənzilin ilkin satış qiymətinin 72.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 27369,49 (iyirmi yeddi min üç yüz altmış doqquz dollar, qırx doqquz sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Əminə Abbasova). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2495/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclaslarında səhhəti ilə əlaqədar iştirak etməmişdir. Cavabdehin nümayəndəsi ümumiyyətlə yoxdur Məhkəmə iclaslarında məhz onun anası Cavabdeh2 iştirak edib. Qətnamədə qeyd olunmuş 14906 (on dörd min doqquz yüz altı) ABŞ dolları məbləğində əsas, 11597 (on bir min beş yüz doxsan yeddi dollar iyirmi doqquz sent) ABŞ dolları faiz borcu, 593 (beş yüz doxsan üç) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 273 (iki yüz yetmiş üç dollar iyirmi sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 27369,49 (iyirmi yeddi min üç yüz altmiş doqquz dollar qırx doqquz sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat ödənilmiş dövlət rüsumun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumun və 20 manat xidmət haqqının pretenziya qaydasında məhkəməyə qədər həll olunmasına dair bildirişin rəsmi qaydada cavabdehlərə çatdırılması barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13567,12 (on üç min beş yüz altmış yeddi dollar on iki sent) ABŞ dolları məbləğində əsas, 16488,41 (on altı min dörd yüz səksən səkkiz dollar qırx bir sent) ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 955,45 (doqquz yüz əlli beş dollar qırx beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 31788,54 (otuz bir min yeddi yüz səksən səkkiz dollar əlli dörd sent) ABŞ dolları məbləğində borcu təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühaasibatlıq ekspertizasının 16096 saylı, xx.xx.2019-ci il tarixli rəyinə əsasən isə cavabdehin borcu 14906 (on dörd min doqquz yüz altı) ABŞ dolları məbləğində əsas, 11613,08 (on bir min altı yüz on üç dollar səkkiz sent) ABŞ dolları faiz borcu kimi müəyyən edilmişdir. Beləliklə ilkin iddia məbləği ilə xx.xx.2019-cu il tarixli maliyyə arayışı və ekspertizanın rəyi ziddiyət yaradır. Lakin, məhkəmə bu uyğunsuzluğa heç bir əhəmiyyət verməmişdir və iş üçün vacib olan məqamları tam olaraq araşdırmamışdır. Bundan başqa, ipoteka predmetinin qiyməti real olaraq göstərilməmişdir. Əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatət verdikdə isə hakim vəsatəti təmin etməmişdir. Dövlət rüsumu cavabdehlərə aid edildikdə, ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh (borcalan) Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 11-G1-1-0-342-15 nömrəli “Kredit müqaviləsi”nə əsasən bank borcluya istehlak məqsədilə 36 ay müddətinə, illik 26% olmaqla 25000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Kreditin təminatı 78000 manat dəyərində daşınmaz əmlakdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Kassa Məxaric orderinə əsasən bank Cavabdeh1 25000 ABŞ dolları ödəmişdir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış və notarial təsdiq edilmiş xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 dəyəri qarşılıqlı razılıq əsasında 78000 manat məbləğində müəyyən edilmiş, mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 64.84 kv.m ümumi sahədən ibarət 18 nömrəli evin 36 nömrəli mənzili xx.xx.2015-ci il tarixli 11-G1-1-0-342-15 nömrəli Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan cavabdehin banka ödənilməmiş borcu 13567,12 ABŞ dolları əsas, 16488,41 ABŞ dolları faiz, 777,56 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 955,45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 31788,54 ABŞ dolları təşkil edir (xx.xx.2019-cu il tarixli Maliyyə arayışı). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 64.84 kv.m ümumi sahədən ibarət 18 nömrəli evin 36 nömrəli mənzili Cavabdeh1 mülkiyyətindədir və Reyestrdən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı Bank 4 saylı filialının xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı İKB ASC cavabdehə kredit borcunun ödənməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarından görünür ki, İddiaçı İKB ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin ərizə Reyestr Xidmətində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 16096 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 banka olan əsas borcu 14906 ABŞ dolları və faiz borcu isə 11613,08 ABŞ dolları məbləğində təşkil edir. Qeyd edilən ekspertizanın dəyəri 145 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 18 nömrəli evin 36 nömrəli mənzilinin ilkin satış qiyməti 72000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun 59.3-cü maddəsinə görə,ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindənvə yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətindəməcburi qaydada çıxarılırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Kollegiya işin hallarına apellyasiya şikayətlərinin dəlilləri ilə birgə qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Kollegiya iddianın illik beş faiz hesablanılmaqla 273.2 ABŞ dolları məbləğində pulun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kollegiya iddianın cərimənin ödənilməsi barəsində hissəsinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Odur ki, 593 dollar cərimənin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsinin Cavabdeh1 alınmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəbindən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Kollegiya tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kollegiya həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Kollegiya iddia tələbinin “mənzilin satışından əldə olunan məbləğin borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin ümumi qaydada icra edilməsi” barədə hissəsinə münasibətdə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə əsaslı olmuşdur. Kollegiya iddianın Cavabdeh1 məxsus olan sözügedən mənzilinə yönəldilməsi, həmin mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsini əsaslı hesab edərək bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İşə apellyasiya instansiyasında baxılarkən sözügedən mənzilin likvid dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin həyata keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən Bakı şəhəri, İnqilab İsmayılov küçəsində yerləşən 18 saylı binanın 36 saylı mənzilinin bazar dəyəri 85.000 manat, likvid dəyəri isə 80.000 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, mənzilin ilkin satış qiymətinin 72000 manat məbləğində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq hissədə dəyişdirilərək, həmin mənzilin ilkin satış qiyməti qeyd edilən mütəxəssis rəyinə əsasən, 80.000 manat məbləğində müəyyən edilməlidir. Mübahisəli əmlak(lar)ı ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərin və digər şəxslərin həmin mənzili tərk etmək öhdəliyi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqa əmələ gəlir. Bundan sonra mübahisəli əmlak(lar) ipotela qoyanın mülkiyyətindən çıxaraq əmlakı əldə edən şəxin mülkiyyətinə daxil olur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmadığı halda həmin mənzildə qeydiyyatda olan şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxaraq, həmin mənzili Banka təhvil verilməsini tələb etmək hüququ yoxdur. Yəni, mənzilin satışından 1 ay sonra cavabdehlərin ondan istifadə hüquqlarına xitam verilməsi hissəsində də iddia tələbi bu cür tələb hüququn mənzilin gələcək mülkiyyətçisinə məxsusdur. Mübahisənin pretenziya qaydasında məhkəməyə qədər həll olunmasına dair bildirişin rəsmi qaydada cavabdehlərə çatdırılması barədə heç bir məlumatın olmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan “Sky mail service” poçt xidməti tərəfindən bankın cavabdehə göndərdiyi xəbərdarlığın alınmasını təsdiq edən qəbz (i.v. 29) mövcuddur. Bu səbəbdən də, cavabdehin apellyasiya şikayətində göstərdiyi bank tərəfindən göndərilən xəbərdarlığın cavabdehə çatdırılmaması barədə dəlili əsassızdır. İlkin iddia məbləği ilə xx.xx.2019-cu il tarixli maliyyə arayışı və ekspertizanın rəyi arasında ziddiyət olmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddia tələbi və maliyyə arasışında olan məbləğlər arasında fərqin mövcudluğunun araşdırılması xüsusi bilik tələb etdiyindən birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və həmin ekspert rəyi əsasında müəyyən edilmiş məbləğ əsas götürülməklə qətnamə qəbul edilmişdir. Kollegiya hesab edir ki, həmin rəyin qeyri-mötəbərliyini təsdiq edən hər hansı sübut iş materiallarında aşkar edilmədiyindən birinci instansiya məhkəməsi həmin rəyə əsaslanmaqda haqlı olmuşdur. Cavabdeh eyni zamanda, apellyasiya şikayətində nümayəndəsinin olmadığı, lakin birinci instansiya məhkəməsinin qətnaməsində onun nümayəndəsinin iştirakının qeyd edildiyini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında cavabdehin də qeyd etdiyi kimi onun nümayəndəsi deyil, özü iştirak etmişdir. Odur ki, kollegiya qətnamədə cavabdehin nümayəndəsinin iştirakının qeyd edilməsini texniki səhv hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq müəyyən olunmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 18 saylı binanın 36 saylı mənzilinin ilkin satış qiymətinin 80.000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2495/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 18 saylı binanın 36 saylı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 18 saylı binanın 36 saylı mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1 “xxxx” MMC-nin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1 “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-264/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-264/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver