Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-265/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1951/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1951/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 37.989,45 ABŞ dolları əsas borc, 5.007,67 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 43.497,12 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu vaxta məzənnəyə uyğun manatla) və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı KB ASC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi İddiaçı KB ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş “Mercedes-Benz GL 550” minik markalı, buraxılışı 2013-cü il olan, **-GV-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, avtomobilin satışından əldə olunacaq məbləğdən 43.497,12 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu vaxta məzənnəyə uyğun manatla hesablanmalı) İddiaçı KB ASC-nin xeyrinə ödənilməsi, ekspertiza xərci olan 50 manatın cavabdehlər Cavabdeh1 və Ouliyeva Könül Qafar qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, dövlət xəzinədarlığı agentliyi kodu 210005, müxbir hesabı -Z41NABZ********************, AZ34CTRE******************** bank hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Bank tərəfindən əsas, faiz və cərimə borcları həddindən artıq şişirdilmiş və məhkəmə bu məbləğlərin yenidən hesablanması üçün heç bir hərəkət etmədən cərimə məbləğini azaltmaqla kifayətlənmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert rəyinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11 BK/14 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 84.000 ABŞ dollar məbləğində kredit verilmiş, borc alan krediti qəbul etməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 11 BK/14 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə 2 ay güzəşt müddəti müəyyən edilmiş, xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş faiz dərəcəsi dəyişdirilərək illik 17.5 faiz müəyyən edilmişdir. Müqaviləyə iki saylı əlavəyə əsasən kreditin qaytarılmasının son müddəti xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün xx.xx.2014-cü il tarixli, 11BKg/14 saylı girov müqaviləsinə əsasən, Cavabdeh1 ona məxsus “Mercedes-Benz GL 550” minik markalı, buraxılışı 2013-cü il olan, **-GV-*** dövlət nömrə nişanlı avtomobili Bank qarşısında girovla yüklü etmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 117038 nömrəli, xx xxxxxx 2014-cü il tarixli çıxarışa əsasən “Mercedes-Benz GL 550” minik markalı, buraxılışı 2013-cü il olan, **-GV- *** dövlət nömrə nişanlı avtomobilin bank qarşısında yüklü edilməsini nəzərdə tutan müvafiq ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 qeydə alınmışdır. İş üzrə xx.xx.2017-ci il tarixli 17692 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixə banka olan borcu 44.497,28 ABŞ dolları məbləğində müəyyən olunmuş, o cümlədən əsas borcu 37.989,45 ABŞ dolları, faiz borcu isə 6.507,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmçinin, rəydə qeyd edilmişdir ki, İddiaçı KB ASC ilə borclu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11 BK/14 saylı kredit müqaviləsinin 6.3-cü bəndinə əsasən cərimə faiz dərəcəsi (illik 360 % - 720%) dəqiq göstərilmədiyindən ekspertiza zamanı Cavabdeh1 cərimə borcu hesablanmadı. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.1, 385, 427, 442, 445, 448, 462, 467, 470, 472ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ekspert rəyinə əsasən müəyyən edilmiş 37.989,45 ABŞ dolları əsas borc, tələb olunan 5.007,67 ABŞ dolları faiz borcu və azaldılmış 500 ABŞ dolları cərimə borcu Bankın xeyrinə tutulmalı və tutma ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 kredit borcunun tutulması hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin bununla bağlı dəlilləri açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankla aralarında bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi əsas borc məbləğini ekspert rəyi ilə müəyyən etmişdir. Tələb olunan faiz borcu və cərimə borcunun təmin olunmuş hissəsi tərəflərin əmlak mənafelərinə uyğun, əsas borca mütənasibdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qətnamənin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində düzgün nəticəyə gəlsə də ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməkdə haqlı olmamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 17915 nömrəli rəydə qeyd edilmişdir ki, “Mercedes-Benz GL 550” minik markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 93.500 manat müəyyən olunur. Məhkəmə kollegiyası ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ekspertiza xərci ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1951/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilsin. İpoteka predmeti olan “Mercedes-Benz GL 550” minik markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 93.500 manat müəyyən edilsin. Qətnamə iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-265/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-265/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver