Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-265/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 127.150 manat, faiz borcu kimi 23.557,36 manat, cərimə kimi 68.817,84 manat borcalan Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada bankın xeyrinə tutulsun, tutma ipoteka predmeti olan, borcalan Cavabdeh1 məxsus, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev № 77, giriş № 2-də yerləşən 117 №-li mənzilə yönəldilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 127.150 manat, faiz borcu kimi 23.557,36 manat, cərimə kimi 200 manat, cəmi 150.907,36 manat borcalan və zamindən bankın xeyrinə tutulsun, tutma ipoteka predmeti olan mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 130.000 manat müəyyən edilsin, satışdan əldə edilən pul hesabına borc ödənilsin, mənzil satıldıqdan bir ay sonra boşaldılsın. İddianın qalan hissəsi rədd edilib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Bankın apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Borcalan Cavabdeh1 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun, ipoteka predmetinin qiymətinin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası və borc məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası keçirilsin, ekspert rəyi ilə müəyyən ediləcək borcun tutulması barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bankın apellyasiya şikayətinin əsaslı olduğunu, borcalanın apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən borcalan Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil borcalanın apellyasiya şikayətinin əsaslı olduğunu, bankın apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Zamin Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Borcla bağlı məhkəmə aşağıdakıları qeyd edir: 14.07.2016-cı il tarixli, 2300-14.07.2016-TF-BZ nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 127.150 manat kredit verib. Kredit 240 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 10 faiz müəyyən edilib. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 07.10.2021-ci il tarixli, 9/5119 nömrəli rəyinə görə 09.02.2021-ci tarixə əsas borcun məbləği 127.150 manat, faiz borcunun məbləği 22.382,16 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi əsas borcun məbləğini düzgün, faiz borcun məbləğini isə artıq müəyyən edib. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə əsas borcun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalı, faiz borcunun məbləğinə aid hissədə dəyişdirilərək həmin borcun məbləği 22.382,16 manat müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi cərimənin məbləğini müəyyən edilərkən tənasübü nəzərə alıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cəriməyə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İpoteka ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Bank ilə borcalan Cavabdeh1 arasında bağlanmış 27.07.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, borcalana məxsus olan, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev № 77, giriş № 2-də yerləşən 117 №-li mənzil kreditin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın mənzilə yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib. "xxxx" MMC tərəfindən verilmiş 24.11.2020-ci il tarixli qiymətləndirmə hesabatına görə mənzilin bazar qiyməti 130.000 manat, ilkin satış (likvid) qiyməti 120.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi 130.000 manatı ilkin satış qiyməti kimi qətnamədə göstərib. Cavabdeh bu qiymətin real qiymətdən aşağı olduğunu bildirdiyinə görə apellyasiya icraatı zamanı yenidən qiymətləndirmə keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 10.11.2021-ci il tarixli rəyə görə mənzilin likvid dəyəri 220.000 manat təşkil edir. İddiaçı tərəf bu qiymətin real qiymətdən yüksək olduğunu bildirdiyinə görə yenidən qiymətlənirmə keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11.03.2022-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsinı dair” rəyə görə mənzilin bazar dəyəri 145.000 manat, likvid dəyəri isə 135.000 manat təşkil edir. Göründüyü kimi, iş üzrə icraat zamanı likvid qiymətin müəyyən edilməsi üçün məhkəmənin 3 qərardadı əsasında 3 rəy alınıb: 1-ci rəydə likvid qiymət 120.000 manat, 2-ci rəydə likvid qiymət 220.000 manat, 3cü rəydə likvid qiymət 135.000 manat müəyyən edilib. 2-ci rəydə göstərilən qiymət 2 rəydə (1-ci və 3-cü rəydə) göstərilən qiymətdən kəskin fərqləndiyinə görə qiymət həmin rəyə əsasən müəyyən edilə bilməz. 1-ci və 3-cü rəydə göstərilən qiymətlər arasında fərq böyük deyil, 3-cü rəy sonuncu rəy olduğuna və dövlət orqanı tərəfindən verildiyinə görə qiymət 3cü rəyə əsasən müəyyən edilməlidir. Beləliklə, məhkəmə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, ilkin satış qiyməti 135.000 manat müəyyən edilməlidir. Zamin apellyasiya şikayəti vermədiyinə görə qətnamənin zaminə aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilərək faiz borcunun məbləği 22.382,16 manat müəyyən edilsin. Əsas və cərimə borcuna aid hissədə qətnamə dəyişdirilməsin. Tutulmalı olan cəmi borcun məbləği 149.732,16 (yüz qırx doqquz min yeddi yüz otuz iki tam yüzdə on altı) manat müəyyən edilsin. Həmin qətnamə ipoteka predmeti olan, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev № 77, giriş № 2-də yerləşən 117 №-li mənzilin ilkin satış qiymətinə aid hissədə dəyişdirilərək ilkin satış qiyməti 135.000 (yüz otuz beş min) manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilməsin. Mühasibat ekspertizasının xərci olan 100 manatın 50 (əlli) manatı "xxxx" ASCdən, 50 (əlli) manatı Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-265/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-265/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver