Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-266/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: "maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 158/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh MMC arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1000 kv.m hissəsinin hər ay 11630 manat ödəmək şərti ilə icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək, faktiki olaraq icarəyə verilmiş sahəni istifadə etdiyi 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi səbəbindən mart ayı üzrə hər ay üçün 11630 manat olmaqla ümumilikdə 34890 manat məbləğində ödənilməmiş icarə haqqı, icarə predmeti olan sahəyə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara ümumilikdə 62568 manat vurulmuş zərər və qiymətləndiriciyə xidmət haqqı olaraq ödənilmiş 1500 manat, icarə sahəsi, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğuların yararsız vəziyyətdə olması obyektin yenidən icarəyə verilməsinin qarşısını aldığından, habelə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi avtomatik olaraq xx.xx.2021-ci il tarixədək uzanmış hesab edildiyindən əldən çıxmış fayda olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində ümumilikdə 93040 manat məbləğ və istifadə olunan qaz təchizatına görə 4500 manat məbləğində borc olmaqla ümumilikdə 196498 manat vəsaitin Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətçi İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1000 kv.m hissəsinin hər ay 11630 manat ödəmək şərti ilə icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1.3-cü bəndinə əsasən əgər tərəflərdən biri digərinə müqavilənin qurtarmasına ən azı 1 (bir) ay qalmış onun uzadılmaması haqqında bildirişi müqavilədə göstərilmiş elektron poçt ünvanına göndərməsə, müqavilə avtomatik olaraq növbəti 10 (on) aylıq müddətə uzadılmış hesab olunur. Cəmi belə uzadılmış müddətlərin sayı 3 (üç) ola bilər. Müqavilənin qeyd olunan müddəası rəhbər tutulmaqla tərəflər arasında olan icarə münasibətləri davam etdirilmiş, icarə müqaviləsinin uzadılmaması haqqında bildiriş xx.xx.2020-ci il tarixədək daxil olmadığından icarə müddəti avtomatik olaraq növbəti 10 (on) aylıq müddətə, yəni cari ilin xx.xx.2021-ci tarixinədək uzadılmış və aylıq icarə haqqı hesablanmışdır. İcarə müqaviləsi müddətinin uzadılmasına baxmayaraq 2021-ci ilin yanvar ayından etibarən icarə haqqı ödənilməmişdir. İcarəçi Cavabdeh MMC xx.xx.2021-ci il tarixli, 01/21 nömrəli məktubla mülkiyyətçiyə müraciət edərək icarə haqqının qrafiklə həyata keçirilməsini xahiş etmiş, bununla da, icarə üzrə borcunun olmasını etiraf etmişdir. Bundan başqa, Cavabdeh MMC xx.xx.2021-ci il tarixdə qabaqcadan heç bir xəbərdarlıq etmədən icarə sahəsini tərk etmiş, bu zaman icarə predmeti mülkiyyətçiyə müvafiq təhvil-təslim aktına uyğun şəkildə təhvil verilməmişdir. Halbuki, icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən icarə müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl qeyri-şərtsiz xitam verilə bilər. Bununla bağlı hər hansı tərəf qarsı tərəfi 1 (bir) ay qabaqcadan yazılı xəbərdarlıq etməklə razılaşmaya dəvət etməlidir. 7.2ci bəndinə əsasən isə icarə müqaviləsində qeyd edilmiş təhvil-təslim aktı iki nüsxədə tərtib edilməklə tərəflərin imzaları ilə təsdiq edilir və hər bir tərəfdə bir nüsxəsi saxlanılır. Təhvil-təslim aktı hazırkı icarə müqaviləsinin ayrılmaz hissəsidir. İcarəçi Cavabdeh MMC icarəyə götürdüyü sahəni xx.xx.2021-ci il tarixdə qabaqcadan xəbərdarlıq etmədən tərk etdiyindən, bu barədə mülkiyyətçi bir müddət sonra məlumatlanmış, icarəyə verilmiş sahə təhvil-təslim aktı ilə icarəçi tərəfindən təhvil verilmədiyindən əmlakın durumu və vurulmuş zərərin həcmini müəyyən etmək üçün mütəxəssislərə müraciət olunmuş və məlum olmuşdur ki, icarə müddətində yanlış istifadə nəticəsində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh MMC tərəfindən ümumilikdə 62568 manat zərər vurulmuş, bununla da icarə müqaviləsinin digər bəndləri də icarəçi tərəfindən pozulmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə müvafiq olaraq icarəçi Cavabdeh MMC 3.2.7-ci bəndinə müvafiq olaraq bina üçün quraşdırılmış elektrik (transfarmator, ehtiyyat elektrik generatoru, stabilizatorlar və s.), qaz və su təchizatı sistemlər, havalandırma/kondisioner, telefon rabitəsi/intemet, yanğına qarşı sistemlər, binada quraşdırılmış lift və digər sistemlərin işlək vəziyyətdə olmasını və onların təmirini öz vəsaiti hesabına təmin etmək, 3.2.8-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti bitdikdə və ya ona vaxtından əvvəl xitam verildikdə icarə sahəsini saz (köhnəlmə və amortizasiya nəzərə alınmaqla istismara tam yararlı) vəziyyətdə icarəyə verənə geri qaytarmaq, 3.2.9-cu bəndinə uyğun olaraq qeyri-yaşayış sahəsinin tam və ya qismən nasaz vəziyyətə düşməsinə səbəb olan qəzanın qarşısını almaq, həmin qəzanın nəticələrini qısa müddət ərzində öz vəsaiti hesabına aradan qaldırmaq və icarə sahəsini öz vəsaitini hesabına təmir edərək onu icarəyə verilən anda olduğu vəziyyətə gətirmək vəzifələrinin icrasını üzərinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq icarə sahəsi və orada quraşdırılmış avadanlıqların (qurğuların) itməsinə, əskik gəlməsinə, xarab olmasına, sınmağına, sıradan çıxmasına və nasaz vəziyyətinə gəlib çıxmasına cavabdehdir və bunun üçün məsuliyyət daşıyır. İcarəyə verilmiş sahənin yararsız vəziyyətə gətirilməsi mülkiyyətçiyə həmin sahəni digər şəxslərə icarəyə verməsinin qarşısını almış, bununla da, əldən çıxmış fayda şəklində mülkiyyətçi zərərə uğramışdır. Eyni zamanda, icarə haqqının ödənilməməsi, icarəyə verilmiş sahənin heç bir xəbərdarlıq etmədən və təhvil-təslim aktına uyğun şəkildə təhvil verilmədən tərk edilməsi, istifadə müddəti ərzində əmlaka külli miqdarda zərər vurulması ilə yanaşı, Cavabdeh MMC tərəfindən istifadə olunan qaz təchizatına görə 4500 manat borc da ödənilməmişdir.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 158/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-dən faktiki olaraq icarəyə verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsini istifadə etdiyi 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi səbəbindən mart ayı üzrə hər ay üçün 11630 manat olmaqla ümumilikdə 34890 manat məbləğində ödənilməmiş icarə haqqı, həmin sahəyə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara ümumilikdə 62568 manat vurulmuş zərər, qiymətləndiriciyə xidmət haqqı olaraq ödənilmiş 1500 manat, icarə sahəsi, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğuların yararsız vəziyyətdə olması obyektin yenidən icarəyə verilməsinin qarşısını aldığından, habelə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi avtomatik olaraq xx.xx.2021-ci il tarixədək uzanmış hesab edildiyindən əldən çıxmış fayda olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində ümumilikdə 93040 manat məbləğ və istifadə olunan qaz təchizatına görə 4500 manat məbləğində borc olmaqla ümumilikdə 196498 manat vəsaitin İddiaçı xeyrinə tutulması, Cavabdeh MMC-dən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1115, 443.1, 443.2, 700.1, 700.2, 700.3, 705-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 7.2, 7.5, 8.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mütəxəssis rəyi sübut kimi qiymətləndirilərək iddianın tam təmin olunması üçün istinad olunmuşdur. Ümumiyyətlə belə bir rəyə istinad olunması üçün heç bir hüquqi əsas yoxdur, lakin məhkəmə yerli baxış keçirmədən , ümumiyyətlə iddia tələbinin bu hissəsindən anlayışı olmadan, qərəzli təqdim olunan rəyi iddiaya qiymət verilməsi əsası kimi dəyərləndirmişdir. Bu rəyi sübut kimi qəbul etsək belə rəy icarəyə götürülmüş obyektdən başqa, iddiaçıya məxsus bütün əmlaka dair aparılmışdır. Məhkəmənin qərəzli mövqeyi nəticəsində cavabdehdən ümumiyyətlə öhdəlik daşımadığı bir əmlaka görə də vəsait tutulmuşdur. Verilmiş bütün vəsatətlər rədd edilmişdir. Belə ki, icarə müqaviləsinə əsasən təhvil təslim aktına əsasən qəbul etdikləri avadanlıqların yararlı vəziyyətdə olub-olmaması barədə vəsatətləri rədd olunmuşdur. Həmin vəsatətin əsası isə müqaviləyə əsasən yalnız həmin avadanlıqların işlək vəziyyətdə təhvil verilməsi tələb olunurdu. Lakin məhkəmənin istinad etdiyi mütəxəssis rəyində bu avadanlıqlar barəsində ümumiyyətlə fikir bildirilməmişdir. Yerli baxışla bağlı vəsatətin verilmə səbəbi, müqavilə üzrə ümumiyyətlə öhdəliyi nəzərdə tutulmayan təmir xərcləri ilə bağlı irəli sürülmüş iddia tələbinə dair məhkəmədə obyektiv fikrin formalaşması olmuşdur. Lakin məhkəmə bu vəsatəti rədd etməklə və iddia tələbini bu hissədədə tam təmin etməklə faktiki olaraq onda əvvəldən onlara qarşı qərəzli bir mövqeyin formalaşmasını nümayiş etdirmişdir. Məhkəmə müqavilə üzrə öhdəliklərinə aid olmayan iddia tələbi - icarə obyektinin yararsız vəziyyətdə olması ilə bağlı hissədə araşdırma aparmamışdır. Müqavilədə öhdəlik yalnız təhvil-təslim aktında adları qeyd olunan avadanlıqlarla bağlı olduğu halda məhkəmə iddiaçının icarə obyektinin yararsız vəziyyətə düşməsi ilə bağlı hüquqi əsası olmayan iddia tələbinin təmin olunması üçün qiymətləndirmənin təyin edilməsi və bu qiymətləndirmənin əsaslı olub-olmamasını araşdırmamışdır. Məhkəmə tərəfindən rəyin olması artıq təkzib olunmaz bir sübut kimi dəyəndirilmişdir. Məhkəmə istinad etdiyi rəylərin əsaslı olub olmaması, nə səbəbdən rəylərdə icarəyə götürülməmiş sahələrində qeyd olunmasını araşdırmamışdır. Mütəxəssis rəyi - 5149,5 kv.m sahənin qiymətləndirilməsi - icarəyə götürülən sahə 1000 kv.m rəydə köhnəlmə və amotizasiya ilə bağlı mövqe bildirilməyib. Ümumiyyətlə qiymətləndirməni aparan şəxs onun qarşısında qoyulan sualın nədən ibarət olması barədə məlumatsız olduğu görünür. Rəydə göstərilən təmir işləri binanın köhnəlmə və amortizasiyası ilə bağlı olduğu halda belə bir rəyin verilməsi buna dəlalət edir. Rəyə nəzər salınsa binanın yenidən təmir olunması üçün tələb olunan vəsaitin hesablanmasının şahidi olurlar. Məhkəmə icarə müqaviləsinin uzadılması üçün istinad etdiyi sübut və ya hüquq normalarını qeyd etməmişdir və əldən çıxmış fayda kimi xx.xx.2021-ci ilə kimi icarə haqqının cavabdehdən tutulmasını qət etmişdir. Lakin hansı əldən çıxmış faydadan söhbət gedə bilər ki, müqavilənin qüvvədə olma vaxtının son ayının icarə haqqı cavabdeh tərəfindən ödənilə bilməmişdir. Bundan başqa iddiaçı özü etiraf edir ki, 2021-ci ilin fevral ayında müqavilənin uzadılmaması barədə məktub cavabdeh tərəfindən göndərilmişdir. Belə olan halda əgər müqavilənin uzadılmaması barədə iradə ifadəsi bildirilirsə məhkəmə hansı əsasla müqaviləni uzadır. Bu məntiqlə məhkəmə istənilən müqaviləni istədiyi müddətə uzada bilər və bunu əldən çıxmış fayda kimi dəyərləndirə bilər. Məhkəmə mübahisələndirilən qətnamədə icarə obyektində avadanlıq və qurğulara vurulmuş zərəri 62568 manat qiymətləndirməklə iddianı bu hissədə təmin etmişdir. Lakin qətnamədə hansı qurğu və avadanlıqlara bu məbləğdə zərərin dəyməsini qeyd etməmişdir. Əgər məhkəmə mütəxəssis rəyinə istinad edirdisə, həmin rəydə avadanlıq və qurğuya dəymiş zərər qeyd olunmayıb. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. İcarə haqqında Azərbaycan Respublikası Qanununun:
12. Maddə 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
13. Maddə 7.2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.
14. Maddə 7.5. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar;
15. Maddə 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
23. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
25. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
26. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
27. 26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Cavabdeh tərəfindən iddianın təmin edilməsinə dair qətnamə tam mübahisələndirildiyindən, hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edimiş “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğuların yararsız vəziyyətdə olması obyektin yenidən icarəyə verilməsinin qarşısını aldığından, habelə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi avtomatik olaraq xx.xx.2021-ci il tarixədək uzanmış hesab edildiyindən əldən çıxmış fayda olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində 93040 manat məbləğin İddiaçı xeyrinə tutulması” hissəsində ləğv olunmalı, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə iddianın təmin edilmiş “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara vurulmuş zərərə görə tutulmalı olan 62568 manat” və “ümumilikdə tutulmalı olan 196498 manat” hissələrində dəyişdirilməlidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh MMC icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, icarəyə götürülmüş obyekti təyinatına uyğun istifadə etməmiş və buna görə də obyektə ziyan vurmuş, icarə haqqını ödəməmiş, bununla da müqaviləsinin şərtlərini, icarə ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Cavabdeh MMC tərəfindən təhvil-təslim aktı əsasında Cavabdeh MMC-yə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsinin istifadəyə verilməsi zamanı bina ilə yanaşı həmin aktda göstərilən əşyalar da cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən aktda qeyd olunan əşyalarla yanaşı qeyri-yaşayış sahəsində olan digər əşyalardan da istifadə olunmuşdur. Müqavilə xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş, Cavabdeh MMC tərəfindən müqavilənin bitməsinə 1 ay qalmış uzadılma haqqında bildiriş e-mail ünvanına göndərilməmiş və müqavilə avtomatik olaraq 10 aylıq müddətə xx.xx.2020-ci ilə, daha sonra yenidən 10 ay uzadılaraq xx.xx.2021-ci il tarixinə və ən sonda 10 ay yenidən uzadılaraq xx.xx.2021-ci il tarixinədək uzanmışdır. İcarə müqaviləsinin uzadılmasına baxmayaraq Cavabdeh MMC tərəfindən 2021-ci ilin yanvar ayından etibarən icarə haqqı ödənilməmişdir. Eyni zamanda Cavabdeh MMC xx.xx.2021-ci il tarixdə qabaqcadan heç bir xəbərdarlıq etmədən icarə sahəsini tərk etmiş, bu zaman icarə predmeti mülkiyyətçiyə müvafiq təhvil-təslim aktına uyğun şəkildə təhvil verilməmişdir.
36. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC-dən faktiki olaraq icarəyə verilmiş sahəni Cavabdeh MMC istifadə etdiyi 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi üçün mart ayı üzrə hər ay 11630 manat olmaqla, ümumilikdə 34890 manat məbləğində ödənilməmiş icarə haqqı tutulmalıdır.
37. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin iddia tələbinin yuxarıda qeyd olunan hissəsinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Birinci instansiya məhkəməsində həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC İddiaçı icarəyə verdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi ziyanın aradan qaldırılmasında maddi məsuliyyət daşıyan şəxsdir. Belə ki, Cavabdeh MMC tərəfindən həm qeyri-yaşayış sahəsində, həm də həmin sahədə yerləşən, icarəçi tərəfindən istifadə edilərək yararsız vəziyyətə salınan avadanlıqlara, qurğulara vurulan zərər nəticəsində maddi ziyan dəymiş və nəticədə həmin əşyalar yararsız hala düşmüşdür. Məhkəmə zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən aparılmış "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli qiymətləndirilmə rəyi ilə dəymiş zərərin bazar qiyməti 62568 manat və məhkəmə qərardadı ilə təyin edilmiş "xxxx" Hüquq və Konsaltinq Şirkətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə isə 65597 manat təşkil etmişdir. Rəylər əsasında da görünür ki, qiymətləndirmə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütün hissələri, qurğuları və avadanlıqları üçün deyil, Cavabdeh MMC tərəfindən istifadə edilmiş və zərər vurulmuş hissələr üçün keçirilmiş və zərər məbləği onun əsasında müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin “icarə predmeti olan sahəyə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara ümumilikdə 62568 manat vurulmuş zərərin təmin olunması ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşır.
40. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış binasında olan zədələrin aradan qaldırılması üçün görülməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 19645,9 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim ediılən və ortada olmayan ümumilikdə 8 (4+4 ) adda malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5920,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Baxış zamanı iddiaçı 4 adda malların yenisi ilə əvəz edildiyini, 4 adda malların yerində olmadığını bildirdi. Bu səbəbdən də yerində olmayan malların markasını, modelini, istehsal yerini, istismar müddətini, texniki vəziyyətini və sair müəyyən etmək mümkün olmadı.
41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə qeyri-yaşayış binasında olan zədələrin aradan qaldırılması üçün görülməli tikinti-təmir işlərinə görə ekspert rəyinə uyğun olaraq 19645,9 manat, 8 (4+4) adda mallara görə 5920,00 manat məbləğində olmaqla, ümumilikdə 25565,9 manat məbləğində pul tutularaq Cavabdeh MMC-yə ödənilməli, qalan hissədə rədd edilməlidir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qiymətləndiriciyə xidmət haqqı olaraq ödənilmiş 1500 manat vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur.
43. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin 93040 manat əldən çıxmış fayda hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, müqavilənin qüvvədə olma vaxtının son ayının icarə haqqı cavabdeh tərəfindən ödənilməmiş, icarə münasibətlərinin uzadılmaması iddiaçıya məlum olmuşdur. Apellyasiya şikayətindən görünür ki, iddiaçı özü də etiraf etmişdir ki, 2021-ci ilin fevral ayında müqavilənin uzadılmaması barədə məktub cavabdeh tərəfindən göndərilmişdir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
45. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni həmin müddətdə qeyri yaşayış sahəsinin kirayə verilməsi ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir.
46. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi həmin hissədə təmin edilə bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-158/2022 nömrəli qətnaməsi iddianın təmin edimiş “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğuların yararsız vəziyyətdə olması obyektin yenidən icarəyə verilməsinin qarşısını aldığından, habelə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi avtomatik olaraq xx.xx.2021-ci il tarixədək uzanmış hesab edildiyindən əldən çıxmış fayda olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində 93040 manat məbləğin İddiaçı xeyrinə tutulması” hissəsində ləğv olunmalı, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə iddianın təmin edilmiş “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara vurulmuş zərərə görə tutulmalı olan 62568 manat” və “ümumilikdə tutulmalı olan 196498 manat” hissələrində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara vurulmuş zərərə görə 25565,9 manat tutulmalı” və “ümumilikdə tutulmalı olan məbləğ 66455,9 (altmış altı min dörd yüz əlli beş manat doqquz qəpik) manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 158/2022 nömrəli qətnaməsi iddianın təmin edimiş “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğuların yararsız vəziyyətdə olması obyektin yenidən icarəyə verilməsinin qarşısını aldığından, habelə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi avtomatik olaraq xx.xx.2021-ci il tarixədək uzanmış hesab edildiyindən əldən çıxmış fayda olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində 93040 manat məbləğin İddiaçı xeyrinə tutulması” hissəsində ləğv olunsun. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 158/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş “cavabdehdən iddiaçının xeyrinə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara vurulmuş zərərə görə tutulmalı olan 62568 manat” və “ümumilikdə tutulmalı olan 196498 manat” hissələrində dəyişdirilsin. Cavabdehdən iddiaçının xeyrinə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara vurulmuş zərərə görə 25565,9 (iyimi beş min beş yüz altmış beş manat doqquz qəpik) manat tutulsun və “ümumilikdə tutulmalı olan məbləğ 66455,9 (altmış altı min dörd yüz əlli beş manat doqquz qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.