Məhkəmə qərarları › İş №2(103)-268/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-268/2025

13.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-268/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cehiz əmlak və qızıl-zinət” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “cehiz əmlak və qızıl-zinət”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh birgə nikah dövründə əldə edilmiş ünvan 1-da qalmış cehiz əmlakı və qızıl-zinət əşyalarının naturada qaytarılması, bu mümkün olmadıqda onların 16660 (on altı min altı yüz altmış) manat məbləğində pul ilə dəyərinin, 50 manat mediasiya xərcinin və 89,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahından xx.xx.2017-ci il tarixdə X2 adlı övladı anadan olmuşdur. Ailə həyatı qurarkən mehriban ailə münasibəti şəraitində yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da övladının anadan olmasından bir müddət sonra soyumağa başlamışdır. Dəfələrlə ailənin qorunub saxlanılması üçün cəhdlər etsə də nəticəsi olmamışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)- 148/2023 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılmış, xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cehiz əşyaları və qızılları birgə nikah dövründə əldə etdiyi ünvan 1-da qalmışdır. Aşağıda adları qeyd edilən əmlaklar hal-hazıradək cavabdehin qanunsuz istifadəsindədir. Dəfələrlə cehiz əmlakın və qızılların özünə qaytarılmasını tələb etsə də cavabdeh onları verməkdən boyun qaçırmışdır. xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Cehiz əmlaklar aşağıdakılardır: - mebel dəsti (taxt, şifoner, kamot, stol stul, mətbəx mebeli, televizor) - 4500 manat; taxt döşəyi 1 ədəd 100 manat; tək nəfərlik döşək 2 ədəd 100 manat; odeyal böyük 2 ədəd 200 manat; taxt yorğanı 1 ədəd 50 manat; tək nəfərlik yorğan 2 ədəd 50 manat; yastıq 4 ədəd 200 manat; mütəkkə 4 ədəd 40 manat; xalça böyük (3X5) 1 ədəd 300 manat; elektrik sobası 1 ədəd 150 manat; tozsoran 1 ədəd 150 manat; ütü 1 ədəd 100 manat; mikser 1 ədəd 100 manat; elektrik samovar 1 ədəd (Texnolux) 250 manat; mikrovalnovka 1 ədəd 200 manat; soyuducu (Midea) 1 ədəd 1000 manat; kondisioner (Evrolux) 1500 manat; paltaryuyan (Samsunq) 600 manat; uşaq yatağı 1 ədəd 200 manat; pərdə 150 manat; qab dəsti 300 manat; meyvə qabı 4 ədəd 80 manat; xrustal konfet qabı 2 ədəd 50 manat; xrustal güldan 2 ədəd 100 manat; konfet qabı böyük 4 ədəd 50 manat; 3 dəst sok stəkanı 100 manat; şirniyyat qabı 2 ədəd 20 manat; qızılı rəng konfet qabı 2 ədəd 50 manat; tort qabı dəsti 30 manat; rumka dəsti 20 manat; çay stəkanı 24 ədəd 150 manat; nəlbəki 24 ədəd 150 manat; çörək qabı 4 ədəd 30 manat; çərəz qabı 6 ədəd 30 manat; dekor qabları 4 ədəd 40 manat; tort qabı 1 ədəd 20 manat; 24 boşqab dəsti 100 manat; 24 qaşıq dəsti 50 manat; 3 qazan dəsti 350 manat; böyük qazan 1 ədəd 60 manat; çaydan 2 ədəd 50 manat; çaynik 2 ədəd 30 manat; işlək qablar 100 manat; 3 təzə pastel dəsti 150 manat; 3 işlənmiş pastel dəsti 150 manat; bir nəfərlik pastel dəsti 3 ədəd 90 manat; işlənmiş bir nəfərlik pastel dəsti 3 ədəd 90 manat; stol süfrəsi 4 ədəd 80 manat; əl və hamam dəsmalları 200 manat; uşaq geyimləri 200 manat; şəxsi geyim əşyaları 200 manat. - Qızıl-zinət əşyaları: Komplekt (qızıl sep, qızıl üzük, qızıl qolbaq və qızıl sırğa – gəlin gələn vaxtı İddiaçı qaynanası tərəfindən hədiyyə edilmişdir) - 3000 manat, qızıl sep (ad günündə, 10 yanvar 2019-cu il tarixdə cavabdeh tərəfindən İddiaçı hədiyyə edilmişdir) - 500 manat.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1-da yerləşən mebel dəsti (taxt, şifoner, kamot, stol stul) - 3800 manat, mətbəx mebeli – 300 manat, 1 ədəd televizor - 250 manat, 1 ədəd taxt döşəyi - 50 manat, 2 ədəd tək nəfərlik döşək, 2 ədəd odeyal böyük - 100 manat, 1 ədəd taxt yorğanı - 30 manat, 2 ədəd tək nəfərlik yorğan - 30 manat, 4 ədəd yasdıq - 150 manat, 1 ədəd tozsoran - 70 manat, 1 ədəd ütü - 50 manat, 1 ədəd mikrovolnovka - 100 manat, 1 ədəd soyuducu (Midea) - 600 manat , 1 ədəd kondisioner (Evrolux) - 800 manat, 1 ədəd paltaryuyan (Samsung) - 350 manat, 1 ədəd uşaq yatağı - 100 manat, pərdə - 100 manat, 1 ədəd xrustal güldan - 30 manat, 2 ədəd konfet qabı böyük – 30 manat, böyük qazan 1 ədəd – 40 manat, əl və hamam dəsmalları – 30 manat, 1 dəst sok stəkanı - , çay stəkanı 6 ədəd – 20 manat, nəlbəki 6 ədəd – 15 manat, çörək qabı 1 ədəd – 10 manat, boşqab dəsti 12 ədəd – 60 manat, qaşıq dəsti 12 ədəd – 30 manat, stol süfrəsi 2 ədəd – 20 manat birgə nikah dövrüdə əldə edilmiş əşyalar hesab edilərək tərəflərin həmin əşyalar üzərində ½ hissədə payı tanınmış və həmin əşyaların dəyərinin yarısının Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ünvan 1-da yerləşən 1 dəst qazan - 100 manat və 1 ədəd xalça - 300 manat cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əşyalar olmadıqda onların dəyərinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, 50 manat məbləğində mediasiya xərci və 59,70 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, mübahisə predmeti olan əşyaların qiymətləndirilməsi həyata keçirilmişdir. Mütəxəssis qiymətləndirmə fəaliyyətini həyata keçirən "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli 380/E saylı mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan əşyalar fotoşəkillər əsasında qiymətləndirilmişdir. Lakin qiymətləndirilən əşyaların aşınma, amortizasiya xərcləri nəzərə alınmamışdır. Belə ki, qitmərləndirilən əşyalar artıq 8 ilə yaxındır ki, istifadə olunur, aşınmışdır və həmin əşyaların dəyəri bu gün qiymətləndirmə rəyində olan qiymətləri əks etdirmir. Belə ki, iddia ərizəsində qeyd edilən mebel dəsti və mətbəx mebeli birgə nikah dövründə əldə edilməklə qiyməti 2450 ( iki min dörd yüz əlli ) manat təşkil etmişdir. 2 ədəd odeyal illərdir işlənib və qiyməti 100 manat təşkil etmir. Pərdə illərdir işlənib və qiyməti 100 manat təşkil etmir. İllərdir işlənən 1 ədəd tozsoranın ( qiyməti 70 manat qeyd edilmişdir) , 1 ədəd ütünün (qiyməti 50 manat qeyd edilmişdir), 1 ədəd qazan dəstinin (qiyməti 100 manat qeyd edilmişdir), 1 ədəd “Midea” markalı soyuducunun ( qiyməti 600 manat qeyd edilmişdir), 1 ədəd “Evrolux” markalı kondisionerin (qiyməti 800 manat qeyd edilmişdir) hazırki vəziyyəti nəzərə alınmaqla yuxarıda qeyd edilən qiymətləri əks etdirmir və qiyməti qat-qat aşağıdır. Görünüdüyü kimi, mütəxəssis rəy verən zaman qeyd edilən əşyaların (işlənmiş vəziyyətdə olmasını nəzərə almadan) bu günə olan qiymətini nəzərə almış, işə baxan məhkəmə bununla razılaşmış və həmin əşyaların aşınma qiymətini (amortizasiyasını) nəzər almamışdır. Nəzərə alınmamışdır ki, məsələn qiyməti 800 manat kimi qeyd edilmiş “Evrolux” markalı kondisionerin hazırki qiyməti heç 200-250 manat, qiyməti 600 manat kimi qeyd edilmiş “Midea” markalı soyuducunun qiyməti 300 manatı keçmir. Qiyməti 3800 manat kimi hesablanmış mebel dəsti və mətbəx mebelinin qiyməti isə ən yaxşı halda 1200- 1500 manatı keçmir. Qeyd edilən mebel dəsti və mətbəx mebelinin qiyməti alınanda hələ saz və işlənməmiş vəziyyətdə 2450 manat təşkil edirdi. Məhz bu səbəbdən qiymətləndirmənin real qiymətlər və əşyaların indiki vəziyyətdə olan halı nəzərə alınmaqla aparılmadığını bildirir. Mübahisə predmeti olan əşyaların bu günə, hazırkı vəziyyətinə uyğun olaraq (aşınma, amortizasiya halı nəzərə alınmaqla) qiymətləndirilməsi aparılmalıdır. Tərəflərin izahatı:

6. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək bildirdi ki, iddiaçı ailə quranda özü ilə cehiz gətirməmişdir, iddia etdiyi cehizləri o, öz vəsaiti hesabına almışdır. Əgər iddiaçı razılaşarsa, əşyalar satılsın və sonra əldə edilmiş məbləğ onların arasında bölünsün. Rayon məhkəməsində mebel dəsti, kondisoner və soyuducu qiymətləndirilərkən onların aşınması halı və amortizasiya xərci nəzərə alınmamışdır. O, dəyərinə uyğun şəkildə natura formasında əşyaların İddiaçı ilə aralarında bölünməsi ilə bağlı cəhd göstərsə də, iddiaçı ilə razılığa gələ bilməmişlər. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

7. İddiaçı məhkəmə iclasında öz izahatında bildirdi ki, şikayətlə razı deyil, ekspert rəyində bəzi əşyalar qeyd edilməyib, halbuki ekspertə həmin əşyaları özü göstərmişdir, o qətnaməni mübahisələndirməsə də, mebel dəstinin qiyməti apellyasiya instansiyası məhkəməsində qiymətləndirildikdə 1.150 (min yüz əlli) manat olaraq müəyyən olunub, amma bu məbləğ rayon məhkəməsində qiymətləndirildiyindən xeyli az müəyyən edilmişdir. Həmin əşyaların razılıq əsasında aralarında bölünməsinə razılıq əldə edə bilməmişlər, onların satılıb pulunun bölünməsinə razıdır. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

8. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-148/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment və əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Şakır qızı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində aliment tutularaq İddiaçı Şakır qızına ödənilməsi, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 80 ünvanında yerləşən 46 saylı mənzilə 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, Cavabdeh, birgə nikah dövründə əldə edilmiş və xx.xx.2022-ci il tarixində 11.000 manata satılmış "Mercedes Benz E 240" markalı, 99-DS- 159 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı - 5500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Şakır qızına ödənilməsi, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 55 manat, vəkil tərəfindən hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 300 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/11-2023-588 saylı «ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan görünür ki, İddiaçı cehiz əmlakı tələbinə dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixli 12:00-da keçirilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir.

10. 380/E saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus olan, qiymətləndirilməsini siyahı ilə istədiyi cehiz əşyalarının ümumi bazar dəyəri 7.365 (yeddi min üç yüz altımış beş) manat müəyyən edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4272/2024, xx.xx.2024-cü il tarixli Qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “ünvan 1-da yerləşən mebel dəsti (taxt, şifoner, kamot, stol stul), 1 ədəd kondisioner (Evrolux), 1 ədəd soyuducunun (Midea) aşınma, amortizasiya halı nəzərə alınmaqla hazırkı real bazar qiyməti müəyyən edilsin”.

12. "xxxx" MMC-nin MB 18/0457 rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mebel dəsti (şifoner, kamot, stol, stul) 450 manat, 1 ədəd kondisoner (Electrolux) – 320 manat, 1 ədəd soyuducunun (Midea) – 380 manat aşınma, amortizaiya halı nəzərə alınmaqla 12 may 2025-ci il tarixinə olan bazar dəyəri cəmi 1150 (min yüz əlli) manatdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

16. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

17. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

18. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

19. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

20. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

21. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

22. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

23. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

24. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.4.

28. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Hazırkı halda, cavabdeh iddianın təmin edilən hissəsini mübahisələndirdiyi üçün Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən mübahisələndirilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yeni qiymətləndirmə rəyinə əsasən əşyaların dəyəri hissəsində dəyişdirilməlidir.

41. Məhkəmə qeyd edir ki, cavabdeh rayon məhkəməsində iddiaçının tələb etdiyi 3 ədəd qazan dəstinin İddiaçı tərəfindən cehiz əşya kimi gətirildiyini və 1 ədəd böyük xalçanın anası tərəfindən iddiaçıya hədiyyə olunduğunu etiraf etmişdir. Eyni zamanda, İddiaçı tələb etdiyi 4 ədəd mütəkkənin, 1 ədəd elektrik sobasının, 1 ədəd mikserin, 1 ədəd elektrik somovarının, qab dəstinin, 4 ədəd meyvə qabının, 2 ədəd xrustal konfet qabının, 2 ədəd şirniyyat qabının, 2 ədəd qızılı rəng konfet qabının, tort qabı dəstinin, rumka dəstinin, 6 ədəd çərəz qabının, 4 ədəd dekor qablarının, 1 ədəd tort qabının, işlək qabların, 3 ədəd təzə pastel dəstinin, 3 işlənmiş pastel dəstinin, 3 ədəd bir nəfərlik pastel dəstinin, 3 ədəd işlənmiş bir nəfərlik pastel dəstinin mövcudluğunu sübut edə bilməmişdir. Öz növbəsində iddiaçı televizor istisna olmaqla mebel dəstinin (taxt, şifoner, kamot, stol stul), 1 ədəd taxt döşəyi, 2 ədəd böyük odeyalı, 1 ədəd taxt yorğanının, 2 ədəd tək nəfərlik yorğanın, 4 ədəd yastığın, 1 ədəd tozsoranın, 1 ədəd ütünün, 1 ədəd mikrovalnovkanın, 1 ədəd “Midea” markalı soyuducunun, 1 ədəd “Evrolux” markalı kondisonerin, 1 ədəd “Samsung” markalı paltaryuyanın, 1 ədəd uşaq yatağının, pərdənin, 1 ədəd böyük qazanın, 4 ədəd stol süfrəsinin, əl və hamam dəsmallarının, tək nəfərlik döşəkdən 1 ədədinin, xrustal güldandan 1 ədədin, konfet qabıdan 2 ədədin, 3 dəst sok stəkanından 1 dəstin, çay stəkanından 6 ədədin, nəlbəkidən 6 ədədin, çörək qabından 1 ədədin, boşqab dəstindən 12 ədədin, qaşıq dəstindən 12 ədədin, stol süfrəsindən 2 ədədin birgə nikah dövründə alındığını etiraf etmişdir. Cavabdeh televizorun mövcudluğunu etiraf etmiş, onun dostu tərəfindən hədiyyə edildiyini bildirsə də, bu faktı məhkəmədə sübuta yetirə bilməmişdir.

42. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına əsasən məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur.

43. Məhkəmə rayon məhkəməsində verilmiş qiymətləndirmə rəyində qeyd edilən mebel dəsti, soyudu və kondisonerin dəyərlərinin düzgün müəyyən edilməməsi, rəydə qeyd edilmiş əşyaların sadəcə fotoşəkildən qiymətləndirilməsini, həmin əşyaların bazar dəyərinin düzgün qiymətləndirilməməsi ilə bağlı cavabdehin mövqeyini və eyni zamanda, iddiaçının həmin əşyaların yenidən qiymətləndirilməsi ilə bağlı razılığını nəzərə alaraq yenidən qiymətləndirmə rəyinin verilməsi ilə bağlı məhkəməəmtəəşünaslıq ekspertizası keçirmişdir.

44. "xxxx" MMC-nin MB 18/0457 rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mebel dəsti (şifoner, kamot, stol, stul) 450 manat, 1 ədəd kondisoner (Electrolux) – 320 manat, 1 ədəd soyuducunun (Midea) – 380 manat aşınma, amortizaiya halı nəzərə alınmaqla 12 may 2025-ci il tarixinə olan bazar dəyəri cəmi 1.150 (min yüz əlli) manatdır. Tərəflər həmin əmlakların qarşılıqlı olaraq konkret əşyaların bir-birinə verilməsi qaydasında bölünməsinə razı olmammışlar.

45. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin müəyyən olunmuş hallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, rayon məhkəməsinin qətnaməsi qismən dəyişdirilməli, mebel dəstinin (şifoner, kamot, stol, stul) dəyəri 450 manat, 1 ədəd kondisonerin (Electrolux) dəyəri 320 manat, 1 ədəd soyuducunun (Midea) dəyəri 380 manat olmaqla müəyyən olunmalı, qətnamə cavabdehin mübahisəndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə:

46. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi qismən dəyişdirilməli, mebel dəstinin (şifoner, kamot, stol, stul) dəyəri 450 manat, 1 ədəd kondisonerin (Electrolux) dəyəri 320 manat, 1 ədəd soyuducunun (Midea) dəyəri 380 manat olmaqla müəyyən olunmalı, qətnamə cavabdehin mübahisəndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

48. Hazırkı halda mübahisələndirilən hissədə iddianın dəyəri 3.515 (üç min beş yüz on beş manat) (mebel dəsti (taxt, şifoner, kamot, stol stul) - 450 manat + mətbəx mebeli – 300 manat + 1 ədəd televizor - 250 manat + 1 ədəd taxt döşəyi - 50 manat + 2 ədəd tək nəfərlik döşək, 2 ədəd odeyal böyük - 100 manat + 1 ədəd taxt yorğanı - 30 manat +2 ədəd tək nəfərlik yorğan - 30 manat + 4 ədəd yasdıq - 150 manat +1 ədəd tozsoran - 70 manat + 1 ədəd ütü - 50 manat +1 ədəd mikrovolnovka - 100 manat + 1 ədəd soyuducu (Midea) - 380 manat + 1 ədəd kondisioner (Evrolux) - 320 manat + 1 ədəd paltaryuyan (Samsung) - 350 manat + 1 ədəd uşaq yatağı - 100 manat + pərdə - 100 manat + 1 ədəd xrustal güldan - 30 manat + 2 ədəd konfet qabı böyük – 30 manat + böyük qazan 1 ədəd – 40 manat + əl və hamam dəsmalları – 30 manat + 1 dəst sok stəkanı, çay stəkanı 6 ədəd – 20 manat + nəlbəki 6 ədəd – 15 manat + çörək qabı 1 ədəd – 10 manat + boşqab dəsti 12 ədəd – 60 manat + qaşıq dəsti 12 ədəd – 30 manat + stol süfrəsi 2 ədəd – 20 manat + 1 dəst qazan - 100 manat + 1 ədəd xalça - 300 manat) manat olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıb.

49. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza xərci iddiaçıdan tutulmalıdır.

50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Suraxanı Rayon Məhkəməsinin 2(010)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən dəyişdirilsin. ünvan 1-da yerləşən mebel dəstinin (taxt, şifoner, kamot, stol stul) dəyəri 450 manat, 1 ədəd “Midea” markalı soyuducunun dəyəri 380 manat, 1 ədəd “Evrolux” markalı kondisioner dəyəri 320 manat olaraq müəyyən olunsun. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat alınaraq "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qətnamənin mübahisələndirilən hissəsində iddianın dəyəri 3.515 (üç min beş yüz on beş manat) olduğundan prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar