Məhkəmə qərarları › İş №2(103)-2702/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2702/2022

12.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2702/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit xətti üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-259/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli 107442-1-3718 saylı “Avtomobil krediti müqaviləsi”, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 16.06.2016-cı il tarixli 1 saylı və 25.10.2017-ci il tarixli 2 saylı Razılaşmalara əsasən 23 iyul 2020-ci il tarixə Banka borclu olduğu 11.231,11 (on bir min iki yüz otuz bir, 11) manat məbləğində əsas borc, 217,32 (iki yüz on yeddi, 32) manat məbləğində faiz borcu, 62,91 (altmış iki, 91) manat məbləğində cərimə borcu, ümumilikdə isə 11.511,34 (on bir min beş yüz on bir, 34) manat məbləğində pulun və 30 (otuz) manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli 107442- 1- 3718 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 20.274 (iyirmi min iki yüz yetmiş dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış “14.09.2012-ci il tarixli 107442-1-3718 saylı avtomobil kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 1 saylı Razılaşmaya əsasən Cavabdeh 16 iyun 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 9.868 (doqquz min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 15 (on beş) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit alana 12 ay müddətinə güzəşt dövrü təyin olunaraq faiz dərəcəsi 13,5 (on üç tam onda beş) faiz dərəcəsinə endirilmişdir. Daha sonra Bank ilə Cavabdeh arasında bağlanmış “14.09.2012-ci il tarixli 107442-1-3718 saylı avtomobil kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 2 saylı Razılaşmaya əsasən Cavabdeh 25 oktyabr 2017- ci il tarixə mövcud olan borcu həmin günə olan Bankının məzənnəsi ilə konvertasiya edilmiş və o, 15.171,89 (on beş min bir yüz yetmiş bir, 89) manat məbləğində borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan 90-RJ861 dövlət qeydiyyat nişanlı avtomobili 14 sentyabr 2012-ci il tarixli 107442-16-4198 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında “14 sentyabr 2012-ci il tarixli 107442-16-4198 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə” 16 iyun 2016-cı il tarixli 1 saylı və 25 oktyabr 2017-ci il tarixli 2 saylı Razılaşmalar bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri 26 avqust 2019cuil tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 11.231,11 (on bir min iki yüz otuz bir, 11) manat məbləğində əsas borc, 217,32 (iki yüz on yeddi, 32) manat məbləğində faiz borcu, 62,91 (altmış iki, 91) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 11.511,34 (on bir min beş yüz on bir, 34) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-259/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 10355.47 manat əsas borc, 124.27 manat faiz borcu və 62,91 manat cərimə olmaqla, ümumilikdə 10.542,65 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin 14.09.2012-ci il tarixli “İpoteka müqaviləsi”nə əsasən «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılması, satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra girov qoyulmuş əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 295 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, e-2(005)-259/2021 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə istinad edərək, Cavabdeh Banka 10.355,47 manat məbləğində əsas borc və 124,27 manat məbləğində faiz borcunun olduğunu müəyyən etmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının nümayəndəsi yazılı vəsatətinin əsaslarına, məhkəməyə təqdim olunmuş əlavə sübutlarına (ətraflı maliyyə arayışı və hesabdan çıxarış), ekspert və mütəxəssisin izahatlarına istinad edərək, məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinin əsassız olduğunu bildirmiş və iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını məhkəmədən xahiş etmiş, lakin iddiaçının nümayəndəsinin şifahi vəsatəti məhkəmə tərəfindən təmin olunmamış və bunun nəticəsində məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində səhv nəticəyə gəlmişdir. Ekspert rəyi (həmçinin 23.10.2020-ci il tarixli 9/4222 saylı və 15.03.2021-ci il tarixli 9/878 saylı) Cavabdeh kredit borcunun əsas və faiz borcu hissəsində həqiqəti əks etdirmir və bu səbəbdən həmin ekspert rəyi ilə razı deyillər. Bununla bağlı aşağıdakıları qeyd edirlər. 1. Cavabdeh tərəfindən 25.10.2017-ci il tarixdən 23.07.2020-ci il tarixədək ekspert rəyində qeyd edildiyi kimi cəmi 11.083,17 manat deyil, cəmi 11.107,59 manat məbləğində ödəniş aparılmışdır (fərq 24,42 manat); 2. 25.10.2017-ci il tarixdən 23.07.2020-ci il tarixədək əsas borca ödənilən məbləğ ekspert rəyində qeyd edildiyi kimi 4.816,42 manat deyil, 3.940,78 manat təşkil edir (fərq 875,64 manat); 3. 25.10.2017-ci il tarixdən 23.07.2020-ci il tarixədək faiz borcuna ödənilən məbləğ ekspert rəyində qeyd edildiyi kimi 6.266,75 manat deyil, 6.247,27 manat təşkil edir (fərq 19,48 manat); 4. 25.10.2017-ci il tarixdən 23.07.2020ci il tarixədək 982,45 manat cərimə borcu hesablanıb və Cavabdeh tərəfindən 919,54 manat məbləğində cərimə ödənilib, lakin ekspert rəylərinin heç birində cərimə borcu hesablanmayıb və yekunda nəzərə alınmayıb; 5. İddiaçı tərəfin vəsatətinə əsasən məhkəmə iclasına dəvət olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin eksperti Əziz Alqayev iddiaçının nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, 15.03.2021- ci il tarixli 9/878 saylı ekspert rəyi üzrə Cavabdeh cərimə borcu ümumiyyətlə hesablanmamış və nəzərə alınmamış, cavabdehin cərimə ödənişləri isə yekun nəticədə əsas və faiz borcundan silinmişdir. Bütün sadalanlardan müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli 9/4222 saylı, 15 mart 2021-ci il tarixli 9/878 saylı və 23 avqust 2021-ci il tarixli 9/4136 saylı ekspert rəylərində çoxsaylı səhvlərin olduğunu, ekspertiza tədqiqatının tam və dəqiq aparılmadığını, əsas və faiz borcunun hesablanması üzrə ziddiyyətlərin olduğunu nəzərə alaraq, nəticəyə gəlmək olar ki, həmin ekspert rəyləri iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının rəyləri həm maliyyə arayışı ilə, həm də ki, bir biri ilə ziddiyyət təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi bu növ işlər üçün mühüm əhəmiyyət kəsb edir, dəqiq və mötəbər olmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “əsas və faiz borcunun tutulması” hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 14 sentyabr 2012-ci il tarixli 107442-1-3718 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 20274 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “14.09.2012-ci il tarixli 107442-1-3718 saylı avtomobil kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 1 saylı Razılaşmaya əsasən Cavabdeh 16 iyun 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 9.868 (doqquz min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 15 (on beş) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, kredit alana 12 ay müddətinə güzəşt dövrü təyin olunaraq faiz dərəcəsi 13,5 (on üç tam onda beş) faiz dərəcəsinə endirilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “14.09.2012-ci il tarixli 107442-1-3718 saylı avtomobil kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 2 saylı Razılaşmaya əsasən Cavabdeh 25 oktyabr 2017-ci il tarixə mövcud olan borcu həmin günə olan Bankının məzənnəsi ilə konvertasiya edilmiş və o, 15.171,89 (on beş min bir yüz yetmiş bir, 89) manat məbləğində borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 14.09.2012-ci il tarixli 107442-16-4198 aylı ipoteka müqaviləsi əsasında Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan «KİA Cerato minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FCCH272017, ban KNAFW411BD5675564, 2012-ci il buraxılışı olan **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı pul tələblərinin ödənilməsinə dair 14.09.2012 il tarixli pretenziyadan görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, 14088 manat məbləğində pulun 3 gün müddətində banka ödənilməyəcəyi təqdirdə tərəflərindəndən pul tələblərinin ödənilməsi, ipoteka predmetinə tutmanın notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi üçün qanunvericiliyə uyğun tədbirlərinin görüləcəyi ilə bağlı məlumat verilmişdir. 23.07.2020-ci il tarixli maliyyə arayışı ilə həmin tarixə cavabdehin banka 11231.11 manat məbləğində əsas, 217.32 manat məbləğində faiz, 62.91 manat məbləğində cərimə, ümumilikdə isə 11511.34 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı müxtəlif vaxtlarda məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və aşağıdakı ekspertiza rəyləri tərtib edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2020ci il tarixli 9/4222 №-li ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 14 sentyabr 2012-ci il tarixli, 107442-1-3718 saylı Avtomobil krediti Müqaviləsinin, 16 iyun 2016-cı il tarixli 01 saylı Razılaşmanın və 25 oktyabr 2017-ci il tarixli 02 saylı Razılaşmanın şərtləri, əsas götürülməklə Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh banka olan borcu əsas borc üzrə 10503.17 manat, faiz borcu üzrə 278.33 manat ümumilikdə 10781.51 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli 9/878 №-li ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 14 sentyabr 2012-ci il tarixli, 107442-1-3718 saylı Avtomobil krediti Müqaviləsinin, 16 iyun 2016-cı il tarixli 01 saylı Razılaşmanın və 25 oktyabr 2017-ci il tarixli 02 saylı Razılaşmanın şərtləri, əsas götürülməklə Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh banka olan borcu əsas borc üzrə 10,355,47 manat, faiz borcu üzrə 124.27 manat ümumilikdə 10.479,73 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2021ci il tarixli 9/4136 №-li ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 14 sentyabr 2012-ci il tarixli, 107442-1-3718 saylı Avtomobil krediti Müqaviləsinin, 16 iyun 2016-cı il tarixli 01 saylı Razılaşmanın və 25 oktyabr 2017-ci il tarixli 02 saylı Razılaşmanın şərtləri, əsas götürülməklə Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh banka olan borcu əsas borc üzrə 10,355,47 manat, faiz borcu üzrə 124.27 manat ümumilikdə 10.479,73 manat məbləğində müəyyən olunur. Birinci instansiya məhkəməsinin iddianın “əsas və faiz borcunun tutulması” hissəsindəki mövqeyinə görə, iddia tələbi 01.09.2015-ci il tarixli 123808-1-19952 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində qismən əsaslıdır, belə ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2021-ci il tarixli 9/4136 №-li rəylərini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10355.47 manat əsas borc, 124.27 manat faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə qismən təmin etməklə haqlı olmuşdur. Belə ki, iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən tutulması üçün hesablanmış borc məbləği işdə olan sənədlər əsasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli 9/878 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2021-ci il tarixli 9/4136 nömrəli ekspertiza rəylərinə əsasən hesablanmışdır. Qeyd olunan ekspertiza rəylərinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 10355.47 manat əsas borc, 124.27 manat faiz borcunu müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının şəxsi mülahizələrinə əsaslanır. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorun dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-259/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi “əsas və faiz borcunun tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar