Məhkəmə qərarları › İş №2(103)-2708/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2708/2022

25.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2708/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Respublika Xammal və X6 Mərkəzinə, "xxxx" MMC-yə, Səbail rayon İcra Şöbəsinə və Cavabdeh3 BOKT ASC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC tərəfindən rəsmiləşdirilmiş 09 aprel 2021-ci il tarixli 29/07 №-li X4 Protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9, mənzil 13-ə dair 06 may 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı ilkin olaraq X2 qaldırsa da, sonradan o, əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-510/22) iddia təmin edilmişdir. Cavabdeh3 BOKT ASC qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25.02.2016-cı il tarixli 2016/00283-01 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 60 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit müqaviləsinin təminatı olaraq eyni tarixli ipoteka müqaviləsi ilə onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13-cü mənzili ipoteka ilə yüklü edilmişdir. Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə sözügedən kredit müqaviləsinə xitam verilməsi, Z.Məmmədovdan Cavabdeh3 BOKT ASC-nin xeyrinə cəmi 15050 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə Z.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş və mənzilin ilkin satış qiyməti 150.000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Z.Məmmədovun kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 787.42 ABŞ dolları, əsas borcun, faiz borcunun və cərimənin cəmi isə 14997,29 ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Yuxarıda göstərilən məhkəmələr tərəfindən qəbul edilən qətnamə və qərarların nəticəsinə məhəl qoymayan cavabdeh iddiaçının hüquqlarını pozaraq iddiaçıya məxsus əmlakı mənimsəmişdir. Məhkəmə prosesləri başa çatmamış, yəni məhkəmə qətnamələri və qərarları qanuni qüvvəsini almamış cavabdehlər tərəfindən hərrac təşkil olunmuş və əmlak "xxxx" BOKT ASC-nin nümayəndəsinə satılmışdır. Cavabdehlər tərəfindən təşkil olunan hərracların heç birindən iddiaçının xəbəri olmamışdır. Bir dəfə mənzilin boşaldılması ilə əlaqədar cavabdehlər toptüfənglə iddiaçıya məxsus mənzilə gələrək bildirmişlər ki, mənzil boşaldılmalıdır. Cavabdeh "xxxx" BOKT ASC tərəfindən mənzilin 60000 manata hərraca çıxarılmasına dair bildiriş göndərilmişdir. İş Ali məhkəmənin icraatında ola-ola hərrac keçirilmişdir, bundan cavabdehlər xəbərdar olmuşlar. Mənzilin ilkin satış qiyməti 150.000 manat müəyyən edilməsinə baxmayaraq, necə olur ki, cavabdehlər 60000 manata satışa çıxararaq cavabdehin nümayəndəsinə satmışlar. Cavabdeh bugünədək keçirilmiş hərracın nəticələrinə dair sənədləri ona təqdim etməmişdir. Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddiaçı mənzilin ilkin satış qiyməti ilə bağlı olan hissədə yanlış nəticəyə gəlmişdir. Belə ki, mülki iş üzrə qəbul edilmiş sonuncu məhkəmə aktı olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-803/2020 saylı 14.09.2020-ci il tarixli qətnaməsi ilə mübahisə predmenti olan mənzilin ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən edilmişdir. Belə ki, apellyasiya məhkəməsinin sonuncu qətnaməsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi yalnız faiz borcu hissəsində dəyişdirilmişdir. Hərracın keçirilmə vaxtı ilə bağlı hərrac təşkilatı tərəfindən iddiaçının ünvanına bildirişlər göndərilmişdir. 26.02.2021-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş 09 fevral 2021-ci il tarixində iddiaçının ünvanına göndərilmişdir. 30.03.2021-ci il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən tələbkar Cavabdeh3 BOKT ASC-yə ipoteka predmetinin 30 təqvim günü ərzində əldə edilməsi ilə bağlı təklif məktubu ünvanlanmış və 06.04.2021-ci il tarixdə təklif məktubuna cavab rəsmi olaraq bildirilmişdir. Yalnız bundan sonra əmlak Cavabdeh3 BOKT ASC- nın balansına keçmişdir. Əmlakın keçmiş mülkiyyətçisi İddiaçı və iddiaçı Z.Məmmədov hərracın keçirilməsi barəsində məktubu şəxsən qəbul etmiş və ilkin hərracın keçirilməsindən xəbərdar olmuşlar. Odur ki, iddiaçı qətnamənin icraya yönəldildiyindən məlumatlı olmuş, buna baxmayaraq qəsdən buna münasibət bildirməmişdir. Belə ki, icraya yönəldilən məhkəmə qətnaməsindən verilən kassasiya şikayəti 15.03.2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına daxil olmuş olsa belə, iddiaçı qətnamənin icraya yönəldildiyindən xəbərdar olduğu halda cavabdeh Bakı şəhəri Cavabdeh2nə icra hərəkətlərinin dayandırılması barədə ərizə ilə müraciət etməmişdir. Sözügedən qurum isə bu haqda qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmadığı təqdirdə icra hərəkətlərini dayandıra bilməzdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə yanaşı əlavə olaraq onunla əsaslandırılmışdır ki, icraatın dayandırılması barədə ərizə iş ilə əlaqəsi olmayan Aynurə Bayramova adlı tamamilə başqa bir şəxsə ünvanlanıb. İş üzrə icraatı həyata keçirən icra məmuru Tural Aşurov icraatın dayandırılması barədə ərizədən xəbərsiz olub. Belə olan halda icra məmurunun icraatı dayandırması üçün heç bir əsası mövcud olmayıb və icra məmuru haqlı olaraq icraatı dayandırmayıb. Birinci instansiya məhkəməsində işə baxılan zaman icraatın dayandırılması barədə Aynurə Bayramovaya ünvanlanan ərizənin icra şöbəsi tərəfindən hansı tarixdə qəbul edilməsi də qeyri-müəyyən qalmışdır. Belə ki, ərizənin “qəbul etdim” hissəsi oxunmaz vəziyyətdə olduğu üçün onun hansı tarixdə qəbul olunmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə isə belə hesab etmişdir ki, ərizə icra şöbəsi tərəfindən 06.03.2021-ci il tarixində qəbul edilib. Cavabdeh2ndən həmin ərizənin təsdiq olunmuş surətini əldə etdikdən sonra bizə məlum olmuşdur ki, ərizə 06.03.2021-ci il tarixində deyil, 06.05.2021-ci il tarixində icra şöbəsi tərəfindən qəbul edilmişdir. Həmin tarixdə isə artıq hərrrac keçirilib başa çatmış, hərracın yekunlarına dair 09.04.2021-ci il tarixli alqı-satqı müqaviləsi və yekun protokol imzalanmışdı. Ərizə icra hərəkətləri keçirilib başa çatdıqdan sonra icra şöbəsinə daxil olduğu üçün icraatın dayandırlmasından söhbət gedə bilməzdi. İddiaçı tərəfindən verilən kassasiya şikayətinin məhkəmənin icraatına hansı tarixdə qəbul olunmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, nümayəndələrin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi 09 aprel 2021-ci il tarixli 29/07 №-li X4 Protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9, mənzil 13-ə dair verilmiş 06 may 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədədir. Birinci instansiya məhkəməsi hərracın həmin vaxt üçün qüvvədə olmayan məhkəmə qətnaməsi əsasında keçirilməsini qanunvericiliyin tələblərinə zidd hesab etmiş və bu baxımdan iddianı əsaslı saymışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 152-ci, “İpoteka haqqında” Qanunun 41, 42-ci və digər maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə borcun ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 60.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, mənzilin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş və mənzilin ilkin satış qiyməti 150.000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərarı ilə Z.Məmmədovun kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.09.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Z.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 787,42 ABŞ dolları, əsas, faiz və cərimə borcunun cəmi isə 14.997,29 ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilmiş, qətnamə Z.Məmmədovun apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmişdir. "xxxx" MMC-nin 09.04.2021- ci il tarixli X4 29/07 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, mənzilin ilkin satış qiyməti 60000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 51000 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 38250 manat olmaqla Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmişdir. Buna dair 09.04.2021-ci il tarixdə X4 əmlakın alqı-satqısı barədə müqavilə imzalanmış, müvafiq çıxarış alınmışdır. X2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3471/19 saylı icra işi üzrə icraatın dayandırılması barədə icra şöbəsinə müraciət etmiş, qətnamədən verilmiş kassasiya şikayətinin hazırda Ali Məhkəmənin hakimi Aqil Abbasovun icraatında olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hərrac təşkilatı tərəfindən əmlak hərraca çıxarılarkən qanunvericiliyin tələbləri pozulmuş, əmlak qanuni qüvvəsini almamış məhkəmə qərarı əsasında hərraca çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən Bakı şəhəri Cavabdeh2 icra məmuru xanım Aynurə Bayramovaya ünvanlanmış və 06.03.2021-ci il tarixdə qəbul edilmiş ərizədən görünür ki, icraatda olan 2(103)-3471/2019 saylı icra üzrə iş hal-hazırda 2(102)-2992/2021 saylı mülki iş Ali məhkəmənin hakimi Aqil Abbasovun icraatındadır. Yuxarıda göstərilənlərlə əlaqədar icraatda olan 2(103)-3471/2019 saylı icra işinin müvəqqəti dayandırılmasını xahiş etmişdir. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Beləliklə, hərracın keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış hərrac keçirilmişdir. Bu isə qanunvericiliyin tələblərinə birbaşa ziddir. Məhkəmə kollegiyasının qənaətinə görə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılmasının nəticəsinin necə olmasından asılı olmayaraq hərrac hələ qüvvəyə minməmiş qətnamə əsasında keçirildiyindən qanuni və etibarlı sayıla bilməz. Belə ki, iddiaçı (ipoteka qoyan) qətnamənin hələ qanuni qüvvəyə minməməsinə və icranın dayandırılması barədə ərizə verməsinə güvənərək hərracın keçirilməsində iştirak etməmişdir. Hərracın keçirilməsində iştirak etmiş olsaydı, o, ipoteka qoyan kimi qanunla malik olduğu hüquqlardan istifadə edə, o cümlədən ipoteka predmetini ala bilərdi. Hərracın tələsik keçirilməsi nəticəsində o, bu hüquqlardan məhrum olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh3 BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar