Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2731/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı və Cavabdeh iştirakları ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-222/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 17 sentyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı və alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixli BA238779 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007, mühərrikin nömrəsi və buraxılış ili 2005 olan Toyota Corolla minik markalı, 77HZ159 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini satıcı alıcı ilə ilkin alqı-satqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürürlər.
2. Avtomobilin satış qiyməti 17300 (on yeddi min üç yüz) manat müəyyən edilir. Alıcı 2.1ci bənddə müəyyən edilən pulun 500 (beş yüz) manatını müqavilə bağlandığı anında notariusun bankda açılmış depozit hesabı vasitəsilə ödəyir, qalan 16800 (on altı min səkkiz yüz) manatını isə bu müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada satıcıya ödəyir. Alıcı qalan 16800 (on altı min səkkiz yüz) manatını isə 24 (iyirmi dörd) ay müddətində yəni ilkin ödəniş tarixi yəni xx.xx.2024-cü ildən başlayaraq hər ay 700 (yeddi yüz) manat olmaqla satıcıya nağd, bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür.
3. 17 sentyabr 2024-cü il tarixli, 177618 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Toyota Corolla minik” markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 2 il müddətinə etibarnamə verilmişdir. İddiaçı Cavabdeh qarşı “avtomobil və ya onun dəyərini alınması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə BA №238779 qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007 olan Toyota Corolla minik markalı, buraxılış ili 2005, dövlət nömrə nişanı **-HZ-*** olan avtomobilin cavabdehdən alınaraq ona qaytarılması, həmin avtomobil mövcud olmadıqda avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun cavabdehdən alınaraq ona verilməsi, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan aylıq 700 (yeddi yüz) manat pulun maşın ona təhvil veriləcəyi günə qədər hesablanaraq ona ödənilməsi, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixində “ilkin alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə BA №238779 qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007 olan Toyota Corolla minik markalı, buraxılış ili 2005, dövlət nömrə nişanı **-HZ-*** olan avtomobili bundan sonra Alıcı (ikinci tərəf) Cavabdeh ilə ilkin alqı-satqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürmüşlər. Avtomobilin satış qiyməti 17300 (on yeddi min üç yüz) manat müəyyən edilmişdir. Alıcı müqavilənin 2.1-ci bəndində müəyyən edilən pulun 500 (beş yüz) manatını müqavilə bağlandığı anında notariusun bankda açılmış depozit hesabı vasitəsilə, qalan 16800 (on altı min səkkiz yüz) manatını isə bu müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada satıcıya ödəyir. Alıcı qalan 16800 (on altı min səkkiz yüz) manatı 24 (iyirmi dörd) ay müddətində xx.xx.2024-cü ildən başlayaraq hər ay 700 (yeddi yüz) manat olmaqla satıcıya nağd, bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsiylə ödəməyi öhdəsinə götürmüşdür. Nəticə etibarilə avtomobil cavabdehə tam saz və işlək vəziyyətdə təhvil verilmişdir. Nəzərə çatdırır ki, cavabdeh tərəfdən xx.xx.2024-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam və vaxtında icra edilmir, avtomobili isə ona geri qaytarılmır. Əlavə olaraq bildirir ki, avtomobil cavabdehin istifadəsinə verildiyi tarixdən heç bir ödəniş edilməmişdir. Hal-hazırda cavabdehin ona - bu günə ödəməli olduğu pul məbləği müqavilə üzrə - xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə ödənilməmiş 700 (yeddi yüz manat) təşkil edir. Əlavə olaraq bildirir ki, cavabdehin ilkin ödədiyi 500 (beş yüz) manat pulun 200 (iki yüz) manatı öz xahişi ilə maşının kosmetik cilalanması üçün ona qaytarılmışdır
5. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2024- cü il tarixli “ilkin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, ona məxsus olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə BA №238779 qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007 olan Toyota Corolla minik markalı, buraxılış ili 2005, dövlət nömrə nişanı **-HZ-*** olan avtomobilin cavabdehdən alınaraq ona qaytarılması, həmin avtomobil mövcud olmadıqda avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun cavabdehdən alınaraq ona verilməsi, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan aylıq 700 (yeddi yüz) manat pulun maşın ona təhvil veriləcəyi günə qədər hesablanaraq ona ödənilməsi, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-222/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi ləğv edilməsi, İddiaçı məxsus 2005-ci il buraxılışlı, “Toyota Corolla minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən İddiaçı qaytarılması, avtomobil olmadığı halda, onun dəyəri olan 17000 (on yeddi min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 141 (bir yüz qırx bir) manat tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya məxsus olan “Toyota Corolla minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərini cavabdeh icra etmədiyinə görə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ilkin müqavilə ləğv edilməli və avtomobil iddiaçıya qaytarılmalı, o olmadıqda isə 17000 manat olan dəyəri iddiaçıya ödənilməlidir. Həmçinin cavabdehin maşını təhvil aldıqdan təxminən 1 ay sonra avtomobili iddiaçıya məlumat verməklə iddiaçının tanıdığı ustaya təhvil verməsi və faktiki olaraq avtomobildən istifadə etməməsi məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə yanaşı şahid ifadəsi ilə də öz təsdiqini tapdığından avtomobilin iddiaçıya təhvil veriləcəyi vaxtadək hər ay ondan 700 manat tutulması hissəsində məhkəmə iddianı əsassız hesab etmişdir. Odur ki, daha əvvəl ödənilmiş puldan 300 manatın iddiaçıda qaldığını nəzərə alaraq cavabdehdən 400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməli olmasını qət etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki hal-hazırda da avtomobil cavabdeh tərəfindən ona təhvil verilməmişdir. Buna görə də o, xx.xx.2024-cü il tarixdən bu günədək –yəni xx.xx.2025-ci il tarixədək dövr üçün aylıq 700 ( yeddi yüz) manat pul ödənilməmişdir. Cavabdeh avtomobili iddiaçıya saz şəkildə qaytarmadığından o, adi mülki dövriyyə şəraitində avtomobilin digər şəxsə satılması və ya icarəyə verməsi nəticəsində gəlirlər əldə etmək imkanından məhrum olmuşdur. Lakin məhkəmə bugünədək avtomobilin cavabdeh tərəfindən ona təhvil verilmədiyini nəzərə almamış, cavabdehin izahatı ilə kifayətlənmişdir. Halbuki tərəflər arasında bağlanmış müqaviləşərtləri ( aylıq 700 ( yeddi yüz ) manat pulun ödənilməsi ) məhz cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsini təmin etsə də aylıq ödənişlərin ( indiki halda əldən çıxmış faydanın) də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində tamamilə yanlış nəticəyə gəlmiş və qeyd edilən hissədə iddianı təmin etməmişdir. Məhkəmə 400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində yanlış nəticəyə gəlmişdir. Məhkəmənin cavabdeh tərəfindən avtomobilin usta yanına qoyduğuna görə cavabdehin aylıq ödənişləri ona ödəmək öhdəliyindən azad etməsi fikrinə gəlməsi tamamilə yanlış olmuşdur, çünki avtomobil cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı idi ki, müqavilə üzrə aylıq ödənişlər hesablanmasın. O, hesab edir ki, avtomobilin usta yanına qoyulması və iddiaçıya təhvil verilməməsi artıq cavabdeh tərəfindən öhdəliklərin lazımi icrası sayılmamalıdır.
10. Daha sonra iddiaçı iş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli məhkəmə iclasında apellyasiya şikayətinə əlavə təqdim edərək maşının onda olmadığı 5 ay ərzində ona 3500 manat ödənilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12.Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
17. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərini əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
21. İş materiallarından müəyyən olunur ki tərəflər ilkin alqı-satqı müqaviləsi bağlamış, cavabdeh hər ay 700 manat məbləğində aylıq ödəyərək 24 ay sonra (maşının ümumi dəyəri ödənildikdən sonra) maşına dair əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürmüşlər. Yəni burada cavabdehə əmlakın kirayəyə və ya icarəyə verilməsi nəzərdə tutulmayıb, sadəcə maşının tərəflər arasında razılaşdırılımış qiyməti Cavabdeh tərəfindən tam ödənildikdən sonra əmlaka dair əsas alqı-satqı müqaviləsinin bağlanması nəzərdə tutulub. Kollegiya qeyd edir ki, cavabdehin maşını aldıqdan təxmini 1 ay sonra avtomobili iddiaçıya məlumat verməklə iddiaçının tanıdığı ustaya təhvil verməsi və faktiki olaraq avtomobildən istifadə etməməsi məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə yanaşı şahid ifadəsi ilə də öz təsdiqini tapdığından cavabdehdən əlavə olaraq ödəniş tələb edilməsi əsassızdır.
22. Göründüyü kimi hazırkı apellyasiya şikayətinin dəlillərinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 1096.1 və 1097.1-ci maddələri təşkil edir. Belə ki, iddiaçı əldən çıxmış fayda olaraq cavabdehdən iş üzrə qətnamə qəbul edilənədək aylıq 700 manat pulun tutulmasını xahiş edir. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.
23. Əldən çıxmış fayda formasında zərərin ödənilməsini tələb edən iddiaçı göstərilən ünsürlərdən başqa əlavə olaraq sübut etməlidir ki, o, itirdiyi faydanı əldə etmək üçün bütün zəruri hazırlıqları həyata keçirmiş, cavabdeh tərəfindən pozuntunun törədilməsi isə onun itirilmiş mənfəət əldə etməsində yeganə maneə olmuşdur. Beləliklə əldən çıxmış faydanın ödənilməsini tələb edən iddiaçı gəlir əldə etməsinin real olmasına, onun alınmasına hazırlıq görmüş olmasına və s. dair sübut təqdim etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması təşkil edir.
24. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Belə olan halda kollegiya Mülki Məcəllənin 21.2-ci maddəsinin məzmununa istinadən iddianın bu hissəsinə aid sübutetmə vəzifəsinin bölgüsü baxımından əldən çıxmış fayda formasında zərər dəydiyini sübut etmək vəzifəsinin onu iddia edən şəxsə aid olmasını qeyd edir. Yəni iddiaçı sübut etməlidir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, o, real olaraq əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur.
26. Həmçinin iş materiallarından görünür ki, cavabdehin maşını məhz iddiaçıya deyil də ustaya təhvil verməsi ilə iddiaçının avtomobilini digər şəxslərə satılması və ya icarəyə verməsi nəticəsində gəlirlər əldə etmək imkanından məhrum olmasına səbəb olan hər hansı bir mötəbər sübut yoxdur.
27. Apellyasiya şikayətinin digər bir dəlili isə cavabdehdən yalnız 400 manat tutulmasının düzgün olmaması ilə bağlı olmuşdur. Bu hissədə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən 500 manat ilkin ödəniş edilmiş, daha sonra iddiaçı həmin pulun 200 manatını təmir xərci kimi cavabdehə qaytarmış, həmin pulun 300 manatı iddiaçıda qalmışdır. Cavabdeh tərəfindən avtomobilin 1 aya yaxın müddət ərzində istifadə etdiyi müəyyən edilmişdir. Buna görə də iddianın bu hissədə yalnız 1 ay üçün 700 manat ödənilməsi əsaslıdır. Məhkəmənin daha əvvəl ödənilmiş puldan 300 manatın iddiaçıda qaldığını nəzərə alaraq cavabdehdən 400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli olması barədə qənaəti düzgün olmuşdur. (300+400=700)
28. İddiaçı apellyasiya şikayətində dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmış, lakin işdə olan sübutlarda göstərilənlərdən daha artıq maddi zərərin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçının şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Şikayətin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 30.Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur
31. Odur ki, apellyasiya şikayətində qeyd edilən dəlillər əsassızdır.
32. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
33. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
34. Bunlarla yanaşı, məhkəmə kollegiyası izah edir ki, apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, kollegiyanın qətnaməsinin iddiaçıya münasibətdə mübahisələndirilə bilən hissəsində iddia qiyməti beş min manatdan azdır. Belə ki, kollegiyanın qətnaməsinin iddiaçıya münasibətdə mübahisələndirilə bilən hissəsində iddia qiyməti 3500 (700*5=3500) manatdır. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Odur ki, iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-222/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.