Məhkəmə qərarları › İş №2(103)-2734/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2734/2024

25.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2734/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar sözlər: qızıl-ziynət əşyalarının qaytarılması, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-228/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan uşaqları dünyaya gəlməmiş, nikah Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2018/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan komplekt dəst – (daxildir: bir ədəd boyunbağı, bir ədəd bilərzik) - əyarı 585, çəkisi 49 qram, qiyməti 3.000 manat; komplekt dəst – (daxildir: bir cüt sırğa və bir ədəd üzük) - əyarı 585, çəkisi 15 qram, qiyməti 1.300 manat; bir ədəd nişan üzüyü - 585 əyarlı, çəkisi 7 qram, qiyməti 500 manat; bir cüt sırğa – əyarı 750, çəkisi 4 qram, damla tipli və setkalı, qiyməti 400 manat (atası alan); bir ədəd üzük- əyarı 583, çəkisi 4 qram, sürməyi (tünd göy) rəngdə qaşı olan, qiyməti 200 manat (atası alan) olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin 5.400 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından övladları yoxdur. O, nikahın pozulması ilə bağlı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Artıq cavabdehlə heç bir ailə münasibəti qalmamış və bundan sonra da hər hansı bir münasibətin olması mümkün deyil. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək toy-nişan ərəfəsindən ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını tələb edir. Cavabdeh könüllü olaraq həmin əmlakları ona verməkdən imtina edir.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh hərbiçi olduğunu, qızılların onda və ya anasında olmadığını bildirmişdir. Müharibəyə 1 gün qalmış cavabdehə bütün əşyaları yığmasını bildirmiş, səhər tezdən öz anasıgilə Goradilə aparmışdır. Oradan da işə getmişdir. Müharibədən 4-5 gün sonra evə zəng vurduğunda, iddiaçının anası ilə danışıb, 1-2 günlük xəstə olduğu üçün anasıgilə getdiyini bildirmişdilər. Sonra özü ilə danışmış, iddiaçının uşaq istədiyini bildirdiyini qeyd etmişdir. İddiaçıya uşaqları olmasa belə həyatlarına davam edəcəklərini bildirdiyini qeyd etmişdir.

5. Məhkəmə iclasında İddiaçı xx.xx.2020-ci ildə evdən çıxdığını və uşaq məsələsi ilə bağlı həkimə göndərildiyini bildirmişdir. Qaynatası anasına zəng edərək onu yarı yoldan aparmasını istəmişdir. Anasının onu dayanacaqdan götürdüyünü, evlərinə gedən zaman xəstə olduğunu, qonşularında orda olduğunu bildirmişdir. Həkim təbii yolla uşağın olmayacağını dedikdə, həkim dediklərini qaynanasına bildirmiş, qaynanası evə gəlməməsini demişdir. Lakin yoldaşı qayıtmağı təklif etmişdir. Toydan sonra qızılları qaynanasının götürdüyünü və ancaq yığıncaqda taxmağa verdiyini qeyd etmişdir. Mərhum atası tərəfindən ona bağışlanmış qızıllar da (damla şəklində sırğalar və üzük) toyda bağışlanmış qızıllar ilə yoldaşına, o, isə, öz anasına saxlamağa vermişdir.

6. Məhkəmə iclasında X6, X7 və X11 şahid qismində dindirilmişlər.

7. X1 bildirmişdir ki, iddiaçının anasıdır. Cavabdeh tərəfin aldığı qızıllardan əlavə, yoldaşının aldığı qızılarını da qaytarılmadığını bildirmişdir. Yoldaşı rəhmətə getdiyi üçün aldığı 1 damla sırğa və 1 ədəd sürməyi qaşlı üzüyü qızına pay verdiyini, qızılları evin böyüyü olaraq qaynanasının götürdüyünü və qızılı itirər deyə vermədiyini bildirmişdir. Əlavə olaraq qızılları satıb qızının müalicə olunacağını qeyd etmişdir.

8. X2 bildirmişdir ki, iddiaçının anasının iş yoldaşıdır. İş yoldaşının işə gəlmədiyini, qızını qaynanasıgildən gətirməyə getdiyini qeyd etmişdir. Onlara gedən zaman iş yoldaşının qızı ilə gəldiyini, iddiaçının özünü pis hiss etdiyini və üzərində qızıl olmadığını bildirmişdir.

9. X3 bildirmişdir ki, iddiaçının anasının qonşudur. Qızın anası ilə gəldiyi, vəziyyətinin yaxşı olmadığını və üzərində qızıl olmadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ona təzə gəlin olduğunu niyə qızıl taxmadığını soruşduqda, qaynanasının qızıları itirər deyə ondan aldığını bildirdiyini qeyd etmişdir. Həmçinin, atası hədiyyə verdiyi üzüyü əvvəllər iddiaçının barmağında görmüşdür.

10. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 228/2024 nömrəli qərardadı ilə xx.xx.2023-cü il tarixli, e-2(010)-4389/2023 nömrəli qərardadı ilə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/10090/2024 nömrəli rəyinə əsasən 1. 585 əyar boyunbağı 1 ədəd, bilərzik 1 ədəd 49 qram, qiyməti (85 manat) ümumi qiyməti 4.165 manat; 2. 585 əyarı bir cüt sırğa və bir ədəd üzük 15 qram, qiyməti (85 manat) ümumi qiyməti 1.275 manat; 3. 585 əyar 1 ədəd nişan üzüyü 7 qram, (85 manat) ümumi qiyməti 595 manat; 4. 750 əyar, bir cür sırğa, damla tipli və setkalı 4 qram (110 manat), ümumi qiyməti 440 manat; 5. 583 əyar 1 ədəd üzük, çəkisi sürməyi (tünd göy) rəngdə qaşı olan 4 qram, (85 manat) 340 manat; cəmi: 6.815 manat müəyyən edilmişdir.

12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 228/2024 nömrəli qətnaməsi ilə (hakim F.F.Mirzəyeva) iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan komplekt dəst – (daxildir: bir ədəd boyunbağı, bir ədəd bilərzik) - əyarı 585, çəkisi 49 qram, qiyməti 3.000 manat; komplekt dəst – (daxildir: bir cüt sırğa və bir ədəd üzük) - əyarı 585, çəkisi 15 qram, qiyməti 1.300 manat; bir ədəd nişan üzüyü - 585 əyarlı, çəkisi 7 qram, qiyməti 500 manat; bir cüt sırğa – əyarı 750, çəkisi 4 qram, damla tipli və setkalı, qiyməti 400 manat (atası alan); bir ədəd üzük - əyarı 583, çəkisi 4 qram, sürməyi (tünd göy) rəngdə qaşı olan, qiyməti 200 manat (atası alan) olan qızıl-zinət əşyalarının və ya onların dəyəri 5.400 manat pulun alınıb İddiaçı qaytarılması qət edilmişdir.

13. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər birgə nikaha daxil olmaqla ailə həyatı qurmuş, lakin bir müddət sonra həmin nikah pozulmuşdur. Tərəflərin birgə nikahından övladları olmamışdır. Hazırda iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının cavabdehdə qaldığını bildirir. O, cavabdehin ondan qızılları aldığını və öz anasına verdiyini qeyd etmişdir. İddiaçı övladı olmadığına görə müalicə almaq üçün anasının evinə getmişdir. Cavabdeh tərəf də öz ifadələrində bu halı, yəni anasının evinə daimi deyil, müalicə üçün getməsini, inkar etməmiş, iddiaçıya uşaqları olmasa belə həyatlarına davam edəcəklərini bildirmişdir.

14. Məhkəmə hesab etmişdir ki, bu halın özü tələb edilən əşyaların cavabdehə məxsus evdə qaldığının göstəricisidir. Müalicəyə gedən insanın bütün qızılları yığıb özü ilə aparması ağlabatan deyildir.

15. Cavabdeh tərəf iddianı qəbul etməyərək bildirir ki, iddiaçı anasının evinə gedən zaman qızıl-zinyət əşyalarını da özü ilə götürüb aparmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, cavabdeh tərəf el adətinə görə toy hədiyyəsi qismində iddiaçıya qızıllar almışdır. İddiaçı həm cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızılları, həm də mərhum atasından hədiyyə qalmış qızıl əşyalarını cavabdehdən tələb etmişdir. Cavabdeh tərəf iddia tələbində göstərilmiş qızılların hər hansı birinin olub-olmamasını mübahisələndirməmiş, əksinə bütün qızılların iddiaçının şəxsi mülkiyyəti olduğundan özü ilə aparıdığını bildirmişdir. Bu tip mübahisələrdə adətən yazılı sübutların olmadığını nəzərə alan məhkəmə, tələb edilən qızıl dəstinin cavabdeh tərəfdə olub-olmaması qənaətinə gələrkən tərəflərin verdikləri izahatlara və işin ümumi hallarına əsaslanır. İddiaçının müalicə almaq üçün müvəqqəti olaraq anasının evinə getməsi halını məhkəmə iclasında dindirilən Cavabdeh və şahidlər X6, X11 və X8 təsdiq etmişdir. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşılması üçün əsas görmür və ifadələri iş üzrə həqiqətin müəyyən edilməsində sübut kimi qəbul edir.

16. Beləliklə, məhkəmə qənaətə gəlmişdir ki, iddiaçı anasının yanına müalicə almaq üçün getmiş və evi tərk edəndə tərəflərin münasibətləri normal olmuşdur. Yəni, iddiaçının həmin vaxt boşanmaq niyyəti olmamışdır. Belə olan halda, iddiaçının anasının yanına müvəqqəti gedərkən qızıl-zinət əşyalarını özü ilə yığıb aparması inandırıcı deyil. Cavabdehin nümayəndəsi iddiaçı evdən gedərkən özünə məxsus qızılları apardığını bildirsə də, bu dəlilini təsdiq edə biləcək sübutlarını təqdim edə bilməmişdir. Bu hal iddiaçını həmin əşyaların ona məxsus olmasını sübut etmək yükündən azad etməklə, MMin 157.2-ci maddəsinin birinci dispozitiv şərtinin mövcud olmasını təsdiq etmiş olur.

17. İddia tələbi məhz iki hissədən – qeyd olunan əmlakların qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsindən ibarətdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd edilən ekspert rəyində əşyaların qiyməti iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia ərizəsində qeyd edilən məbləğlərdən yuxarı olmuşdur. Lakin, məhkəmə MPM-in 218.3-ci maddəsinin tələbini nəzərə alaraq həmin əşyaların qiymətini iddia ərizəsinə əsasən müəyyən edir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.1, 157.2, 225.2, 666.1, 666.2, 668.1, 668.1.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0, 115.0.1, 119.1, 124.1, 218.1, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin təsviriəsaslandırıcı hissəsində iddiaçının, şahidlərin, cavabdehin nümayəndəsi və vəkilinin verdiyi ifadələri təhrif edilmişdir. Hakim iclasların audio və video yazıyla aparıldığını unudub. Bunun əyani sübutu olaraq tarixləri göstərilməklə məhkəmə iclasında verilən ifadələri təqdim edir; xx.xx.2023-cü ildə keçirilən məhkəmə iclasında ifadə verən İddiaçı bildirir: 1) həkimə gedib öyrəndikdən sonra ki, uşağım olmayacaq qaynanam dedi ki, uşaq olmayacaqsa evə gəlmə; 2) Toydan sonra anam atamdan qalan qızılları mənə verdi; 3) Bir çanta ilə Sumqayıtdan Görədilə getmişəm paltar götürmüşdüm; 4) Yoldaşım boşanmaq istəyirdi, sonradan deyir ki, yoldaşım barışmaq istəyir. X12 ifadəsi: 1) Qızımın əlində heçnə yox idi. Həkimə apardım sonra olanları qaynanasına dedim. Müalicə üçün pul lazım olduğunu dedim. Bir-iki gün sonra qaynanası dedi ki, qızı göndərmə gəl əşyaları apar; 2) Dedilər ki, Bərdəyə gedəcəksən qızılları ver. Bərdəyə gedənə kimi qızıllar evdə idi. Yəqin Sumqayıtdakı evdə olub. Maraqlanmamışam. Bərdəyə qədər qızıllar kimdə olub bilmirəm. Bərdəyə gedəndə qaynanası demişdi ki, qızıllar onda qalsın. İddiaçı və anasının ziddiyyətli ifadəsindən sonra xx.xx.2023-cü çarpaz dindirmə: Bəli mən özüm evə qayıtmamışam. Anası şahid Məfurə Bayramova qeyd edir ki, qızım bizim evə gələndən sonra yenidən qayıtmağa qoymadılar. X19: Evə gedib oturub gözlədim. Ana-bala gəldilər. Gördüm ki, qız özünü pis hiss edir. Nə əlində çanta, nə qızıl gördüm. Gözüm yönlü görmür. Bugün yediyim sabah yadımdan çıxır. X23 Anasının əlində balaca çanta var idi. Qızın əlində nə olduğu yadımda deyil. Yoldaşı ilə gələndə qızıllara fikir vermədim. İddiaçı xx.xx.2024-cü il ifadəsi: Qızılları iki ay sonra qaynanama verdim. Qızılları qaynanama verməsəydim, qaynanam bu halı ərimə deyəcəkdi və o məni döyəcəkdi. Qızılları qaynanama verməyəndə ərim məni döyürdü. Qaynanam deyirdi ki, qızılları mənə ver saxlayım, sən itirərsən. Sonra qızılları qaynanamdan istəyəndə deyirdi ki, qızılları itirmişəm. Qətnamədə bu deyilənlərin heç biri əks olunmamışdır. Bu qədər ziddiyətli, bir birinə uyğun gəlməyən iddiaçı və şahid ifadələrinə əsaslanıb necə iddianı təmin etmək olar. Şahid olaraq ifadə verən iddiaçının anası Məfurə Bayramova və İddiaçı ifadələri arasındakı ziddiyəti görməmək mümkün deyil. İşdə şahid qismində ifadə verən şahidlərin heçbiri neytral şəxslər deyil. Onların hamısı iddiaçı ilə yaxın münasibətdə olan yəni şahidlərdən biri iddiaçının anası ,digər iki şahid isə iddiaçının anasının qonşularıdı. Belə şahidlərin iddiaçının xeyrinə ifadə verməsi təbii haldır. Bütün şahid ifadələrinə belə baxmayaraq hakim qətnamənin təsviri əsalandırıcı hissəsində iddiaçının evdən çıxma şəraitini qeyd etmiş, iddianın təmin edilməsini buna əsaslandırmışdır. İddiaçı cavabdeh ilə Sumqayıt şəhərində yerləşən evdə ayrıca yaşayırdılar. Onlar Görədildə yerləşən qaynananın evinə müvəqqəti gəliblər. Yəni, iş üzrə cavabdeh hərbiçi olduğundan xx.xx.2020-ci ildə ikinci Qarabağ müharibəsi başladığından məcburiyyət qarşısında iddiaçını müvəqqəti olaraq valideyinlərinin yaşadığı evə gətirib. İddiaçı və şahidlərin ifadələri bu halı təsdiq edir. Sonradan iddiaçının özünün dediyi kimi, müalicə alması və müalicə dövründə həkimə getməsi üçün Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən anasına məxsus evə getmişdir. İşin hallarına düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçıya münasibətdə anası evinə getməyini müvəqqəti hal kimi qiymətləndirən hakim cavabdehə münasibətdə bu halı nədənsə daimi bir hal kimi göstərib. Qeyd etdikləri bir daha sübut edir ki, işin halları ilə məhkəmənin gəldiyi nəticə uyğun gəlmir. Digər bir pozuntu isə məkəmədə xx.xx.2023-cü il tarixdə şahid qismində ifadə verən iddiaçının anası Məfurə Bayramovanın ifadəsinə sübut kimi istinad edilməsidir. Belə ki, məhkəmə iclasına şahid qismində dəvət olunan Məfurə Bayramova iclas zalına daxil olar-olmaz cavabdehin vəkilinə tənqidedici ifadələrlə - “Niyə qızımı çaşdırırsan, mən çöldən hər şeyi eşidirdim”, deməsinə baxmayaraq, hakim onun şahid kimi dindirilməsində heç bir problem olmadığını bildirərək məhkəmə prosesini davam etdirmişdir. Qeyd olunan qızıllar İddiaçı əmlakıdır. İddiaçı tərəf iddia olunan əmlakın qaynanasına verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Şahid qismində ifadə verən şəxslərin ifadələrinə fikir versək görərik ki, iddia tələbinin əsası yoxdur. Şahidlərin hamısı ziddiyyətli ifadə vermişdir. İşin ən maraqlı hallarından biri də odur ki, 2020-ci ildən aliənin faktiki olaraq dağılmasına baxmayaraq iddiaçı tərəf bununla bağlı məhkəməyə yalnız 2023 cü ildə müraciət etmişdir. Əvvəlcədən dediyi kimi, iddia tələbini sübut etmək iddiaçı tərəfin vəzifəsidir. Bundan başqa, qətnamədə iddiaçı, onun vəkili və şahid olaraq ifadə verən iddiaçının anası X4 ifadələrinə fikir versək görərik ki, hamısı bir nəfər kimi qızılların cavabdehin anasında olduğunu qeyd edir. İddia ərizəsində isə cavabdeh qismində Cavabdeh göstərilmişdir. İş materiallarından görsənir ki, iddiaçı tərəf məhkəmə baxışı təyin olunana qədər məhəkəməyə heç bir sübut təqdim etməmişdir. İş üzrə şahidlərlə bağlı sübutlar məhkəmə baxışında təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli e-2(10)-4389/2023-cü il tarixli qərardad buna əyani sübutdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iş materiallarından da müəyyən olunur ki, iddiaçı qızılların harada olması ilə bağlı ən azı üç dəfə fərqli fikirlər səsləndirir. Məhkəmə tərəflərin Sumqayıt şəhərində yaşadığını müəyyən edir. Cavabdeh müharibəyə getməsi səbəbi ilə iddiaçını anasıgilə bir həftə müddətinə gətirir. Məhkəmə bunu daimi hal kimi qiymətləndirir. Lakin iddiaçının anasının yanına getməsini müvəqqəti hal kimi qiymətləndirir. Birinci instansiya məhkəməsi icraatı zamanı dəvət edilmiş şahidlərin ifadələri isə ziddiyyətlidir. Onlardan biri iddiaçının əlində çanta olduğunu, digəri isə ümumiyyətlə iddiaçının əlində heçnə olmadığını bildirir. Qarşı tərəfin birinci instansiya məhkəməsindəki izahatları ilə hazırki izahatları ziddiyyət təşkil edir. Belə ki, onlar bildirir ki, ilk gündən qızıllar iddiaçıdan alınıb. Daha sonra qızılları görməyiblər.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, səhər tezdən həyəcan komandası verildi və iddiaçını Goradil ərazisində körpünün üstündə anasına təhvil verib, hərbi hissəyə getmişdir. Axşam məlumat verildi ki, səhər ola bilsin hamı hərbi hissəyə çağırılsın. Axşam işdən evə gələndə iddiaçıya bildirmişdir ki, bütün zinət əşyalarını, paltarlarını və bütün əmlakını hazır vəziyyətdə qoysun, əgər ona zəng olunarsa evdən çıxarlar. Səhər çantaları, qızılları ilə birlikdə iddiaçını Goradil ərazisində anasına təhvil vermişdir. sonradan iddiaçının anası onun anası ilə danışıb və bildirib ki, həyat yoldaşı müharibəyə gedib, övladı olmadığına görə stress yaşayıb, 2-3 günlük iddiaçı onlarla qalsın. Anası da iddiaçını 2-3 günlük müvəqqəti anasıgilə göndərmişdir. Həmişə qızıllar özlərində olub. Goradilə köçəndə də, Bərdəyə təyinat alıb gedəndə də, Sumqayıtda yaşadıqları dövrdə də qızıl-zinət əşyaları özlərində olub. Qızıllar onda deyil. İddiaçı gedəndə özü ilə aparıb. O, bütün əşyalarını, qızılları gözünün qabağında yığışdırıb. İddiaçı mediasiyada qızıl, maşın istədiyini bildirib. O isə cavab olaraq mübahisəni məhkəmə qaydasında həll edilməli olduğunu bildirdi, çünki iddiaçı qızılların onda olduğunu iddia edir, o isə onda olmadığını bildirir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, qarşı tərəf onların verdiyi ifadələrin təhrif olunduğunu bildirsə də, əslində iddiaçının ifadələri təhrif edilmişdir. İddiaçı izahatında toydan sonra qaynanasının qızılı aldığını, daha sonra cavabdehin hərbiçi olduğu səbəbi ilə təyin olunduğu bölgələrə iddiaçını özü ilə apardığını bildirir. Cavabdeh birinci instansiya məhkəmə icraatı dövründə məhkəmə iclasında iştirak edərkən ona müharibədə iştirak etməyə gedəndə qızılları hara apardığını soruşmuş, o isə cavabında iddiaçını da, qızılları da Goradilə anasıgilə apardığını bildirmişdir. Belə olan halda qızılları orada yaşayan bütün şəxslərdən tələb edə bilməzdilər. Qızılların üçüncü şəxsə verilməsi dedikdə, toydan sonra verilməsini bildirmişlər. Cavabdeh apellyasiya şikayətində və izahatlarında da iddiaçının müvəqqəti müalicə məqsədi ilə anasıgilə getdiyini qeyd edirlər. Müvəqqəti uşaqla bağlı müalicəyə anasıgilə gedən insan qızıllarını götürüb, taxıb getməz. Hesab edirlər ki, cavabdeh özü birinci instansiya icraatı dövründə məhkəmə iclasında iştirak edərkən etiraf etmişdir. Tərəflər ailə qurduqdan sonra anasıgildə yaşayıb və qızılları anasına verib. Sonradan cavabdeh hərbiçi olduğu üçün bölgələrdə yaşayıblar və qızılları da özləri ilə getdikləri rayonlara aparıblar. Cavabdeh hərbiçi olduğu üçün tərəflər müxtəlif yerlərdə yaşayıblar. Son olaraq cavabdeh birinci instansiya məhkəmə icraatı zamanı məhkəmə iclasında iddiaçını anasının evinə apardığını bildirmişdir. Eyni zamanda, ötən məhkəmə iclasında üçüncü şəxs iddiaçını nəvəsinin yola saldığını, gah iddiaçının əlində çanta görmədiyini, gah da çanta gördüyünü bildirdi. Cavabdeh tərəf iddiaya etiraz olaraq hər hansı bir əsas təqdim etməmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qızıllar onda olmayıb. Oğlu evdə olmurdu, qızılı oğlu yox, özü Sumqayıt şəhərində univermaqdan almışdı. Satıcı onu tanıdığı üçün lom qiymətinə hissə-hissə ödəmək şərti ilə vermişdi. Daha sonra elçiliyə getmişlər, öz qızıllarını və aldığı qızılları iddiaçıya vermişdir. Sonra qızıllar barədə məlumatı olmayıb. Öz qızıllarınızı iddiaçıya hədiyyə kimi toy günü aparmış, video çəkilişlə özünə vermişdir. Qızılları geri almaq niyyəti olmayıb. Onun yanında çox qalmayıblar. Belə ki, qızının həyat yoldaşı dünyasını dəyişdiyi üçün iki övladı ilə evə qayıtmışdır. İddiaçı da orada yaşaya bilmədiyini, sıxıldığını bildirdi. Daha sonra iddiaçı oğlu ilə birgə Bərdə şəhərinə köçdülər və 200 manata ev kirayələdilər. Sonra oğlunun təyinatını Suraxanı rayonuna verdilər və oradan isə Sumqayıt şəhərinə getdilər. Gecə oğlu ona zəng edərək müharibəyə getdiyini və bu səbəblə iddiaçını gətirəcəyini və orda qalmasını bildirdi. Daha sonra oğluna zəng etdikdə bildirdi ki, hər şey yaxşıdır, danışa bilmir, ona zəng etməsinlər. İşdən gələndə iddiaçı telefonunu ona verərək anasının sözü olduğunu bildirmişdir. İddiaçının anası ona iddiaçının sıxıldığını, cavabdehə zəng çatmadığını bildirdi və qızının üç günlük yanına gəlməsini xahiş etdi. Onlar “Nasosnu” adlanan ərazidə yaşayırdılar. İddiaçı ona avtobusdan düşdükdən sonra qardaşının onu qarşılayacağını bildirdi. İddiaçıya zəng etdik, anasıgilə çatdığını dedi. Üç gün sonra oğlu zəng etdi və telefonu iddiaçıya verməyini bildirdi. O isə bildirdi ki, iddiaçı anasıgildədir. Ondan sonra artıq dörd ildir ki, iddiaçını görməmişdir. Qızıllar saxlamaq məqsədi ilə onda qalmayıb. Qızılları iddiaçıya hədiyyə vermişlər. Sumqayıtdan onlara gələndə iddiaçının iki çantası var idi. Onun çantalarında nə olduğu barədə məlumatı olmayıb. Birlikdə harasa getmədikləri üçün qızılları taxdığını görməmişdir. Anasıgilə gedəndə əlində çantası olub-olmadığını görməmişdir. O, anasıgilə müalicə üçün getməyib. Onu həkimin yanına anası ilə birgə özü aparmışdır. Həkim iddiaçının müalicə olunmalı olduğunu bildirmişdir. Onu iki çanta ilə nəvəsi yola salmışdır.

27. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, qızılları cavabdehə vermişdir. Evdən çıxanda xəstə olmuşdur. Müharibə dövrü idi. Cavabdeh onu anasıgilə aparmışdır. Qızılları anasıgildə qoyub çıxmışdır. Çünki həmin vaxt xəstə idi, həm də uşaqla bağlı müalicə alırdı. Qaynanası həkimə getməyi üçün yola salmışdır. Həkim ona övladının süni mayalanma yolu ilə ola biləcəyini bildirmişdir. Qarşı tərəfə gəlmələrini bildirsələr də, onlar buna narazılıqlarını və istəmədiklərini bildirdilər. Onun anası bildirmişdir ki, heç olmasa qızılları gətirsinlər sataq, pulları üst-üstə qoyaq müalicə edək. Qarşı tərəf istəmədiyini, bacısının iki övladı olduğunu, onlardan birini övladlığa götürəcəyini bildirmişdir. Sentyabr ayının 26-sı evdən çıxanda cavabdeh ona bildirmişdir ki, qızıllar ona verim, anasına verəcək. Oktyabrın 18 isə o həkimə getmək məqsədi ilə evdən çıxmışdır. Həmin vaxt cavabdeh evdə deyildi. 18 gün qaynanasıgildə qalmışdır.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

29. Azərbaycana Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya hazırki mübahisənin mahiyyətini nəzərə alıb qeyd edir ki, iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, şahid ifadələri, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır.

35. İş materiallarına əsasən bu qənaətə gəlmək olur ki, iddiaçının tələb etdiyi qızılzinət əşyaları həqiqətən də mövcud olmuş və onlar iddiaçıya hədiyyə edilməklə, ona məxsus olmuşdur. Belə ki, cavabdeh ondan tələb olunan qızıl-zinət əşyalarının iddiaçıya məxsusluğunu və onların qiymətini mübahisələndirməmişdir.

36. Hazırda iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının cavabdehdə qaldığını bildirərək, cavabdehin qızılları ondan aldığını və öz anasına verdiyini qeyd etmişdir. Cavabdeh və üçüncü şəxs (cavabdehin anası) isə həmin əşyaların cavabdeh evdən gedərkən özü ilə apardığını bildirmişlər.

37. Kollegiya qeyd edir ki, cavabdeh bunu şəxsən görməsə də, üçüncü şəxsin bildirdiklərinə istinad etmiş, üçüncü şəxs isə kollegiyanın iclasında bildirmişdir ki, tələb olunan qızıl-zinət əşyaları onda deyil və iddiaçı anasıgilə gedəndə əlində çantası olubolmadığını görməmiş, iddiaçını iki çanta ilə nəvəsi yola salmışdır.

38. İşdən həmçinin müəyyən olunur ki, iddiaçı anasının evinə birdəfəlik deyil, müvəqqəti getmişdir və üçüncü şəxsin evini tərk edərkən iddiaçı ilə üçüncü şəxs arasında hər hansı mübahisə yaranmamış, iddiaçının evdən birdəfəlik getmək niyyəti olmamışdır. Belə olan halda, evi tərk edərkən iddiaçının özü ilə qızıl-zinət əşyalarını aparması ağlabatan deyil.

39. O da qeyd edilməlidir ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılarkən bildirdiklərinə görə, anası ilə həkim yanına getdikdən sonra həkim təbii yolla uşağın olmayacağını dedikdə, həkim dediklərini qayınanasına bildirmiş, qayınanası evə gəlməməsini demişdir.

40. Həmçinin, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh izahatında bildirmişdir ki, boşanmaq üçün ilkin olaraq qeydiyyat şöbəsinə və “ASAN xidmət”ə getmişlər, orada iddiaçı əmlak tələb etdiyi üçün nikahın pozulmasından imtina edilmiş və məhkəməyə yönəldilmişlər. Bu hal da onu təsdiq edir ki, tərəflər arasında münasibətlər iddiaçı evi tərk etdikdən sonra korlanmış və hazırki iddia ərizəsi verilməmişdən öncə iddiaçı qızıl-zinət əşyalarını cavabdehdən tələb etmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdeh tərəf iddiaçı evdən gedərkən özünə məxsus qızılzinət əşyalarını apardığını bildirsə də, bu dəlilini təsdiq edə biləcək sübutlarını təqdim edə bilməmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 228/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar