Məhkəmə qərarları › İş №2(103)-2742/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2742/2022

13.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2742/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdeh qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67.2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (avtoyuyucunun) istifadədə olan torpq sahəsi ilə birlikdə boşaldılaraq qaytarılması, cavabdehin qanunsuz sahibliyindən alınmasını, həmin qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180.000 (bir yüz səksən min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67.2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (avtoyuyucu) cavabdeh tərəfindən qeyri qanuni olaraq zəbt olunmuşdur. Cavabdeh 2015-ci ildə həmin qeyri-yaşayış sahəsinin haqqı ödənilməklə istifadə edilməsinə dair onunla razılığa gəlmiş, lakin öhdəliyini pozaraq bu günə qədər nə icarə haqqı ödəmiş, nə də ki, mülkiyyətindən çıxmamışdır. Əksinə həmin qeyri-yaşayış sahəsini sökərək öz ərazisinə qatmışdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciətlər etsə də, cavabdeh ona məxsus qeyri-yaşayış sahəsini bərpa etməmiş və mülkiyyətini boşaltmamışdır. Cavabdehlə aralarında əlavə mübahisələrin yaranmaması üçün ona müxtəlif həll variantları təklif etsə də cavabdeh qəbul etməmiş və qanunsuz hərəkətlərindən əlçəkməmişdir. Məhkəməyə müraciət etməmək üçün xeyli gözləsə də, mübahisənin dostcasına həlli üçün cavabdeh heç bir addım atmadığından nəticədə məhkəməyə müraciət etmişdir. Cavabdeh onun xüsusi mülkiyyətini mənimsəmiş, mülkiyyətində olan obyektini qanunsuz olaraq sökmüş ona külli miqdarda ziyan vurmuşdur, həmçinin öhdəliyini pozaraq razılaşdığı hər ay üçün 2500 (iki min beş yüz) manat icarə haqqı ödəməyərək obyektdən əvəzsiz olaraq istifadə etmişdir. Keçən altı il ərzində obyektindən əvəzsiz istifadə etməyi nəticəsində ona əldən çıxmış fayda qismində 180.000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda keçən müddət ərzində mülkiyyətini geri almaq üçün cavabdehlə apardığı danışıqlar prosesində, cavabdehin ona təzyiqləri nəticəsində mənəvi cəhətdən ailəvi olaraq olduqca böyük sarsıntılar keçirmiş və maddi baxımdan da ailəvi olaraq çox pis vəziyyətdə qalmışdır. Cavabdeh isə avtoyuyucunu sökərək öz ərazisinə qatmış və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etməkdədir. Göründüyü kimi, cavabdeh onun mülkiyyətini kobud şəkildə mənimsəmişdir. Buna görə də, cavabdeh mülkiyyətindən məcburi qaydada çıxan malı və ona məxsus olan obyekti texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsi üzərinə qoyulmalıdır. Cavabdeh ona məxsus olan mülkiyyətini qaytarmaq əvəzinə oranı sökərək pullu dayanacaq kimi istifadə edərək pul qazanır ki, bu da onun qanunla qorunan mülkiyyət hüququnun birbaşa pozuntusudur və cavabdeh əsassız varlanma hesabına onun hesabına pul əldə edir. Daha sonra İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə, Cavabdeh qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair iddia tələbinin dəqiqləşməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən İddiaçı məxsus 0,00816 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq qanuni sahibinə qaytarılması, cavabdeh tərəfindən sökülmüş 9A nömrəli 67.2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180.000 (bir yüz səksən min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı, 15 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən iddia ərizəsinə əlavə edilmiş əmlakın ona məxsus olmasını sübut edəcək hüququməyyənedici sənədlərdən göründüyü kimi cavabdehin nümayəndəsi tərəfindən etirazında qeyd olunan hallar sadəcə formal mülahizələrə əsaslanmaqla söz yığınağından başqa bir mənanı özündə əks etdirmir. Amma buna baxmayaraq işə baxan məhkəmə təqdim etdiyi sənədlərə hüquqi qiymət vermədən iddia ərizəmi rədd etmişdir. İşə baxan məhkəmə DƏDRX-nin mütəxəsssiləri və "xxxx" MMC-nin nümayəndəsi 02.08.2021-ci il tarixli "xxxx"MMC-nə müraciətində mütəxəssis qarşısında qoyulmuş suallara cavab olaraq "xxxx" MMC-nin 05.08.2021-ci il tarixli 207 nömrəli mütəxəssis rəyinə əsaslnaraq "xxxx" MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1.97082 ha) ilə ünvan 1orpaq sahəsi 0.00816 ha) koordinatları üst-üstə düşmədiyini əsas götürərək iddia ərizəsini rədd etməsi onun qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, işə baxan məhkəmə qeyd olunan ərazilərin kordinatlarının müəyyən edilməsi üçün mütəxəssislərdən daha mötəbər rəylər alaraq işin daha effektli həll edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin ekspert “mütəxəssislərini”ekspert kimi təyin edərək işə cəlb edib daha düzgün rəy almış olardı. Göründüyü kimi işə baxan məhkəmə "xxxx" MMC-nin nümayəndəsinin "xxxx"MMC-nə müraciət edərək onlara sərf edən formada rəy alaraq məhkəməyə təqdim etmiş və işə baxan məhkəmə onların rəyləri əsasında Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən mənim mülkiyyətimdə olan qeyri-yaşayış binası söküldüyü və "xxxx" MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1.97082 ha) ilə ünvan 1orpaq sahəsi 0.00816 ha) koordinatları üst-üstə düşmədiyini əsas götürərək maddi hüquq normalarını pozmaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdıracaq qətnamə çıxarmışdır. Hesab edir ki, təqdim etdiyi sənədlərlə torpaq sahəsinin ərazisi DƏDRX-nin və Müstəqil Ekspertiza mərkəzinin rəyləri ziddiyyət təşkil etdiyindən daha dəqiq rəylər alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi işə cəlb edilərək torpaq sahəsinin dəqiq sahəsi və ərazisi müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, “AQAS” firması 1994-cü ildə X10 tərəfindən təsis edilərək, onun adına dövlət qeydiyyatında keçmiş və nizamnaməsi təsdiq edilmişdir. Daha sonra “AQAS” firması alqı-satqı qaydasında onun adına rəsmiləşdirilmişdir. 2006-cı ildə AQAS firmasının adından Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsi 2404-cü məhəllədə yerləşən iaşə obyektinin memarlıq planlaşdırılma həllinin eskiz layihəsinin hazırlanmasını xahiş etdilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə müraciətləri təmin edilərək onlara inşaat layihə pasportu verilmişdir. Həmçinin “AQAS” firmasının sahibi olaraq ona çıxarış verilmişdir. Bundan sonra qeyd olunan ünvanda yerləşən “AQAS” firmasına məxsus kompleks paylı mülkiyyət kimi tərəfindən 2 mərtəbəli şadlıq evinin A1 hissəsi (X16 sarayı) şadlıq evi kimi X5 verilmiş, 2 mərtəbəli qeyri yaşayış binası G tikintisi kimi “hazırki mübahisə predmeti olan ona məxsus 1 mərtəbəli “avtoyuyucu” qardaşı X2, A tikintisi şadlıq evi isə (Neolit şadlıq evi) hazırki iş üzrə Cavabdeh verilmişdir. Eyni zamanda adıçəkilən şəxslərə paylı mülkiyyət hüquqları əsasında dövlət reyesterindən çıxarış verilmişdir. 17.11.2014-cü il tarixdə isə hazırki mübahisəli ona məxsus qeyri-yaşayış binası “avtoyuyucu” qardaşı X6 tərəfindən ona bağışlayaraq həmin əmlaka dair çıxarış verilmişdir. 2015-ci ildə uzun müddət dostluq münasibətləri olan hazırki iş üzrə Cavabdeh atası Yaşar Məlikov ona yaxınlaşaraq mübahisəli ərazi olan avtoyuyucunu ona verərək qarşlığında ona aylıq gəliri 2000-2500 manat dəyərində icarə haqqı olan qeyri yaşayış obyektini alıb verməklə və ya avtoyuyucunun dəyəri 350.000 manat ona ödəniş etməklə həmin obyekti verməsini mənə bildirmişdir və Y.Məlikovla razılaşmışdır. Lakin 2015-ci ilin avqust ayının 25 də əraziyə gələrkən ona məxsus avtoyuyucunun Yaşar Məlikov tərəfindən söküldüyünü görmüş və dərhal obyektin sökülməsi ilə bağlı ona etiraz etdikdə o, şadlıq evinin qarşısında avtoyuyucunun olması şadlıq evinin xarici görünüşünə mənfi təsir etdiyi üçün bu sökülməlidir deyib, ona qısa müddət ərzində ya obyekt alıb, ya da ki obyektin dəyəri olaraq 350.000 manat pul verəcəyini bildirsə də üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən aralarında mübahisə yaranmağa başlamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının qardaşı tərəfindən iddiaçıya bağışlanmış və bu barədə reyestrdən çıxarış əldə edilmişdir, lakin həmin ərazidə ünvanlarla bağlı ziddəyt olmuşdur, birinci instansiya məhkəməsi isə təqdim edilmiş müstəqil ekspert rəyinə istinad etmişdir. Halbuki işə baxan məhkəmə qeyd olunan ərazilərin kordinatlarının müəyyən edilməsi üçün mütəxəssislərdən daha mötəbər rəylər alaraq işin daha effektli həll edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert mütəxəssislərini ekspert kimi təyin edərək işə cəlb edib daha düzgün rəy almalı idi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının istinad etdiyi ünvanla təmsil etdiyi MMC-yə aid torpaq sahələri üst-üstə düşməməsi birinci instansiya məhkəməsi təqdim edilmiş sübitlarla öz təsdiqini tapmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlsə də mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmadığından apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və cavabdehin düzgün seçilməməsi əsası ilə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına 17.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Bələdiyyəsinin 26.04.2006-cı il tarixli 05 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 2405-ci məhəllədə yerləşən 25.04.2006-cı tarixli H-107 saylı cizgidə göstərilən “Avtomobillərə texniki xidmət” obyekti vətəndaş İddiaçı adına rəsmiləşdirilərək obyektin altında yerləşən 6,7m x 15m ölçüdə torpaq sahəsi üçün onunla icarə müqaviləsi bağlanması, obyektdən təyinatı üzrə istifadə etməsi, ətraf ərazinin abadlığına və sanitariya normalarına əməl etməsi, obyektin yerləşdiyi torpaq sahəsinə görə 10 (on) gün müddətində Nizami Bələdiyyəsi ilə icarə müqaviləsi bağlanması, obyektin altında yerləşən torpaq sahəsini, Nizami Bələdiyyəsinin razılığı olmadan başqa şəxslərə satmaq, bağışlamaq, icarəyə vermək qadağan edilməsi vətəndaş İddiaçı tapşırılmışdır. Qərarın surəti müvafiq MİS-ə, RPİ-nə, nəzarət üçün X7 Daimi Komissiyasına və vətəndaş İddiaçı göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 nömrəli, 67.2 kv.m ümumi, 67.2 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (avtoyuyucu) tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 1484 nömrəli vərəqində 22.05.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2404-cü məhəllədə istifadədə olan 0.39421 ha torpaq sahəsində yerləşən 7553.6 kv.m ümumi, 4069 kv.m əsas, 3484.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində 28.12.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9, 2404-cü məhəllədə mülkiyyətdə olan 1.97082 ha torpaq sahəsində yerləşən 7255 kv.m ümumi, 3710.6 kv.m əsas, 3544.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 464 nömrəli vərəqində 29.09.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********17-12301 reyestr nömrəli daşınmaz əmlak olan qeyri yaşayış binasının texniki pasportundan görünür ki, ünvan 3 ünvanının hüquqi subyekti “AQAS” firmasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 28.02.2007-ci il tarixli 536 nömrəli Fərmani ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A№ 003733 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2404-cü məhəllə “AQAS” firmasına Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21.02.2003-cü il tarixli və Nizami rayon İcra Hakimiyyəti Başçısının 02.01.2004-cü il tarixli 03 saylı Sərəncamları ilə 41052 kv.m iaşə obyektinin tikintisi üçün icarəyə ayrılan torpaq sahəsi ilə bağlı tərtib edilərək, X13 kitabında 08.05.2007-ci il tarixdə, 713 nömrə ilə uçota alınıb. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanı ümumi sahəsi 7255 kv.m olan, 1.97082 ha torpaq sahəsi olan əmlak kompleki kimi müəssisə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına "xxxx" MMC-nin adına 27.03.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın qeyri yaşayış binası olan avtoyuyucunun 23.05.2008-ci il tarixdə tərtib olunmuş texniki pasportundan görünür ki, ünvan 4 ünvanının hüquqi subyekti X3r. İş materiallarında olan İddiaçı, Vəkil1, Nümayəndə, DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin mütəxəssisləri mühəndis X11 və Quliyev Mahir tərəfindən imzalanmış 13.10.2021-ci il tarixli yerli baxış keçirilməsi barədə aktdan görünür ki, 13.10.2021-ci il tarixdə mütəxəssislərin iştirakı ilə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya verdiyi cavab əsasında koordinatlar (GPS Trimble TSC3) cihazı vasitəsilə naturada müəyyən olunmuşdur. Baxış zamanı müəyyən olundu ki, 23.05.2008-ci il tarixli korrektə edilmiş Daşınmaz Əmlakın Texniki pasportunda qeyd olunmuş qeyri-yaşayış sahəsi olan avtoyuyucunun və torpaq sahəsi müəyyən olundu. Avtoyuyucu “Şərq Sarayı” şadlıq evinin ərazisinə, torpaq sahəsi isə bir hissəsi “Şərq Sarayı” şadlıq evinin digər hissəsi, "xxxx" Hall (Neolit MMC-nin) sahəsinə düşdüyü müəyyən olundu. Avtoyuyucunun koordinatları aşağıdakı kimi müəyyən olundu: X 409045,4700; 409056,3714; 409059,2138; 409048,312. Y 4473639,7700; 4473644,7860; 4473638,6086; 4473633,593. İş materiallarında olan DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 13.09.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatlarının naturada müəyyən edilməsi barədə ********** nömrəli, 02.09.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüşdür. Arxiv və elektron bazada olan koordinatlara əsasən yerində sözügedən qeyri-yaşayış binasının döngə nöqtələri sizə göstərildi. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatları X 409073,784; 409065,854; 409062,837; 409071,026. Y 4473647,041; 4473643,248; 4473648,420; 4473652,385. İş materiallarında olan DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 21.10.2021-ci il tarixli **********66 nömrəli məktubundan görünür ki, qeyriyaşayış binası faktiki olaraq sökülmüşdür. Arxiv sənədlərinə (bölgü sxemi) və əvvəlki illərin ortofoto görüntülərinə əsaslanaraq sökülmüş qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları təqdim olunur. X 409045.470; 409056.371; 409059.214; 409048.312; Y 4473639,770; 4473644,786; 4473638,609; 4473633,593. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 06.08.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ünvanında yerləşən 0.00816 ha torpaq sahəsi və üzərində inşa edilmiş 9A nömrəli 67.2 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi barədə məlumat, əmlaka dair çıxarışın və texniki pasportun surətlərinin təqdim edilməsi barədə müraciəti ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, ünvan 7 ünvanda yerləşən 67.2 kv.m qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq çıxarışın surətini göndərilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasportun arxiv nüsxəsi İdarənin arxivində saxlanılmamışdır. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin "xxxx" MMCyə ünvanlanmış 02.09.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 11 və ünvan 9 ünvanların koordinatlarının araşdırılması ilə bağlı ********** nömrəli 12.08.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, təqdim olunmuş çıxarışda göstərilən "xxxx" MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1.97082 ha) ilə M.Əliyev küçəsi 9A ünvanının (torpaq sahəsi 0.00816 ha) koordinatları üst-üstə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin İddiaçı ünvanlanmış 07.04.2008-ci il tarixli məktubundan görünür ki, özəlləşdirilmiş avtoyuyucu məntəqəsinə ünvan təyin olunması haqqında müraciətə Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bakı şəhəri, Nizami rayonu, 8-ci km yaşayış sahəsi, Mikayıl Əliyev və Nəsimi küçələrinin kəsişdiyi ərazidə, 2404-cü məhəllədə yerləşən X4 tərəfindən özəlləşdirilmiş avtomobillərin yuyulma məntəqəsinin (G tikilisinin) ünvanı aşağıdakı kimi dəqiqləşdirilir. Ünvan: 8-ci km y/sahəsi, Nəsimi küçəsi,9 “A” qeyd olunmuşdur. İş materiallarında olan DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 17.07.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən qeyri-yaşayış binasının döngə nöqtələrinin yazılı formada təqdim olunması ilə bağlı ********** nömrəli, 12.07.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, **********40-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş qeyri-yaşayış binası sökülmüşdür. Bu səbəbdən döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası” mərkəzinin 05.08.2021-ci il tarixli 207 nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 11 ünvanında "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsinin faktiki ümumi sahəsinin 19708.01 kv.m təşkil etdiyi müəyyən edilir. Rəyə ərazinin faktiki vəziyyətinə dair sxem əlavə edilmişdir. Həmin torpaq sahəsinin, faktiki sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışda, RX seriyalı, ******* saylı Çıxarışda və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən tərtib edilmiş 19.05.2009-cu il tarixli Şəhadətnamədə göstərilən sahələr ilə eyni olduğu və hər hansı kənarlaşma olmadığı müəyyən edilir. "xxxx" MMC-yə məxsus əmlakın (və ya bir hissəsi) ünvan 12 ünvanında yerləşmədiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2404-cu məhəllə, Mikayıl Əliyev küçəsi 9 əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Əmlak tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə, 14.11.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, əvvəlki adı "xxxx", hazırki adı "xxxx" olan MMC 05.04.1994-cü il tarixdə 8152 nömrəsilə, nömrəsi ********** olan VÖENlə, dövlət qeydiyyatına alınmışdır. MMC-nin hüquqi ünvanı ünvan 132015-ci il tarixdə **********888200 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdehdur. Çıxarış 11.11.2015-ci il tarixdə **********888200 nömrəsi ilə qeydiyyata alınmışdır. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı 100 faiz həcmində Cavabdeh məxsusdur. Müzakirə edilən mülki mübahisənin həlli ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin dəqiqləşməsi ilə iddiaçı hüquqi şəxsin təsisçisini Cavabdeh kimi cəlb etmişdir, halbuki Cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. Lakin işə baxmış Rayon Məhkəməsi iddianı qeyd edilən əsaslar ilə deyil, iddiaçının qeyd olunan tələbin irəli sürməyə subyektiv hüququ olmaması əsası ilə iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) mümkün deyildir; Mülki Məcəllənin 52.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir. Hazırki mübahisədən görünür ki, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Halbuki, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi yox, cavabdeh kimi cəlb olumalı və tələb hüquqi şəxsə yönəlməli idi. Lakin iddia ərizəsinin dəqiqləşməsi ilə iddiaçı hüquqi şəxsin təsisçisini Cavabdeh kimi cəlb etmişdir. Halbuki iddiaçı tələbində ona məxsus Nəsimi küçəsi 9A ünvanında mövcud olmuş və 25 avqust 2015-ci ildə sökülmüş 67.2 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus əraziyə əlavə olunmasına istinad etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67.2 kv. m olan qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin ölçüsü 0.00816 ha təşkil edir və əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına 17.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ünvanında yerləşən 0.00816 ha torpaq sahəsi üzərində inşa edilmiş 9A nömrəli 67.2 kv.m qeyri-yaşayış sahəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə olan halda məhkəmə kollegiyası iddiaçı qeyd olunan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmaqla hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz; iddianın bütövlükdə əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə kollegiyası həmçinin iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Birinci İnstansiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edildiyindən və apellyasiya şikayətinin dəlilləri həmçinin qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən təmin edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı, 15 noyabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdeh qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" barədə iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar