Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-863/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rızalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4522/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4522/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı əşyaların yaşayış evindən çıxarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin üzərindəki 108.3 kv.m olan fərdi yaşayış evindən Cavabdeh məxsus olan əşyaların çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus əşyaların onun mülkiyyətində olan Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh özünə məxsus əşyaları müvəqqəti olaraq onun mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsindəki fərdi yaşayış evinə yerləşdirmişdir. Hazırda cavabdeh ona qarşı Abşeron rayon Polis İdarəsinə müraciət edərək, Digah qəsəbəsində yerləşən torpaq sahəsinin və üzərində inşa edilmiş tikililərin ona məxsus olmasını iddia etmişdir. Cavabdeh özünə məxsus mənzilini satdığına görə, əşyalarını onun razılığı ilə mülkiyyətində olan yaşayış evinə müvəqqəti yerləşdirmişdir. Lakin hazırda cavabdeh həmin əmlaklarını yaşayış evindən çıxarmaqdan imtina edir. Mübahisəli evin mülkiyyətçisi kimi onunla cavabdeh arasında evdən istifadəyə dair notarial qaydada bağlanmış hər hansı bir müqavilə və eləcə də cavabdehin evdən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müqavilə mövcud deyildir. O, mülkiyyətçi kimi öz evinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin evə başqa şəxslərin sahibliyinə yol verməmək, ona məxsus əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququna malikdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus əşyaların onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, mülkiyyətində olan yaşayış evi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı onu aldadaraq, ata mülkləri satıldıqdan sonra ona çatan hissəni də mənimsəmək məqsədi ilə 2020-ci ilin oktyabr ayında aldadaraq onun pulunu almış, aldığı pulun 50000 manatı müqabilində guya öz tanışı olan Rövşən adlı maklerlə onun üçün Digah qəsəbəsində torpaq sahəsi alıb üzərində ev tikəcəyini, 15000 manatını isə özünün borcunu ödəmək üçün lazım olduğunu bildirmiş və almışdır. Aldığı pulların əvəzində isə o, iddiaçının həmin evdən istifadə edib yaşamasına razılıq vermişdir. Digah qəsəbəsində ev inşa edilib hazır olduqdan sonra ona məlum olmuşdur ki, bacısı onu aldatmış, torpaq sahəsini və üzərində inşa olunan evi öz adına rəsmiləşdirmişdir. Əmlakını və pulunu tələb etməyə başlayan kimi isə iddaçı onun evdən çıxmasını tələb etmişdir. Məhz bundan sonra, 2021-ci ilin artıq yaz aylarında o, mübahisəli evə dair hüquqlarını tələb edərək, evdən çıxmaqdan imtina etmişdir. Həmçinin iddiaçının hərəkətləri barədə polis orqanlarına müraciət olunmuşdur. Hazırda hüquq mühafizə orqanlarında bununla bağlı araşdırma aparılır. Belə ki, Abşeron rayon Prokurorluğunun 27.11.2021-ci il tarixli, 494-Ş21 saylı məktubuna əsasən onun iddiaçı barədə şikayətləri əsasında Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsassız olduğu üçün ləğv edilmiş, araşdırmanın davam edilməsi üçün təkrar Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinə qaytarılmışdır. Belə olan halda, mübahisəli evdən və torpaq sahəsindən çıxarılması onun hüquqlarına ziddir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 14.04.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1121 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 108.3 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 14.09.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələsgərov küçəsi 52 saylı evdə yaşayan Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konsitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin materialları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 108.3 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir, cavabdehə məxsus olan əşyalar iddiaçıya məxsus evdədir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2021-ci ildə yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşdən görünür ki, Cavabdeh mübahisəli evin mülkiyyətçisi olan İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli evdən istifadə hüququna malik deyildir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının mülkiyyət hüquqları hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və mülkiyyətindən sərbəst istifadə başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehə məxsus əşyalar qanuni əsas olmadan mübahisəli evdə saxlanıldığından iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında mübahisəli torpaq sahəsinin onun pulu ilə alındığını, evin isə onun pulu ilə tikildiyini qeyd etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, torpaq sahəsinin və fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeydiyyatı da mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstədiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)- 4522/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-863/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-863/2022
05.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver