Məhkəmə qərarları › İş №2(103)-2754/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2754/2022

15.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2754/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(009)-1040/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən 111 saylı mənzilinə dair keçirilmiş hərracların, hərracların nəticələrinin və cavabdehlər arasında bağlanmış hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmin tədbiri barədə ərizə verərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi mübahisə predmeti olan mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli, 2(009)- 1040/2020 saylı qərardadı ilə (hakim Şahin Abdullayev) ərizə təmin edilərək, mənzilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(009)-1040/202o saylı qətnaməsi ilə iddia rədd olunmuş, iddiaçı və maraqlarına toxunulan şəxs X1 qətnamdən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(103)-1436/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2(103)-5196/2021 saylı qərarı ilə iddiaçı və maraqlarına toxunulan şəxslər X1 və X2 təərfindən kassasiya şikayəti təmin ediləmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Cavabdeh1 ASC 28 yanvar 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli qərardadının ləğv edilməsi, mübahisə predmeti olan mənzilin üzərinə qoyulmuş həbsin götürürlməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(009)- 1040/2020 saylı qərardadı ərizə təmin edilərək, mənzilin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Qərardaddan narazı qalan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş və şikayətini ərizəyə baxılması ilə bağlı məhkəmə iclası barədə ona məlumat verilməməsi, mənzilin üzərindən həbsin götürülməsinin qanunsuz olması, mənzillə bağlı yeni iddia irəli sürmək niyyətində olması ilə əsaslandırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(009)- 1040/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianın təmini tədbiri barədə qərardadın qəbulu zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in hazırda qüvvədə olan 162.1-ci və 162.2-ci maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Baxılan işdən görünür ki, iddiaçı mübahisəli mənzilə dair hərracın nəticələrinə dair protokolun etibarsızlığını tələb etmiş, eyni zamanda iddianın təmin tədbiri barədə (müvəqqəti təminat tədbiri) ərizə verərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qutaranadək mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 20.04.2020-ci il tarixli qərardadla ərizəsi təmin edilərək, mənzilin üzərinə həbs qoyulmuş və 16.06.2020-ci il tarixli qətnamə ilə isə iddianın rədd olunmuş və 25.10.2021-ci il tarixdə qətnamə qanuni qüvvəsini almışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarına əsasən). Bundan sonra, Cavabdeh1 ASC-nin ərizəsi əsasında 09 fevral 2022-ci il tarixli qərardadla mənzilin üzərinə qoyulmuş həbs ləğv edilmiş və məhkəmə gəldiyi qənaəti iş üzrə qəbul edilmiş iddianın rədd olunması barədə yekun məhkəmə aktının qanuni qüvvəyə minməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən iddia tələbinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə rədd olunduğu halda, məhkəmə tərəfindən həmin iş üzrə görülmüş təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılmalıdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olmuş mənzilə dair görülmüş təminat tədbirinin (mənzilin üzərinə qoyulmuş həbsin) ləğv edilməsi qanunvericinin bununla bağlı müəyyən etdiyi məqsədlərə uyğun olmuşdur. İddiaçı şikayətdə həmçinin mənzillə bağlı yeni iddia irəli sürmək niyyətində olmasını göstərmişdir ki, bu halın özü də qanuni qüvvəsini almış qətnamə üzrə müvəqqəti təminat tədbinin saxlanılmalı olmasına anlamına gələ bilməz. İddiaçı gələcəkdə qaldıracağı yeni iddia üzrə müvəqqəti təminat tədbiri barədə ərizə vermək hüqqularını özündə saxlayır. Şikayətin dəlillərinə münasibətdə Kollegiya, onu da vurğulayır ki, iddiaçı ərizəyə baxılmasına dair məhkəmə iclası barədə ona məlumat verilmədiyini bildirsə də, iş materiallarından görünür ki, rayon məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya özünün qeyd etdiyi ünvan üzrə (ünvan 2rişi göndərilmiş və SS744894575AZ saylı poçt xəbərnaməsinə əsasən ünvanda imza edilməklə şəxsən alınmış, lakin iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi ərizəyə onun iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(009)-1040/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(009)- 1040/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar